Səhifə 6 / 17 · 29%

Orxan maşından düşüb:

– Xala, – dedi, – Çapıqqaya çox uzaqdadı?

Arvad:

– Çapıqqaya buradı, – dedi.

Orxan alaçıqlara göz gəzdirə-gəzdirə soruşdu:

– Bura kənddi?

Arvad Orxanın dar-dütək “cins” şalvarına, enli qayışına, yaxasıaçıq uzunqol köynəyinə baxıb gördü ki, bu tərəflərin adamına oxşamır bu oğlan.

– Bura fermadı, – dedi, – mal ferması...

– Mənə kənd lazımdı, xala. Çapıqqaya kəndi...

– Çapıqqaya elə buradı. – Arvad başıyla aralıdakı qayaya işarə elədi. – Bundan savay Çapıqqaya yoxdu bu həndəvərdə.

Orxan, arvadın başıyla işarə elədiyi səmtə baxdı və o yanda əzəmətli, qara bir qaya gördü. Qaya dağın uçuruma meyllənən tərəfində idi. Qayanın ortasında get-gedə nazilən bir yarıq vardı, elə bil oranı çapıb götürmüşdülər. Çapıq yeri bu qara qayanı böyrü üstə qoyulmuş ağzıaçıq, nəhəng qayçıya oxşadırdı.

Orxan təzədən üzünü arvada tutub soruşdu:

– Ağbəyim burda olur?

Arvad xeyli susdu, sonra:

– Ağbəyim mənəm, – dedi və nədənsə, bir-iki addım dala çəkildi. Cavan bir oğlanın onun soraqlamağı, deyəsən, Ağbəyimin ürəyincə olmadı, deyəsən bu oğlanın gəlişi arvadı bir az qorxuzdu da: Ağbəyim bir yanını qaçaraq qoymuşdu.

Orxan üzünü ilk dəfə gördüyü bu arvaddan ərkyana incidi: bunu görmək həvəsilə Bakıdan bura maşın sürəsən, bu da səni belə soyuq qarşılaya? Orxan səsini qaldırdı:

– Ay xala, məni Xürrəm müəllim göndərib!

Ağbəyim elə bil daş idi, heç cınqırını da çıxartmadı. Orxan sözünün cavabsız qalmağından pərt oldu. Geri qayıtmaq istəyirmiş kimi qanrılıb gəldiyi yola baxdı, sonra bir-birindən xeyli aralıda yerləşən daxmalara baxdı, çiynini çəkib, öz-özünə:

– Yaman yerdə axşamladım, – dedi.

Arvad Orxandan utanırmış kimi nəzərlərini onun başının üstündən harasa zilləyib, naçar-naçar dedi:

– A qonaq, vallah indi evdə kişi xeylağı yoxdu. Gəl bir loxma çörək ye, yorğunluğunu al, Rza gəlsin, görək dərdin-sərin nədi.

Orxan “Jiquli”ni qabağından tüstü qalxan daxmanın böyrünə sürdü. Maşından düşən kimi özünü verdi ocağın qırağına. Canında bir soyuqluq vardı, şaxtaya düşübmüş təki burnunun ucu, qulaqları, ayaq barmaqları sızıldayırdı. Ocağa yaxın çöməlib fikirləşdi ki, dünya çox qəribə qurulub: kürreyi-ərzin hər guşəsinin bir cürə ab-havası var – burda mənim dişim dişimə dəyir, sinəmi istiyə verib qızınıram, amma indi Bakıda bürküdən nəfəs almaq olmur, indi camaat orda bircə udum sərin hava həsrətindədi, adamlar su köşklərinin qabağında növbəyə dayanıblar. İndi yəqin Səfa oturub məni xatırlayır, mənim şəhərdən qəfil çıxmağıma təəccüblənir.

Səfa yadına düşəndə, Orxan bura gəlməyinə birdən-birə peşman oldu. Fikirləşdi ki, bəlkə elə sabah qayıtsın Bakıya, taleyinin Səfayla bağlı düyününü dağların başında yox, elə orda – Səfanın yanında açsın? Sonra da fikirləşdi ki, onu şəhərdən qaçıran təkcə Səfanın göz yaşları deyil, bəlkə də şəhərin adamı tez yoran, usandıran qələbəliyi, münasibətlərin qəlizliyidir. Düzünə qalsa, Ağbəyimi görmək niyyəti olmasaydı, Orxan bəlkə də buralara gəlməzdi. Amma Ağbəyim elə ilk dəqiqədən onun niyyətinin üstündən bir qara xətt çəkmişdi. Qəribə arvaddı Ağbəyim: dinib-danışmır, heç Orxanın nə mətləbə gəldiyini də xəbər almır. Qonaq-zad vecinə deyil bunun. Bu balaca, yastı daxmanın içində xalça toxumaq olmaz. Bəs görəsən Ağbəyim dəzgahını harda qurur? Arvadın qırımından Orxan elə qorxmuşdu ki, ağzını açıb söz soruşmağa ürək eləmirdi. “Neynək, qoy Rza gəlsin, Rzanın yanında danışarıq”.

Orxanın üzü, sinəsi istilənmişdi, amma kürəyi qızmamışdı. Ocaqda iri-iri qıpqırmızı közlər vardı, di gəl ki, sacayağının üstündəki ağzıörtülü yekə qazandan buğ qalxmırdı, xörək iyi də gəlmirdi. Orxan ac idi, yanları hisli qazana baxa-baxa udqundu və yadına Yavərin dünən gecəki qonaqlığı düşdü: o süfrədəki xörəklər indi burda olsaydı, hamısını gözünə təpərdi... Saatına baxdı; səkkiz tamam olmuşdu, gün batabatda idi. Yəqin indi Bakıda gün Bayıl dağından o tərəfə adlayıb. Yəqin saat yeddidə Yavər “İyirmialtılar” metrosunun qabağında Orxanla Səfanı gözləməkdən yorulub. Kim bilir, Fidan görüşə gəlib, yoxsa yox? O da gəlməyibsə, Yavər yəqin indi küçələrdə dilxor-dilxor veyllənir.

Arvad Orxana dürmək gətirib verdi:

– Hələlik, bunu ye, – dedi və ocağa bir-iki odun atıb getdi.

Orxan çöməldiyi yerdən qalxdı. Üzünü Çapıqqayaya tutub, dürməkdən iri dişdəmələr ala-ala başladı yeməyə və yedikcə ona elə gəldi ki, dünyada bu yuxadan, bu pendirdən dadlı, ləzzətli nemət yoxdur. Yeyə-yeyə onu da fikirləşdi ki, bu arvadın “Rza” dediyi adam yəqin bir azdan gələcək – yəqin Rza bu uzun arvadın əridi – arvad ona deyəcək ki, a kişi, bizə Allah qonağı gəlib, Rza da deyəcək ki, Allaha da qurban olum, qonağına da. Orxanı aparacaqlar daxmaya, bu qazanda bişən nədirsə, bundan doyunca yedizdirəcəklər ona, sonra yük yerindən yumşaq yorğan-döşək çıxaracaqlar, sonra... Orxan birdən gördü ki, çəhrayı donlu bir qız arxasını qapının tininə söykəyib, diqqətlə ona baxır. Qız on üç-on dörd yaşlı uşağa oxşayırdı. Pırtlaşıq saçları çiyinlərinə tökülmüşdü, özü də bu sazaqlı havada ayaqyalın idi. Gözlərini zilləmişdi Orxanın donbalıb-batan ovurdlarına, dodaqlarını gəmirəgəmirə gülməyini güclə saxlayırdı. Orxan tikəsini udub gülümsəyəndə, qız cəld daxmaya girib, qapını örtdü.

Naxır qayıdana qədər qız çölə çıxmadı...

Naxırı fermaya iki oğlan gətirdi. Biri ortaboylu, tökməbədən, o biri uzun, caydaq idi. Naxır gəlib üstünün yarısı dəmir, yarısı şifer olan uzun damın qabağında dayandı. Bayaqdan kimsəsiz kimi görünən fermaya hay-küy düşdü, arvadlar elə bil yerin altından çıxdılar. Kimi sərnic, kimi vedrə götürüb özünü verdi mal-qaranın yanına. Pırtlaşıq saçları çiyninə tökülən qız daxmadan əli vedrəli çıxıb, gülümsəyə-gülümseyə Orxanın yanından keçdi. Orxan gördü ki, uşaq deyil bu, iyirmi-iyirmi iki yaşlı qaraşirin, yapışıqlı bir qızdı. Əldətoxunma yun köynək geymişdi, ayaqlarında şişburun, təzə qaloş vardı. Ağbəyim də daxmadan çıxdı, vedrənin qulpunu qoluna keçirib naxıra getmək istəyəndə, caydaq oğlan çomağını qoltuğunda tutub üzübəri gəldi və Ağbəyim dayanıb onu gözlədi.

Ağbəyim başı ilə Orxanı göstərib:

– Allah qonağıdı, – dedi.

Oğlan Orxanın əlini bərk-bərk sıxıb:

– Allaha da qurban olum, qonağına da, – dedi. – Sonra üzünü arvada tutub soruşdu: – Ay ana, qonaq bir şey yeyibmi?

Arvad naxırın dayandığı tərəfə gedə-gedə:

– Yox, ay Rza, – dedi, – səni gözdüyürdük.

“Demək, Rza bu imiş”. Rza çox cavan idi, yeniyetmə idi, bağı təzə-təzə çıxırdı, üzünün tükü hələ tamam-kamal qaralmamışdı, hələ üzündə sarı tüklər vardı. Boğazı uzun, nazik idi, gözləri iri, qapqara idi – bayaqkı qızın gözlərinə oxşayırdı. Ayağında cütburun çarıq vardı, bozumtul, nimdaş şalvar-pencəyi elə bil əldətoxunma parçadan tikilmişdi. Köhnə papağının bəzi yerdən dərisi ağarırdı. Orxanın bu oğlana birdən-birə qanı qaynadı, onun didilmiş papağından da, cütburun çarığından da, toppuzlu çomağından da, kişi-kişi danışmağından da xoşu gəldi.

Bir azdan sağın qurtardı, malları uzun tövləyə saldılar. Arvadlar necə qəfil gəlmişdilərsə, eləcə də yoxa çıxdılar.

Çapıqqayaya gecə düşdü, qulaqbatıran sükut çökdü...

Orxan iri-iri çay daşlarından hörülmüş darısqal daxmanın baş tərəfindəki ensiz taxta çarpayıda Rzayla üzbəüz bardaşqurma oturub, içərini nəzərdən keçirirdi. Daxmanın divarları suvaqsız, kələ-kötür idi, torpaq döşəməsi ayaq altda bərkiyib betona dönmüşdü. Girəcək tərəfə şey-şüy yığılmışdı, dolu çuval, teşt, tabaq, ələk, səhəng... Balaca pəncərənin sürahisinə qoyulmuş yeddilik çıraq içərini sarımtıl, zəif bir işığa boyamışdı. Daxmadakılar tərpəşdikcə divarlarda onların gah çarpazlaşıb-ayrılan, gah uzanıb-qırılan, gah enlənən, gah nazilən kölgələri səyrişirdi və araya sükut çökəndə Orxana elə gəlirdi ki, alatoran daxmada yalnız titrəşən kölgələr yaşayır. Tavanın hisli tirlərinə baxanda, nədənsə, Orxanın yadına Alen Delona oxşayan ağ kostyumlu, sığallı-tumarlı müğənni düşdü.

Qaragözlü qızın adı Bənövşə idi. İndi Ağbəyimlə Bənövşə döşəmədə köhnə palazın üstündə oturmuşdular: Ağbəyim yanları qara qazandan dərin boşqablara xörək çəkirdi, Bənövşə də stəkan-nəlbəkini silib təmizləyirdi...

Orxan ömründə belə xörək yeməmişdi; quymağa oxşayan duruhal, şirintəhər xörək idi, deyəsən, südün içinə un töküb bişirmişdilər. Orxan quymağa oxşayan xörəyi qaşıqlayıb yedi. Sac çörəyi ilə motal pendirindən də daddı. Sonra Bənövşə balaca sarı samovardan qalın stəkana çay süzüb qoydu onun qabağına. Orxan bir anlığa qızın gözlərinə baxdı. Fikirləşdi ki, bu irilikdə, bu təmizlikdə göz görməyib. Orxan qızın azacıq qalın dodaqlarında güclə seziləcək bir təbəssüm də gördü və şübhələndi. Şübhələndi ki, qız yəqin onun saçının qısalığına gülür – Orxan saçını qısa vurduranda dalaşqan oğlanlara oxşayırdı – ancaq Orxan özünü inandırdı ki, Bənövşə onun burda olduğuna sevindiyi üçün gülümsəyir. Bənövşənin gözlərindəki duruluqdan, dodaqlarındakı təbəssümdən Orxanın ürəyinə bir işıq seli axdı. Ürəyi o qədər isindi ki, divarları diş-diş olan daxmanın soyuqluğunu daha hiss etmədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 dəq
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 dəq
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 dəq
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 saat 10 dəq

Başqa şairlərin şeirləri