Səhifə 3 / 4 · 50%

Mirzə bir əlcə yerin alağını təmizləyib heydən düşmüşdü, güclə nəfəs alırdı. Onun badamı, qonur gözlərində dəfolunmaz bir ağrının əzabı görünürdü.

Qədir indicə dediyi sözlərdən peşman oldu.

– Qağa, başına dönüm, yoxsa xətrinə dəydim?

Mirzə dikəldi, yolduğu bir çəngə alağa tövşüyə-tövşüyə baxdı və tövşüyə-tövşüyə Qədirin gözləmədiyi bir söz dedi:

– Ölməyə gəlmişəm, Qədir.

Qədir əlindəki alağı tulladı yerə, ağzını açıb mat-mat Mirzəyə baxdı. Handan-hana:

– Bıy, əşi, səni istəməyənlər ölsün, – dedi və qəhərlənə-qəhərlənə gözlədi ki, yəqin indi Mirzə ağlayıb ürəyini boşaldacaq, amma gördü ki, Mirzə ağlayana oxşamır, çox toxtaqdı, onda Qədir də toxtadı. Dedi: – Qağa, bu nə sözdü danışırsan?

Mirzə yenə tövşüyə-tövşüyə:

– Əcəlim çatıb, – dedi, – amma Güldəstə bilməsin ha. Eşitdin, Qədir? Ölməyə gəlmişəm vətənə. – Yenə ata-anasının qəbrinə baxdı, fikirləşdi ki, günü sabah usta tapıb bu qəbirləri düzəltdirmək lazımdır, yoxsa sonra gec olar.

Mirzə təzədən üzünü matı-qutu qurumuş Qədirə tutub, yorğun-yorğun gülümsədi, solğun bənizinə təbəssüm işığı yayılanda Mirzə o qədər gözəl, yaraşıqlı göründü ki, Qədir onun ölümünə heyfsiləndi, istədi ağlasın. Qəhərdən boğula-boğula:

– Qağa... – dedi.

Mirzə başını qaldırıb tərtəmiz səmaya baxdı. Havanı ciyərlərinə elə çəkdi ki, qansız dodaqları səyridi, elə dodaqları səyriyə-səyriyə də dedi:

– Ölməyə vətən yaxşı, Qədir... vətən yaxşı.

Qəbiristanlıqdan çıxandan sonra Mirzə rayonu, maşınla da olsa, gəzmək, qırx il bundan qabaq qoyub getdiyi yerlərə axırıncı dəfə baxmaq qərarına gəldi. Qədir tələsdi, qorxdu ki, birdən Mirzənin sözü gerçək olar, Mirzə doğma yurdu görməmiş ölər – “Jiquli”ni o küçəyə sürdü, bu küçəyə sürdü, göstərməli nə vardısa, hamısını Mirzəyə göstərdi. Mirzə gördü ki, bura tamam başqa aləmdi, bura onun qoyub getdiyi tozlu-palçıqlı rayon deyil, burda yastı damlardan, qarğı çəpərlərdən əsər-əlamət qalmayıb. Nə araba var, nə arabaçı. Maşınlar belədən eləyə şütüyür, elədən beləyə... Bütün küçələrə asfalt döşənib. Burda daşdan evlər tikilib ki, tamaşasına adam iki göz də borc almaq istəyir. Təzə bazar, təzə xəstəxana, iki mərtəbəli univermaq, mədəniyyət sarayı, musiqi məktəbi... Bunları görəndən sonra arxayın ölmək olar. Amma ölməmişdən əvvəl o iki qəbri abıra salmaq lazımdır. Bir də Həsəni axtarmaq, sağdırsa, tapıb onun könlünü almaq lazımdır, yoxsa Mirzənin sağ əlinin içi o dünyada da gör-gör göynəyəcək. Ondan sonra rayonun ortasındakı bağda, bir palıd ağacının kölgəsində rayonun ortasındakı bağda, bir palıd ağacının kölgəsində oturub doğma yurdun havasından doyunca udmaq və bu torpaqla halallaşmaq olar. Vəssalam! Yox, nə vəssalam? Səhərdən bəri Mirzənin ürəyini didim-didim didən qaranlıq bir məsələ qalır, indi, bu dəqiqə onu aydınlaşdırmasa, Mirzə bu dünyadan nisgilli köçəcək.

Mirzə dedi:

– Qədir, mən bura gələndə dədə-baba evimizə getmək istədim, amma çaşıb qaldım, evi tapa bilmədim, adamlardan soruşmağa da utandım. Yəni təzə evlərin içində itib-batıb evimiz? İndi kimlər olur orda?

Qədir dodaqlarının qıraqları ilə gülümsəyib, maşını bağın ayağından geri döndərdi.

Rayonu tən yarıya bölən ensiz Qarqar çayının üstündəki dəmir körpüdən keçdilər... Bax, bu çaydan bir az aralıda od dəyirmanı vardı – indi yoxdu. Yerində ikimərtəbəli bina tikilib, deyəsən, idarədi... Sağ yanda gümbəzli hamam olmalı idi. Hanı bəs? “Bizim ev gümbəzli hamamın qabağındaydı”.

Qədir maşını saxladı.

– Bu da sizin ev, – deyib gülümsədi. Gördü ki, Mirzə bulud kimi tutulub, o da ciddiləşdi. Dedi: – Ev də adam kimidi: yiyəsiz, baxımsız qalanda tez qocalır... Hökumət dəyərini verib sökdü, yerində də görürsən də...

Evin yerində balaca daş meydança salınmışdı, meydançanın içində söykənəcəkli taxta skamyalar qoyulmuşdu. Lap ortada hovuz vardı. Mirzə gözlərini dibi görünən dayaz hovuza zilləyib soruşdu:

– Bəs tut ağacı hanı? Burda tut ağacı vardı.

Qədir cavab vermədi, fikirləşdi ki, Mirzə qəribə adamdı, atasından o boyda evi yerlə-yeksan olub, yurdu dağılıb, onun dərdini çəkmir, bir qartımış ağac hayındadı...

Qonum-qonşu gecə yarıdan keçəndə dağılışdı. Mirzəni sorğusuala tutub əldən salmışdılar. Uşaqlar yatışandan sonra otaqda Mirzə, Qədir, bir də Güldəstə qaldı. Güldəstə deyəsən, səhərə qədər Mirzəylə diz-dizə oturmaq fikrində idi. Sandıqdan saralmış bir şəkil çıxardıb:

– Sən yadıma düşəndə buna baxıram, – dedi. – Heç yadımdan çıxırsanmı? Ay tövbə!

Bu şəkil nə vaxtın şəkli idi, görəsən? Burda Mirzə də cavan idi, Nina da, uşaqlar da körpə idilər. Bu şəkli Güldəstəyə kim göndərib? Bu şəkildən Mirzəgildə, deyəsən, yoxdu heç. Mirzə şəkli alıb, arxasına baxdı və öz xəttini tanıdı: “Sevimli ata-anama!” nədənsə, bu sözlərdən zəhləsi getdi. Şəkli bacısına qaytarda və hiss elədi ki, bacısı bu şəkillə bağlı onun nəsə deyəcəyini gözləyir.

Mirzə dedi:

– Heyif Ninadan, yaxşı adam idi.

Güldəstə şəklə zənlə baxa-baxa:

– Gəlinimizi görmək bizə qismət olmadı, – dedi, sonra da əlavə elədi ki: – Maşallah, yaxşı uşaqların var, kuklaya oxşayırlar.

Mirzə gülümsədi:

– İndi day kuklaya oxşamırlar, – dedi, – yekəliblər... Orda Tolikin beş-altı yaşı olar, Maya da ondan üç yaş kiçikdi.

Güldəstə qardaşının qəlbinə dəyməkdən qorxurmuş kimi ehtiyatla danışdı:

– Qurbanım olum, bir nisgil ürəyimi parçalayır, axı. Ayaqlarının altında ölüm, a Mirzə, bəs belə də dərd olarmı ki, sənin balalarının ayağı bu torpağa dəymədi. Balaların bizi tanımırlar, biz də onlara həsrətik.

Mirzə yumruğunu ağzına dirəyib, iki dəfə öskürdü və Güldəstə başa düşdü ki, qardaşı cavab tapmaqda çətinlik çəkir, başa düşdü ki, indi bu söhbətin, bu şikayətin məqamı deyildi.

Güldəstə təzədən şəklə baxıb, kövrələ-kövrələ soruşdu:

– Dərdin mənə gəlsin, qardaş, balların sənə görüm-baxım eləyirlərmi?

Qədir arvadına gözlərini ağartdı, amma Güldəstə ərinin hədəsini vecinə almadı, Qədir gözlərini təzədən zillədi Mirzənin ağzına.

Mirzə gülümsəyə-gülümsəyə dedi:

– Mənim pensiyam onların maaşından çoxdu; bilmirəm nəyə xərcləyim, hara xərcləyim. Hərdən mən onlara görüm-baxım eləyirəm.

Mirzənin gözləri süzülürdü, bənizi bir az da ağarmışdı. Qədir arvadına təpindi.

– Dur, kişinin yerini sal, aaz!

Yatağına uzananda Mirzə bu qərara gəldi ki, sabah Həsəni soraqlasın. Bəlkə Həsənin sümüyü də sürmə olub? Sağdırsa, qoy Mirzəni bağışlasın, ölübsə, qəbri nurla dolsun... Sonra Mirzə nazik adyalı sinəsinə çəkib qulaq verdi ki, qurbağalar indi quruldayar, bir azdan quruldayar. Ha gözlədi, qurbağa qurultusu eşitmədi. Bunlara nə oldu, bunlar hara yoxa çıxdı görəsən? Qurbağa od dəyirmanı deyil, gümbəzli hamam deyil. Salman kişinin evi deyil – sökələr, izi-tozu da qalmaya. Yəni bu həndəvərdə ikicə qurbağa yoxdu ki, ağız-ağıza verib quruldaya?

Huşa gethagetdə Mirzə o biri otaqda nazik bir inilti eşitdi: Güldəstə inildəyirdi. Demək, Qədir dilini dinc saxlaya bilməyib, Mirzənin vətəndə ölmək niyyətini danışıb Güldəstəyə. Eh, ay Qədir, ay Qədir... Dörd övlad atasısan, nəvən də var, saçın-saqqalın ağarıb, amma ağzında su ilinmir.

* * *

Xərcin çoxluğu Mirzəni qorxutmadı, Mirzə Şuşadan boz mərmər gətirdi, qəbirlərin ikisini də eyni biçimdə düzəltdirdi. Ustaya Mirzə özü kömək eləyirdi: qəbiristanlığın ortasındakı hovuzdan su gətirirdi, palçıq qarışdırırdı, amma qəribə idi ki, əvvəlki təki yorulmurdu, təngnəfəs olmurdu, hiss edirdi ki, bədəninə təpər gəlir. Bu gün dəmir şəbəkəni – qəbirlərin hasarını da gətirib qoyacaqdılar və buradakı iş tamam olacaqdı. İşini belə tez qurtarmağı Mirzənin ürəyincə deyildi, ona elə gəlirdi ki. Görəcəyi işlər azaldıqca ölümü yaxınlaşır. Mirzə tez ölmək istəmirdi, düzünə qalsa, heç ölmək istəmirdi, bura gəldiyi iyirmi gündə əməlli-başlı dirçəlmişdi. Güldəstə də, Qədir də səhər-səhər yerlərindən duran kimi Mirzəyə baş çəkirdilər, altdan-altdan onun rəng-rufuna fikir verirdilər. Mirzə hər dəfə süfrədəki nemətləri xımır-xımır yeyəndə Güldəstənin qonur gözləri nəmlənirdi. Güldəstə o biri otağa keçib, üzünü tavana tuturdu: “İlahi, kərəminə min şükür, – deyirdi, – bircəcə qardaşımın yanaqlarına qan gəlib. Sənə atam-anam qurban, ya rəbb, mənə qardaş vayı, qardaş dağı göstərmə, mirzədən qabaq mənim canımı al.” Güldəstə qardaşının əvəzində ölməyə, doğrudan da, hazır idi, çünki Qədir demişkən, Mirzə axırda oğulluq, övladlıq borcunu başa düşüb, valideynlərinin ruhunu şad eləyib. Hərçənd vaxtı çox ötürüb, amma nə eybi, kişi fərli iş görüb. Ləng tərpənmək, gecikmək, onsuz da Mirzənin keçmiş peşəsidir.

Atası öləndə də Mirzə dəfnə gecikdi. Kişi də payızda köçdü dünyadan. Onda da hava bir az sərintəhər idi, yer-yurd xəzəllə dolu idi, qollu-budaqlı tut ağacı da lümlüt idi. Hər şey anası öləndə olduğu kimi idi, intəhası Salman yox idi bu həyətdə, indi onun əvəzində Qədir kürəyini tut ağacına söykəyib gözləyirdi ki, Mirzə ağlasa, o da ağlasın. Mirzə dodaqlarını çeynəyə-çeynəyə Güldəstənin ağısına qulaq asdı, bulud kimi tutuldu, bıçaq vursaydın Mirzənin bir damcı qanı çıxmazdı, di gəl ki, gözləri nəmlənmədi. Bu Mirzə daşdı, qayadı, ağacdı nədi görəsən? Anası öldü – ağlamadı, atası öldü – ağlamadı. Bəs nə vaxt ağlayacaq bu? Mirzə tut ağacının cadar-cadar gövdəsinə baxdı, ağac qocalmışdı, qurumaqçün bir himə bənd idi. Mirzə fikirləşdi ki, bir də yolu doğma yurda düşsə, şahtutu yerində görməyəcək, yəqin şahtut axırıncı payızını yaşayır. Həyətdəki xəzəl də, indi sahibsiz qalmış ev də ağaclar da adama kədər gətirirdi. Mirzə dərindən ah çəkdi, üzünü Qədirə tutub, hüznlü səslə soruşdu: “Atam öləndə nə vəsiyyət elədi, nə soruşdu?” Qədir kürəyini ağacın qartımış gövdəsindən araladı, hələ də zümzüməyə ağlayan arvadına baxa-baxa dedi: “Kişi neçə gün səni arzuladı... Rəhmətliyin dilində elə sənin adın idi”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 saat 10 dəq
Küçələrə su səpmişəm...

Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.

197154 dəq
Quyu

I**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi:

19761 saat 25 dəq
Dədə palıd

Kürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.

19791 saat 40 dəq

Başqa şairlərin şeirləri