Xəzinə üstündə yatan ilan 6
Səhifə 1 / 2
İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.
Belə oldu.
– Yenə davadan çıxıb Koroğlu Dəlisi gözəl Səmədim! O Şənbə deyilən üç gündə elə yaranımı sığalladı, köynəyinin qanını yumağa vaxt tapmadımı!.. Qanına-canına qurban olum sənin, ay canım-ciyərim! Nalı sənə boşboşuna vermədim mən, a canım-ciyərim. Aparıb düz gözünün qabağına qoymaq əvəzinə hələ də pencəyin cibində gəzdirirsən. Niyə?! Gülgəzə öz diliynən deyib, etiraf eləyib ki, qardaşımı öz əlimnən verdim Əzrayıla. Sənin dilsiz-ağızsız saydığın Gülgəz lombaynan tüpürüb üzünə qatilin, qaçıb evdən, həmişəlik gedib atasının evinə. Oturub sənin yolunu gözləyir. Niyə, bu qədər gözlədirsən bədbəxt Leylini, ay Məcnunum?! Sənsiz axı, bir gün də yaşamaz daha yazıq bacım! Məktub yazıb qatil əminə. Açıq-açığına yazıb ki, qardaş qatilinin yasdığına baş qoymaram! Səndən uşaq doğmaram! Belədi həqiqət, qurbanın olum: Həq-taala səni ona yazıb, onu da sənə! Qatilin ömrü qurtarıb, a canım-ciyərim. Bütün respublikada biabır olub, qurtarıb. Gəl gedək, qədəminə qurban olum! Leyliyin göz yaşı selə dönüb. Ölər, ay Səməd! Ölər! Ölər! Gəl!..
Səmədin biləyindən yapışıb, ardınca dartmağa başladı. “Məcnun” gedirdi?! Niyə? Gedib Gülgəzə nə isə deyəcəydi?..
Səməd üzünə kimlərinsə heyrətlə dolu baxışlarını hiss edib, istər-istəməz sağa-sola baxdı; buralar da hündür, qalın sirkanlıqlar olduğuna görə, sirkanlıqların aralarında o baxanların özlərini yox, arıq, qarayanıq üzlərdə gözləri görürdü və elə bil kimlərisə tanıyırdı: Qonaqlının məktəbdən çıxıb “pambığa qurşanmış” qızlarını, dul gəlinlərini... və başa düşürdü ki, bu qız-gəlinin hamısı Gülbənizin qışqıra-qışqıra danışdıqlarını eşidib, ətrafdakı sahələrdən bu yana axışmışdı. Səmədin sifəti, canı alışdı: “Abırdan düşdüm!.. Ölüm bundan yaxşıdı!.. Ölüm!.. Bəlkə doğrudan başqa çıxış yolum yoxdu daha?!.”
Vulqar zənən isə öz işində idi:
– Bədbəxt bacım boş-boşunamı yazıb o məktubu! Sən o məktubu oxu!
Zənən onun şalvarının cibini göstərirdi.
– Oxu, oxu! Cibinə qoydum, görmədinmi?! Nə Qılınc Qurbanın sözünə bax, nə əclaf dədəmin, nə də mənim. Sən məktubu oxu!
Söhbət Gülgəzin məktubundan gedirdi?! Ölüm?!. Nə qədər ki, Təftiş biləyindən yapışmamışdı, Səməd kardon kimi cod konverti şalvarının sol cibində, budunun üstündə hiss edirdi, konvert oda dönüb budunu yandırırdı. Tabut, üç yanaşı ölüsü ilə birlikdə havadan asılanda, konvert zehnin dərinliyində anlaşılmaz nisgil sayağı bir şeyə çevrilmişdi. Qurban əmi sirkanlıqdan çıxandan sonra isə tamam unudulmuşdu. Qəribə məhrəm səs odu yenidən közərtdi.
– Özün də belə köntöy baxma mənə, canım-ciyərim! Bayaq nə danışdımsa, hamısını o tüfəngin qabağında gedən əclafnan Gülənovun qorxusundan danışdım. Qatil nədi?! Başkəsən nədi?! Mən bilmirəm nə ad verim bunlara. Əminnən sən küçədə qol-qola, evə gedəndə bunlar bizim evdən çıxıb, yaraqlı-yasaqlı gedib, “əmi” dediyiyin bağında gizlənmişdilər. Məhkəmə xəbəri dəli eləyib hamısını. Əvvəl gəlib bizə dolmuşdular. Məsimi sıxma-boğmaya salmışdılar ki, “əmi” dediyiyin kabinetində Xeyrə arvad qrafinin suyunu təzəliyəndən sonra Məsim qrafinə zəhər töksün. Yazıq Məsimin ürəyi xarab oldu. Mənim üstümə düşdülər ki, raykoma Məsimin yanına getmək bəhanəsiynən gedim, təlimatçılar otağında oturum, Xeyrə arvadın kabinetdən çıxmağını gözləyim. Zəhər ampuladaydı. Gülənov barmağının ucunda tutub gözümə soxurdu ki, “Dədənnən əriyin də, sənin də taleyiniz bu ampulanın içindədi! Sultan Əmirli sağ qalsa, dədəni gülləliyəcəklər, ərini işdən qovacaqlar”... Qeybalını küçədə gözətçi qoymuşdular, mehmanxananın qabağında. Qeybalı gəldi ki, bəs, Sultan Əmirli apardı qardaşoğlunu. Ordaca fikirlərini dəyişdilər, təzədən düşdülər üstümə ki, bu gecə əmiynən qardaşoğlu bir-birini vuracaqlar, aralıqda Gülgəzə də güllə dəyəcək, sən də şahid olacaqsan ki, bacılığını görməyə gedəndə görübsən hər şeyi, arvad üstə qırğın düşüb. Dallarıyca getməsəydim, bağda bu qanına bulanmış dədəmi tapıb, “Səmədə xəbər verəcəm” deməsəydim, dilim qurusun, indi nə sən sağıydın, nə Gülgəz, nə də o “əmi” dediyin. Mədəd əminin mauzeri Gülənovdadı. O mauzernən üçünüzü də öldürəcəydilər. Məni bağda görəndə quzğun kimi töküldülər üstümə... Mən düz baxıram sənin üzünə, sən də düz bax, canım-ciyərim! Cəllad dədəmin xeyrinə dediyim sözləri çıxart yadından. Bağda boğurdu məni o cəllad. Doğma balasına “qəhbə” deyirdi. Dilimə belə murdar söz gətirdiyimə görə üzr istəmirəm səndən. Özün bilirsən, bir parça vaxtımdan ürəyim ovcuyun içində olub. Bu murdar kəlməni də ancaq ona görə gətirirəm dilimə ki, bu günün gündüzü kimi aydın olsun aramızda hər şey, biləsən ki, təhqiramiz kəlmə nədi, ölüm də xoşdu sənin yolunda mənə! İnan, canım-ciyərim! İnan ki, boğurdu, açıq-aşkar öldürürdü məni o cəllad. Gülənov qoymadı. Ağzıma dəsmal tıxadı, maşına basdı gətirdi, o daxmada o nalı qoydu qabağıma, dedi: “Burdakı adamların hamısı bilir ki, Məsimə getsən də, ürəyin Səməddədi!” Dedim: “Allah mənə qardaş verməyib, həsrətimi Səməddə tapmışam”. Dedi: “Nə tapıbsan, nə tapmayıbsan, dəxli yoxdu. Fakt budu ki, sənin ucbatından fürsət çıxdı əlimizdən, düşmənimizi öldürəmmədik. Umudumuz bu nala qalıb. Əgər bu nalı təcili çatdırıb Səmədi əmisinin üstünə göndərməsən, Məsim günü sabah ərizə verəcək, pozğun adıynan boşuyacaq səni, Şənbədən betər şöhrət qazanacaqsan. Əmr eliyəcəyik, dədən də o andan qovacaq evdən. Uşağın-zadın da olmur. Şənbə kimi sərgərdan olacaqsan, İdbar Yusif kimi pyanskaların iyili yorğanlarının altında qalacaqsan!.. Eşidirsənmi, canım-ciyərim? Xoruz ağzını açanacan əl çəkmədilər canımdan. Bədbəxtlikdən, sən də gəlib oturmuşdun quyunun dikdirində. Addımını izləmək nədi, harda nə təhər nəfəs alırsan, onu da bilirlər cəlladlar. O “əmi” dediyiyin evindən necə çıxıbsan, niyə çıxıbsan, meşədə yıxıla-yıxıla, kol-kosa girə-girə necə gəlibsən, hamısını bittə-bittə danışdılar, “Əvvəl də dəliydi, indi dəlidən də dəlidi”, – dedilər. “Dəlidən ötrü özünü də, bizi də bada vermə”, – dedilər. Saçımdan yapışdılar, eşiyə sürüdülər, səni göstərdilər, ortayolu, ara-bərəni göstərdilər ki, “Bax, o oturandan başqa ənər-cinər yoxdu. Razılaşmasan, o oturanın əl-qolunu bağlayıb tullayacayıq atasının mülkünə, od vuracayıq, səhərəcən külü də qalmıyacaq!..” Ev alışanda ölmüşdüm. Elə bilirdim doğrudan da oda atıblar səni. Quyunun üstə boyunu görəndən sonra dirildim, boy-buxununa qurban olum! Dirildim, gördüm birinin əlində çatı var, o birində yaba. Çatılı milisəneriydi, kəmənd qayırıb biləyinə keçirmişdi. Yabalı Qeybalıydı. Bir əliynən Əlləzoğlunun boynunun kökündən yapışmışdı, o biriynən Əlləzoğlunun yabasını döşümə dirəmişdi. Gülənov da saçımı dəstələmişdi ovucunda, dartırdı, başımı silkələyirdi ki, “Razılaşmasan, bu dəqiqə o dəliynən ikinizi də qarın-qarına bağlıyacayıq, o yanan evə tullayacayıq, cəsədiniz yanaşı tapılacaq”... Eliyəcəydilər, ay Səməd! O atası rəhmətlik Qılınc Qurban güllə atıb camaatı oyatmasaydı, bədbəxt Gülgəzin boğazına konyak töküb adını Sultan Əmirlinin adına bağlıyanlar, mənim meyidimi, dilim qurusun, sənin meyidinə bağlıyacaydılar!.. “Əmi” dediyin haraya gəlib ürəyindən yapışanda dərman əvəzinə zəhər verəcəydilər Müslümün termosunda, adını da qoyacaydılar ki, qardaşı oğlunun fəlakətinə dözməyib, ürəyi partlayıb... Qılınc Qurban atası rəhmətlik hay qaldıranda Əlləzoğlunu Xəlvətin zirzəmisinə salıb, qapısına it bağladılar, şalvarlarını çıxarıb, yanğının işığına geyinə-geyinə çıxdılar ki, guya yorğan-döşəkdən qalxıblar. Məsim “mafiya” deyir bunlara. “Hökumətin özünün əmriynən işləyirlər”, deyir. “İtaliya mafiyalarına şükür oxutduracaqlar”, – deyir. Elə Məsim işə-başa saldı məni, bunların başı yanğına qarışanda ikimiz qaldıq o daxmada, Məsim dedi: “Çox sirlərini bilirik, məhkəməyə qədər ikimizi də öldürəcəklər. Sən razılaş nalı Səmədə verməyə. Sonra Səmədi ayıq sal ki, bağda, burda eliyəmmədiklərini nalnan eləmək istəyirlər”. Həqiqət belədi, canım-ciyərim. Qılınc Qurban yaxşı tanıtdırdı sənə bu cəlladları. Əmbə onun da xəbəri yoxdu ki, mən “razıyam” deyib o nalı “Sultan Əmirlinin cinayətinin “əşyayi-dəlili” adıynan sənə verənəcən neçə dəfə ölüb-dirilmişəm. Özün bilirsən, hər şeydən ötrü ağlayıb-sıtqıyan uzunsaçlılardan deyiləm mən. Nə o bağda bir damcı saldım, nə də o daxmanın içində, eşiyində ölüb-diriləndə. Əmbə sonra öz-özünə ələndi gözümün yaşı. Ürəyim sökülürdü, haray təpmək istəyirdim ki, ayıq ol, ay gözümün işığı, bu nalnan əmiyin üstünə göndərib əmi qatili eləmək qəsdindədilər. Demədim. Harayımı basdım saxladım. Çünki təzə məktub yazdırmışdım. Bilirdim ki, lap nalı götürüb getsən də, bunu oxuyandan sonra, Qaraçı gözəliyin taleyindən savayı, heç bir ayrı fikrin-zikrin olmuyacaq. Bucuğazı oxu! Məktub deyil, əstəğfürillah, Qurandı, Tövratdı, İncildi, ay Səməd! Qılınc Qurban iniltiynən yazılan məktublardan danışdı burda, Gülgəzin məktubu o müqəddəs şeyxlərin məktubundan da müqəddəsdi! Oxu, gör ki, əzabı başı kəsilən əmiləriyin əzablarından da ötədi, “əmi” dediyiyin evi Qəsri-Qacar zindanından da betərdi ondan ötrü! Gülgəz o zindanda qalsa, nə yer, nə göy götürər bunu, qurbanın olum! Mən demirəm ki, bu saat get qolundan tut apar. Qanmaz deyiləm, “əmi” dediyiyin vəziyyətini də başa düşürəm, sənin içərində necə burulğanlar burulduğunu da başa düşürəm. Desən ki, bu saat gedirəm çıxardım onu o evdən, mən özüm ayağına yıxılaram, baldırına sarılaram, addımını atmağa qoymaram. Bu vəziyyətdə Gülgəzə yaxın da getmə. Sən ancaq umud ver ona, canım-ciyərim. Umud ver ki, ölməsin!..
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-6
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.
Xəzinə üstündə yatan ilan 3...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar.Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: – Mənəm! – dedi.
Xəzinə üstündə yatan ilan 4Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Başqa şairlərin şeirləri
Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Təcnis: Ey əbrusi kaman müjgani xədəngEy əbrusi kaman, müjgani xədəngDurubsan qəsdimə yarağıla sən
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin