Səhifə 1 / 4

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.

Səməd fikrini toplamağa çalışdı.

– Ola bilər... Bilmədiyim şey, əlbəttə çoxdu. Əmma bir şeyi dəqiq bilirəm ki, Şüşəlidəki iclasınızın qərarını həyata keçirəmmiyəcəksiniz! Partiya məktəbinin müdavimiyəm mən. Rayon partiya komitəsi bu zonanın üç kolxozuna təhkim eləyib məni. Məhsul yığımının belə qızğın vaxtında məni işdən ayırmayın! Şüşəlidə çoxlu adamnan söhbət eləmişəm, çoxlu cinayət işi qeydə almışam, hamısı bilavasitə Qudalılarnan bağlıdı! Sənin təmsil elədiyin gizlin canilərinnən, Yerevannan, Eçmiədzinnən, Katalikoslarnan, kütləvi terrornan bağlıdı! – Çax-çux gülürdü.

– Nə deyirsən, hamısı SSRİ adlanan super dövlətin işləridi. Mən əmr quluyam, qadası!

Səməd bu açıq həyasızlığa dözmədi. Qışqırdı ki:

– Bəsdi arxamca gəzdiyin! Bəsdi! Əl çək!

Çax-çux gülürdü:

– Şənbədən hünər almısan, Antey yerdən qüvvət alan təki. O Şüşəlidə Mariya adında bir qancıq da var. On dörd yaşı yoxdu, indidən casusluq eləyir! Zənən sarıdan baxtın gətirib sənin. Axı, mənim o köpək-qızı Gülbənizim də sənə qulluq eləyir!

Çax-çux Şüşəli səmtindən – soldan gəlmişdi. Səməd kölgədən çıxıb, sağa – camaata tərəf yönəlib, qurşağa vuran hündür kolların şaxları, qozaları dizlərinə çırpıla-çırpıla, sahənin içərisinə getdi. Fikrini qarışdıran, peysərini deşən kobra baxışından qurtara bilməsə də, o gün “qruzovik” də Məmməd Xələfin müdaxiləsilə yarıda kəsilmiş ürək sözlərini cəmaata çatdırmağa çalışdı:

– Taleyim elə gətirib ki, uzun müddət ayrı düşmüşəm sizdən. Xeyrinizdən, şərinizdən xəbər tutmamışam. Cəfər əmi həbs olunub, bilməmişəm. Yerində Xəlvət oturub, bilməmişəm. Əmim “Rəhim sədrdi” deyəndə dəhşətə gəldim. Demə, birbaş Mirqəzəbnən bağlıymış bu məhlə ağsaqqalı! Qardaşı oğlu Çax-çux Xalıq Mirqəzəbin özünün agentiymiş! O taydan Ağ Əmirnən Boz Əmirin oğul-uşağının siyahısını gətirdiyi kimi, burda da Sultan Əmirliyə yaxın adamları siyahıya alırmış! Elimin taleyi cəllad əlindəymiş! Xəbər tutmamışam mən bu bədbəxtlikdən. Təzə bilmişəm ki, Xalıqın siyahısı əsasında ən etibarlı kadrları gedib Sultan Əmirlinin ətrafından. Qurbanlının sədri İsgəndər kişinin əvəzinə “Qudalılara, Gülənovlara yaxın adam” qoyulub, Tahirlinin sədri Cəbrayıl kişinin əvəzinə də Qudalılara, Gülənovlara yaxın adam qoyulub. Bezobraziyenin həyasızlığı o dərəcəyə çatıb ki, xəlvət işlər ustasının özü də açıq həyasızlığa başlayıb: uçot-hesabat “Qudalı hesabdarı”nın əlində! Kassa “Qudalı kassiri”nin əlində! Möhür də Qudalı sədrinin öz əlində!.. Təftiş komisyonu dəfələrnən cinayət üstə tutub bu yaramazları. Qılınc Qurban aparıb milisəyə təhvil verib. Gülənov isə, əldə cinayət aktları ola-ola, həbs eləmək əvəzinə, çox qəribə məntiqnən Qılınc Qurbanın özünü günahlandırıb: “Xruşşov yoldaş amnistiya verib, ən peşəkar oğruları da buraxıb əmək-islah düşərgələrindən! Sən isə gündə bir dustaq gətirirsən milisəyə!..” Aydan arı, sudan duru Cəfər əmini damğalayıb basmaq olar, Bezobraziye xadimlərinin qarınlarını şişirdənlərə toxunmaq olmaz! Saf adamlar türməyə gedir, murdarlar eşikdə qalır! Qurtardı daha belə şeylər! Mirqəzəbnən başlanıb bu yaramazların dövranı, Mirqəzəbnən də qurtarmalıdı!

Səməd palıdın altına – qocaların yanına qayıtdı.

Gözlərini Təftişin köynəyinin döşündə bir cüt dolu torba ciblərinə dikib, sədr Mədədin vaxtından “təftiş komisyonunun seyfləri” adlandırılan bu ciblərdə son birillik sənədlərin ipçin-ipçin saxlandığına şübhə etmədən, əlini irəli uzatdı.

– Mənə ver o aktları!.. İkinci, üçüncü briqadalarnan da günü bu gün danışacam. Təlimatçılıqnan, təhkimçiliknən yanaşı, “Yeni Mədəd” adında yüksək, səlahiyyətli vəzifəm var mənim. Axşam idarə heyətinin iclasını çağıracam, kolxoz nizamnaməsini oxuyacam cəmaata, məhz nizamnamə əsasında qərar çıxaracam bu yaramazların haqqında. Gecə də ümumi iclas keçirəcəm, heyətin qərarını səsə qoyacam. Kolxozun möhürü, kassa, uçot-hesabat təcili alınmalıdı yırtıcıların əlindən! Ver aktları! Rəhbərliyə namizədlər ver!

– Sən tələsmə, qadası, dotələblik eləmə... – Gümüşlü trubka kölgəliyin qatı yerində qara sifətdən irəli uzanmış diş kimi işıldayırdı. – Rəhim Qudalı evinə dəvət eləyir səni. Bir Quran söz deyib, bir kəlmə danışmayıbsan o cür mötəbər ağsaqqalnan. İndi məni də daş, divar sayırsan. Əmbə Çax-çux Xalıqnan danışmamaq olmaz! Adımı Mirqəzəbnən yanaşı qoysan da, sən özünü necə səlahiyyətli adam sayırsansa, mən də eləcə sayıram. Bir aləm həqiqət danışdım sənə o daxmanın qabağında. Düşmən sözü sayıbsan hamısını. Bilirəm! Müslüm deyil xəbər çatdıranım. Təhqir eləmə o yazığı. Rəhimi, Qeybalını, Gülənovu düşmən sayma! Mənnən bədrəftarlığı kəs! İncimirəm əlbəttə. Dünya görmüşəm mən, kişilərnən oturub-durmuşam, səndən xüsusən incimərəm. Çünki gözündə pərdə var sənin. Rəhimin evindəki süfrəni mən təşkil eləmişəm. Getsəydin, əvvəlcə bizim qız gedəcəydi ora, gözündən pərdəni götürəcəydi. Sonra mən gedəcəydim, “avariya” günündən bu günəcən bu sinədə qövr eliyən yaranı göstərəcəydim sənə, bu yaranı kimlərin necə vurduğunu, nəyə görə vurduğunu açıb tökəcəydim ortalığa. Elə olsaydı, barışıqlıq təklifindən də boyun qaçırmazdın. Xruşşov dövrüdü indi, qadası, demokratiya, dinclik dövrüdü. Bir az hərcmərclik-filan əmələ gəlib, çox danışan adamlar çıxıb ortalığa. Qurtaracaq belə şeylər. Şüşəlidə deyilənlərə fikir vermə. Zaman dəyişir. Stalinnən getdi o tutqular, sürgünlər. Deyirlər cuhud zad deyilmiş Stalin, Qrekiymiş milliyyətcə. Qrek də ki, bilirsən, lap qədimlərdən qənimidi indi bu Türk deyilənin! Həqiqəti bir azca da açsam, nəinki Mirqəzəbnən yanaşı qoymazsan mənim adımı, o siyahını-filanı da, aktı-maktı da dilinə gətirməzsən, qadası. Bu Təftiş əgər mən tanıyan Təftişdisə, heç bir akt-zad verməz sənə. Seyflərini Təftiş o vaxt açır ki, gözüaçıq adam olsun qabağında. Sənin, yenə deyirəm, gözün bağlıdı, qadası, adamları tanımırsan, ona görə də gücün çatan işdən yapışmırsan. Bu bir. İkincisi, o aktları ki, sən tələb eləyirsən, yoxdu o aktlar. Mənim istəkli qohumum Gülənov aparıb hamısını qoyub Sultan Əmirlinin stolunun üstə, sənin istəkli əmin Sultan Əmirli də cırıb atıb zibil səbətinə!

Səməd, Abının köynəyini çırpıb palıdın budağına sərən qocaya baxdı.

– Abbas əmi! Bu adam nə danışır?!

Qocanın qəlyandan üfürdüyü tüstünün titrəyişindən də qəzəb saçıldı.

– Düz deyir! Əmbə yumşaq deyir. Bağlı deyil sənin gözün... kordu!

Səməd bu yeni dəyişiklikdən özünü itirib Abıya, Çürüyə baxdı. Lakin Abı yatmışdı. Çürük nədənsə narazı, başını bulaya-bulaya, dostunun milçəyini qoruyurdu. Məmməd Xələf Zal isə böyümüş gözlərlə atasına baxırdı.

Dərin sükut içində Çax-çuxun səsi elə bil quyu dibindən gəlirdi:

– Mənə qulaq assan kor olmazsan, qadası. Sənə demədimmi hökmranlığı qurtarıb əmiyin?! Demədimmi özü də yaxşı bilir ki, axırı çatıb, ona görə dünyadan kam alır indi?! Bu etibarsız dünyadan kam almaq qəsdinə düşən rəhbər üçün nə fərqi var kimdi burda kolxoz sədri, mühasibi kimdi, kassiri kimdi, necə pul qazanır, kimə verir?! Erməni Zorridən it kimi qorxur əmin. Zor Gülənov deyib: “Gətirmişəm bu aktları öz əliniznən cırıb atasınız”, o da cırıb atıb, vəssalam! Qılınc Qurban gedib raykomda küy salanda ona ayrı cür izah eləyib aktları cırmağının səbəbini. “Siyasətdi. Müvəqqəti güzəştdi”, – deyib. Bəs əslində necədi? Əslində, heç bir siyasət-zad işlətmir əmin, qadası. Çünki Rəhim daha əvvəlki Xəlvət Rəhim deyil əmin üçün, Gülənov da daha əvvəlki Gülənov deyil, Sayılov da, RİK Atamalı da, Çax-çux Xalıq da. Sürgünlər, qırğınlar səmumu Stalindən gəlirdi hər şey. Onu da bil ki, bu məhkəmə əhvalatı dəyişdirmiyəcək dünyanı. Doğrudu, bizim ağsaqqal ehtiyatlanır bir az. Yalvarır-yaxarır mənə ki, daşı ətəyindən tök, düşmənçiliyi unut Sultan Əmirliynən. Unudaram mən, elə bilirsən unudammaram?

Atam Fağır Məmmədəliyə niyə Yağır Məmmədəli deyiblər, bilirsən?

Təbrizdə, baban Şeyx Məhəmməd Əmirin alma bağında hamballıq eləyirmiş atam. Səbətnən alma, qax daşımaqdan çiyinləri açılıbmış, beli yağır olubmuş. Elə belinin yağırlığıynan tacirliyə çatıb. Beş araba dolusu var-dövlətnən bu taya gəlib qardaşı Rəhim Qudalının həyətinə düşəndə Qılınc Qurban tüfəng çəkib üstünə, var-dövlətini müsadirə eləyib, özünü də aparıb türmüyə basdırıb, döydürüb, zornan boynuna qoyub ki, guya Nikolay padşahın casusu olub atam sizin o mülkünüzdə, guya Muğannaların siyahısını ötürüb Peterburqa.

Sizin Saşanız varıydı, bizim də Xudiyevimiz. Bəs necə?! Xudiyev çıxarıb bədbəxt atamı türmədən. Əmbə Qılınc Qurbanın, Sultan Əmirlinin hədə-hərbələrinə dözəmməyib, özünü quyuya atıb. Atam yoxa çıxandan sonra, bilirsən, “iyili quyu” deyirdilər o quyuya. Sonra cəsəd çıxartdılar o quyudan. Belində atamın gümüş kəməri!.. Qılınc “casus oğlu”, “kontra” qoydu adımı, universitetdən qovdurdu. Budu düşmənçiliyimizin tarixi.

Tutaq ki, Yağır Məmmədəli doğrudan da casus olub. Kimdədi bunun taqsırı? Atamdadı, yoxsa Azərbaycanın yarısını verbovat eləyib mikroilana döndərən Nikolay Romanov ilanlarındadı?! Nə qədər mikroilan dolubmuş o alma bağının dövrəsinə, bilirsən?! Səttar xandan, Bağır xandan başlamış, bu tayda Kainat elmi yayan Şeyx Əli-Aşıq Alınıza, Dəli Alınıza qədər, hamısının axırına çıxan ilanları bir yanda qoyub, elə Yağır Məmmədəlidən yapışmağınızın səbəbi nədi, qadası? İlan yumurtalarını torpağımıza basıb, millətimiz özü ilan becərir! Aydındı?! Gümüş kəməri görəndə kişinin sümükləri gəlir durur gözümün qabağında, əhvalım dəyişir. O “iyili quyu”dan çıxan sümükləri deyirəm. Xızr Abı qoymadı sümükləri qəbristanda basdırmağa. “Gorxanası bu quyudu Məmmədəlinin, quyuda da basdırılmalıdı”, – dedi. On iki metrlik quyu!.. Adam adama qarğıyanda deyir: “Dərin gedəsən!” Əmiyin kəramətindən “dərin getdi” atam. Əmma unudaram mən. Ataram o kəməri də, unudaram hər şeyi. İnanmırsan?!. Bu səhər Qeybalının briqadasına, şəhərdən pambıq yığımına göndərilənlərnən söhbətə getmişdim (hərdən təbliğat işi tapşırılır mənə). Nə dediyim hamı eşidib. Sən də eşit. Dedim: “Mirqəzəbə qalib gələn Kişiyə zaval yoxdu!” Bəli, qadası! Doğrudu, necə deyərlər, çərxi-fələk özü döndərdi Mirqəzəbin çərxini!.. Zəmanə dəyişməsəydi, Sultan Əmirli kimisinin mini-milyonu da tərpədəmməzdi onu. Əmbə mən məhz Sultan Əmirlinin ayağına yazdım qələbəni. Ağsaqqalım da razı qaldı məndən, deyəsən elə özüm də razı qaldım. Niyə? Çünki, sözün açığı, mən də bezmişəm bu düşmənçilikdən, qadası. Necə əmin bezib, əl çəkib hər şeydən, mən də eləcə əl çəkərəm. Vallah, billah, əl çəkərəm, qadası! Professor Məhərrəmov da mən deyəni deyər, professoru bu rayona təhkim göndərənlər də deyərlər, baxarsan ki, “Mirqəzəbə qalib gələn Kişiyə” doğrudan da zaval yoxdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Süleyman padşahın xəzinəsi 2

Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”¹⁹ yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların,²⁰ xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin²¹ üç para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı.²² Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqitəbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.¹⁹ Əsgərlər üçün qalın üst geyimləri.

22 dəq
Süleyman padşahın xəzinəsi 3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

30 dəq
Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 dəq
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 dəq

Başqa şairlərin şeirləri