Səhifə 2 / 4 · 25%

Qurban əmi Səmədə oyaq vaxtı ağrılarını içinə salıb, yalnız yatanda inildəyən mətin insan göstərmişdi. Bakıda o evin o balkonunda “Abı deyib, oğlum olacaq...”, “Get onu qoru. Əmrdi bu! Əbədiyyətə gedənlərimizin əmridi!” – deyən Sultan özü isə qeyri-adi bir “inkivizitor”la yanaşı, təsəvvüredilməz dərəcədə mətin fədai göstərmişdi. Burada – Hacehsanda Abbas əmi isə, ağır yerişli kəlləri ilə yumşaq tıqqıltılı arabasından başlamış, kəllərin arasında qaralan saqqalına qədər doğma adam göstərdi.

Bezobraziye ilə günü bu gün çarpışmaya girişmək üçün faciəli hadisələri xatırlaya-xatırlaya nifrətdən qıjıldayan beynindən qıjıltı getdi, qəzəbdən dumanlanmış gözlərdən duman çəkildi və yeddi ildən sonra Səməd Abbas əmi ilə birlikdə Hacehsan çəmənini də gördü.

Uzaqda, Əmirli yurdunda cavanların qurduqları, toyxana kimi böyük çadır qaralırdı. Çadırın qabağında yəqin ki, elə cavanların qaladıqları ocağın tüstüsü yayılıb evlərin, daxmaların, töylələrin, tayaların üzərinə çərmə çəkirdi. Hacehsan çəməni isə birdən-birə necə aydınlaşmışdısa, indi Səməd yaşıllıqda balınc kimi ağaran Hacıdaşını da, “Dəli Səməd”lə “Yusif kimi gözəl Yusif”in, Qaraçı gözəli ilə Gülbənizin cığırlarını da görürdü, çəmənotlarının xırdaca-xırdaca, qızılı toxumlarını, qazayağıların diş-diş, bıçqı sayağı yarpaqlarını, çəmənotları ilə qazayağıların ara-bərələrində moyun qonur ləçəklərini, mixəyin dənəbir dənələrini və payızın son ayına qədər solmayan bu tünd yaşıllığın genişliyində o yan-bu yana şütüyən haçaquyruq qaranquşları da görürdü və bütün aydınlığı ilə dərk edirdi ki, kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar uçuşan evin əslində nə kandarı varmış, nə də tavanı; sədr Mədəd çiy kərpic divarların arasının yox, dünya yaranandan, quşlar qanad açandan bəri o taydan bu taya, bu taydan o taya uçuşan durnaların qanadlarının altındakı böyük vətənin Mədədi imiş, “Dəli Səməd” də o dörd divar arasının yox, çəmənotulu, qazayağılı, mixəkli, moylu, Qaratikanlı-Gurtikənli, Qarağaclı-Gurağaclı yurdun dəlisi imiş. Bir tərəfdən sədr Mədədin əziz, doğma xatirəsi, bir tərəfdən “yaralı durna”nın xatırlatdığı yaralar, bir tərəfdən də Hacehsan çəməninin zəngin gözəlliyi Səmədin sinəsindən yanıqlı, dərin bir nida qopardı:

– Sənə qurban olum, vətənim!

“Avariya” günü üzünü Ağ Əmirlə Boz Əmirin qəbirlərinin şəkillərinə söykəyib yuxuya gedib, yeddi il yatandan sonra bu yurdun köhnələrindən Abbas əmi – Təftiş Abbasın mahnısından tamam oyanmışdı, ağır-ağır qalxıb enən sinəsində, atasının vəsiyyət elədiyi dumanlı, əmma böyüklüyü-əzəməti aydın duyulan Elmin eşqini duya-duya, arabanın yaxınlaşmasını gözləyirdi ki, özünü Abbas əminin üstünə salsın, mehmanxanada əmisini necə qucaqlamışdısa, bu qarasaqqal qocanı da eləcə qucaqlayıb bağrına bassın. Bir Göbələk Məmiş yox, min bir Göbələk Məmiş Əlləzoğlu “nöyüd töküb, kibrit çəkib” min bir mülk yandırsın, min bir Bezobraziye “mikroilanı” təhlükə yaratsın, məhəbbətini uzaqdan-uzağa mahnı ilə çatdıran bu eşqli qocanın torpağının yetirməsi ruhdan düşərmi?!

Araba yaxınlaşdı, kəllər dayanıb fısqırışdı.

Səməd isə, eləcə – sinəsi atlana-atlana qalıb, yerindən tərpənə bilmədi. Çünki Abbas əminin səsindən duyduğunu üzündə görmürdü.

Qocanın qabarıq, parıltılı gözlərində “Yaralı durna”dan əsər-əlamət də yoxdu. Mahnını Səməd elə bil yatıb röyada eşitmişdi və indi mahnı ilə birlikdə elə bil Abbas əmi özü də yoxa çıxmışdı, əvəzində “qırx beş nömrə girzovı sapoq”larını arabanın qol ağaclarına dirəyib, “boyunduruq enində” çiyinlərini dala gərib, başını da dala atıb, saqqalını dik qaldırmış hirsli-hikkəli bir qoca oturmuşdu. Əkin-tikində, ot-ələf, çır-çırpı içində dərisi cızıq-cızıq olmuş, bomboz, nəhəng əllərinin birində yoğun, gödərək tənək çubuğunu, o birisində çibinlənən gəlin quyruğunu tutub, Səmədi başdan ayağa, ayaqdan başa süzürdü.

Baxıb-baxıb dillənəndə bu qocanın dilindən zəhər töküldü:

– Əlləzoğlunun qızı gəlib, atası evində gözləyir. Oğlum Məmməd Xələfi çağır xoddasın maşını, get götür qaç o qancığı! Kəbini geri oxutdur, arvad elə özünə!

Səməd sinəsini atlandıran uca eşqin necə köpük kimi partladığını, köksünün necə çöküb sıxıldığını və sağ-solunda birdən-birə peyda olan, qırmızı, enli sifətinin ortasında çal lopa bığı ağaran Xəlvət Rəhimlə Qıllı Qeybalının necə açıq tülkülüklə qımışıb bir-birinə baxdıqlarını hiss edə-edə, zərbədən ayılmağa çalışdı.

“Get götür qaç o qancığı!”

Zərbə deyildi bu, yara üstündən yara idi!

O mahnı hara, bu yara hara?! O məhəbbət hara, bu təhqir hara?! Qoca onu doğrudanmı bu qədər alçaq sayır?! Bu gizlin-gizlin qımışan murdarların yanında niyə belə danışdı bu məşhur mötəbər “qəlyanlı qoca”?!

– Eşitdinmi dediyimi?!.. Çax-çuxun qızı səni axtarır ki, aparsın görüşdürsün Əlləzoğlunun qancığıynan! Nə qədər ki, bu yanındakılar “əmisinin arvadının oynaşı” qoymayıblar sənin adını, get bəri başdan götür qaç!

Böyürdən Səmədin qoluna qol toxundu. Rəhim idi.

– Mən elə bu söz-gapa görə yığıncaq elmişəm bu gün, təklif irəli sürmüşəm ki, ağsaqqallarımız barışdırsınlar bizi sənnən, yoldaş Səməd. Sağlığına, vardan-haldan pis deyilik. Pislikləri duz-çörəknən kəsək-ataq, yeyək-içək, dərd-qəmi dağıdaq. O mülkün yerində elə bir imarət qaldırarıq ki, mahalda tayı-bərabəri olmaz! Biz bilirik, Əlləzoğlunun o cığalısından savayı da istəklin var sənin. Toyun da bu qoca Rəhimin boynuna! Sözün bədini gətirmiyək dilimizə. Adını Qıllı qoyduğun Qeybalı da səninki olar, yoldaş Səməd! Adını Piyli qoyduğun da səninki olar! Bu zəmanədə rayokmun təhkimçilərindən heç biri sahə-filan gəzmir, ay oğul. Gedək əyləş evimin dörində, hamılıqnan qulluğunda duraq! Nə işin var axı Təftişin yanında ki, qulağın da belə söz eşidə! Adını bolşevik qoyub, cibində revkomun yadigar naqanını da gəzdirir. Bu yandan da gecə-gündüz Xızr Abıynan, Çürüknən pıçhapıçdadı. Onların o Elmi hara, cibi naqanlı bolşevik hara?! Görürsənmi nə təhər ikiüzlü adamdı bu yekə! Naqan zamanı genə gəlib, dünya çaxnaşır deyir, hədələyir bizi! Səni indi öz tərəfinə çəkməkdən ötrüdü bu hərbə-zorbası, inan!

Qeybalı da o biri tərəfdən qoluna toxunurdu.

– Vallah, bizdən savayı, heç kəsdən xoş üz görmüyəcəksən, ay Səməd! Gül kimi təklif eləyirik sənə. Gedək biznən...

Təftişin əlində tənək çubuğu vıyıldayıb kəlin belində şappıldadı.

– Aparın, aparın! Böyügü siznən əlbir olubsa, kiçiyi niyə olmasın?! – Səmədə döndü. – Sultanın, hökmdarın da bunlarnan oturdu-durdu, rumka döyüşdürdü, axırda da başına elə iş gəldi! Get! Sən də get bunlarnan!

Araba eyni yumşaq tıqqıltılarla aralandı.

Çal bığ dövrəsində qızaran enli sifət qabağa keçib, Çax-çuxun qara məxmər üzünü xatırlada-xatırlada, məxmər, ipək yumşaqlığı ilə yenə nə isə deyib-danışmağa başladı.

Səməd isə tıqqıltılı arabanın dalınca baxa-baxa, alçaq, boz binalar boyunca uzaqlaşan qatar tıqqıltıları eşitdi, ağ daş binanın ikinci mərtəbəsində üfüqün parıltısına bürünmüş samovarın yanında qırmızı qıymaçalı, qırmızı xalatlı “məhrəm elqızı”nı, sonra küçəyə süzmüş balkonda, zili üstündə sərili uca şəxsiyyəti və o şəxsiyyətə dediyi uca sözləri xatırladı.

Bezobraziye bu şaxımış günəş altında da ardınca düşmüşdüsə, Müslümün təkidlə dediyi təhlükə labüddüsə, “Məhrəm elqızı”nın özü, uşağı ilə birlikdə Sultan Əmirlinin xoşbəxtliyi illüziya deyilmi?!

Bəs bu “mahnılı qoca” ilə bu sevinc, bu xoşbəxtlik nədir, doğrudanmı bu da illüziyadır?!

Birdən hayqırıb, arabanın dalınca: – Dayan! – deyəndə öz səsindən Səməd özü də təəccübləndi: ömründə bir dəfə də bu cür heybətli qışqırmamışdı.

Sahənin kənarında Təftişlə üz-üzə gələnə qədər sifətinə elə bil kənardan qor doldu. Hələ Şüşəlidə ikən Səmədə elə gəlirdi ki, işdən sonra Əlləzoğlunun evinə gedəndə Müslümün, Hənifə arvadın şahidliyi ilə, ürəyini köksündən çıxarıb Gülgəzin qarşısında açacaq, yəni necə düşünürsə, nə hiss edirsə, hamısını səmimi sözlərlə danışacaq, sonra bəlkə hətta qonşulardan da çağırıb, onların gözləri qarşısında bir daha hər şeyi təkrar edəcək. Bu qətiyyəti Müslüm lap astadan-ehtiyatla dediyi beş-on kəlmə ilə sındırdı: “Gecə gedərik. Günün günortasında yaxşı deyil, ay Səməd... Qonşu-monşu nədi?! Səbrin çatmasa, axşamüstü gedərik”.

Axşama elə bil bir insan ömrü qədər vaxt vardı. Təftiş olan-qalan səbri vurub dağıtdı və Səməd elə bu saat bu anlaşılmaz qocanın Sultan Əmiyə o cür alayarımçıq, küskün dost münasibətinin cavabını verib, ləngimədən kəndə getmək qərarına gəldi.

Təftişə çatanda hiddətdən gözləri oynayırdı.

– Mənnən niyə elə daşındın sən, a kişi?!

– Bə nə təhər danışmalıydım?!

– Təhqirini başa düşmürəm. Nə özümü layiq bilirəm o sözlərə, nə əmimi, nə də o bədbəxt zənəni!.. Necə yəni “əlbir olub?!” O murdarlarnan?! Sən yəqin bilməlisən ki, orda əmimə qurğu qurublar! Əmim təmiz adamdı!

– Kimin təmiz, kimin murdar olduğunu ayırammazsınız siz Əmirlilər. Ömrünüz boyu özünüz-özünüzü alladırsınız!

– Nə?! Əmirlilər?! Yəni hamımız?!

– Hamınız! Sualıma cavab ver. De görüm ad-sanı dünyanı götürən Comərdin o qədər dəstə-dəstə, biri-birindən igid qaçaqları ola-ola, o qədər fədaisi ola-ola niyə bada verdi o tay-bu tayı, bilirsənmi? Bilmirsən! Comərd inanırmış ki, qarı düşməni dost eləyər. Dəli Alı niyə getdi Nikolayın çəkisinə?! Niyə aldı onun qızılını?! Çünki sənin o Comərdin təki, bu Dəli də heyvanatı insan eləmək istəyirdi! Hamınız belə şah, sultan görkəmində, qıcqırmış xəmir təki şeysiniz, nə çörək bişirmək olar, nə də it yalağına tökmək olar! Bildinmi?! Qandınmı?!. Ay qandın ha!.. De görüm Mədədin mülkü niyə yandı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Süleyman padşahın xəzinəsi 8

Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.

14 dəq
Süleyman padşahın xəzinəsi 9

Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.

22 dəq
Süleyman padşahın xəzinəsi 10

Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.

18 dəq
Süleyman padşahın xəzinəsi 11

Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.

46 dəq

Başqa şairlərin şeirləri