Səhifə 2 / 5 · 20%

– Qurtardıq. Gedə bilərsiniz, – dedi.

Bununla da bu gün daha heç bir işlə məşğul olmayacağını bildirib qovluğu örtdü, müharibə illərində nikotindən zəhərlənib çox pis arıqladığına görə o vaxtdan seyrək çəkdiyi papirosa – “Kazbek”ə əl atdı, gah stolun dalında, gah divanda oturub, gah küncdə çəkic kimi taqqıldayan və vaxtı çatanda zəng vurmaq əvəzinə köksünü ötürən kəfkirli saat, gah da küçənin o tərəfində, qovaqların, çinarların hündür budaqlarında dolaşanların böyük kütlə qəhqəhəsinə bənzəyən qaqqıltılarına qulaq asa-asa, səbrlə, dözümlə, qardaşı oğlunun yatıb yuxudan doymasını gözlədi, nəhayət, kəfkirli saat dörd dəfə köksünü ötürəndən sonra, dermantinli qapını açıb, Bircə balanın yanına getmək üçün bütün hiss və düşüncələrin üstündən qələm çəkib, qətiyyətlə kabinetdən çıxdı.

³⁹ Sovetlər İttifaqı Kommunist Partiyasının mərkəzi Komitəsi.


Mehmanxananın pillələrini də qətiyyətlə, biməfəsə qalxdı. Dar, təkadamlıq nömrənin qapısını aralayanda isə, qış aylarından qalma, tünd rəngli pəncərə pərdələri örtülmüş otağın alaqaranlığında gördüyündən təəccüblənib ayaq saxladı.

Çarpayı boşdu. Səməd döşəmədə, yalxı döşəkağı üstündə, köynəkcək yatmışdı.

Sultan, bir əli ürəyinin üstündə, hərəkətsiz qaldı, o biri əli boğazında, boynunda gəzdi. Birdən-birə nəfəsi daralmışdı, gözləri toranlamışdı.

Əmirlərdə bu lap köhnə irsi azardı: şeyx oğullarını fədailərin cənubdakı gizlin məskənlərinə, “hümmət”çi oğullarını bu taya göndərmək üçün yol ayrıcına qədər ötürüb, orada – ayrıcda tək qalanda Məhəmməd Əmir də bu cür birdən-birə tor görərdi. “Əylənin. Gözüm seçmir dünyanı. Gözləyin bir az”, – deyib, bir əli ürəyinin üstündə, o biri əli boynunda, dayanıb, boğaz, boyun damarlarını əzişdirib, birdən də gözlərini açardı, “Hə, di gedin. Əmma bir gün də unutmayın ki, mən ayrılığa dözənlərdən deyiləm”, – deyərdi.

Dörd oğulun dördü də yaxşı bilirdi ki, onlar Ulu Bağ ƏsƏlMən nəslindəndilər. Min yeddi yüz doxsan yeddinci ilin qışında bir gəzərgi Monax – casus Peterburqa, Çar Pavelin oğlu, polis rəisi və vəliəhd I Aleksandra depeş göndərmişdi: “Zdes na Muqani obyavilsa nekto Solomon, poçitayemıy vsem zdeşnim narodom, kotorıy İran i Tursiyu derjit pod svoyey vlastyu”.⁴⁰ Bu depeşin surətini Ünlə eşidəndən sonra Ulu Bağ Muğandakı saysız-hesabsız AğEy – “Əxi” icmalarının bir qismini Ərdəbilə, ikinci qismini isə Təbrizlə İrəvan çökəyi aralarına dağıtmış və bütün icma üzvlərinə əlaqə saxlamağı, görüşməyi qadağan etmişdi. Buna görə də təbiətcə zərif, köyrək, qohumcanlı UluBağlılar, cümlədən, Məhəmməd Əmirin adı ilə adlanan Əmirlilərdən çoxu

⁴⁰ “Burada Muğanda yerli xalqın çox hörmət bəslədiyi kim isə bir Solomon peyda olub, İranı və Türkiyəni öz hakimiyyəti altında saxlayır...” qəribliyə, ayrılığa dözməyib xəstələndilər. Sultan da belələrindəndi. Odur ki, əlli beş yaşlı oğulsuz, uşaqsız Sultan da eynilə atası Məhəmməd Əmir kimi bir vəziyyət keçirib, dar nömrədə, “Bircə balanın” üç addımlığında öz-özünə “Əylən, gözlə bir az”, – dedi və bu bir az vaxt ərzində necə qeyri-adi gərginlik hesabına toxdadığını o qədər də dərk etmədən, tünd rəngli pərdədən süzülən tutqun işıqda Bircə balanı yenidən görüb, yaxınlaşıb böyründə çöməldi, cod, nahamvar döşəmə taxtası dizlərini əzə-əzə, tamaşaya durdu.

Səməd sağ yanağını biləyinə söykəyib üzü üstə yatmışdı. Qıçının birini düz uzadıb, o birisini qurbağasayağı, qarnına yığmışdı. Bu “qurbağa yatışını” görər-görməz Sultan nəinki fikir və qayğılarını, elə bil əzablarını da bütüncə unutdu, sarsıntılar, işgəncələr əvəzinə, sinəsi hüznlə doldu: Mədəd də həmişə bu cür, üzü üstə, qıçını qarnına yığıb qurbağasayağı yatardı. Uşaqlıqda iki qardaş bir yorğan altında yatanda, aralarında dava düşərdi. “Dizin böyrümü deşir, uzatsana sınmışını!” – deyib Sultan dümsükləyib Mədədi oyadanda, Mədəd mızıldanıb qıçını uzadardı, əmma mürgüləyəndə yenə yığardı. Sultan bir də dümsükləyəndə isə Mədəd hirslənib kiçik qardaşının üstünə atılardı, gecənin yarısında köhnə, hündür taxtdan döşəməyə dığırlanana qədər süpürləşərdilər. Küsüşüb hərəsi döşəyin bir küncünə çəkilərdi. Səhərə yaxın evin havası soyuyanda isə qucaqlaşıb, bir-birini nəfəsləri ilə isidərdilər.

Qırx-qırx beş ilin uzaqlığındakı “qardaş” adında dünya, həsrətdən, yanğıdan, qəhərdən ibarət o tay, Azərbaycan adında dünya ilə birləşib Sultanın boğazından yapışdı. Sultan nə vaxtsa, hardasa qardaşına və qardaşı ilə birlikdə o taya, Məhəmməd Əmirə, Ağ Əmirə, Boz Əmirə xəyanət etmişdi, bu dumanlı, anlaşılmaz xəyanətə görə, hakimi və müttəhimi də özü olan gizlin bir məhkəmədə boğulmağa məhkum edilmişdi. Hökm elə indi, bu dar nömrədə icra oluna bilərdi. Əmma Bircə bala onu xilas elədi: Səmədin pələng biləyi kimi enli biləklərinə, möhkəm əzələli çiyinlərinə, burulub gərili qalmış boynuna göz gəzdirdikcə Sultanın nəfəsi genişləndi, təqsirkarlıq, həsrət və yanğı əvəzində, qəlbinə kədər qarışıq qürur doldurdu: Mədəd dünyasını dəyişməmişdi, haraya isə uzaq səfərə çıxmış və möcüzə ilə cavanlaşıb qayıtmışdı.

Sultan barmaqlarının titrədiyini görə-görə, əlini onun bir az arxaya yatımlı, geniş alnında, əvvəlki Mədədin saçından ancaq dalğaları ilə fərqlənən saçında, boynunda, kürəyində gəzdirdi.

Səməd ağır yatmışdı. Oyanmırdı.

Sultan çağırmaq istədi, nə “Bircə bala” deməyə dili gəldi, nə də “qardaşoğlu” deməyə. Əmma müraciət tapıldı.

Keçən yay raykoma təcrübəyə gələndə, üç il təlimatçılıqdan sonra iki aylıq təcrübəyə elə bir ehtiyac duymadığına görə Səməd vaxtının çoxunu partiya kitabxanasında oturub, dövlət imtahanı üçün ən vacib dərslik sayılan “Materializm i empriokritisizm” kitabını dönə-dönə oxumağa çalışardı. İşin axırında kabinetinin dal həyətə baxan pəncərəsindən boylanıb, Bircə balanın hələ də kitabxanada oturduğunu görəndə, Sultan bu səydən həm sevinərdi, həm də narahat olardı. “Ey, filosof! Bəsdi kitablarnan əlləşdiyin!” – deyərdi. “Fəlsəfəni ancaq kitablardan öyrənsən, mənim yaşıma çatanda hər şeydən məhrum olarsan, ey filosof!” – deyərdi.

Bu gümrah, zarafatyana müraciəti xatırlayıb, bundan Sultan hətta sevinc duydu.

– Ey, filosof! – deyib hətta əlini Səmədin çiyninə şappıldatdı.

Səməd oyandı.

Əmma buna hələ oyanmaq demək olmazdı. Çünki indicə yuxuda gördüyü röya gözünün qabağında idi. Qara meşin şapqanın uzun günlüyü altında sifəti qapqara görünən, çiyni tüfəngli Qurban əmi – Qılınc Qurban Gülgəzin hörüklərindən yapışıb, qaranlıq meşədə, ağacların arasında sürüyürdü, iri-iri, sarı-qızılı tikanları zülmət içində aydınca görünən qaratikan kollarının qalınlığına basırdı, böyür-başlarında insan qulağısayağı ağacgöbələkləri saralan kötüklərə çırpırdı. Qışqıra-qışqıra “Qancıq! Qancıq!” – deyirdi. “Mənim qardaşımnan qardaşoğlumun arasına nifaq salıbsan sən! Səmədi Sultana düşmən eyləyibsən sən!” – deyirdi. Qurban əmi – Qılınc Qurbanın bu qışqırtısının arasında Sultan əminin yorğun, üzgün səsi də eşidilirdi. Özü yoxdu. Hərdən haradasa kitel bozarırdı, səs də elə kiteldən çıxırdı: “Dayan, Qurban, dayan. Əl çək, Qurban, bəsdi! O mənim arvadımdı! Kəbinli arvadımdı!” – Kitelin səsi Səmədi üşürgələndirirdi.

Oyanıb gözlərini açdı, başını üyüşmüş biləyindən ayırıb, arxası üstə çevrildi və beləcə qaldı. Yad divarlar arasının yad mühitdə əmisini görüb, onun belə gözlənilməz yaxınlığından çaşıb, yuxu ilə reallıq arasında asıldı: o dəhşətli, içərisi boş kitel zehnində idi, sarımtıl düymələrinə, boğazının dəmir çalkeçirinə qədər doğma, boz kitel isə qarşısında idi və bu boz kiteldə Sultan əminin özü də həmişəki əmi idi: doğma, əziz, boz ala gözləri dərin hüznlə, yorğun-yorğun gülümsəyirdi. Bu gözlərdən, bu baxışdan ayrılmaq, uzaqlaşmaq mümkündümü? “Yox-yox!.. Yox-yox!” Beynində oyanan ilk sözlər bu “Yox-yox” oldu və Səməd özü də bu sözlərin ahənginə uyğun ürək çırpıntısı ilə, titrək, hürkək atılıb ayağa qalxdı.

Gərgin sükut içərisində əmi ilə qardaşoğlunun, yaxın ikən uzaqlaşmaq, doğma ikən yadlaşmaq istəməyən iki nəfərin nəzəri bir-birinə sancıldı.

Qardaşoğlunun üzündəki təşviş əminin sifətini də dəyişdirdi. Əmma Sultan buraya “aydın fikirlə, qəti qərarla” gəlmişdi və indi məhz qətiyyət məqamı idi. Odur ki, ciddiləşməyi ilə gülməyinin arası bir saniyə də çəkmədi və Sultan əməlli-başlı qəhqəhə çəkib, iri, ağır yumruğu ilə Səmədin açıq sinəsini dürtmələdi.

– Ey, filosof! Hardasan?.. Ə, nə gözlərini döyürsən? İçmisən nədi, əmini tanımırsan?

Mübaliğəsiz demək olar ki, Səməd xoşbəxt idi. Çünki əmisinin dürtməsi də, baxışı da, gülüşü də xoşbəxtlikdən xəbər verirdi: “Boş kitel” dolu idi; o dəhşətli röyanın özü kimi dəhşəti də röya idi. Bu dürtmə, bu baxış, bu qəhqəhə açıq-aydın demirdimi ki, Sultan əmi doğrudan günahsızdı. “Həqiqət”, “müqəddəsat” sözləri ömrü boyu dilindən düşməyən Xızr kimi ciddi adamın inamından da məlum deyildimi ki, Sultan həqiqətən günahsızdı?! Səməd əmisi üçün təhqiramiz şübhəyə düşüb Gülgəzə, sonra da Hənifə arvadla Əlləzoğluna sual vermişdisə, bu, sadəcə, sarsıntıdan olmamışdımı?!

Yox, dünya Sultansız deyildi. Səməd xoşbəxtdi və bu xoşbəxtlik üçün hər şeyi unutmağa hazırdı. Odur ki, özünü əmisinin üstünə saldı. Qucaqlaşdılar. Və Səməd doğrudan da hər şeyi unutmuş kimi, hönkürtülü, sızıltılı, göynərtili Gülgəz əvəzinə, üfüqün parıltısı içində buğ püskürən samovar yanında qırmızı qıymaçalı, qırmızı xalatlı “elqızını” gördü. İndi Səməd ömrü boyu tək qalmağa da, fədai əmi kimi hər cür məhrumiyyətə, əzab-əziyyətə, işgəncəyə də hazırdı ki, əgər Sultan əmi qardaşı oğlunun o “elqızı” ilə yaxınlığını unudub xoşbəxt ola bilərsə olsun, körpə səsi eşitsin, “mənim balam” desin! Səmədə bundan artıq heç nə lazım deyildi və əmisini qucaqlayıb bağrına basmağı ilə də yəqin elə bunu demək istəyirdi ki, sənin xoşbəxtliyindən başqa mənə heç nə lazım deyil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəzinə üstündə yatan ilan 9

Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları “yel fanarları”nın işığında baş verdi.Nə qədər ki, şəhər onilliyinin və dəmir yol məktəbinin yorğun-arğın müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə “dustaq damı” adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda – anbarın qabağında Səmədin lap körpəlikdən – otuz dördüncü-otuz beşinci illərdən bəri, avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi: qapan-tərəzidə pambıq çəkilirdi.

26 dəq
Xəzinə üstündə yatan ilan 10

Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.

23 dəq
Xəzinə üstündə yatan ilan 11

Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!

13 dəq
Kainat sakinləri 1

...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:

19 dəq

Başqa şairlərin şeirləri