Səhifə 22 / 23 · 91%

O vaxta qədər, yəni SağSan – SağƏsÜn rütbəsi hakim olana qədər əbədi Sarlar sözün əsil mənasında cəhənnəm əzabı çəkiblər. İndi deyəcəm, hətta Ulu Bağın, OdAğÜzün icazəsi olmadan, çox dəhşətli hiddətnən, əbədiyyətini qurban vermək bahasına döyüşə girişən bir əbədimiz olub. Qaya yazılarında da, “Vərəsə”də də BağOddu o Sarın Odu – adı. Çox yüksək rütbə sayılır – “Pat” – BağOd (Bağ həqiqəti). Midi Qiena “Midi” deyirdi BağOda, belə də yazırdı.

Nəcəfoğlu, Məhərrəm, mən, bir də sənin bəyənmədiyin Məleykə Muradova bütün imkanlarımızdan istifadə eləyib Nizaminin tədqiqatçısı Bertelsnən Midi Qienanı qonaq apardıq Mərdəkana, Moskvadan ən populyar bir müğənni qadını xüsusi gətirtdik, iki gün keyf verdik falsifikatorlara, iki gün bu cür, sənnən danışdığım kimi, hərtərəfli söhbət elədik, çalışdıq ki, əbədi Sarlardan heç olmasa, tək birinin adını – BağOdu rusca “Boq Od” şəklində saxlasınlar, BağOdun quldarlarla məşhur döyüş epizodunu bir az təfsilatnan çap elətdirsinlər.

O döyüş epizodu, qısası, belədi ki, Sar BağOd GurOdlarda kütləvi edam fəlakətinə dözməyib, ordusunu Şum ərazisindən Bağdaya qaytarıb, fatehlərin dağınıq qüvvələrini hər yerdən qovub, üç tərəfi dağ olan daracağa salır, ƏsOd EvƏrEylərə – “Əski” EvƏrEylərə, ƏrSarlara – “Rıtsar”lara əmr edir ki, fatehləri son nəfərinə qədər qırsınlar, “Qreklər” bir daha öz ərazilərindən kənara çıxa bilməsinlər. Belə kinli olanda Bağlar Ün eşitmirlər, hətta özləriynən birlikdə “Əski” EvƏrEyləri, ƏrSarları⁷⁸ da torpağa çevrilən ölümlü insanlara döndərdiklərini dərk eləmək istəmirlər. Belə hallarda nəinki OdAğÜznən QalAğımız, hətta bütün Kainat yasa batır. Yəni OdƏr bəşəriyyəti yeganə doğuluş planeti olan “Yer”də ərsəyə çatan övladlardan əbədi ayrılığa dözəmmir... Bu dərdin necə dərd olduğunu dərk eləmək üçün bilməlisən ki, OdAğÜzdə və bütün Kainatda yaşayan OdƏrlərin bizə – “Yer” bəşəriyyətinə baxmasına izn veriləndə də aramızdakı məsafə və maniələr götürülür, yenə deyirəm, mən səni burda – qarşımda necə görürəmsə, Kainatdakı əzizlərimiz də bizi elə görürlər. İkinci dəfə doğulan ata, ana, baba, nənə burdakı əzizlərini lap doğulduqları gündən bayaq dedim, körpələrini əzizləyə-əzizləyə böyüdürlər, o planetin sakini ikən bu planetin sakini kimi, bütün xeyir-şər işlərimizin şahidləri olurlar. Bax buna görə Sar BağOdun özü ilə birlikdə bütün ordunu əbədiyyətdən məhrum eləmək niyyətinə dözməyiblər. EyOdƏr Babamızın hökmüynən OdÜnEyƏsi – “Günəş”i söndürüblər. “Günəşin tutulması” dediyimiz başqa şeydi, “Günəş”i tamam söndürmək isə Kainatın məhvinə bərabər hadisədi. Odu ki, Ün eşitməsə də, zülmətə düşəndə Sar BağOd başa düşüb hər şeyi, fatehləri mühasirədən buraxıb.

⁷⁸ “Rıtsar” adı Avropaya Bağdaydan keçib.

Xahiş elədik ki, Bertelsnən Midi imkanlarını birləşdirib həmin bu epizodu çap eləsinlər.

Mədəni Bertels dedi: “U Dyakonova yest takaya vozmojnost!” Dyakonov da dedi: “Da, u Dyakonova yest takaya vozmojnost, no uçtite, çto rukopisey moyey kniqi uje predstavlena tovarişu Stalinu. U Qeradota “Madi” vmesto BağOda, u menya – “Midi”. BağOd ili BoqOd mojet imet mesto liş v buduşşem”.⁷⁹

BağOd – “Madi” əvəzinə “Midi” yazmağının səbəbi vardı. Guya Heradotun “Madi”si “Bağday” sözünə oxşayır!.. “Midi Qiena” adını o qonaqlıqdan sonra verdik “dyakon” nəvəsi Dyakonova. Niyə “Qiena” – Goreşən? Çünki ən ləyaqətsiz küçə xuliqanı kimi sərxoşluğa qoydu özünü, dedi: “Mirovaya nauka okonçatelno umertvila Midiyu. A mne poruçeno smetat ostanki Boqov. Tak çto, nikomu iz vas ne udastsa vozradit Bağday”.⁸⁰

“Smetat” – süpürmək atmaq nədi?! Əbədilərimizi büs-bütün yedi “Qiyena:” hamısının təhrif adlarını çap elətdirdi. Yazıram, oxu:

“Baksar”, “Deyok”, “Fraort”, “Madi”, “Kiaksar”, “Arbak”, “Maudauk”, “Sosarm”, “Artik”, “Arbiani”, “Astiaq”.

⁷⁹ “Dyakonovun belə imkanı var”. “Bəli, Dyakonovun belə imkanı var, əmma, nəzərə alın ki, mənim kitabım artıq təqdim olunub yoldaş Stalinə. Heradotda (kitabında) BağOd əvəzinə “Madi”dir, məndə “Midi”. BağOd ya BoqOd yalnız gələcəkdə yazıla bilər”.

⁸⁰ “Dünya elmi Midiyanı tamam məhv eləyib, Mənə isə tapşırılıb ki, Bağların skeletlərini süpürüm atım. Nəticə: sizdən heç biriniz Bağdayı bərpa edə bilməzsiniz”. OdƏrə “Atri”, Oda “at”, OdÜnə “kon”⁸¹ (“at”) deyən dilsiz “Qrek”in tələffüzündə yazılıb bu adların hamısı. Adların əslini bilən senatorlar da gülə-gülə təhrif “ad”ları saxlayıblar. Niyə? Yadına sal: “hökmdarların adları necədirsə, xalq da o dildə danışıb”.

Bir də qayıdıram buna, yazıram, bax, dünyamızı təhrif edən “Qrek”in şüurlu-şüursuz təhriflərinin dəhşətli miqyasını gör.

İzahlarıynan, təhrifləriynən bir yerdə yazıram Od – ad – rütbələri:⁸²

  1. BağSar – Sarlar Bağı (Təhrifi “Musa”, “Moisey”).

  2. OdEyAğ – Uca SafAğ həqiqəti (Təhrifi “Deyok”).

  3. EvƏrEyOd – Uca İşıq Evinin Həqiqəti (Təhrifi “Fraort”).

  4. BağOd – Həqiqət Bağı. (Təhrifi “Madi”).

İndi Carların adlarının başqa məlumat üzrə sayca çox mənalarını yazıram, oxu:

  1. OdAğSar – SafAğ Həqiqətinin Sarı (Təhrifi “Kiaksar”).

  2. ƏrBağ – Bağ İşığı (Təhrifi “Arbak”).

  3. BağOdAğ – SafAğ Həqiqətinin Bağı (Təhrifi “Maudauk”).

  4. ƏsƏrBağ – Yaradan İşıq Bağı (Təhrifi “Sosarm”).

  5. ƏrOdAğ – SafAğ Həqiqətinin İşığı (Təhrifi “Artik”).

  6. ƏrEv Ün – Ün Evinin İşığı (Təhrifi “Arbiani”).

  7. ƏsOdAğ – Saf Ağ İnsanın Yaradan Həqiqəti (Təhrifi “Astiaq”).

Şuma gedəndə ƏsOdAğ – ƏrŞumAğ adlanıb. Bunu xüsusi deyirəm, çünki bu rütbəni də başqa bir Sarın adı sayırlar.

Varisimiz heç vaxt unutmamalıdı ki, “tarixin atası” adlandırılan “Qrek” əsgəri casus Heradotun “Tarix” kitabından üzü bəri, İlan “alim”ləri Bağday ərazisi haqqında nə yazıblarsa, hamısında əsas bir məqsəd güdülüb: sözü təhrif eləmək, həqiqəti gizlətmək, əfsanələşdirmək, Kainat, OdƏr bəşəriyyəti, əbədi insan barədə lap cüzi təsəvvür verən bircə kəlmə də saxlanmayıb. Gizlin və ya açıq fatehliyə, gizlin və ya açıq quldarlığa yol açmaq! Budu yeganə məqsəd. Birinci “sivilizasion”u sərf-nəzər eləsək, əlli bir min doqquz yüz əlli dörd il müddətində bu bəşəriyyətin təhrif irsiyyəti bərpa olunduqca, təhrif insan öz vəhşiliyini, murdarlığını, ölümə məhkumluğunu dərk elədikcə, hər şeyi özüynən bir yerdə qəbrə sürükləyib. Əmma bu təhrif, murdar, ölümə məhkum bədbəxtin ən murdarında – iyrəncində də lap cüzi saf zərrə olsa, Bağ, OdƏr adı daşıyanlarımız o zərrələri qorumalıdılar, oğul!

⁸¹ “Kon” Rus sözü deyil: Qreklər OdÜnü “kiün”, “kiünü” isə “kon” şəklinə salıblar; “at” sözü Qrekin Od mənasında olan “at”ından alınıb; OdƏrcəsi “Gur”dur, “dəri”cəsi “qur”.

⁸² Sarların müxtəlif dövrlərdə müxtəlif rütbələri (iş sahələri üzrə) hədsiz çox olduğuna görə burada yalnız ilk – əbədi rütbələri qeyd edilir. Yalnız Ulu Bağın rütbələri bütöv göstərilir: Ulu Bağ ƏsƏlMən SarOdƏs (Yaradan həqiqət Sarı), BağSar (Sarlar Bağı), SağSan və ya SağƏsÜn (ƏsAğ ƏsÜn Yaradan SafAğın Yaradan Ünü), BağSar AğEY (“Əxi” Sarlarının Bağı), “Comərd” (AğEY qaçaqlarının komandanı), “Süleyman” (ƏsƏlMənin təhrifi – batin rütbə), “Musa ağa” (batin ad).

Təhrif insan təsəvvürünə görə, Bağlar can ağrısının nə olduğunu bilmirlər. Bağlar isə, əksinə, Ün dinləməknən təhsil almaq illərində çırkablardan keçə-keçə, çox dəhşətli can ağrıları da çəkirlər ki, təhriflərin bütün əzab-işgəncələrini duysunlar. Uşaqlıqda, ilk gənclikdə sən Qudalı cavanlarını qırıb-çatırdın. Musqullarını bərkidə-bərkidə qoçuluğunnan fəxr eləyirdin. Bir vaxt gələcək, cin-şeytan yığnağı saydığın o uşaqlara, o cavanlara verdiyin işgəncələri özün də çəkəcəksən. Vurduğun zərbələr sənin özünə dəyəcək, birə on, birə yüz artıq ağrıdan, işgəncədən qıvrılacaqsan. Yalnız o vaxt dərk eləyəcəksən, aydın görəcəksən ki, Kainatda insanın insana bağlılığı bircəhətli deyil. Məsəl var: “Nə əkərsən, onu biçərsən”. Qudalı cavanları, məhlə milisənerləri, Qıllı, Piyli də, Xaş nəçənnik Gülənov da, Xəlvət Rəhim də, Yağır Məmmədəliynən Çax-çux Xalıq da insandılar. “Süleyman padşahın” xəzinəsinin üstündə yatan İlan, indiki Papa özü də, Keşiş Vissarion, Stalin, Serqo, Beriya, Mirqəzəb, Midi Qiyena, Pers-filan da təhrif dünyamızın ən təhrif, ən əzabkeş, ən bədbəxt insanlarıdı! Hərə öz əməlinin bəhrəsini dərir! Dərk elə bunu, əzizim! Dərk elə ki, “Babək”in təxtində oturan bədbəxtin can ağrıları bütün bəşəriyyətin can ağrısıdı! Ağrıyır, ağrıyır, ölə bilmir, ağlayır işgəncə çəkir. “Otpuşşennıy on!”

Səmədin başı ağır-ağır sağ çiyninə əyilib hərəkətsiz qalmışdı, gözlərində də son həddə çatmış kədər, yas hərəkətsizliyi vardı.

Sultanın sifətində, gözlərində isə ciddi qayğı həkk olunmuşdu.

– Özbaşına buraxılmış, öz təhrif mənəviyyatıynan özünü qəbrə aparan təhrif insana, kolxozları, sovxozları, idarələri söküb-dağıdan, cəmaatı ac-yalavac, səfil kütləyə döndərən yırtıcılara inzibati cəza vermək məcburiyyətində qalanda, milisə, prokuraturaya ittihamnamə oxuyanda, yəni, qısası, içim qaynıyanda həmişə üç kəlmə eşidirəm: “Günəşimizi söndürmə, Sultan!” “Günəş” – OdÜnEyƏs “insan”ın özüdü, oğul! Elmimiz heç olmasa, qısa məlumat şəklində yayılıb ÜnƏsin – “ins”in nəzərini ÜnƏsə yönəltməyincə təhrif “ins” təhrifliyində qalacaq. Əsrimizin axırında Bağday, Bağlar, OdƏr bəşəriyyəti, OdƏr dili ətrafında bu cür söhbətlərin miqyası genişlənəndə, planetin hər yerində “Bibl”dəki “bojiy yazık”a – “Türk” dilinə, OdƏr istilahlarına maraq yarananda türkcə bir ifadə yayılacaq: “ƏnŞər – MənŞər”. Yəni “Yer”də ən böyük şər mən – insan özüməm: qılıncı Ulu Bağın başına yox, öz başıma endirmişəm: EySar, ÜnEvi, ƏlAğ, EySarı yox, özümü çarmıxa çəkmişəm, odur ki, ƏnŞərdən, MənŞərdən, “atom”un selləmə yağışlar fəlakətindən, subasqınından yaxa qurtarammıram, EySarım xilas eləsin məni!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 dəq
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 dəq
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 dəq
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 dəq

Başqa şairlərin şeirləri