Səhifə 3 / 4 · 50%

Sonrasına qulaq as.

Əlləzoğluna kim deyib ki, əmim guya atamın mauzerini saxlayır evdə? Atam milisəyə təhvil verib o mauzeri! Qırx beşinci ilin yayında, mənim gözümün qabağında, şəxsən Gülənova təhvil verib! Bax buna görə də mənim bu “kor” gözlərim sənin qurduğun qurğunu bütün aydınlığı ilə görür, Çax-çux! Əlləzoğlunu sən inandırmısan ki, mauzer milisdə deyil, Sultan Əmirlinin evindədi. Ona görə inandırmamısanmı ki, lazım gələndə Əlləzoğlu şahid kimi dindirilsin, təsdiq eləsin ki, mauzer o evdəydi! Bunun hamısı isə ona görə deyilmi ki, gecənin birində Sultan Əmirli həmin mauzerdən atılan güllənin qurbanı olsun, Bakıdan “əmisinin arvadını götürüb qaçmağa gələn” “eşq dəlisi” isə əmisinin qatili kimi həbs olunsun?!. Şənbə isə məlumat yazsın ki, başı xarabdı?! Gecə yarıda çalışdım sürünüm çıxım o qara damdan, qəsdən gicgah damarımdan yapışdı sıxdı. Yenidən qan açıldı tərpənəmmədim.

Heç bilmirəm niyə çənə-çənəyə vermişəm qaniçən İblisnən! Yara! “Sinəmdə yara!” De görüm nə yaradı elə! Düzünü de! O kitabxana müsibətinin içində sənin o daxmayın qabağına məcburən getmədim mən. Sənin “sinəndəki sirlər”ə laqeyd deyiləm, açığı. Gülənovu, Sayılovu, ümumən bütün Bezobraziye xadimlərini kənardan tanıyıram. Özünü yox, onları tanıtdır mənə, xilas elə qatillər yığnağını ki, onlar da səni xilas eləsinlər! Bacararsan?

– Sultan adında qatilin qatilliyini konkret faktlarnan dərk eləməsən, mənim sinəmdəki yaranı duymazsan, qadası!

Səməd ətrafındakı adamları, hətta beş addımlıqda oturub qəlyandan tez-tez, lopa-lopa tüstülər buraxan Təftişi də unudub, yenə də anlaşılmaz sehr saçan, anlaşılmaz şəkk-şübhələr doğuran qatilin dediklərinə qapılmışdı. Buna görə də Təftişin gözlənilmədən mübahisəyə qarışıb, – O öz ağrılarından savayı ağrı duymur! – deyəndə Səməd diksinib təəccüblə qocaya baxdı.

– Nə?!.

Abının iniltisi eşidildi:

– Abbas!.. Nə danışırsan danış, Sultanı təftiş eləmə! Öz arşınınla ölçmə onu!

Lakin Təftişin gözləri qanla dolmuşdu. Açıq qəzəblə Səmədin üzünə dikilib qırpım çalmayan qıpqırmızı gözlər başqa sözləri yada salırdı: “Nəyə inanmırsan? Öz korluğuna?! Yoxsa əmiyin satqınlığına?!” Elə bu vəziyyətdə dönüb Abıya baxdı.

– Kimləri, nə üçün, necə təftiş elədiyimi yaxşı bilirsən sən. Bayrağını öpdüyüm Leninin haqq-ədalət uğrunda əsgəri olanda revkomda Sultanın verdiyi bu “imennoy revolveri” görəndə özümü elə təftiş eləyirəm ki, az qalır lüləni söyküyəm gicgahıma, tətiyi çəkəm. Əmbə çəkmirəm. Bilirsən niyə? Çünki haqq-ədalət xeyrinə söz deyən insan qalmayıb daha. Deyənlərin hamısı öz dərdini, öz ağrılarını deyir. Uğrunda belə zülmə-zillətə dözdüyüm bu istəkli Bircə bala da öz arşınıynan ölçür hər şeyi, sən özün də, Sultan da! Bəli, satqın deyirəm mən bunun əmisinə! Qatil deyirəm! – Səmədə sarı döndü. Millət dərdi çəkən adam gedərmi Lütün adını batıran qancığın qara damına?! Bunu eşitsə ölmüyəcəkmi o dəqiqə o Qaraçı gözəli dediyin?! Demişəm, deyirəm: “Alabaydaqsan sən!” O alabaydaq gəzdirənlər də öz ağrılarını fikirləşirdilər həməşə. Daşnaklarnan birləşdilər İngilisi çağırdılar! İngilis generalı Dejtervil bir yandan soydu Azərbaycanı, alabaydaqlar özləri də o biri yandan. Hümmətçilər Bakıya yığışmışdı o vaxt. Nərimanın ordusunun gəldiyini eşidəndə getdik gördük Alabaydaqlar Şirvanşahlar sarayını bütüncə soyub göndəriblər harayasa! İndi Şüşəlidən xəbər gəlir qulağımıza, Türkiyəyə yığışıblar Alabaydaqlar, Rusun əliynən hazırlaşırlar yenə gəlsinlər!

Səməd hiss etdi ki, yenə nə isə böyük bədbəxtlik baş verir. Qapağının hər küncündə bir mismar işıldayan tabut, sonra açıq tabutda qoşa qardaş görünüb yox olurdu.

Təftiş qışqırırdı:

– İnişil Alabaydaq başçısı Məmməd Əminin ölüm xəbəri gəldi Türkiyədən. Şüşəlidə yas tutdular casuslar! Sənin əmin Sultan niyə yas tuturdu o Alabaydaq casuslarının arasında?!

Səməd boğuq:

– Mən bilirəm, Dumada Müsavat da sosialist adlanırmış, Ermənilərin Daşnak partiyası da, EsErlər də, hamısı bir cəbhədə imiş, – dedi, – Əmim nifrət eləyir o adları “sqsialist” özləri soyğunçuların hamısına. Rəsulzadənin hüzründə olubsa, yəqin ki, başqa niyyətlə gedib ora. Ümumbəşəri hisslərlə! SafAğ proqramına yaddı ayrı-seçkilik. Sən bu tərəfini fikirləşmirsən, Abbas əmi. Qurban əmi görür, onçun da deyir vəhşilərin, murdarların arasında ləkəsiz qalmaq mümkün deyil. Buna mən əlavə eləyirəm: güzəştsiz yaşamaq mümkün deyil. Böyük arzular, uca məqsədlər naminə səlamət qalmaq üçün güzəştə gedir Sultan Əmirli, Abbas əmi. Qudalılara da bəzi güzəştlər eləyib. “Yoxsa, əmini belə görməzdin” – dedi... “Kor” de mənə. Hiss eləyirəm ki, çox şeydən xəbərim yoxdu. Başa düşürəm nədi səni belə qəzəbləndirən. Casusların pəncəsi altında güzəştlərinə görə Sultan Əmirliyə “satqın” demək olmaz! O mahnındakı “Yaralı durna” birincisi elə Sultan Əmirli deyilmi, Abbas əmi?!

O, “akt”, “akt” söhbətin də inandırmır məni. Bilmirəm, bəlkə doğrudan da cırıb aktları. Əgər cırıbsa, şübhəsiz, mülahizəsi olub özünün. Mənə təhkimçi olduğum vaxtlardan dəqiq məlumdu ki, mürəkkəb şəraitdə raykom katibinin hər hansı bir hərəkəti haqqında dəqiq söz demək üçün gərək mütləq katibin mühitində olasan, o “raykom” adlanan qazanda qaynayasan, katibin hər bir hərəkətinin səbəblərini öyrənəsən.

Mən yenə öyrənəcəm. Özündən soruşacam. Əmma indidən deyə bilərəm ki, nə isə çox ciddi səbəbi var əmimin o hərəkətinin... Maarif müdiriynən bir mübahisəsi olub. Gülənovu çağırıb, məktəbləri yığıma cəlb eləməyi ona tapşırıb. Gülənov da qarnını irəli verib, çox dəhşətli təhqiramiz şəkildə qarnıynan basıb itələyib maarif müdirini – Mirbağır müəllimi. Heç bilmirəm kim danışdı, nə vaxt danışdı mənə bu hadisəni. Maarif müdirini qarnıynan itələyəni elə bil öz gözümnən görmüşəm. İl on iki ay hər səhər xaş yeyən “Xaş nəçənnik” insandımı?! Əmim deyir “qarnına baxanda mal dırnağı görünür qarnında”. Hələ də ağlıma sığışdırammıram ki, əmim iş tapşırıb ona... Niyə deyirəm bunu sənə? İstəyirəm biləsən ki, ağı qaradan seçirəm mən. Gülənov əmimdən üz görməsə, o cür heyvərəlik eləməz. Əlbəttə! Heyvərəlik yox, əməlli-başlı eşşəklikdi o cür qarınnan itələmək! Dözülməz şeydi! O eşşəkliyi əmimin görməzliyə vurmağı daha dözülməzdi, əlbəttə... Əmma qəlbinə bələdəm!.. RİK Atamalının Gülənovnan, Sayılovnan, stansiya rəisiynən əlbir fırıldaqları haqqında bir aləm şey danışıb Müslüm mənə ötən gecə. İyirmi vaqonluq bir eşalonu paravozla toqquşdurub xınc-mınc eləyiblər, aktlaşdırıblar ki, fəhlə qəsəbəsinə, kolxozlara dövlət qiymətinə satılmaq üçün göndərilən neçə yüz “xolodilnik”, mətbəx mebeli, məişət avadanlığı güya sıradan çıxıb, “istifadə üçün yaramaz hala düşüb”. Satıblar ey hamısını! Hansı respublikadasa satıb basıblar ciblərinə! Rayon idarələrinə gələn avadanlıqları bir neçə il dalbadal göndərib Gürcüstanda satdırıblar... Məni dəhşət götürdü ki, əmim Bezobraziyenin bu cür açıq yırtıcılığına da dözüb! Çünki Mirqəzəbin yekə “rabotnik”ləri Markaryan, Qriqoryan¹⁷ və sair, “Cuqaşvili paketi” alanlar həmişə, ardıcıl zəng vururmuşlar ki, “qızıl qiymətli kadrlarımızı ləkələmə, cənab Sultan”.

Necə dözüb əmim buna, bilmirəm. Nəzərə al ki, bütün güzəştləri məcburiyyətdəndi! Bütün güzəştləri!

– Qurtardın?

Səməd nəfəsini dərdi.

– Əsas fikrimi dedim. Əmma bir xahişim var.

– Buyur!

– Hiss eləyirəm, nə isə deyəcəksən. Xahişim budu ki, toxtaqlı danış mənnən. Özün qışqırdın, məni də qışqırtdın, bəsdi. Səhv eləmirəmsə, inandın ki, düşmən deyən “eşq dəlisi”-filan deyiləm mən, dəliliyim başqa dəlilikdi. Əmimin barəsində ehtiyatlı ol... Otuz ildən sonra “imennoy”unu, özünü də təftiş eləyə bilərsən. Nəzərə al ki, əmim mürəkkəb adamdı. Ağır kəlmə işlətmə... Yaralama... Neştər kimidi dilin! Könlümə toxunma, Abbas əmi. Yekəliyimə baxma, tez sınanam. Xüsusən əmimə aid o cür sözlər, “satqın”-filan öldürür məni. Qurban əmiynən danışanda özümün elə bu “satqın”a yaxın bir söz gəldi dilimə, düşüncəsizlik elədim dedim, əmimi yox, özümü vurdum o söznən, özüm özümü öldürdüm. Qurban əmi olmasaydı, dirilmiyəcəydim. Nəzərə al bunları, ağır kəlmə işlətmə... – Səməd arada Çax-çuxa baxa-baxa, tez-tez ağzını geniş açıb, nəfəsini tənzim eləməyə çalışa-çalışa, özündən asılı olmayaraq, əməlli-başlı yalvarırdı. Gözünü Çax-çuxdan çəkə bilsəydi, yalvarışının qan çəkmiş gözləri nəmləndirdiyini görsəydi, əlbəttə, öz vəziyyəti ilə birlikdə qocanı da necə çətin vəziyyətə saldığını duyardı. Əmma Səməd yenə təlatümdə idi.

¹⁷ “Kadr siyasətində beynəlmiləlçiliyə riayət etmək” pərdəsi altında Azərbaycanda ən həlledici vəzifələrə Ermənilər və Ruslar göndərilirdi. “Yevrey” göndəriləndə Muğannalar sevinirdilər.

Təftiş əlinin dalını gözlərinə çəkdi.

– Söhbət özü ağır söhbətdisə, necə işlətməyim ağır kəlmə?!.

Könlünə də toxunacam, hələ bir az o yana da gedəcəm!.. Otur!

Səməd dala çəkildi, böyüyündən tənbeh almış uşaq kimi səsini içinə salıb, palıdın kölgəliyinə qədər gəlmiş sahədə iki sıx yarpaqlı, sıx qozalı kol arasında bir topa çayırlığa çökdü.

Təftiş qəlyanı çəkməsinin dabanına döyəcləyib külü boşaltdı, “seyfləri”ni eşələyib boz, sarımtıl, hətta yaşıltəhər vərəqlərin, “kopirovka” kağızlarının, karandaşların arasından müharibə vaxtından qalma silindrvari alüminium tütünqabı və kibrit çıxartdı, qəlyanı doldurub yandırdı, alovlu kibrit çöpünü torpağa sancdı. Qəlyanı sümürməyindən, tüstünü üfürməyindən başlamış, kibrit çöpünü dibinəcən yerə basan barmaqlarının tərpənişinə qədər gərginlik yağsa da, gözlərini Səmədə qaldırıb, məhz onun istədiyi toxtaqlı, təmkinli səslə: – Qulaq as, – dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Süleyman padşahın xəzinəsi 2

Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”¹⁹ yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların,²⁰ xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin²¹ üç para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı.²² Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqitəbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.¹⁹ Əsgərlər üçün qalın üst geyimləri.

22 dəq
Süleyman padşahın xəzinəsi 3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

30 dəq
Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 dəq
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 dəq

Başqa şairlərin şeirləri