Səhifə 5 / 17 · 24%

Fatma həkim şala bürünüb kətilin üstündə mürgüləyirdi. Ayaq səsləri eşidən təki gözlərini açdı.

Orxan danışmaq xatirinə soruşdu:

– Baton hardadı?

Fatma həkim gözlərini təzədən yumdu.

– Harda olacaq? Həmişəki yerində.

Orxan pencəyini, üzqırxanını götürüb evdən çıxdı...

İçərişəhərdə, Mirzə Muxtarın evinin qabağında irigövdəli, qolluşaxəli məşhur bir tut ağacı var. Orxan “Jiquli”ni gecə-gündüz bu ağacın yanında saxlayırdı. Tut ağacının budağı Mirzə Muxtargilin ikinci mərtəbədəki mənzillərinin eyvanına toxunurdu. Binanın sağ yanındakı balaca meydança əvvəllər uşaqla, böyüklə dolu olardı, burda şahmat, nərd, domino oynayardılar. Sübhdən gecə yarısınacan səs-küy əskik olmazdı burdan. Sonralar meydançanın yan-yörəsindəki evləri sökdülər, buranın sakinlərini pərən-pərən saldılar: bəzilərini Əhmədliyə, bəzilərini mikrorayonlara, bəzilərini də Yasamala köçürdülər. Burda bircə Mirzə Muxtarın iri daşlardan tikilmiş, qalaya bənzər evi qaldı, bir də budağı eyvana toxunan tut ağacı. Meydançadan səs-küy kəsildi, bura iri-iri zibil yeşikləri düzdülər; meydança gündüzlər yaşıl milçəklərin, gecələr ağ pişiklərin güzar yerinə döndü.

Orxan maşının yanına gələndə gördü ki, klarnetçalan Ağazəki çiynini Mirzə Muxtarın evinin tininə söykəyib, qəzet oxuyur. Ağazəki qəzet-kitab oxuyan deyildi, indi də əlindəki qəzetdən çox, gəlib-gedənlərə baxırdı. Orxanı görən kimi uzaqdan qışqırdı:

– Professor, QTO nə deməkdir? – Özü də cavab verdi: – Qe... te... o... yəni “qonşunun toyuğunu oğurlama”. – Başladı bərkdən gülməyə, gülə-gülə əlindəki qəzeti bürmələyib, atdı yaxındakı zibil yeşiyinə. Alə, mən ölüm, – dedi, – adamın başını qatmaqda bu. QTO nədi, alə? Hə, professor?

Yaşı əllini adlasa da Ağazəki bu vaxtacan evlənməmişdi, elə subay oğlan kimi də qayğısız-filansız yaşayırdı. Onun zarafatlarından İçərişəhərdə heç kim incimirdi. Ağazəki yaxşı adam idi, xeyrə-şərə yarayan idi, dost-tanışların məclisində pulsuz çalırdı, kimsəsiz cavanların toyunda haqq istəmirdi. Klarneti tez-tez xoruz buraxırdı, həm də çaldığı havaları tamam-dəstgah bilmirdi, ona görə də adına “yarımçıq Ağazəki” deyirdilər. Klarnetə güc gələndə iri, qıpqırmızı gözləri yerindən çıxıb dayanırdı burnunun yanlarında və baxanlar fikirləşirdilər ki, bu dəqiqə Ağazəkinin gözləri diyirlənib düşəcək döşəməyə. Alnında, qulaqlarının dibində yoğun-yoğun damarlar qabarırdı, bütün qanı yığılırdı üzünə, boynu şişib kötüyə dönürdü və adamın yazığı gəlirdi ona. Amma Ağazəki İçərişəhərdə klarnet çalmağı ilə yox, qəribə-qəribə suallar verməyi ilə məşhur idi. Heç kim baş açmırdı ki, Ağazəki bu sualları hardan tapır, hansı kitabdan öyrənir. Bir də görürdün ali təhsil almış məhlə cavanlarından birinin nəfəsini daraldıb: “Xalaoğlu, de görüm birinci dünya müharibəsində neçə Qarabağ atı iştirak eləyib?”, “Teymurləngin topal ayağı sağlam ayağından nə qədər qısa idi?” Ağazəkinin bu təhər “qatıaçılmamış” suallarına heç kim cavab verə bilmirdi, onda Ağazəki qürrələnə-qürrələnə deyirdi: “Savadlı olmaq, institut qurtarmaqnan dögül. Diplom almağa nə var?”

Ağazəkinin adamlara ləqəb qoymaqdan da xoşu gəlirdi. Elə Orxanın qardaşına da “Baton” ləqəbini o qoymuşdu. Uşağın gül kimi adı vardı: “Qorxmaz”. Bir gün Ağazəki Qorxmaza baxıb-baxıb gülmüşdü, demişdi “alə, mən ölüm, bunun başı baton çörəyə oxşayır”. İçərişəhərin uşaqlarına nə var – ağızlarına bir söz düşdümü, qurtardı – o gündən Qorxmazın adı qaldı “Baton”. Axırda Fatma həkim də özü qoyduğu adı unudub, öz oğlunu “Baton” çağırdı...

Orxan maşınını işə salanda Ağazəki dedi:

– Professor, səni pivəyə qonaq eləyirəm... noxudnan...

– Çox sağ ol, Ağazəki, – deyib Orxan “Jiqulini” ni tərpətdi...

Orxan “Gənclik” metrosuna düşdü, gəlib-gedən qatarlara göz gəzdirdi. Bilirdi ki, Batonun öz yeri var – Baton həmişə ikinci vaqonda oturur.

Qardaşının dərdi hərdən Orxanın ürəyindən ağır daş kimi asılırdı. Fikirləşirdi ki, Baton heç vaxt sevib-sevilməyəcək, evlənməyəcək, oğuluşaq sahibi olmayacaq, bu dünyaya nə üçün gəldiyini də anlamayacaq. Fatma həkim gözlərini əbədi yumandan sonra həyat ağır yumruğunu çırpacaq Batonun başına və Baton azacıq ağlıyla yavaş-yavaş qanacaq ki, məşəqqət nə deməkdir. İyirmi üç yaşı olsa da, can-cüssədən uşağa oxşayırdı, uşaqlarla da oturub-dururdu, ancaq son vaxtlar onlara yovuşmurdu. İçərişəhərdə də görünmürdü. İçərişəhərdəki uşaqlar böyük yolu gözləyən idilər, ağsaqqal gələndə yerlərindən qalxırdılar, baş əyib salam verirdilər, tanımadıqları yaşlıların da yanında ədəb-ərkandan qırağa çıxmırdılar. Baton da içərişəhərli idi və böyüklərin hörmətini saxlamağı yaşıdları kimi özünə borc bilirdi, intəhası, ağsaqqallara qulluq göstərməkçün İçərişəhərin meydançalarından, dar küçələrindən daha münasib məkan seçmişdi. Baton dadanmışdı metroya: səhər tezdən girirdi ora, bir də axşam düşəndə çıxırdı. Hamıdan qabaq vaqonda yer tuturdu və nəzərləriylə ağsaqqal axtarırdı ki, yerini ona versin. Yerini bir qoca, sinli adama verməyincə ürəyi sakit olmurdu. Hər gün metro ilə gedib-gələnlər Batonu yaxşı tanıyırdılar, ona adət eləmişdilər. Metro işçiləri Batona öz adamları kimi baxırdılar, içəri girməkçün ondan haqq istəmirdilər. Baton bazar günündən savayı hər gün gəlirdi metroya. Qatarları dəyişə-dəyişə on saat “vicdanla işləyirdi”, sonra acsusuz, yorğun-arğın qayıdırdı evə... Orxan da, Fatma həkim də əvvəllər onu danlayırdılar, qorxuzurdular – xeyri olmurdu. Bir dəfə Fatma həkim oxlovla ayağına-ayağına döymüşdü onun; Baton yenə səhər tezdən durub axsaya-axsaya metroya getmişdi. Batonla nə Fatma həkim bacara bildi, nə Orxan; sonra öyüd-nəsihət verməkdən təngə gəlib, daha ona baş qoşmadılar.

Orxan “Neftçilər” stansiyasından gələn qatarların birində Batonu tapıb düşürdü.

– Necəsən? – dedi.

Başı ağrıyırmış kimi Baton ensiz alnını ovxalaya-ovxalaya:

– Yaxşıyam, – dedi, sonra da soruşdu: – Nöş gəlmisən, qərdeş?

Orxan qardaşının qara, tər bığına, üzünün dəngül-düngül uzun tüklərinə, qalın əyri qaşlarına baxdı və gördü ki, Batonun qaşları bir az Yavərin qaşlarına oxşayır. Orxan gülümsəyə-gülümsəyə:

– Səni görməyə gəlmişəm, – dedi və bloknotundan bir vərəq cırıb yazdı:

“Səfa, vacib iş düşdü, rayona gedirəm. İnanıram ki, mən qayıdana qədər sakitləşəcəksən. Sənsiz darıxacam.

Orxan”

Vərəqi iki qatlayıb Batona verdi.

– Bunu çatdırarsan Səfaya... Anaya da de ki, məndən nigaran qalmasın.

Baton narazı-narazı çiynini çəkdi:

– Axı, mən işdəyəm, qardeş.

– Heç zad olmaz. Naçalnikdən icazə almışam səninçün, – deyib, Orxan əlini Batonun kürəyinə vurdu.

Orxan dayanmadan dörd saat yol gəlmişdi, asfaltından daş-beton binalarından ilğım qalxan Bakıdan indi xeyli uzaqda, xeyli hündürdə idi. Orxan Azərbaycanı eninə-uzununa çox gəzmişdi, yollarda, çöllərdə çox günlər keçirmişdi. Evlərindən qıraqda istiyə də düşmüşdü, soyuğa da, rahatlıq da görmüşdü, əziyyət də. Rayonlar, kəndlər onunçün təzə, təəccüblü, yad deyildi. Kənddə özünü kəndlidən aciz hesab eləmirdi. Elmi rəhbəri Xürrəm müəllim cavanlığını belə səfərlərdə keçirmişdi – yaşı yetmişi ötsə də, hələ qıvraq idi – elə indi də fürsət düşəndə şəhərdən yayınırdı. Kəndləri qarış-qarış gəzməyi də Orxana o tövsiyə eləmişdi: “Xalçaçılığı özünə sənət seçən adamı bir ayağı gərək çöldə, kənd-kəsəkdə ola. Savadsız ana-bacıların toxuduqları xalı-gəbələri axtarmaq, görmək lazımdı. Bu dünyada müdrik arvadlar var, bala, kişilər onlardan çox şey öyrənə bilərlər”.

Ağbəyim sarıdan Xürrəm müəllimin dili ağzına sığmırdı. Deyirdi, Ağbəyim rəssamdı, şairdi, toxuduğu xalçaların hər ilməsinə ürəyinin işığından bir zərrə qatır, onun əlindən çıxan xalı-xalçaları görəndə adam mahnı oxumaq, şeir demək istəyir, adamın qəlbi nurla dolur. Neçə il bundan qabaq Bakıda xalq ustalarının sərgisi açılmışdı, onda Ağbəyimin işini görənlər bu savadsız arvadın ağlına, fəhminə heyran qalmışdılar. O günlərdə Ağbəyimin şəkli necə qəzetin bəzəyi olmuşdu, radioda, televizorda bol-bol təriflər yağdırmışdılar onun başına.

Ağbəyimin kəndinə çatandan beşcə dəqiqə sonra Orxan bu qədər yol gəlməyinə peşman oldu. Dedilər, Ağbəyim çoxdan köçüb burdan. Köçüb gedib Çapıqqaya kəndinə. Orxan zəhmət çəkib Bakıdan bura gəlmişdi, Ağbəyimi görməmiş geri qayıtmayacaqdı. Dedilər, amma Çapıqqayanın yolu xarabdı, “Jiquli”ynən ora çətin çıxarsan, gərək hovur-hovur sürəsən...

Elə bil dünyanın qurtaracağındaymış bu kənd – get ki, çatacaqsan. Sükan fırlamaqdan Orxan əldən-dildən düşdü, axırı ki, uca bir dağın başında balaca bir binəyə yetişdi. Düzü, buranın Çapıqqaya olduğunu bilmirdi və güman da eləmirdi ki, yer üzündə belə kənd olar. Cəmi dörd-beş yastı-yapalaq daxma vardı burda, iki-üç keçə alaçıq vardı, bir də çay daşından hörülmüş uzun bina – onun da damının yarısı dəmir idi, yarısı şifer. Burda nə adam görünürdü, nə səs-səmir eşidilirdi, təkcə öndəki daxmanın qabağından göyümtül tüstü qalxırdı və bu tüstü olmasaydı, deyərdin bəs bura xarabalıqdı.

Orxan maşını bir az irəli sürdü, elə bu dəm canavara oxşayan dörd-beş it acıqla, qəzəblə hürə-hürə “Jiquli”nin üstünə cumdu. Öndəki daxmadan bir qadın çıxıb itlərə təpindi. Arvad gördü ki, uzaqdan qışqırmağın xeyri yoxdu, irəli gəlib itləri qovdu. Bu, arıq, uzun bir arvad idi. Başındakı qıyqacın uclarını boğazının altında düyünləmişdi. Aralıdan cavan, ya qoca olduğu bilinmirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 dəq
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 dəq
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 dəq
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 saat 10 dəq

Başqa şairlərin şeirləri