Səhifə 2 / 3 · 33%

Bizim kolxozda belə şeyləri yada salmasan yaxşıdır.

İmran təəccüblə soruşdu:

– Niyə?

– Ondan ötrü ki, onun xeyrindən çox şəri var.

– Kərim dayı, axı mən başa düşə bilmirəm, məhsuldarlığı artırmağın kolxoza nə zərəri ola bilər? Hər hektardan iyirmi yox, əlli, altmış sentner pambıq götürsək, kolxoz zərər çəkər?

– Bəli, çəkər, Kərim kişi cadar-cadar olmuş baş barmağı ilə qəlyanın külünü basdı. - Sən, oğul, hələ bizim adamları yaxşı tanımırsan.

Elə lap rayonun bəzi rəhbərlərini də deyirəm.

İmran maraqla qocaya baxır, onun boş-boşuna danışmadığını duyurdu. O, lap uşaqlıqdan Kərim kişinin ağıllı sözlər söylədiyini, iclaslarda çıxış edib, heç kəsin ağlına gəlməyən məsələləri açdığını bilirdi.

– Kim çux işləyirsə, onu daha çox yükləyirlər. Geridə qalanlarla heç kəsin işi yoxdur, - deyə Kərim kişi sözünə davam etdi. - Sən bu il hər hektardan qırx sentner pambıq verərsən, gələn il əlli olar, o biri il altmışa qalxar. Amma heç kəs fikirləşmir ki, bunu necə becərmək olar. Molla Nəsrəddin kimi elə mıxdakını döyürlər. Geridə qalanların borcunu da qabağa gedənlərin boynuna yükləyirlər ki, rayonun planı dolsun. Amma bir maraqlanan yoxdur ki, niyə kolxozun biri planı doldurur, o biri yox? Bax mən bunu deyirəm, bala. Tutaq ki, bu il bizim kolxoz irəli gedəcək. Raykom Kosaoğlunu çağıracaq. O da sinə-sinə döyüb səksən sentnerə söz verəcək. Sonra deyəndə ki, ay sədr, səksən sentnerdən ötrü filan-filan şeylər lazımdır, qulaq ardına verəcək. Ona nə var, bir "malades"dən ötrü kəndi alt-üst elər.

– Bura bax, ağsaqqal vaxtında yenə nə demaqoqluq eləyirsən? - deyə, içəri girən Kazım ucadan səsləndi: - Biz həmişə canla-başla işləyirik, yenə də işləyəcəyik. Hökumətimiz hər hektardan lap yüzəlli sentner istəsə də verəcəyik...

Kərim kişinin gözləri qıyıldı. O, əlində qamçı, qapı ağzında duran Kazıma baxdı.

– Əlbəttə, sən lap iki yüz sentner də verərsən.

Kazım onun səsindəki kinayəni duymadı.

– Verə bilmərəm?

– Yüz hektarın əvəzinə yüz əlli hektar əkəndə nənəm də verər.

Kazım, ilan çalmış kimi, dik atıldı.

– Heç olmasa çal saqqalından utan, yalan danışma!

– Bala, saqqalın çallığı baş töhməti deyil. Baş töhməti camaatı aldatmaqdır.

– Camaat, - deyə Kazım istehzalı nəzərlə qocanı təpədən dırnağa süzdü. - A kişi, sən kimsən ki, camaat dərdinə qalırsan? Özünə umac ova bilmirsən. özgəyə əriştə kəsəcəksən?

Kərim kişi qəlyanını peçin dəmirinə vurub külünü boşaltdı. Tənbəki kisəsini çıxartdı. Adəti üzrə, gözlərini qıyıbbaşını azca yana əyərək briqadirə baxdı. İmran gördü ki, kişinin əlləri əsir.

– Düz deyirsən, bala, mən nəçiyəm ki? İndi kolxozumuzun ağası sizsiniz. Amma mən bu kəntdə kolxoz quranda, sinəmi qayalara verib beşaçılan dalında yatanda, qaçaqlarla atışanda sən yalda-yamacda gəzirdin. Əlbəttə, indi mən lazım olmaram. Ağzınız genişliyə çıxıb.

Qoca qəlyanı damağına aldı.

İmranın kişiyə yazığı gəldi. Onun azacıq əyilmiş beli Kazımın sözlərindən sonra elə bil bir az da əyildi. O, peçin ağzını açdı. Göz götürüb qəlyanın üstünə qoydu. "Eh, qocalıq!" - deyib köksünü ötürdü. Bayaqdan olub-keçənlərə göz qoyan İmran söhbəti təzələmək istədi.

Elə bu vaxt qarı yara-yara gələn "Pobeda" idarənin qabağında dayandı. Qış-yaz, nədənsə həmişə kürkünü çiynində gəzdirən Kosaoğlu maşından düşüb eyvana çıxdı, gəldiyini xəbər verirmiş kimi, bir-iki dəfə bərkdən öskürdü, hamı dərhal ayağa qalxdı.

Kosaoğlu bir anlığa qapının ağzında dayanıb içəridəkiləri süzdü.

– Ə, nə olub, ağac başında ha yatmayıbsınız, nə tezdən idarəyə doluşubsunuz? - deyə gülümsədi. Onun salam əvəzinə zarafatla dediyi bu sözlərə təbəssümlə cavab verənlər də oldu.

Kosaoğlu yerinə keçib, stolu altına çəkdi. Hələ də ayaq üstə duranları görüb amiranə səslə:

– Ə, oturun, niyə ayaq üstə durubsunuz, - dedi.

Gövhər qarı, sədrin yerinə keçib əyləşdiyini görəndə sevindi. "Allah, sənə şükür, deyəsən kişinin bu gün kefi sazdır. Dava, qalmaqal salmayacaq".

Kosaoğlu yerini rahatlayandan sonra stolun üstündəki kağızları əlləşdirdi. Sonra telefonun qulpunu hərləyib zəng etdi. Dəstəyi götürüb qulağına yaxınlaşdırdı. Bir iki dəfə "allo, allo" - dedi. Cavab verən olmadı. Qaşqabağını sallayıb fısıldadı. "Bu zalım uşağı da adama bir dəfə düz-əməlli cavab vermir", - deyə öz-özünə deyindi və dəstəyi yerindən asdı.

İmran durub sədrə yaxınlaşdı. Kosaoğlu onu yenicə görürmüş kimi yerində qurcalandı.

Ə, İmransanmı? Xoş gördük, bala, nə vaxt gəlibsən? - deyə gülə-gülə ona əl uzatdı, - otur, otur, söylə görək nə var, nə yox?

Telefon zəngini eşidən Kosaoğlu, sözünü yarımçıq qoyub dəstəyi götürdü.

– Hə, haradı? Sıntralnıdı? Hə, mən zəng eləmişdim. Ay qız, Nura, zolotqa, mənə yoldaş prokururu ver. Deyinən sonnon Kosaoğlu danışmaq istəyir... idarədə yoxdur? Evi olsun, neylək.

Sədr sakitcə gözlədi. Birdən onun sifəti qəribə şəklə düşdü. Kiçik gözləri qıyılıb daha da balacalaşdı. Yanaqlarındakı qırışlar çoxaldı, iri, qalın dodaqları aralandı, saralmış dişləri göründü.

– Sabahınız xeyir, yoldaş Əsədov, sizi narahat edən Kosaoğludur.

Bəli? Hə, mənəm, kefımmi? Sağ ol, çox yaxşıdır. Bir də ki, təki sizing kefiniz yaxşı olsun. Biz bir təhər dolanacağıq. A kişi, heç belə şey olar? Hə... elə evdə də deyirəm. Bizi bir yolluq yaddan çıxartdinız ki...

A kişi, nə olsun, çovğun-zad qopmayıb ki? İstəyirsiniz maşın göndərim, hə? Yaxşımı? Yox, sakitlikdir. Bir şey olsa xəbər verərəm. Yaxşı.

Gözləyəcəyəm. Elə uşaqlar darıxıblar. Sağ olun, çox sağ olun. Evdəkilərə salam deyin.

Kosaoğlu dəstəyi asıb kabinetdəkiləri qürurla süzdü. Kərim kişi peçin yanından durub sədrin stoluna yaxınlaşdı. Bunu görən Qurban qaşqabağını tökdü:

– Bir az gözlə.

Kərim kişi Kosaoğlunun onunla danışmaq istəməyib, üzünü yana çevirdiyini görsə də, yerindən tərpənmədi.

– Nə qədər gözləmək olar?

Elə bil Kosaoğlunun yağırını basdılar. Yerində qurcalanıb tərs-tərs qocaya baxdı.

– Gün günorta olub, - deyə Kərim kişi sözünə davam etdi. – Xalqın işi var, gücü var.

Kosaoğlu hirsini güclə boğub:

– Mən na edim? - deyə cavab verdi. - Gecə yarıya qədər iclasda baş-beynimizi aparanda bilmirdinmi belə olacaq? Zəhmət çəkib dünən az danışaydın, indi də günortaya qədər gözləməyəydin.

– Dərd danışdırır adamı, a Qurban, dərd...

Kosaoğlu Kərim kişinin çox danışdığını hiss edib susdu. Qonaq hesab etdiyi İmranın yanında bu cür söhbəti eşitməmək üçün qocanın sözünü yarımçıq kəsdi:

– Yaxşı, nağıl açma, de görüm nə istəyirsən?

Kərim kişi əlindəki vərəqi stolun üstünə qoydu.

Kolxoz sədri tərs-tərs kağıza baxdı.

– Bu nədir?

– Ərizə.

– Nə ərizə?

– Taxını qurtarıb, avans istəyirəm.

Kosaoğlu kağızı kənara itələdi.

– Ə, mən anbarçıyam? Taxılın qurtarıb, get anbara.

– Getmişəm, sənin qolun olmasa vermir.

– Vermir, vermir. Mən neyləyim?

– Axı, sən bizim sədrimizsən.

– Nə demək istəyirsən?!

– Demək istəyirəm ki, camaat səni özünə sədr seçib, sən də böyüklük elə. Xalqın haqqını vaxtında özünə çatdır.

– Bura bax, get işində-gücündə ol, mənə ağıl öyrətmə. Bu da axşamkı deyil ki, ağlına gələni danışasan. Ə, xalq səni özünə vəkil seçib?

Toy toğlusu kimi nə düşübsən ortalığa? Sənə neçə dəfə demişəm, ağlını başına yığ, get yıxıl öl bir yerdə. Hər yerə özünü soxma. Sonra peşman olarsan ha!

– Sən sağ ol, elə peşman olmuşam.

– Nəyə?

– Sənə barmaq qaldırmağıma.

Kosaoğlunu od götürdü. Bu qədər adamın içində deyilən sözlərə dözə bilmədi. Bu saat ona həddini bildirməsə ürəyi partlayacağını hiss etdi. Əllərini stola söykədi, bədənini irəli verib çığırdı:

– Nə dedin?

– Səsindən xoşun ha gəlmir, boğazını niyə yırtırsan? Nə dediyimi çox yaxşı başa düşdün...

– Yaxşı! - dişlərini bir-birinə sıxan Kosaoğlu ərizəni götürüb parça-parça elədi, ovcunda övkələyib peçə atdı.

– Di get! Taxsır məndədir: səni indiyə kimi niyə kənddə qoymuşam ki, sən də belə eləyirsən?!

Kərim kişi bir peç tərəfə, bir də pörtmüş sədrə baxdı.

– A Kosaoğlu, bir şey demirəm. Görürəm çox havalanıbsan. Amma onu bü ki, İskəndər Zülqərnəyə qalmayan dünya sənə də qalmayacaq.

Eybi yoxdur...

Kosaoğlu daha da qızardı. Boğazının damarları qabardı.

– Kərim kişi, bax ha, saqqalının ağlığına baxmaram. Səni bu camaatın içində biabır elərəm!

Kərim kişi çiynini çəkdi və təhqir olunmuş halda, ağır-ağır idarədən çıxdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

I fəsil, 1

Həsən ağa eyvanı Kürə baxan evlərinin həyətində odun yarırdı. Havanın sazaq, ətrafın qırov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi. Ələddinin səsini eşidəndə baltanı kötüyə sancıb dikəldi. Gödəkcəsini çiyninə saldı, ağır-ağır doqqaza doğru addımladı.– Niyə orda durubsan?

19959 dəq
I fəsil, 2

Həsən ağa ətrafa səpələnmiş quru budaqlardan bir qucaq yığdı, gətirib meyitin yanında yerə tökdü. Əlləri əsə-əsə ciblərini axtardı. Kibrit çıxardıb ocaq qaladı. Meşəyə qızıl dilli alovun işığı yayıldı. Sonra iri bir kötüyü sürüyüb ocağa qoydu. Bir xeyli çartıltıyla yanan odunlara baxdı.Alan yerə yatdı. Qabaq ayaqlarının üstündə, xəzəli xışıldada-xişıldada, zingildəyə-zingildəyə meyitin bərabərinə qədər süründü. Onu imsilədi və birdən dik atılıb geri sıçradı. Həsən ağa dolmuşdu. Başını əlləri arasına alıb, için-için, korun-korun ağladı. Elə bil Alan bunu başa düşdü. Ulamasına ara verib təzədən yerə yatdı. Bu dəfə sürünə-sürünə Həsən ağaya yaxınlaşdı. İtin zingiltisini eşidən kişi əlini onun başına çəkdi. İt özünə həyan tapmış kimi sivişib ona lap yaxınlaşdı. Quyruğunu buladı, Həsən ağanın bədəninə qısıldı. Hər ikisi titrəyirdi. Həsən ağa itin bu hərəkətindən ürəkləndi, özünə həmdərd tapmış kimi oldu. Bədəninin titrəməsi azaldı. Əlini əsim-əsim əsən Alanın başına çəkdi. "İndi nə eləyək, Alan, bu dərdi kimə söyləyək? Özün gördün ki, məndə günah olmadı, bədbəxt oğlunu əcəl çəkib bura gətirdi! Özünün də evini yıxdı, mənim də. İndi mənə kim inanacaq?". Kişinin yanaqlarından yaş yuvarlandı. Elə bil Alan da ağlayırdı, ocağın işığında gözləri parıldayırdı.

19954 dəq
I fəsil, 3

Şəmiddin ağa meyitə yaxınlaşdı. Diz çöküb ocaq işığında ala-bula görünən sifətinə baxdı. Əlini meyitin üzünə çəkdi. Onun təzə pencəyini, təzə şalvarına, təzə çəkmələrinə təfərrinc etdi. "Zalım balası elə bil toya yox, ölümə hazırlaşırmış", - deyə ürəyindən keçirdi. Düz bir ay qabaq Ələddini özü şəhərə aparmışdı. Gəlinə də, Ələddinə də paltarları özü almışdı. Elçiliyə də özü getmişdi. Ələddin onun gözü qabağında böyümüşdü, onu doğma balası kimi istəyirdi. Düz bir həftədən sonra toyunu edəcəkdilər. Çıraq uşağı da, Alqazaxlılar da məsləhətləşmişdilər ki, mahalın ən mahir zurnaçısı Hümməti gətirsinlər, hətta beh də vermişdilər. Aşıq Qarnet də bığını eşə-eşə sazını kökləyib gözləyirdi. Qohum-əqrəba, kəndin bütün qız-gəlini əllərinə xına yaxıb oynamağa hazırlaşırdılar. Şəmiddin ağa kövrəldi. Ayağa durdu. Atın cilovundan yapışdı. Büzüşən qardaşına baxdı.– Sən burda qal.

19954 dəq
I fəsil, 4

Güllü xanım Çıraqlılar nəslini çox yaxşı tanıyırdı. Hələ bu evə gəlin gəlməzdən əvvəl, döşü-başı yenicə çıxıb qız həddinə düşən vaxt gördüyü bir əhvalatı yadına salanda indi də başının tükü qarsıyıb yumağa dönür.Naltökən yaylağına getmişdilər. Noylu bulağın üst tərəfində, yaşıl döşdə, məhəllə-məhəllə dəyə tikmişdilər. Gün çıtdayan kimi sığirçılar mal-qaranı haylayıb örüşə aparırdılar. Qız-gəlin ise Noylu bulağın üstünə tökülür, əl-üzlərini yuyub sığallanır, sonra da sənəklərini diş göynədən bumbuz su ilə doldurub dəyələrə qayıdırdılar. Mal-qara örüşdən qayıdana qədər samovar qaynayır, çay dəmlənir, stəkan-nətbəki dəyənin içində açılmış süfrəyə düzülürdü. Səhər tezdən qoyun-quzuya baş çəkməyə gedən atlı kişilər binələrə qayıdanda hər şey hazır olurdu.

19956 dəq

Başqa şairlərin şeirləri