Səhifə 1 / 3

Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.

Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.

Yalnız əmisi xırıltı ilə: – Yaxın gəl! – deyəndən sonra Səməd yaxın getdi və yalnız indi gördü ki, əmisi də eynilə Abı kimi büzüşüb, elə bil həyatdan əlini üzmüşdü.

– Nalı niyə götürdün?!

Sual nə qədər gözlənilməz olsa da, Səməd o an başa düşdü ki, əmisi düşmənin niyyətini duyub və məhz duyduğuna görə də sözünü naldan başladı.

Gizlətmə! Açıq de! O gecəki kimi, mərd danış!

Səməddə də hey qalmamışdı.

– “Əşyayi-dəlil” deyirlər onlar bu nala... Gülbəniz kəmərimə sancdı, mane olmadım... qaytarmadım.

– Niyə?!

– Olub.

– Çax-çux bunu Sultan Əmirlinin birinci cinayəti adlandırdı.

– Düz deyir. Cinayətdi.

Səməd tir-tir əsdi.

– Əmi! Mən yaşamaram bundan sonra. Sən... sən necə yaşamısan?!

– Qulaq as... – Sultan inildəyirdi. – O il... Qırx altıncı ildə Rusiya ermənilərinin, Suriya ermənilərinin, Türkiyə, Qresiya ermənilərinin... qısası, bütün planet ermənilərinin birbaşa Roma papasına bağlı Katalikoslara, Sovetlər İttifaqı Kommunist partiyasının bilavasitə köməyiynən beynəlxalq nüfuzlu qərar çıxartdırıblar Vaşinqtonda. Əslində Vaşinqtonun yox, Vatikanın əməlidi o qərar. “Genosid” – milli qırğın deyirlər. Guya Türk Ermənini qırır... İşin kökünü bilməlisən sən. Dünənin – srağagünün işi deyil bu. Qresiyada, Rimdə illərlə yox, əsrlərlə düşünülmüş plandı. Eramızın onuncu əsrinin axırına qədər indiki Rusiya, Ukrayna, Belorusiya, Bolqarıstan, Gürcüstan ərazilərini xristianlaşdırandan sonra, indiki Türkiyə ərazisində Ərzİncan – “Yerzincan” deyilən yerə bir dəstə Hay sürüblər. Daha, doğrusu, köçürdüblər. Bu niyyətnən ki, Türkiyə müharibəyə cəlb olunanda Hay arxadan vursun. Eşidirsənmi?.. Əmiyin cinayətinin tarixini danışıram. Diqqət yetir: hardadı indiki “Ermənistan SSR?” Yerində deyil. Bunu lap asta-asta eləyib Vatikan. Ərzincandan, bir az da bizim Cənubumuzdan yavaş-yavaş sürüşdürüb bu yana, “Hay” olub ƏrMəni. Bizim torpağın adıynan ey!.. Nəticə nə olub? Erməni girib türk ərazilərinin ortasına. Vatikan başlayıb Ermənini silahlandırmağa. Rusun, İngilisin əliynən. Qalanını az-çox bilirsən. Min doqquz yüz beşinci ildən bu vaxta qədər, fasilələrnən qanımızı su yerinə axıdıblar. Həyasızlaşdılar, başladılar xaricdən Ermənini köçürməyə buraya – içərimizə. Bakı doldu Erməni milyonerləriynən, İngilisnən əl-ələ, nefti aldılar ələ. Gəncə, Şamaxı, Şəmkir, Qazax, hər yerdə Erməni! “KPSS – “Domokl qılıncı” durub başımızın üstə, hünərin var səsini çıxart, etiraz elə. Əksinə! “Qardaş oldu Hayestan – Aaazərbaycan!..” Bir yandan sür, qır, o biri yandan müğənnilərimizə hər gün oxutdur: “Qardaş olub...” Belə şeyləri də bilirsən az-çox. Bilmədiyini bil indi. Xeyirxah adamlar o dediyim “genosid” qərarının, katolikosların məktublarının, bu barədə nə varsa, hamısını surətlərini çıxardıb göndərirdilər mənə: SafAğ Varisinə!.. Bütün materiallardan lap aydın görünürdü ki, plan çoxillik müharibələr üçündü. Türkü Yer üzündən silmək, Xəzərnən Qaradəniz arası ərazidə “Velikaya Armeniya” dövləti yaratmaq, neftimizi, varidatımızı sağa-sola axıdıb qızıl yığmaq, nəhəng ordu, böyük hərbi texnika yaratmaq, bütün planeti inək kimi sağmaq... Mirqəzəb dörd yüz kommunisti – Türkü – SafAğı bir gecəyə güllələtdi. Başladılar orda-burda Muğannaların – UluBağların “Pünhan”larını beş-bir, üçbir dənləməyə ki, belə böyük fatehlik planından baş açan qalmasın. Hər gecə Gürcüstana qaçırdım, Pünhan “Aşıq”larımızı təhlükə zonalarına göndərirdim ki, toy-şan bəhanəsiynən gəzib-dolanıb xəbərdarlıq eləsinlər, düşmənin qeydiyyatına düşmənlərimizi – “üzdə olan”larımızı Naxçıvana, Muğana, Lerikə, Yardımlıya göndərib gizlətsinlər... Mirqəzəbə kim çatdırmışdı bu işi? Bilmirəm. Yerevannan, sonra da Moskvaynan, Stalinnən Mikoyannan danışmışdı Mirqəzəb. Tək o teleqramı yox, surətləri mənə göndərilən məktubları tələb eləyirdi: “Anastas İvanoviç Mikoyannan ayaq-ayağa durmusan sən!” – deyirdi. “Erməni xalqına qarşı siyasi fəaliyyətə girişmisən!” – deyirdi. “İşini dayandır! Məktubların hamısını ver Xudiyevə, özün də izahat yaz mənim adıma ki, “xalqları bir-birinə düşmən eliyən siyasi avantüristlərin toruna düşmüşəm” və sairə, hər gün azı yarım saat qışqırırdı telefonda. Qısası, öldürülməliydim mən, oğul. Mədəd yox, mən öldürülməliydim ki, Eçmiədzin Katolikosuynan Suriya Katolikosunun antitürk yazışmalarıynan başlanan dəhşətin üstü açılmasın. Bildinmi niyə demişəm konvertə qoydum, qardaşıma göndərdim?! “Güdaza vermişəm” demirəm mən, qardaşımı xalqıma qurban vermişəm deyirəm!.. İnsanın yalnız özü üçün, yəni sırf subyektiv hissləri ilə yaşaya-yaşaya xoşbəxt olması mümkün deyil. İnsan uzunqulaq deyil ki, yoncalığa buraxasan, yeyə, doya, şıllaq ata! Katolikoslarının açıq-saçıq həyasızlıqnan yazdıqları “Türkə ölüm” məktublarıynan bir yerdə öz tarixi bədbəxtliklərimizi sübut edən tədqiqi yazılarımız Mirqəzəbin, Stalinin dırnağına keçirsəydim, mən bütün xalqı öz əlimnən məhv eləmiş olurdum. Bildin?!. İnsan yalanlar, iftiralar qurbanıdı, oğul! Xoşbəxtliyin yalnız həqiqətdə olduğunu bütün bəşəriyyət dərk eləməsə, mənim və ya bir başqa fərdin xoşbəxtliyi mümkün deyil! – Atan yaxşı bilirdi bunu. Zəng vurdum, dedim “teleqram” kəlməsi altında Katolikosların məktubları və bizim bəşəriyyətə müraciətnən yazdığımız tarix, həqiqət nəzərdə tutulur. Alsalar, şübhəsiz, ikimizi də götürəcəklər. Varisi təcili gətir, vəsiyyətimi eliyim...” Təsadüf elə gətirib ki, sən özün getmisən onun kabinetinə, səni mənim yanıma gətirməyib. Maşında tək oturub sürüb birbaş Badsəbanın daxmasının qabağına, vurub kötüyü aşırıb, özü şərait yaradıb ki, nal işə düşsün... Kimdi qatil? Bu başqa söhbətdi, heç kəsi taqsırlandırma! Heç kəsi! Mədəd Əmirli söhbəti deyil bu söhbət. Dünyamızın özü qədər böyük məsələdi bu. Vaxtı çatanda o barədə geniş danışmalıyam mən sənnən. İndi, bu vəziyyətində görmək istəmirəm səni! Pişəvərinin ölümü də xalqımızın taleyi ilə bağlıdı! Nəcəfoğlunun ölümü də! Əgər aramızda az-çox münasibət qalsa, o dəhşətli hadisələrin necə olduğunu da danışaram. Hələlik mənim deyilsən sən! Get hara istəyirsən! Neyləmək istəyirsən, elə! Nal hər şeyi həll eliyər, xoşbəxtliyə çatdırar səni! Qurtardıq!.. Nə vaxt hiss eləsən ki, sədr Mədədə, Sultan Əmirliyə layiq oğul olmaq arzusundasan, onda gəl, danışaq. Yoxsa... belə olmaz!.. Dayanmısan qənşərimdə, gözünü zilləmisən üzümə: “qardaşını güdaza vermisən!..” Qurban verməknən güdaza verməyin fərqini dərk eliyəndə gələrsən! Dərk eləməsən gəlmə!


Necə hiddətli və yarımcan gəlmişdisə, Sultan, eləcə də hiddətli və yarımcan, qardaşı oğlunun üzünə baxmadan, “çay” təkliflərini eşitmədən, yeməz-içməz, Bakıya qayıtdı. Səməd isə Qurban əminin dediyi kimi, “təhkimçiliyində qaldı”. Gecəni harda gecələdiyini, yuxusunun necə ərşə çəkildiyini, nə yeyib nə içdiyini bilmədən, kolxozun sədri Rəhim Qudalının, briqadir Qıllı Qeybalının deyib-danışdıqlarını eşitmədən, idarədə oldu, çöllərdə, manqaların düşərgələrində gəzdi. Yalnız bir sarsıntını, Sultan Əmirlidən, Xızr Abıdan, Qılınc Qurbandan başlamış Kətyən kişiyə qədər, hamını bədbəxt eləmiş “Vərəsə” faciəsinin ağırlığını yavaş-yavaş aydın hiss etməyə, duymağa başlayırdı, haralardasa dolanıb qayıdıb Abını yenə xarabalıqda görəndə daha ondan ayrıla bilmirdi. Sədr Mədədin ərköyünü heç də ərköyün yox, dünyadan xəbərsiz heyvanmış! Üç qardaşın bir balası heç də Bircə bala yox, uzunqulaqmış! O uzunqulaq daş cildli kitabları vərəqləyib güllü, bülbüllü miniatürlərə tamaşa eləsə də, “əski əlifbaynan yazılanları” “köhnə dünyanın zir-zibili” bilib, nəinki kitabların həm ağ binada “revkom kabineti”ndən, həm də Əmirli mülkündən yoxa çıxmağı ilə maraqlanmırmış, hətta “bizimkilərin topa tutulduğunu”, “Milli hökumətin yıxıldığını” da vecinə almayıb, sürgünlərdən, qırğınlardan üzülən əmisinin əzablarından xəbərsiz, kəndin ara-bərəsində anqıra-anqıra, şıllaq ata-ata gəzirmiş! Anqırmaqdan, şıllaq atmaqdan yorulub, acıb, təntiyib qayıdanda isə, əlinə keçəni ağzına təpişdirib daş əzələləri ilə fəxr edə-edə, çarpayısında səvərib, fədailərin qırılmağından, atası ilə əmisinin yasa batdığından xəbərsiz yekə başını nazbalınca basıb, çox yeməkdən tısqıra-tısqıra köpürmüş! Ancaq yeddi il səkkiz aydan sonra “şeyxlərin varidatı”nın xarabalığında hələ də dizin-dizin sürünən, sifəti gah dümağ ağaran, gah qapqara qaralan qocanın sözündən bilirdi ki, demə, hələ “bizimkilər topa tutulan gecə” – qırx altıncı ilin dekabrın on ikisində Mirqəzəb Persi Culfaya, Təbrizdən və bütün Cənubdan qaçanlarımızın qabağına göndərib əmr veribmiş ki, qayıdanbaş “Şeyx Xorasan” məqbərəsindən Demokrat firqəsinin arxivi ilə kitabxananı Bakıya aparsın. “Çarvadarlar” adlanan agentlər dəstəsindən başqa Məhərrəm Abbasoviç də Persin dəstəsində imiş. Culfadan Sultan Əmirliyə zəng vurublar ki, farsca, ərəbcə bilən bir köməkçi tapıb, təcili gedib məqbərədə otursun, üstündə şeyxlərin şəxsi möhürü olan “Vərəsə kitabxananı” partiya kitabxanasından və “Şeyx Xorasandan” iri bir daş sandıq dolusu kitabxanasından ayırsın, ərizə yazıb Persdən rəsmi icazə alıb, “Vərəsə”ni aparsın. Demə, Sultan əmi elə o gecə – dekabrın on ikisində Abını da götürüb gedibmiş. Kitabları seçib, sandıqlara doldurub hazır qoyubmuşlar ki, Pers öz adamları ilə məqbərəyə gələndə icazə alsınlar. Əmma Pers nəinki icazə verməyib, üstəlik, məqbərənin qapısından dəmir qopardıb o dəmirlə, sandıqları sındırıb-dağıdıb, “SafAğ Elmi” əvəzində “şeyxlərin dini, mövhumatı” – deyə-deyə “Vərəsə”ni “Şeyx Xorasan”ın qəbrinin yanındakı sandıqda saxlanan kitabxanaya qatışdırıb, sonra da əmr verib ki, “Bu ilan zəhərini çıxardın, mühacirləri daşıyan maşın kalonun altına tökün! Cibində partbilet gəzdirən şeyx törəməsinin özüynən bir yerdə mühacirlər də indidən bilsinlər ki, belə şeylərdə güzəşt yoxdu!”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Süleyman padşahın xəzinəsi 1

Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı: taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku¹”ndan hər cür nemət dadıb özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində – qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa, “Çax-çux özünə gün ağlasın, biz də özümüzə” – deyib gülüşsünlər.

31 dəq
Süleyman padşahın xəzinəsi 2

Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”¹⁹ yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların,²⁰ xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin²¹ üç para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı.²² Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqitəbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.¹⁹ Əsgərlər üçün qalın üst geyimləri.

22 dəq
Süleyman padşahın xəzinəsi 3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

30 dəq
Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 dəq

Başqa şairlərin şeirləri