Süleyman padşahın xəzinəsi 13
Səhifə 3 / 3 · 67%
Mədəd deyib: “Vərəsə qardaşlarımızın zindanda kəsilən başlarıdı. Nəyi təhvil verək? Qardaşlarımızın başlarını, ya özümüzü?”
Sultan deyib: “Tək sənnən mən yox, Abı da, Cəfərnən Qurban da bulaşıblar bu işə. “Hümmət”dən – Nərimanovdan başlanıb bu iş, Leninə çatıb, on səkkizinci ildə Mustafa Kamal Paşaya çatıb, “Rus ordusu”adı altında Anadolunu azad edən Təriklər ordusunun təşkili də ümumbəşəri xilaskarlıq naminə təşkil olunub. Hamısı qırılıb! Hamısı! Atatürkün Türkiyədə bir nəfər də yaxın adamı qalmayıb, qaçıb Dərbənddə gizləniblər, ordan da buraya – Şimalımıza dağılışıblar. Tək sən, mən, Abı, Çürük özümüzü təhvil versək, işgəncələrə eyni dərəcədə dözə biləcəyikmi hamımız, hətta Atatürk nəslini də qırğına verməyəcəyikmi?!”
Mədəd deyib: “Vərəsə nəsilbənəsil “Muğ” yetirmək üçün deyilmi, dadaş?! Əsrlərnən qırıla-qırıla dağılışan Türk hələ də dünyanın ən böyük xalqı deyilmi?! Mən bilirəm, bundan sonra da çox qıracaqlar bizi. Yerdə qalanların umudu nədi, dadaş?! “Vərəsə”ni versən, Türk kar-kor qalıb tamam savadsızlaşmazmı?! OdƏrliyimiz tamam unudulmazmı, dadaş?!”
Sultan hirslənib deyib: “Məsələ elə ondadı ki, Türk qırılandan sonra kitabları açan da olmuyacaqsa, necə yetişəcək nəsilbənəsil “Muğ” – Bağ? “İttihadi İslam” damğası var kitabxananın üstündə. Stalinin teleqramının cavabında əsaslı ittihamnamə hazırlatdırıb cəllad! Panislamizmdə, “Mövlud” gecələrində din yaymaqda taqsırlandırır hamımızı. Məhz buna görə imkan verirmiş geniş miqyasda “Mövlud”ə ki, bütün kəndlərdə dəməklərə yığılanları qeydə alsınlar, antisovet din təşkilatı üzvləri kimi hamını yığışdırsınlar! Ondan sonra sahibi kim olacaq “Vərəsə”nin?!”
Qısası, Mədədin sözü qalmayıb. Qərara gəliblər ki, kitabxananı təhvil versinlər, əvəzində bütün Pünhanları, Ustad “Aşıq” – ƏsAğları səfərbər eyləyib yaddaşlarda qalan həqiqətləri yazdırıb dərslik kimi yaysınlar.
Mədəd lap əlacsız qalıb, deyib: “Mirqəzəbin folklorçu professoru ƏsAğlardan dəstanların əksəriyyətini yığıb, “dəri”sini – OdƏrini çıxarıb. ƏsAğ – “Aşıq”lara tapşır daha yazıya almasınlar, elə şifahi şərhə keçsinlər, görək başımıza nə gəlir”.
Xırrançay axarında çox kədərli gecə olub o gecə; qardaşlar Abını, Qılıncı, Təftişi çağırtdırıb, qərarı deyiblər ki, kimlərin hansı rayonlara, hansı kəndlərə gedəcəyini müəyyənləşdirsinlər. Əmma burada Mədəd birdən gülüb. Özü də elə gülüb ki, Sultan lap çaşıb gözünü döyüb, qışqırıb ki, “Başa düşmürəm gülməli nə var burda, dadaş?!”
Rəhmətlik deyib: “Gülməli yox, ciddi sözlər var, dadaş. Ün eşidən qardaşlarımız “Vərəsə”yə varisi Ün əsasında təyin eləyiblərsə, belə çıxmırmı ki, təyin olunan Varis bu kitabxananı oxumalı və başqalarına da oxutmalıdır?!”
Bununla da mübahisəyə, şəkk-şübhələrə son qoyub o rəhmətlik. Elə ordaca əyilib, indi bu nadan Səməd xarabalıqda Abının qabağında necə oturubsa, Mədəd də eləcə oturub, başlayıb vəsiyyət eləməyə: “Dünya belə getmiyəcək, Abı. Məndə inam var, sən görəcəksən hər şeyi. Elə ki gördün Stalin yoxdu, Elmin zamanıdı, varisə deyərsən: “Mədədin öz dilindən eşitmişəm, Varis bilməlidir ki, “Vərəsə”mizi qoruyan var”.
Sözünün bu yerində Abı birdən-birə yenə büzüşüb, xarabalıqda cild, kağız qırıntılarını göstərdi:
– Niyə belə oldu?! Baş açammıram. Əmma Mədədin Xırrançayda dediyini əsassız saymıram. Maşının dalına doldurduğumuzu Sultan yəqin ki, hardasa gizlədəcək. Nə hasil olacaq o əzik-üzük qalıqdan? Məlum deyil. Ulu Bağ ƏsƏlMənin “Xəzinə”si beyinlərdədi indi. Araz, Kür üstə dağlarda Muğanlı, Muğan, Sadıqlı, Poylə, Kəsəmən, Ağtəpə, Qaratəpə, Şıxlı, Sarallı, Sarvəlli, Kəpənəkçi, Saraclı, Təkəl və sair, və sair kəndlər, obalar var. Hansına getsən sazı-filanı da atıb, əkin-tikinnən dolanan ustad “Aşıq” – ƏsAğ tapacaqsan, “Muğan” – BağÜn kəlamı eşidəcəksən. Varis obaların adlarının əslini öyrənməlidi, etibar eləsinlər. Bircə-ikicə yerdə inansalar, açıb deyəcəklər ki, “Kəsəmən” kəndləri “KiƏsMən” – OdƏsMəndi. Yaradan Od-Həqiqəti. “Sadıqlı” kəndləri ƏsOdAğdı. SafAğ İnsanın Yaradan Həqiqəti. “ƏlHəm” kəlməsiynən tapacaqsan adamları. Əmma heç vaxt, heç vaxt unutma ki, yerin də qulağı var bu SSRİ adlanan cəhənnəmdə. Bu gündən, bəlkə elə bu dəqiqə də KeQeBenin nəzarəti altındasan... Mən özüm də... çox açıq fəaliyyətdə oldum burda. Belə vaxtlarda yaman quduzlaşırlar Xudiyevin yetirmələri, cəmaatın gözünün qabağındaca əzab-işgəncə verirlər mənə, döyürlər bu yaşda qocanı, qorxanlardan məlumat yığırlar. Hansı kənddə “Abdulla” adında molla görsən, bil ki, KQB-nin sağ əlidi hamısı, yəni ciblərində zəhər gəzdirirlər, xeyirdə, şərdə zəhərləyirlər Muğları. Çox, çox ehtiyatlı ol! Əmma lazım gələndə qurban verməyi bacarmaq lazımdı. “Güdaza vermək” deyil bu, Elm naminə qurban verməkdi! Düşün bu barədə! Çoxlu düşün! Və unutma ki, bircə umud çırağın var indi sənin, o da Sultandı, oğul. O çıraq sönsə, tək sən yox, bütün nəslimiz-kökümüz zülmətə batar, bütün xalq uzun müddət zülmətdə qalar, cavanlarımız bax bu “Dəli Səməd” kimi cahil, kor böyüyərlər!
Xarabalığın ağırlığı “çıraq sönsə” sözlərilə, sonra isə əmisinin gözlərinin içinə cəllad kimi dediyi “Güdaza vermisən” sözlərilə birləşib necə dözülməz ağırlıq saldısa, Səməd nə o günü qəddini düzəldə bildi, nə də ertəsi günü. Şüşəlinin “dal otağı”nda Abının, Çürüyün sazınasözünə yığışan köhnə məktəb yoldaşları ilə yeyib-içəndə də, səhərisi sahələrə çıxanda da Dam direktor Ələsgər müəllimin, otuzuncu, qırxıncı illərin tələbələri “Pünhan”lardan biri-birinə qarışan tövsiyələr eşidirdi: “Xəlvəti şərait yaradılacaq, çekistlik öyrənəcəksən, Bağdada, Hələbdə, Şamda Elmimizə aid çoxlu məlumat oxuyacaqsan. İstanbulda, İzmirdə, Bursada, Ankaranın özündə adlarını dəyişmiş batin “Muğ”lar görəcəksən”, – “Unutma, Sovet – SSRİ-də gizlin yayılıb hər yerə. “Abdulla”lar, “Əbdül”lər – zəhərli ilanlar addımını da izliyəcəklər”... Əmma, söz-söhbət nə qədər çox olsa da Abının iki kəlməsi Səmədin beynindən çıxmırdı: “Çıraq sönsə...” Və özünün iki kəlməsi “Güdaza vermisən!.. Güdaza vermisən!..”
Haralarda gəzirdi Səməd, nə iş görürdü? Yaddaşında az-çox iz salan tövsiyələrin, məlumatların və o qoşa kəlmələrin ağırlığını unutmuşdu, az-çox unutduran şeylər vardısa, o da çöllərdə rast gəldiyi müsibətlərdi: hələ yaşılyarpaq ikən dümağ ağarışan pambıq sahələrinin ara-bərələrində, tək-tük, yastıraq palıd ağaclarının budaqlarından sallanan yüyrük-nənnilərdə ağızlarına, gözlərinə milçək daraşmış, çığırışan çağalar görürdü, bloknotunu çıxarıb tir-tir əsən barmaqlarla “Yasli! Yasli! Uşaq baxçaları! Yaslilər!” – yazırdı. Pıtraqlı, yağtikanlı düzlərdə ayaqyalın, qarnıaçıq skelet uşaqlar, uzun-uzun, qara-qara dırnaqlarla qanqal qabığı soyan skelet əllər görüb, eyni qayda ilə tir-tir əsən barmaqlarla “Aclıq! Aclıq! Səfillik! Səfillik! Sahibsizlik! Sahibsizlik!” – yazırdı. Qızmar günəş altında, bankalarda qıcqırmış qatığa bulanıq arx suyu qatıb quru cad çörəyini o sulu qatıqla isladan üzgün, qarayanıq qızlar, gəlinlər, üzgün, qaş-qabaqlı məktəb uşaqları görüb, həmincə tir-tir əsən barmaqlarla “Bezobraziye! Bezobraziye” – yazırdı. Gördüyü, yazdığı dəhşətləri harda, kimlərə deyəcək, fəlakətin qarşısını ala biləsi bir şey eləyə biləcəkdimi? Yeganə şikayət yeri “raykom” adlanan o qırmızı tuf daş bina idi, ora da indi bomboşdu, çünki Sultan Əmirli orda deyildi, fikrində Bircə balasının “Güdaza vermisən” – sözləri, bir də, şübhəsiz, Əmirli mülkünün, “Vərəsə”nin xarabalığı, elə bil başını götürüb qaçmışdı. Səməd haraya, kimin üstünə getməli idi? Bilmirdi... Hardasa başını qaldırıb, boz “Pobeda”nı, Müslümü gördü. Şoferin hüznlə:
– Sultan Mamedoviçin vəziyyəti yaxşı deyil. Səni çağırır, – dediyini eşidəndə bir əlini boğazına, o biri əlini maşının qapısına atdı.
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-13
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı: taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku¹”ndan hər cür nemət dadıb özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində – qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa, “Çax-çux özünə gün ağlasın, biz də özümüzə” – deyib gülüşsünlər.
Süleyman padşahın xəzinəsi 2Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”¹⁹ yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların,²⁰ xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin²¹ üç para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı.²² Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqitəbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.¹⁹ Əsgərlər üçün qalın üst geyimləri.
Süleyman padşahın xəzinəsi 3Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.
Süleyman padşahın xəzinəsi 4Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Başqa şairlərin şeirləri
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
دیر آمدی که دست ز دامن ندارمتجان مژده دادهام که چو جان در بر آرمت