Süleyman padşahın xəzinəsi 11
Səhifə 6 / 7 · 71%
Əmini görmürsən sən, görəmmirsən hələ. Öz içərindən savayı heç nə görmürsən hələ sən. Gözün baxmağına baxır, əmma qabağındakı adamı görmürsən. Daş kimi yatdı deyirsən. Əmin, axı, yatmamışdı, oğul! Yatmamışdı!
– Yatmamışdı?!. Necə yəni, yatmamışdı?!
– O bayatıdan sonra Sultan yox, sən yatmışdın! Sən! Sultan heç mürgüləməmişdi də! Mənim gözümdən yayınmaz heç nə, bala!
Səməd xeyli dayandı.
– A kişi, sən nə sərsəmləyirsən?!
– Artıq söz demə! Şillə yeyərsən!.. Bəli, Sultan yatmamışdı deyirəm. Sən başını stola dirəyib silkələnirdin dərdli-dərdli. Sultan divandan sürüşdü, diz çökdü sənin qabağında, hönkürdü, yalvardı: “Sən burda qalmalısan!.. Sən burda qalmalısan, Bircə balam!..” Bə sən neylədin?! Dik atıldın həqiqətən dəli təki!.. Sultanı mən bilirsənmi necə tanıyıram? Bir otaqda yüz adam yatsın, Sultan da olsun o yüzdən biri. Gözümü bağla mənim, sal o otağa, deynən tap Sultanı bunların arasında, gözü bağlı gedib deyərəm budu. Çünki inildəyir əmin yatanda. Lap az-maz mürgüləyə ha, mütləq inildəməlidi! Neçə il bir damın altında olubsan əminnən, eşitməyibsənmi yatanda necə inildəyir?! Mən, məsələn, ömrümdə uzanmaram yatanda. İki balınc qoyuram kürəyimə, oturan yerdə yatıram. Rəhmətlik Mədəd gərək hökmən üzü üstə uzanaydı, qıçının birini yığaydı qarnına, ayrı cür yuxu getməzdi gözünə. Sultan da elə yatır, əmma gözünə yuxu gedəndə elə inildəyir, elə bilirsən ətindən ət kəsirlər.
Dal otaqdaydım, ordan gördüm gözünü yumub yazıq, sənin üzünə baxammır. Sən hönkürəndə əyildi, ikiqat oldu divanda. Daş əyilərmi, bala?! Elə əyildi ki, stolun bu biri tərəfindən görmədin daha sən onu. Qabağında diz çökəndə də görmədin. Çünki deyirəm, başını stola dirəmişdin, silkələnirdin, ağlayırdın. Abıynan mən, Çürük, bu biri yandan tamaşa eləyirdik nər Sultanımızın aqibətinə, biz də ağlayırdıq. Çünki, deyirəm, əmin yalvarırdı sənə: “...Getmə bu evdən, oğul! Sənsiz puçdu hər şey, ay Səmi balam, Bircə balam!.. Sən getməməlisən bu evdən!.. Getməməlisən!..” Hoppandın, əllərini üzünə şappıldatdın, gurultuynan düşdün pilləkandan, yıxıldın, qalxdın qaçdın!.. Necə yəni “qadın zorlayıb?!” Yazıq canım, dona girdim, dedim: “Bilirəm mən onu”. Nəyi bilirəm, əşi?! Budu bax, Abı desin, bu müqəddəs insan desin necə olub əhvalat! İçirdiblər, deyirəm, sonra aparıblar Rəhimin evinə, Gülgəzi çağırıblar ki, gəl qaynatana qulluq elə. Sonra da eşikdə qızı yıxıblar qurta-qurt bir şüşə konyak töküblər boğazına!..
– Bəsdi!.. Bəsdi, Qurban əmi!.. – Səməd boğuldu. Gözləri qaraldı. Əmma dünəndən bəri beynini qaynadan sözləri çatdırmağa çalışdı:
– Mən stolun dalında elə ağlayanda divanda deyildi əmim?! Yataq otağındaydı! O yataqda, o taxtda... ağ yastıq üstündə qara saçlara qarışan ağ saç mənimki idi?! Necə yəni “bu müqəddəs adam desin?!” Mayda nə olub, bilmirəm. Mən...
Abı gözlənilmədən, əlini onun yaxasına atdı.
– Bura bax ey! Sən niyə belə tərs-avand görürsən hər şeyi?!
Səməd qışqırdı:
– Mən dünən öz gözümnən gördüyümü deyirəm! Qara saçlara qarışan o ağ saçları!..
Qocaların rəngləri dəyişdi.
Abı dedi:
– Elə şey olmadı dünən.
Qılınc dedi:
– Nə?!
– Atan əvəzi bu kişi deyir Sultan divanda ikiqat olub yalvarırdı sənə. “Sən bu evdə qalmalısan!..” Niyə inanmırsan, ay nadan?! “Taxt” nədi?! “Qara saç, ağ saç” nədi?! Gözün alacalanıb sənin!.. Bəli!
Bir az sonra Qonaqlı ilə Tahirlinin arasında, meşənin ətəyində, bu yerlər üçün yenilik sayılan “Şüşəli” pavilyonda, yəni fasadı və sağ-sol divarları şüşədən ibarət olan internat yeməkxanasında oturanda da Səməd sevincindən titrəyirdi: “Gözüm alacalanıb?! Demək, mənə deyirmiş “qalmalısan!..” Gör, diqqət yetir indi, ağ evdəki o qara saçla ağ saçlıların arasında necə mərd söhbətlər olub, münasibətləri necə açıq və aydındır ki, Sultan üçüncü nəfərin də o evdə qalmasını mümkün sayıb “Qalmalısan!” – deyib! Yəni “qal, bir evdə, bir süfrə başında, birlikdə qalib gələk bu dərdə! Bezobraziyeyə birlikdə qalib gələk!..” “Mərd əmim! Uca əmim! Səcdəgahım!..”
Belə bir kədər, dərd içində gur sevincin ardınca boz “Pobeda” pavilyonun qabağında, qoca çinarın qatı kölgəsində dayananda, Müslüm soldan, Sultan sağdan düşüb, taybatay açıq dəmir qapıya yönələndə Səmədlə birlikdə Xızr Abı da ayağa qalxdı.
– Qurban hardadı?! – Sultanın sifəti avazımışdı.
Abı gözlərini tavana qaldırıb:
– Ey sahibim, özün kömək ol! – deyəndən sonra udqundu. – Xoş gəldin, qurbanın olum. Bakıda deyildinmi?! Niyə qayıtdın?!
– Soruşuram Qılınc hardadı?!
– Burdaydı. Kənddə deyəsən nəsə olub, çağırdılar, Qonaqlıya getdi.
– Bəs siz niyə burdasınız?! O xaraba Qonaqlıda elə işlər olur, sizin də bu xarabada iştahanız açılıb?! Əclaflar!
Abı tamam özünü itirdi.
– Sən belə danışmazdın mənnən, qurbanın olum, nə olub?! Desənə!
– Necə nə olub a kişi?.. De görüm adı “falçı” qoyulan Abımız heç nə bilmir?! Dünən səhərdən göstəriş verilib Əlləzoğluna ki, mülkü yandırmalısan. Qurban eşidib... Dünəndən eşidib. Bəs kitabxananı niyə çıxartmamısınız ordan?!
Abının uzun qolları yavaş-yavaş qalxdı, uzun, kələ-kötür barmaqlarla başını tutub hərəkətsiz qaldı.
– Kitabxana!.. “Vərəsə?!” “Xəzinə?!”
– Hə!.. “Süleyman peyğəmbərin xəzinəsi!..”
– Ay oğul, “Xəzinə”nin bu mülkdə olduğunu sən nə vaxt demisən mən bədbəxtə?!
Sultan duruxdu:
– Qurbana demişdim... Mədəd, mən, Qurban, Məhərrəm, Saşa... Beşimiz bilirdik. Bakıda Saşa dedi mənə ki, evi yandırdılar, yəqin “Xəzinə” də yandı... O bədbəxti Moskvaya istintaqa apardılar. Deyirdi: “Güllələyəcəklər məni”. Onun dalınca getmək əvəzinə bura cumdum. Çünki, yadımdadı, Xudiyev ora-bura çəkirdi. Sənin “Xəzinə”nin orda olduğunu kimsə çatdırmışdı ona. Demək, yanıb?!
– Vay, vay!.. Evdə hər şey külə dönüb, ay oğul!
– Yaxşı, gəlin!
Hələ maşına minməmişdilər ki, qeyri-adi gurultular eşidib, o səmtə boylandılar: Əmirli mülkü toz-duman içində idi. Evi, daha doğrusu, divarları traktorla uçurub-dağıdırdılar.
Dumanın altından bir qaraltı çıxdı. Qılınc idi. Atı maşının qabağına çapdı və çatıb, maşınla yanaşı sürdü:
– Dünən Əlləzoğluna möhkəm təpindim ki, yandırsan özün də səlamət qalmıyacaqsan! Gecəni yatmayıb, qovrulub. O başdan gedib yandırıb. Bu heç... Müsibət budu ki, “Vərəsə” divarda, qaya daşlarının arasında, üç qardaşın sirri içində dura-dura bu səhər biz yanğından aralanandan sonra kimsə, bir adam bizim cavanları yığıb ora – “Şüşəli”yə. Traktorçu Mirini, Məmməd Xələf Zalı, ekizləri. Deyib: “Sultan Əmirli göndərib məni. Məhərrəmovam. Məhərrəm Abbasoviç. Alın bu bir paçka yüzlüyü. Yaxşı-yaxşı yeyin-için. Sonra o yanıq divarları uçurun, hamarlayın. Axşamacan daş daşıyın karyerdən. Elə çalışın ki, günü sabah özülü qoyulsun təzə evin, Sultan Əmirli Bakıdan qayıdanda görsün təzəsi tikilir”. Budu, Miridən, Məmməd Xələf Zaldan, ekizlərdən eşitdiyim. Məhərrəm deyil, kimsə ayrı adamdı. Öyrəndim sir-sifətini, boy-buxununu. Qaşlarının arası bitişik, ağzı yekə, Qızıldiş. Zırpı... Məncə, KeQeBedən-zaddan deyil. Erməniyə oxşayırdı deyirlər...
– Qurban!.. Qurban!.. Nə çərənnəyirsən?! Qaya daşlara dururmu?! Səlamətdimi “Xəzinə?!”
Qılıncın cavabı Sultanı ildırım kimi vurdu:
– Traktor xıncıb hamısını... daşları da, kitabxananı da.
Səməd qorxu, heyrət içində, əmisinə baxırdı. Maşının arxa oturacağında, Abının yanında Sultan elə əyildi ki, Abıdan da balaca oldu. Xırıltılı, iniltili səslə:
– Kömək elə, a kişi, – dedi, – dərmən kitelin yan cibindədi. Solda.
Müslüm istər-istəməz maşını saxladı. Abı dərməni – həbi çıxarıb verənə qədər Müslüm iri bir Çin termosundan stəkana dəmsiz çay kimi sarımtıl bir şey tökdü.
Sultan stəkanı başına çəkib irəli baxdı.
– Dayandırın, – dedi.
Cavanlar boz “Pobeda”nı görmürdülər.
Gicgahlarında və çənəsinin ucunda ağ tükləri də tozdan bozarmış, his-paslı kombinizonda çox pinti, çirkli bir adam kimi görünən traktorçu Miri ekizlərdən və Məmməd Xələf Zaldan xeyli yaşlı olduğuna görə yoldaşlarının toz-duman, bürkü içində şit, söyüşlə dolu zarafatlarına qarışmırdı. Gur topa saçlı, alçaraq, enlikürək Məmməd Xələf Zal sınıqsalxaq “paltaratonka” maşınının ayaqlığında dayanıb, rulu-sükanı tək əli ilə, “pedal”ları isə tək ayağı ilə idarə edə-edə maşını qıjıldatdıqca, ikisi də cürəfəsiz, sarı, çil-çil ekizlərin – Tofiqlə Fikrətin divar küncünə bağladıqları “tros” – yoğun məftil divarın olan-qalan hissəsini də dağıtdıqca traktorla maşının gurultularına şaqqıltılı gülüş qarışırdı:
– Dağıldı! Ay Miri, Qıllıya xəbər göndər, arvadının... dağıldı!.. – və sairə, əməlli-başlı sərxoş cavanlar hərzə-hərzə şeylər danışırdılar. Deyilənlər pis eşidilsə də, dörd dövrəyə yığışmış “avara-uvara”lar, yəni işsiz qocalar, uşaq-muşaqlar da gülüşürdülər və yalnız Miri ağır “STZ”⁷³ traktorunun qabağına bağladığı “buldozer yığanı”nı çox sərt taqqıltı ilə yerə çırpıb, dağılan divarın “ayıbalası” kərpic əzintiləri ilə birlikdə daş parçalarını və qara kitab cildi qırıntılarını yığanlayıb aparıb, Ortayolun çala-çuxurlarına töküb, sərxoşluqdan yarımyumulu gözlərini geniş açıb traktoru cəmaatın üstünə sürəndə gülüş kəsilirdi.
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-11
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.
Süleyman padşahın xəzinəsi 4Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Başqa şairlərin şeirləri
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Sirri-eşqi demək olseydi, nihan etməz idimSirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.
Gəraylı: Xalxalın göy çəmənindəXalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,