Səhifə 1 / 3

Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”¹⁹ yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların,²⁰ xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin²¹ üç para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı.²² Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqitəbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.

¹⁹ Əsgərlər üçün qalın üst geyimləri.

²⁰ Kolxozda hər briqada bir neçə manqaya bölünürdü.

²¹ “Sovetlik” – kəndləri idarə edən dövlət orqanı.

²² SSRİ-də fərdi alver qadağan idi.

İş o yerə çatmışdı ki, əmisinin şoferi – “quşburun” Müslüm “Bircə bala”ya ilk bahar nemətləri – “təzə, duzsuz pendir”, “nəhrə yağı” aparıb yataqxanada Səmədin sifətini görəndə qorxuya düşdü: “Bıyy! Xəstəsən-nədi, ay Səmi?!” Səməd bu vaxta qədər necə qapalı gəzibdolanmışdısa, orda, işgəncələrdən bezmiş kimi, bir az açılışmalı oldu: “Qəbristanda Çax-çux o cür, əmimin ayağına yıxılandan bəri onun sifəti yuxuda da yadımdan çıxmır, ay Müslüm!” – dedi. Heç, yarım saat çəkmədi ki, Qonaqlının nə üçünsə Müslümlə Bakıya getmiş, “Sestra” çağırılan şəfqət bacısı, yəqin ki, Müslümdən hər şeyi öyrəndiyinə görə bircə kəlmə: “Patalogiyadı. O vaxt çox sarsılmısan. Keçib gedəcək” – dedi.

Əmma keçmədi “patalogiya”. Çünki bunun həqiqi adı “şübhə” idi.

Yalnız şübhə?

Başqa nə vardı?

Sultan əminin qabağında diz çöküb yalvarandan sonra Çax-çuxun özünün cəmaat arasında o vaxtkı söz-söhbətlərinə görə, diz çökməyi də, o cür hönkürüb yalvarmağı da ondandı ki, “KeQeBe Xudiyev”ə agentlik eləmişdi, Şeyx qardaşların bu taya qaçan fədai şagirdləriynən Əmirlilərin xəlvəti əlaqələri barədə KeQeBeyə yaxşı-yaman yazıb, kişiləri çəkçevirə salmışdı”, xüsusən o kişmiş əhvalatı ilə “sədr Mədədi hövsələdən çıxartmışdı”, Mədəd də “maşını sürəmməyib, düppədüz yerdəcə fələyin xərcinə getmişdi”. Belə çıxırdı ki, bu müsibətdə Çax-çux Xalıqın bircə günahı vardı, o da “KeQeBe Xudiyevə agentlik eləməyi” idi?

Bəs Səməddən niyə qaçırdı? Niyə belə ardıcıl yayınıb gizlənirdi?!

Bu barədə Çax-çux, əlbəttə, heç kəsə heç nə deməmişdi və deyə də bilməzdi. Çünki Səmədə görə Çax-Çux Xalıq daha böyük günah sahibi idi: cinayət işləmişdi, adam öldürmüşdü. Səməd bunu bütün varlığı ilə hiss edirdi, bütün qəlbi ilə duyurdu, hətta atası maşını nərilti, gurultu ilə sürüb kişmişi, daş-tərəzini dağıdandan sonra Çax-çuxun onu harda, necə, nə ilə vurduğunu da bütün təfərrüatına qədər görürdü.

O təfərrüat hələlik, əlbəttə, xəyaldan başqa bir şey deyildi. Yəni dəlil-sübut, şahid-filan yoxdu. Əmma Səməd yəqin bilirdi ki, içərisini alovlandırıb kürə kimi qaynadan xəyalı nə vaxtsa, hardasa çəkib onu Çax-çuxun üstünə aparacaq, cinayətkarla – qatillə onu qarşılaşdıracaq və o vaxt mütləq bir hadisə baş verəcək: çox ola bilər ki, illərlə gizlənəndən sonra qatil onunla üz-üzə gəlməyə dözməyib, nə isə bir əlamətlə öz daxilini göstərməyə məcbur olacaq və elə o əlamət də kifayət edəcək ki, Səməd hər şeyi onun gözünün içinə desin, yaxasından yapışıb, lazımi yerə təhvil versin, cəzasına çatdırsın.

Əmma Səməd onu da yəqin bilirdi ki, nə qədər kükrəsə də, əvvəlki Səməd deyildi. Vaxtilə Qudalılara qan udduran “Dəli Səməd” üzünü şeyx əmilərinin qəbirlərinin başdaşılarının şəkillərinə söykəyib yatıb, oyanmamışdı. İçərisində “cəhənnəm kürəsi” gəzdirən Səməd isə, əlbəttə, tamam başqa Səməddi və bu Səməd öz kürəsində yana-yana, istər-istəməz düşünürdü ki, Çax-çux Xalıqın bu qədər ardıcıl yayına-yayına sirr saxladığı tamamilə aydındısa, bəs Sultan əmi o sirrə niyə laqeyddi? Hələ hadisə yerində şübhələnib “bəlkə qəsb işidi” dediyi halda, sonra niyə fikrini dəyişmiş, NKVD Gülənovun sözlərini təkrar edən Cəfər əmi – Lüt Cəfərlə birgə o da təkrar edib “qəsd işi yoxdu” demişdi? Sultan əminin də belə deməyinin özündə də nə isə bir sirr yoxdu ki?!

Cavabsız suallar da bir cür “cəhənnəm kürəsi” idi, bu kürəyə düşəndə Səməd qovrula-qovrula qalıb heç yana çıxa bilmirdi.

Ola bilərdimi ki, Səməd ömrü boyu elə-beləcə qovrula-qovrula qalsın, Çax-çux Xalıq da elə o cür – gözdən yayına-yayına, “çax-çux eləyə-eləyə” qocalıb ömrünü başa vursun, sirrini də özü ilə aparıb getsin? Təkcə bu sualın cavabı aydın və qəti idi: YOX! Mütləq görüşməli idilər və o hadisə də baş verməli idi.

Əmma iş elə gətirdi ki, nə görüş Səmədin təsəvvüründəki kimi oldu, nə də hadisə. Əvvəlcə yenə Sestra gözlənilmədən yenə yataqxanada görünüb, “Mədəd əmi rəhmətə gedəndə Sultan Mamedoviç özü də çox sarsılmışdı. Əmma keçdi-getdi. Səninki də keçəcək. Çətini Xalıqnan görüşüb kəlmələşənə qədərdi”, – dedi. Sonra “Sestra” ilə sözləşmiş kimi, o uzun, qara adam özü göründü...


...Səməd üçün son dərəcə gözlənilməz görkəmdə – başında yaşıl vilyur şlyapa, damağında gümüşə tutulmuş trubka, səhər ertə Bakının sərnişin vağzalının qələbəliyində birdəncə zühur etdi, həm də yayınmaq, gizlənmək əvəzinə trubkasını cəmaatın başı üzərində tüstülədə-tüstülədə özü Səmədə yaxınlaşdı və səlamsız-kəlamsız, müqəddiməsiz-filansız, birbaşa soruşdu:

– Xəbərin varmı, əmin evlənib?

Çax-çuxun üzü qara məxmər kimi işıldayırdı. Gözləri bir cüt Çin fənəri idi – iri, dəyirmi, par-par yanırdı.

– Eşitmədinmi, qadası?.. Deyirəm əmin evlənib.

Səməd özünü itirmişdi.

– Sultan əmi?.. Necə yəni evlənib?!

– Hm, bildim elə təəccüblənəcəksən... Məktəb uşaqları elə bilirlər, müəllim nə çörək yeyir, nə su içir, nə də ayaqyoluna-zada gedir... Əlli yaş nədi ki kişi olandan ötrü! Evlənib də!

– Qıymat?

– Yox, Qıymat deyil... Qıymat heç yadına da düşməyib... Qız başqasının istəklisiymiş. İşin bu tərəfi qəlizdi bir az. O oğlannan düşmənçilik olmasa yaxşıdı... Hə... Çoxdan görüşmürdük biz sənnən, qadası. Vaqonda gələcəm yanına. Hökmən!.. Cavan oğlansan, nə bilirsən nələr olur bu dünyada!.. Gələcəm. Hə... Tez-tez görüşəcəyik bundan sonra. Hə...

Fənərlər qapandı, trubka tüstülənə-tüstülənə uzaqlaşdı, bir də on saatdan sonra, sarsıntılı, çaşqın Səməd çamadanını bağlayıb düşməyə hazırlaşanda, gəlib kupedə tüstüləndi.

– Sən çatırsan... Kəndə getmirəm mən... Sədr Mədəddən sonra yaman dəyişib cəmaat. Müharibənin qatı vaxtı o rəhmətlik azı on manat paylatdırardı əməkgününə.²³ Bizim Qudalıların ağsaqqalı Rəhimin iki

²³ Yalnız tək-tək kolxozları “milyoner kolxoz” adlandırıb, hər yerdə təbliğ edib, “Sovet kəndlisinin firavan yaşadığına” nümunə göstərirdilər. arvaddan on qızı işləyirdi. Ayda hərəsi üç yüz manat qoyurdu Rəhimin qabağına. O aclığın-gicliyin içində əməlli-başlı dolanırdı cəmaat, mən kimi çax-çuxnan baş girəliyənləri də dolandırırdı, hə... Elə deyil indi. Qatıqsatan, alçasatan olub hamısı. Manatı manatın üstünə qoyurlar. Bir qəpikləri çıxanda canları çıxır. Əmbə kənddən ayağımı kəsməmişəm hələ. Hə... Gəldim deyim ki, mayda olub o iş, dörd ay bundan qabaq. Deyirlər elə birdən-birə evlənmək fikrinə düşüb. Müslümü çağırıb, şoferini, deyib Sultan Əmirli deyiləm mən daha, arşınmalçıyam, gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə... Müslüm elə bilib zarafat eləyir. Sonra görüb yox, iş ayrı cürdü. O gördüyün zəhmli-zabitəli Sultan Əmirli qəşəng geyinib-gecinib, oturub maşında, “Sür, – deyib, – gözüm harda kimi tutdu, maşına basıb gətirəcəyik zaksa!”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Süleyman padşahın xəzinəsi 1

Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı: taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku¹”ndan hər cür nemət dadıb özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində – qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa, “Çax-çux özünə gün ağlasın, biz də özümüzə” – deyib gülüşsünlər.

31 dəq
Süleyman padşahın xəzinəsi 3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

30 dəq
Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 dəq
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 dəq

Başqa şairlərin şeirləri