Xəzinə üstündə yatan ilan 2
Səhifə 1 / 2
Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.
Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.
“Spalni” ilə kabinetin ortalığındakı meydan genişliyinin üzərində büllur çilçıraq yanırdı. Çilçırağın altında nəhəng, çılpaq stolla qədim, ağır kreslolardan başqa heç nə yoxdu. Stolla kreslolardan o yandakı divar iki nəhəng pəncərədən və nəhəng qapıdan ibarətdi. Pəncərələr də, qapı da taybatay açıq olduğuna görə, bütövlükdə azı üç yüz kvadratmetrlik mənzilin saray genişliyindən küçənin üzərinə uzanan balkonun özü də ayrıca bir otaq kimi görünürdü. Sultan əmi orada – balkonun ağlı-qaralı metləx döşəməsində, böyük xalı – zili üstündə, yalxı maykada, üzü üstə uzanıb, ovcundakı yaylığı alnına sıxmışdı.
Səməd dumanlı təhlükə hissi ilə dolu canında, ruhunda nə baş verdiyini bir o qədər anlamadan dayanıb, gah əmisinin çilçıraqdan işıldayan islaq, çal saçına, burulub gərilmiş boynunda tərə, gah da ağır bürkü və sükut içində kimsəsiz otaqlara tamaşa edirdi. Çoxbilmiş şoferin törətdiyi sarsıntıdan sonra elə bil qat-qarışıq yuxudan oyanmışdı, bu bürkü və sükut içində əhalisi bağlara, sahilləri, parklara dağılışmış avqust Bakısına düşdüyünü indicə anlayırdı. İnana bilmirdi ki, cəmisi beş gün bundan əvvəl, bu cür bürkü və sükut içində çamadanını götürüb, qapını bağlayıb, açarı komendanta verib vağzala getmişdi, orda – altıncı vaqonun ayaqlığının yanında bir az sərinləmək üçün dayananda perronun qələbəliyində o yaşıl vilyur şlyapanı, dəyirmi fanar gözləri, zərif, gümüşlü trubkanı görmüşdü.
İnanmaq mümkün deyildi ki, cəmisi iki gün bundan əvvəl bu doğma, əziz adamın bu islaq, işıltılı çal saçlarını o qara, qıvrım saçların arasında görmüşdü, “Sultan Əmirli adında möhtəşəm dünya” uçub dağılmışdı, “ideal” ölmüşdü və idealın Bircə balası ağ daş binadan qaçıb, boşluq-heçlik içində çalxanandan sonra, o qəbir kimi dar nömrədə, taxtabitili çarpayının yanında eynilə bu cür – üzü üstə döşəli qalmışdı. Möcüzə kimi bir şey idi ki, Qılınc Qurbanla Xızr Abı “ölü səcdəgahı” diriltmişdilər, əvvəlki idealla müqayisə edilməz dərəcədə böyük, o tay-bu taylı vətəninin heyrətli igid, alim çekistinə çevrilmişdilər və əmini tezcə görməyə can atan xoflu Səməd, indi “Muğ” nəslindən “Müəllim”in mənzilində yox, sözün əsl mənasında ibadətgahda dayanmışdı, üzü üstə döşəli idealı görər-görməz qaynayan göz yaşını uda-uda, qəlbinə-ruhuna hakim səcdəgahına – vətənin fədaisinə səcdə eləməyə tələsirdi.
Ayaqqabılarını çıxarıb cütlədi, aparıb qapının dalına qoydu, orda nəhəng çəllək içindən uca tavanın ortasındakı dəyirmi, bacasayağı şüşəli yerə qədər uzanmış palma ağacının altındakı yumşaq dəri çəkələklərdən birini ayağına keçirib, ibadətgaha bu dəfə necə lazımdısa o cür – ustufca girdi, kandardan Müslümü yana itələyib, qapını da ustufca çəkib, balkona yönəldi.
Gedə-gedə gördüyü birinci bu oldu ki, əmisinin boynunun, sol üzünün rəngi ovcundakı islaq yaylığın rəngindən seçilmir. Eşitdiyi isə bu oldu ki, əmisi inildəyir – yatır.
Xalıya çatanda çəkələkləri də çıxarıb, əmisinin böyründə çöməldi. Əgər Sultan oyaq olsaydı, yəqin ki, mütləq fikir verib görərdi ki, o taxtabitili mehmanxanada, o dar nömrədə qardaşoğlunun yanında əyiləndə necə dizləri üstə düşüb, boyun-boğazını necə ovuşdurmuşdusa, burda Səməd də eləcə dizləri üstə düşüb, boğazından yapışıb nəfəs almağa çalışırdı. Əmma bunun səbəbi heç də təkcə o deyildi ki, Sultan Əmirlinin sifətinin rəngi ovcundakı islaq yaylıqdan seçilmirdi. Səbəb bir də bu idi ki, mərhum qardaşı kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evdəki dəmir çarpayısında necə yatardısa, Sultan əmi də o cür, qurbağa kimi, qıçının birini qarnına yığıb, mütəkkəni qucaqlayıb, sağ üzü üstə yatmışdı. Gözünü açıb dünyaya baxdığı gündən əmisini atası ilə yanaşı gördüyünə baxmayaraq, Səməd burda birinci dəfə görürdü ki, qardaşların profilləri bir-birinin eyni imiş. Saçın, alnın geriyə yatımı, gicgahın, bığın sığalı, alt dodağın xətti, burnun pərəsi elə oxşayırdı ki, elə bil Sultan Əmirli deyildi, sədr Mədəddi, yeddi il səkkiz ayda qocalıb, dünyaya çal saçla qayıtmışdı.
Səməd nə Bezobraziye murdarlarının gözündən yayınmaq üçün “qaçırıldığını”, nə də müsibət içində olan ac-yalavac kənddən ayrılıb Bakıda qalmaq təhlükəsini unutmuşdu; bunlar elə şeylərdi ki, əmi əvəzinə indi doğrudan da atasını görsəydi, bəlkə onda da unutmazdı. Əmma hər şey bu üzgün xəstə fədainin taleyinə bağlı idi. Küçədə maşınların qıjıltısı ara verdikcə Səməd onun iniltisindəki sızıltını, göynərtini də eşidirdi. Uzun illər ərzində qoşa çarpayılarda yanaşı yatanda kar qalmışdı, indi isə eşidirdi. Çünki indi tək Sultan Əmirli yox, qurğuşunlu nalın zərbəsindən gicgahı partlayıb dağılmış sədr Mədəd də inildəyirdi, Bircə bala özü də inildəyirdi, top atəşi altında qalan fədailər də inildəyirdilər, partbiletinin arasında Məhəmməd Əmir, Ağ Əmir, Boz Əmir də inildəyirdilər.
– Gəlmişəm, ay əmi... Gəlmişəm...
Yaş Səmədi boğdu. Müslümün çöməlib termosu açdığını, haman qara “padnos”da stəkana “dirilik suyu” tökdüyünü və çiyninə toxunub kişini oyatdığını görmədi. Əlini əmisinin kürəyinə qoyub, özü asta-asta tərpədirdi.
– Oyan, əmi... Nə qədər inildiyərlər?!. Qoymaram daha inildiyəsən! Qoymaram!.. Kar olmuşam, eşitməmişəm sənin bu iniltini. Kor olmuşam, səcdəgahımı, möhtəşəm dünyamı görməmişəm, tanımamışam. Qurban əmi hər şeyi danışdı mənə. Düşmənimizdən eşitdiklərim də yadıma gəlir indi. Stalinə məktubunu, o tayda, bu tayda olanları, hər şeyi bilirəm. Səcdənə gəlmişəm! Eşidirsənmi? Deyirəm səcdənə gəlmişəm. Əsirinəm, qulunam, sənin, əmi. Ömrümü sənə həsr eliyəcəm. Əsl həyatın, əsl ömrün bundan sonra başlanacaq. Ailən, uşağın da olacaq. Bircə balan xüsusi fəaliyyət göstərəcək. Eşidirsənmi, əmi? Bezobraziye murdarlarına divan tutacam!.. – Hönkürtü arasında içərisindən elə təpər gəldi ki, hətta əlini əmisinin kürəyinə şappıldatdı. – “Kadr həll eləyir hər şeyi!”³ Kadr, ay əmi, kadr! Xalqın qatili Bezobraziye kadrlarıynan qırmayıbmı sizi?!. Əvvəllər o qədər başa düşmürdüm mən o qatilin şüarını. İndi bütün varlığımnan dərk eləmişəm. Tək bir nəfər namuslu prinsipial kadrın fəaliyyəti bütöv bir kollektivin fəaliyyətinə bərabər ola bilər. Kim nə deyir desin, şəxsiyyət lazımdı. Qatil yox, kamil şəxsiyyət lazımdı bizə. Məqsədə qan seliynən çatanları şəxsiyyət adlandıranlarnan döyüşəcəm, əmi! “Vintik”ləri⁴ “vintik”dən də betər, dilsiz-ağızsız, lal-kar bədbəxtlərə döndəriblər! Nəinki mərkəzdəkilər, mən kimi sıravi təlimatçıların hər biri də kamil insan olmalıdı! Lapatka, kətmən tutanlar da rəzillikdən qurtarıb, məhz sənin arzuladığın kimi kamil adamlar olmalıdılar.
Tamam unutmuşdum, elə bu dəqiqə yadıma düşdü ki, Nizaminin anadan olmasının yüz illiyindən xeyli keçmişdi. Üç ilmi, beş ilmi? – unutmuşam. Gecənin bir vaxtı sənin qışqırtına oyandım. Telefon qulağında, “Kommunist” qəzetinin redaktoruynan danışırdın: “A kişi, ay Xasay, sən necə redaktorsan ki, bu vaxta qədər “Xəmsə”ni oxumamısan!” – deyirdin. “İxtisar olunan Xəmsəni saxla, Stalin yoldaşın əmrindən, akademik Bertelsdən yadigar qalsın. Sən yubileydən əvvəlkini oxu, gör Nizaminin iqtəsindəki⁵ AğEy – “Əxi” icmalarıynan bizim təxminən otuz dörd-otuz beşinci illərdəki “kolxoz”un fərqi nədi? Qardaşım Mədəd neyləmişdi, yadındadımı? SSRİ-nin hər yerində “Kolxoz Nizamnaməsi”ni atmışdılar getmişdi. Mənim qardaşım Mədəd məhz o ilk nizamnamə əsasında əməlli-başlı AğEy icması yaratmışdı: kollektivin əməyinin bəhrəsini – əmtəəni hər kəsin əməkgününə əsasən bərabər bölürdümü? Ümumi fonddan xəstələrə, şikəstlərə fond ayırmışdımı? Lap lütlərə fondun hesabına ev tikdirirdimi? Və sairə, və ilaxirə, nələr eləməmişdi Mədəd? Nəyin əsasında? “Nizamnamə”nin altında İosif Stalinin imzasının əsasında! Bəs Stalin hardan götürmüşdü o ədalət mücəssəməsi “Nizamnamə”ni? Nizamidən götürməmişdimi?! Sonra siz, siz, siz fəal kommunistlər bütün ölkədə yaydınız ki, kolxozun məhsulunu xalq içində bol-bol paylaşdırıb, dövləti kənd-təsərrüfat məhsulundan məhrum edən solçu – Nərimanovçu Mədəd Əmirlinin simasında biz “kulaçestvalı”, varı başından aşan feodalları bərpa edən antikommunistlər görürük!..” “Bu dərəcədə yalan-palan böhtanları kim verib sənin adı “kommunist” özü antikommunist qəzetinə?!” Görürsənmi, necə kəlməsinə qədər gəldi yadıma sənin telefonda qışqırdıqların?! Cəngavər gördüm mən o gecə sənin simanda!.. Sonra “Bakinski raboçi” qəzetində cavabın çap olundu o böhtançının əleyhinə! Yadındadı? Mirqəzəb əlacsız qalıb tribunadan tərifləmişdi səni! Niyə? Çünki sənin mövqeyini müdafiə eləyə-eləyə Mirqəzəb öz nüfuzunu qaldırmışdı xalqın nəzərində. Sonra da parovozun dalına tək qoşulan vaqonuna minib rayonları gəzə-gəzə kolxoz sədrlərini xəlvətcə asıb-kəsmişdi ki, “Mədəd Əmirli şirmadı əlimizdə. Siz noturplata vergisini ilk növbədə ödəməlisiniz dövlətə! Cəmaat dolanar...” və sairə, və ilaxirə. Bizə məhz indi o zamankı Sultan Əmirli, o zamankı Mədəd Əmirli kimi cəngavər, obyektiv kadrlar lazımdı.
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!
Xəzinə üstündə yatan ilan 8Gülənov nə vaxt ayağa qalxdı, hara getdi, niyə getdi? “Yoldaş Səmədi” gündüz “çörək kəsməyə” çağırıb, axşamısı burda neştər çıxardan Qudalı ağsaqqalı, Qıllısı, Piylisi və it xılı məhləsinin gur dəstəsi ilə hara rədd oldu? Səməd bunların heç birini bilmədi. Sədr Mədədin Bircə balası ilə Qonaqlı cəmaatının yeddi il səkkiz ay ayrılığından sonra birdənbirə elə görüş vulkanı püskürmüşdü ki, bu vulkanın gözündə Sudüşən, Hacehsan çəmənlərinin axşam sərinliyindən, moy, mixək ətrindən, kəpənək, qaranquş qanadlarından, doğma səslərdən və isti nəfəslərdən başqa heç bir zir-zibil yoxdu: Səmədi qolları ilə yox, Sudüşənin, Hacehsanın axşam sərinliyi ilə qucaqlayırdılar, alnından, yanaqlarından dodaqları ilə yox, kəpənək, qaranquş qanadları ilə öpürdülər, öpəndən sonra üzünü kəlağayılarının, qıymaçalarının ucları ilə yox, moy, mixək ətri ilə silirdilər, qucaqlaya-qucaqlaya, öpə-öpə dediklərini də adi səslə yox, ən gözəl mahnıdan da gözəl mahnı ilə deyirdilər:– Mədədimizin balası, Mədədimiz! Umudumuzu sənə bağlamışıq, ay umudumuz! Dizimizə dirək gətirdin, ay dirəyimiz! – deyirdilər.
Xəzinə üstündə yatan ilan 9Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları “yel fanarları”nın işığında baş verdi.Nə qədər ki, şəhər onilliyinin və dəmir yol məktəbinin yorğun-arğın müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə “dustaq damı” adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda – anbarın qabağında Səmədin lap körpəlikdən – otuz dördüncü-otuz beşinci illərdən bəri, avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi: qapan-tərəzidə pambıq çəkilirdi.
Xəzinə üstündə yatan ilan 10Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.