Xəzinə üstündə yatan ilan 4
Səhifə 1 / 2
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:
– Qulağım almışdı, – dedi.
Məmməd Xələf isə Səmədə:
– Əlləzoğlu bunlara yaramır. Sənin üstündədi burda hər şey, – dedi.
Və maşından düşər-düşməz, gözlənilmədən, sinəsini gərib, nəhəng qolları ilə Səmədin qabağında səd çəkdi.
– Yaxın getmə! Qarışsan tutacaqlar səni bu heyvərələr.
“Heyvərələr”ə – məhlə milisionerlərinə baxar-baxmaz, bürküdə çox pis tərləmiş paçalarını geniş açıb cəlladsayağı duran bu dörd nəfər, Səmədə ilk gənclikdə – müharibə illərində idarənin əhənglə ağardılmış divarında gördüyü faşist əsgərlərini xatırlatdı. O kino-kadrlardakı zabitlə bu dörd nəfərin ortalığında dayanmış starşina paqonlu oğlanın fərqi bunda idi ki, bu “sovet milisioneri” libasında idi və almanca yox, tərtəmiz azərbaycanca danışırdı:
– ...Yaşı keçmiş adamsan. Bir ayağın burdadı, bir ayağın gorda. Sənin nəyinə gərəkdi antisovet təbliğat?! Bu Təftişnən qaban oğlu Məmməd Xələfə arxalanıb belə hirsdi-hirsdi baxan bu təhkimçinin də əsli-nəsli düşməndi Sovet hökümətinə, altını da çəkirlər. Açıq-açığına car çəkirəm burda: prokuror Sayılovun sanksiyası var. Tutulasıdı bu Səməd Əmirli deyilən. Bu heç. Sayılovun da, nəçənnik Gülənovun da məsləhəti budu ki, sən əl çəkəsən bu Əmirlilərdən, bizə kömək eliyəsən əlavə məlumat yazaq bunların barəsində. Nədən ki, zapros var SSRİ prokurorundan, o məhkəmənin sədrindən. Təcili məlumat getməlidi bu gün. Cavab ver, yazılsın, bu cəhənnəm istisində bizim də canımız qurtarsın... Təbrizdə, Ərdəbildə, Göyçədə Comərd olub! Dəli Alı olub deyirlər. Əmbə yazılı lazımdı bu. Ağ Əmir, Boz Əmir törəmələrindən əlavə, Şeyx Məhəmməd Əmirin atası Comərd deyilən həm də İsmayıl ağa adıynan gizlənib, sonra Qazağın Muğannalarından Hüseyn ağanın atası Musa ağa adıynan yaşayıb bu tayda Amasiyada, Karsda, ümumiyyətnən Türkiyədə oğul-uşaqları məhz haralarda gizlənirlər? Cavab ver! Mustafa Kamal paşanın nəslindən kimləri tanıyırsan bu tərəflərdə! Dillən!
Səmədin gözləri palıdın haçasından bəriyə doğru uzanmış, yoğun budaqdan aşırılmış, keçi qılından boz-ala çatıda idi. Çatının bir ucu Abının biləklərini sıxıb düyünləmişdi, o biri ucu sağ tərəfdə “heyvərə”lərdən birinin əlində idi.
Səməd, bürkünü hətta beynində hiss edə-edə, susuzluqdan biri-birinə yapışmış dodaqlarını zorla aralayıb, qəfil qışqırtı ilə: – Abı! Niyə susursan?! – dedi. – “Sədrdən zapros” nədi?! Mərkəz hər şeyi bilmirmi bizim haqqımızda?! Çax-çux yazmayıbmı?! Xudiyev özü məlumat toplamayıbmı?! Mirqəzəb özü, Stalin özü şəxsən məşğul olmayıbmı “Muğ”larnan?! Danış! Yoxsa, bunların istədikləri kimi eliyəcəm, qırıb-çatacam hamısın, akt bağlasınlar, Əlləzoğlu barədə materialın üstə əlavə material qoyub bassınlar məni!
Starşina Səmədə baxdı; qızıl dişləri, yastı burnu kimi isə xatırlada-xatırlada:
– Deməli, bilirsən hər şeyi? Çox yaxşı! – dedi. Sonra əli çatılıya: – Çək! – dedi.
Əli çatılı çatını çəkdi, Abının ayaqları yerdən üzülüb asılı qaldı, göyərmiş əllərinin göylüyü qatılaşmağa – qaralmağa başladı.
Qadınlar, qızlar, uşaqlar arasında boğuq ah-nalə gəzirdi.
Səməd əlini Məmmədin çiyninə atdı.
– Çəkil qabağımdan.
Atasının yanında gödərək, əmma çiyinlərindən xeyli enli görünən Məmməd Xələf tərpənmədi.
– Qurbanın olum! Aman günüdü, yaxın getmə bunlara!
Cəmaatın arasından Çürüyün üzgün səsi eşidildi:
– Xudiyev Naxçıvanda işgəncə verib Abıya, qollarını geri qanırıb, kürəkdən qırıb. Belindəki donqar o işgəncədən qalıb. Fikir verin, əlləri qap-qaradı! Biləkdən, dirsəkdən, çiyindən çıxsa, sağalarmı bu yaşda adamın çıxıqları?!
Məmməd gözləri yumulu Abıya doğru cumub qışqırdı:
– Abı! Danış, Abı! Səmədi tutacaqlar, Abı!
Bədbəxt qoca, tər-su içində, ağır-ağır başını tərpətdi.
– Yaxşı... Danışaram.
Starşina əli çatılıya baxdı. Əli çatılı çatını buraxdı. Abı dizləri üstə yerə dəyib böyrü üstə yıxıldı. Əliçatılı, palıdın qatı kölgəsində, əl arabasındakı xırdaca su çəlləyindən bir dolça su gətirib qocanın alnına, üzünə tökdü, qalığını içirtdi.
– Mən o qədər də cəllad deyiləm. Danış, çıx get evinə.
Abı dikəlib, tövşüyə-tövşüyə:
– Peterburqda bir idarə var, – dedi – Rusca adına “Upravleniye po delam pereselentsev” deyirlər. Yəni yurdlarından köçürülənlərin işləri üzrə polis idarəsi. Köçürülənlərin yox, sürgün olunanların işləri üzrədi o “upravleniye”. Bir şöbəsi də Bakıdadı. Comərd, Süleyman, Musa ağa adlarıynan tanınan kişi padişah olub, elm yayıb. Sən qanmazsan nə elmdi. Heç özünü də tanıyammazsan. Mümkün deyil min-bir adnan yaşayan padşahı tanımaq. İraqdan o yanda olub paytaxtı, İraqın özündə olub, Təbrizdə, Ərdəbildə olub, bu yanda Qazaxda da olub hətta. O kişinin, oğul-uşaq nədi, xalqı var. Böyük milləti var. Bu milləti haralardan haralara köçürə-köçürə bir ucunu Tiflisdən o yanlara aparıb çıxardıblar. İndi də Sibirə, Qazağıstana sürdülər, bunu bilərsən. Bu boyda milləti mən necə sayım-sadalayım adıynan, şəcərəsiynən, ay nacins?! Qədimlərdən başlanıb bizim millətin bədbəxtliyi, sonra Birinci Aleksandrın sərəncamı ilə təşkil olunub, Comərdin, Süleymanın, Musa ağanın millətinin nə vaxt haraya sürülməsi barədə məlumat istədiyin qədərdi o “upravleniye”də. Mirqəzəb də ordan alır məlumatı. Necə yəni “sədrdən zapros?!” O hansı sədrdi ki, öz “upravleniye”sindən yox, bu çöllü-biyabanda, bu palıdın altında Xızr Abıdan alır məlumatı?! “Məhlə milisənerləri” yox, Qudalı Rəhimin it xılısınız siz! Fərqiniz budu ki, o it xılı Xəlvətin həyət-bacasında hürüşür, qalan yerlərdə quyruğunu qısıb düz keçir, siz elə hər yerdə qapırsınız cəmaatı! Açın biləklərimi, it uşağı!
Starşina çaşqınlamışdı.
– Yaxşı, deyək ki, o elə adam olub, milləti də belədi, “Upravleniye”də var. Bə Mustafa Kamal paşa Atatürk? O ki dünənin, srağagünün adamıdı. Bə onun qohum-əqrəbasını niyə gizlədirsən? Sən ki, yaxşı tanıyırsan bu Türk deyilənin böyügünü, kiçiyini! De! Canını qurtar!
Abının tamam qaralmış barmaqları tir-tir əsirdi.
– Sizin o “Upravleniye”nizdə o da var!
Starşina “hi, hi” elədi.
– Varsa, bə niyə səndən soruşuruq?
Abı başdan-ayağa titrədi:
– Atatürkün qohum-əqrəbasının altını, üstünü yeyəsən, it oğlu! Aç qolumu! Ölsəm, bu cəmaat sağ qoymaz səni, a bədbəxt!
Starşina deyəsən bir az çəkindi, əmma əl çəkmədi. Nəzərə al ki, nəçənnik Gülənov özü səni ayrı şəraitdə ayrı cür danışdıra bilər. Əmbə orda olsa, bu iş sənədləşdirilər. Yüz əlli yaşını əlli yazarlar, xalq düşmənləriynən əlaqə saxlayıb antisovet təbliğat apardığına görə, məhkəməsiz-zadsız basarlar, əlli-ayaqlı gedərsən!.. Danış!
Abı çox pis tövşüyə-tövşüyə, yəqin ki, biləklərinin, qollarının ağrısından inildəyə-inildəyə dikəlib Səmədə baxdı.
– Sən... Sən çıx get burdan! Eşidirsənmi?! Çıx get deyirəm! Kənddən get! Rayondan get! Pis qurtaracaq bu işlərin axırı! Çox pis! Bu xaraba deyil Varisin yeri! Şərait olanda qayıdarsan, buralarda da işini görərsən. Hələlik mümkün deyil! Heç cür, heç cür mümkün deyil, ay gözümün işığı! Ləngimə! Min o maşına, təcili get burdan!..
Starşina deyəsən bunu gözləmirdi.
– A kişi! Ey! Bəsdi! O yana yox, mənə bax! – sifəti ağardı. – Sualıma cavab ver! Məhz haralarda?! Eşidirsən?! Məhz haralarda gizlənir o qohum-əqrəba təlimatçısı?!
Yenə Çürüyün səsi eşidildi:
– Ay Abı! Başına dolanım! Niyə danışmırsan axı?! Lap belə düzünü de! Bu paqonnunun hədə-hərbəsinə baxma. Bir köpəyoğlu da toxunammaz Atatürk əqrəbasına! Türk ölməyib hələ. – Həmişə, hər yerdə olduğu kimi, boz çit köynək içində sazının – qara cürəsinin qaytanı çiynində, sağ əli aşağıda – cürəsinin qolunda, sol əli çubuq qəlyanının yumru başında, ortası-qarnı çökələ-çökələ, beli əyilə-əyilə yeriyib qəlyanı Abının ağzına soxdu. – Çək! Toxta! Ağlını itirmə, başına dolanım, ay Abı, düzünü danış!
Əvvəlcə starşinadan, sonra “xıl”ın hamısından hırıltılı gülüş qopdu.
– Bəlkə bir saz da çalasan, a çürümüş! Qəlyanını dart, rədd ol ordan! – Starşina əliçatılıya baxdı. Əliçatılı çatını çəkdi, Abının qolları yuxarı dartılandı qıçları havada o yan-bu yana yelləndi, eynilə Sultan Əminin iniltisi kimi bir iniltidən palıdın altına sükut çökdü. Səmədi qəhər boğdu. Qulaqlarında Abı il Çürüyün qoşa səsi cingildədi: “Ağlamağı tərgitmişəm, boğuq qəhərəm, ey qardaş!..” Daha nə Məmməd Xələfin “qaban” gövdəsi sədd çəkə bildi, nə də yalvarışı; Səməd budağın altına atılıb, Abını sol qolu ilə qucaqlayıb yuxarı qaldırıb, o biri əlilə çatını necə çəkdisə, əliçatılı heyvərə üzü üstə yerə sərildi.
Starşinanın bayaq qorxudan ağarmış sifətinə qan gəldi, yəqin ki, “zapros” işinin yaxşı nəticələnəcəyinə əmin olub, balta dişləri üstündə nazik, qısa dodaqları yuxarı, aşağı dartıla-dartıla şaqqanaq çəkdi:
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.
Xəzinə üstündə yatan ilan 1Oturacaqda ağzı açıq bir konvert vardı. Müslüm, yola düşər-düşməz, o konvertə işarə eləyib:– Sənədi. Oxu, – dedi.
Xəzinə üstündə yatan ilan 2Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.
Xəzinə üstündə yatan ilan 3...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar.Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: – Mənəm! – dedi.