Səhifə 2 / 2 · 50%

³ Stalinin ifadəsi.
⁴ Stalin sıravi vətəndaşları “vintiklər” adlandırırdı.
⁵ Nizaminin iqtəsi (hakimiyyəti altında olan sahə) – Gəncədən Abxaziyaya qədər ərazidə AğEy – “Əxi” icmaları təşkil edilmişdi.

Yoxdu! Məhv olub hamısı! Atam elə, sən də belə – üzü üstə! Kim yaradacaq Nizaminin “utopiya” damğasıynan damğalanan AğEy – “Əxi” icmasını?!

Ac, sıxıntılı, büzüşük adamlardan ibarətdi kəndimiz! Sənin bu çoxbilmiş şoferin qaynadıb içərimi, bayaqdan özümə gələmmirəm. Guya cəmiyyət elə korlanıb ki, daha ancaq Bezobraziyedən ibarətdi xalq! Uca şəxsiyyət Sultan Əmirliynən yetirdiyi uca şəxsiyyətlər, büllur ürəklər acizdilər?! Deyirdin sındırıblar səni. İnanmıram! Eşidirsənmi? İnanmıram! Murdar Bezobraziyenin qurğularından sarsılmamalısan sən! Mirqəzəbin taxta çıxdığı vaxtdan indiyə qədər müsibətlərə necə sinə gərmisən, bundan sonra da o cür mətin dayanmalısan! Vurub dağıtmalısan! Kürüyüb atmalısan! Uca şəxsiyyətlərə, gözəl insanlara yol açmalısan! Bilmirəm harda eşitdim, iki kəlmə demisən: “kürüyəcəm atacam”. Proqram olub məndən ötrü bu iki kəlmə. Belə bir vaxtda sənin döşəli qalmağa ixtiyarın yoxdu! Eşidirsənmi?! Bu çoxbilmişin dedi, açıq, mərd söhbət eləmək istəyirsən mənnən. Bircə balan özü elə sən kimi fikirləşir. Sultan Əmirlinin ailəsinin yanından yel də keçmiyəcək! Ağır söhbət deyil bu məndən ötrü daha. Öz yetirdiyin balanam sənin. Bədbəxtlik bundadı ki, Bircə balan da qanmaz olub, ətrafında baş verən hadisələri qanmayıb, səni tanımayıb! Məncə, arvadın da hələ yaxşı tanımır. Nə bilir o sənin barəndə? Dörd ayda dediyin dərsdən bir şey qalıbmı beynində onun? Danışacam! Özüm danışacam! Mən sənə necə səcdə eləyirəmsə, o da elə səcdə eliyəcək! Sənin balanı qucağımda böyüdəcəm, fəxrnən, qürurnan başımın üstə gəzdirəcəm! Mərd kişi söhbəti yox, oğul-ata söhbəti eləyirəm sənnən. Tamamilə doğru demisən ki, bizim aramızda ən xırda şeylərdən də sui-istifadə eləyirlər.

Bu gündən belədi, bundan sonra da belə olacaq: ürəyimi, beynimi ovcunda görəcəksən həmişə. Başqa cür mümkün deyil, əmi! Mədədin olacam sənin. Mənə hələ təzə çatır atamın vəsiyyəti. İndi-indi dərk eləyirəm “Allah” nədi, ƏlAğ nədi! Ulu Bağ ƏsƏlMən kimdi, UluBağlar nəsli nədi? OdƏr bəşəriyyəti nədi? “Vərəsə” kitabxana ətrafında olanlar, mülkümüzün yandırılması, divarların elə təcili dağıdılması, Abının, qocaların elə dizin-dizin, sürünə-sürünə vərəqləri yığmaqları indi-indi çatır mənə. İndi-indi qanıram Xızr Abının böyüklüyünü. Öyrənəcəm Elmi! Mütləq! Eşidirsənmi?!

Enli kürək Səmədin əlinin altında qalxıb endi. Sultan köksünü ötürürdü.

– Eşidirəm, eşidirəm...

Səməd gərginləşdi. Əmma əmisi gümrah danışdı:

– Hamısını eşitdim. Sözün canıma sarı yağ kimi yayıldı, Bircə balam! “Bakinski raboçi”dəki o məqalə yığışdırılmışdı. Əmma Moskvaya çatmışdı. Stalin çağırıb Bertelsi biabır eləmişdi ki, “bu gün-sabah şəhərlərdə çörək olmayacaq, sən öz dostlarına Nizaminin utopik cəmiyyətini təbliğ etdirirsən! Bertels məcbur olub xüsusi məqalə yazmışdı ki, “Əxi cəmiyyəti böyük Nizaminin təxəyyülündən ibarətdir. Qədim Azərbaycanda elə cəmiyyət olmayıb...” Dözəmmədim, yazdım. Bertelsin bir cavan əla oğlu var: Andrey Bertels. Ona yazdım, poçtnan yox, əlnən göndərdim ki, “Xəmsə”nin xarici dillərdə tərcüməsindən məhz Əxi cəmiyyəti haqqında yerləri xüsusi təbliğ elətdirsin. Heyif, nədənsə cavab almadım. Əmma Mədəd öz işindəydi öz kolxozunda. Mirqəzəb dillənmirdi. AğEy icması əvəzinə “milyoner kolxozlar” ideyası atmışdılar ortalığa. Bir rayonda, iki rayonda iki milyoner kolxoz, vəssəlam. Pokazuxa!

Qalxıb oturdu. Pırpız qaşların altında boz-ala gözlər gülürdü.

– Mədəd həmişə bax beləcə dirildirdi məni. Torpağı sanı yaşıyasan! İşıqlı balam! İgid balam!.. Səməd deyilsən, SimOdsan! Nursan, Nur balam!

Səməd gözlərini sildi. Sol döşünü sıxıb, ürəyini sakitləşdirməyə çalışdı.

– Yaxşısan indi?

– Görmürsən?.. Əmma “dirilik suyu”na ehtiyacım var.

Müslüm o dəqiqə stəkanı doldurdu.

Səməd, hələ də əli ürəyinin üstündə, ayağa qalxmışdı.

– İndi icazə ver qayıdım rayona.

– Nə?!.. – Sultanın qaşları endi. – Nə danışırsan?! Saşanı bu gün güllələyiblər. Mən igid məsləkdaşımdan məhrum olmuşam! Məhərrəmnən təklikdə görüşməyimi qadağan eləyiblər. Xalıq Qudalovun ətrafında böyük dəstə işləyir əleyhimizə!.. Əlimdən buraxarammı səni?! Tezdən məhkəmənin səhər iclasına aparmalıyam. Hökmən iştirak eləməlisən! Vətənimizin bütün tarixi açılıb-töküləcək orda. Dinləməlisən!

– Yox, əmi!.. Üzr istəyirəm səndən, bu saat, bu dəqiqə qayıtmasam, ailə söhbətinə təcili son qoymasam, başqa söz girməz beynimə! İnan.

Sultan baxdı, baxdı, gözləri doldu.

– Çox tərs, çox inad böyütmüşük səni... Yaxşı pivə var. Çörək ye, bir az da dincəlin, sonra da qayıdarsınız.

Səməd əlini Müslümə uzatdı:

– Açarı ver!

Əslində, Sultana da aydındı ki, Müslümə verilən tapşırıqdan, yəni yolda söhbətdən sonra, bu təcili gəlişin gedişi də vardı. Odur ki, “Bakıda qalmaq”, “Məktub yazmaq” barədə danışmağı münasib bilməyib razılıq verdi. Müslüm YemSən torbasından iki-üç ovuc götürüb, qəzetə büküb cibinə qoydu və maşının açarını elə burdaca Səmədə verməli oldu.

Səməd:

– Sağ ol. Bir də xəstələnmə! – deyib qapıya meylləndi. Əmma Sultan sözlü adama oxşayırdı:

– Demək istəmirdim, əmma, şərt qoymuşam: biz maksimal açıq olmalıyıq, qardaşoğlu. Mən yalnız qatil deyiləm, həm də... həm də inkvizitoram: sözüm işgəncə verir hamıya. Sənə işgəncə verməliyəm. Xızr Abı Gülgəzə deyib: “Oğlun olacaq”. Get onu qoru, məni, bəlkə hətta səni də əvəz eləyənimiz olsun!.. – Birdən səsini qaldırdı: – Heyrətnən baxma mənə! İş belə getsə, “Muğ” – Bağ qalmıyacaq! Get, əməl elə tapşırığıma! Əmrdi bu! Mənim yox, əbədiyyətə gedənlərimizin əmridi!

Səmədin əmgəyi buzlaşdı, gözləri torlandı.

Sultan ona baxıb bu dəfə çox pis inildəyib, üzü üstə döşəndi.

– Dayan!.. Ayaq saxla... – dedi. – Ürəyin böyükdü! Bilirəm, xilas eliyəcəksən o bədbəxtin körpəsini... özünə təsirin də böyük olacaq. İnanıram. Güclüsən, Bircə balam!.. Bircə sualıma cavab ver... Mədədin başına gətirdiyimi unudammıyacaqsan axı! Düzdü?.. Mərd ol! De! Qatiləm mən, yox?! Bax, burdan başla sözünü!

Səməd alnını ovuşdurub başını köksünə endirdi.

Sultan inildəyirdi:

– Mədəddən başqa neçə-neçə batin Bağımız gedib... Bağ deyəndə diksinmə. Elmimizin beş faizini də bilmirsən. Bir var yaradanlar – xaliq Bağlar. Yəni EyOdƏr Baba, BağBağÜn Baba, Bağ Ata, dörd oğlu. Onların beyinləri bütün Kainata bağlıdı. Bütün Kainata! Yəni planetlər, canlılar, cansızlar, bütün OdƏr bəşəriyyəti Onların beyinlərinə bağlıdı... Bir də var biz “Muğannalar” – UluBağlılar. Biz xaliq deyilik. Bizim Bağlığımız Ün eşitməkdən, eşitdiklərimizi yazılı, şifahi şəkildə Yer bəşəriyyətinə çatdırmaq, insanı nəsilbənəsil maarifləndirmək, saflaşdırmaq, ucaltmaq, ƏlAğ EySarın Ününü eşitmək dərəcəsinə çatdırmaq, Yerdə EySarın Əlləri – işləyənləri olmaq... Bu cür dərs keçməliyəm mən sənə. Mən olmasam, bir başqa AdıPünhan müəllimin olar. Əmma... Əmma, məni bu hala salan sözün əsil mənasında cinayətimdi!.. Qorxum bundadı ki, bağışlayammıyacaqsan məni, yaran qövr eliyəcək... Pişəvərinin taleyi də var... Nəcəfoğlunun taleyi də... Ümumi işin xatirinə çox adam qurban gedib... Elə üzgün vaxtlarında Abını, Çürüyü evə çağırdım, işə qoşdum... Hamısı düşmənin ovcundadı. Yaşa-zada baxmır Sovet rəhmsizliyi. Göyçəli Aşıq Sadığı işə qoşdum, Alı əmini, oğlunu – Aşıq Şamili işə qoşdum. Qaratəpədə – “Qardabani”də gözümün qabağında zəhərlədilər Sadıqnan Şamili, şam kimi əridilər, söndülər... Bu dediklərim barədə Qılınc Qurbannan söhbət elə. Hiss eləsən ki, doğrudan da bağışlaya bilirsən əmini, bax onda gəl... dərsə gəl... Get indi. Uğur olsun. Əmma açarı Müslümün özünə ver. Sən fikirlisən, maşın sürəmməzsən. Gedin! Get! Ölmərəm! İt canıdı Sultan Əmirlinin canı! Get!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 dəq
Xəzinə üstündə yatan ilan 8

Gülənov nə vaxt ayağa qalxdı, hara getdi, niyə getdi? “Yoldaş Səmədi” gündüz “çörək kəsməyə” çağırıb, axşamısı burda neştər çıxardan Qudalı ağsaqqalı, Qıllısı, Piylisi və it xılı məhləsinin gur dəstəsi ilə hara rədd oldu? Səməd bunların heç birini bilmədi. Sədr Mədədin Bircə balası ilə Qonaqlı cəmaatının yeddi il səkkiz ay ayrılığından sonra birdənbirə elə görüş vulkanı püskürmüşdü ki, bu vulkanın gözündə Sudüşən, Hacehsan çəmənlərinin axşam sərinliyindən, moy, mixək ətrindən, kəpənək, qaranquş qanadlarından, doğma səslərdən və isti nəfəslərdən başqa heç bir zir-zibil yoxdu: Səmədi qolları ilə yox, Sudüşənin, Hacehsanın axşam sərinliyi ilə qucaqlayırdılar, alnından, yanaqlarından dodaqları ilə yox, kəpənək, qaranquş qanadları ilə öpürdülər, öpəndən sonra üzünü kəlağayılarının, qıymaçalarının ucları ilə yox, moy, mixək ətri ilə silirdilər, qucaqlaya-qucaqlaya, öpə-öpə dediklərini də adi səslə yox, ən gözəl mahnıdan da gözəl mahnı ilə deyirdilər:– Mədədimizin balası, Mədədimiz! Umudumuzu sənə bağlamışıq, ay umudumuz! Dizimizə dirək gətirdin, ay dirəyimiz! – deyirdilər.

19 dəq
Xəzinə üstündə yatan ilan 9

Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları “yel fanarları”nın işığında baş verdi.Nə qədər ki, şəhər onilliyinin və dəmir yol məktəbinin yorğun-arğın müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə “dustaq damı” adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda – anbarın qabağında Səmədin lap körpəlikdən – otuz dördüncü-otuz beşinci illərdən bəri, avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi: qapan-tərəzidə pambıq çəkilirdi.

26 dəq
Xəzinə üstündə yatan ilan 10

Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.

23 dəq

Başqa şairlərin şeirləri