Səhifə 2 / 2 · 50%

– Ay camaat, hay-haray nəyə lazımdır, uşağınızı vermirsiniz, verməyin, daha aləmi başınıza niyə tökürsünüz? Biz dedik məsləhətləşək, demədik dava eləyək. Ağlınızı başınıza yığın.

– Bizə ağıl öyrətmə! Taqsırın hamısı sən dinsizdədir. Bu rusu tovlayıb gətirən də sənsən. Əvvəlcə elə səni doğramaq lazımdır!

Aleksey Osipoviç Əhmədin qolundan çəkib geri dartdı. Özü qabağa yeridi. Şapkasını çıxardıb, içini dəsmalla quruladı. Bir müddət sakitcə dayanıb camaatın susmasını gözlədi.

– Biz heç kəsi öz dinindən döndərmək istəmirik. Bizim məqsədimiz sizin uşaqlarınızı oxutmaq, onlara elm öyrətməkdir. Onları savadlandırmaqdır. İndi zaman dəyişir. Elmsiz adam kor kimidir. Gərək siz uşaqlarınızı bədbəxt olmağa qoymayasınız.

– Biz oxumamışıq, dünya uçub? Uşaqlarımız da oxumasa, yeməyə cörək tapmayacaqlar? Lazım deyil sizin oxutmağınız!

– Biz sizin xeyriniz üçün çalışırıq. Bizə kömək etmək əvəzinə molla Sadığın fitvasına nahaq uyursunuz.

– İndi də mollamıza sataşırsan? - deyə bayaqkı xəncərli kişi onun sözünü kəsdi. - Əlim-ayağım dəyməmiş rədd ol burdan!!!

– Aleksey Osipoviç, nahaq yerə fitva verirsiniz, getsəniz məsləhətdir.

– Fitvanı o yox, Siz verirsiniz!

Molla Sadıq dodaqucu gülüb, Əhmədi başı ilə camaata göstərdi.

– İndi gördünüz bu işlərin mayeyi-fəsadı kimdir?

Molla Sadığın təmkinlə söylədiyi bu sözlər adamları yerindən oynatdı. Onlar Əhmədlə Aleksey Osipiviçi tut ağacına qısnadılar. Əhməd artıq gözləməyin mümkün olmadığını yəqin etdi. Hər ehtimala qarşı cibində gəzdirdiyi naqanın dəstəyinə əl uzatdı.

Bayaqdan papirosunu papirosun oduna yandıran Cahandar ağa dözə bilmədi. Tüfəngi dizinin üstündən götürüb, ayağa durdu. Qızışmış camaatın önüncə gələn Molla Sadığın qabağını kəsdi. Onun zəhmli baxışlarından ehtiyat edib, ayaq saxlayanlar tərəddüd içində dayandılar. Cahandar ağanın yoğun səsi eşidildi:

– Geri durun!

Camaat burulğan kimi burulub yerindəcə fırlandı.

– Geri durun, deyirəm sizə!!!

Onlar tərpənmədilər. Cahandar ağa çaxmağı hərləyərək gülləni lüləyə verdi.

– Fikriniz nədir, yoxsa könlünüzə Sibir düşüb? Bəs bunun sonrasından qorxmursunuz? Sabah atlı kazaklar tökülüb gələndə cavab verə biləcəksiniz? Hə, niyə dinmirsiniz? Sizi bir-birinizə çataqlayıb atın döşünə salanda bu Molla Sadıq qabağa dura biləcəkmi? Sizdən soruşuram, onda harayınıza çatan olacaqmı?!

Adamlar qımışdılar. Addım-addım geri çəkilib gözlərini Cahandar ağaya zillədilər. Nə edəcəklərini bilmədən tərəddüd içində dayandılar. Bunu hiss edən Cahandar ağa da səsinin ahəngini dəyişib, məzəmmətə keçdi:

– Adam bir iş görəndə fikirləşər. Hər yetənin sözünə baxıb toy toğlusu kimi ortalığa düşməz. Bir də, qonağa əl qaldırmazlar.

Molla Sadıq gördü ki, bir az bundan əvvəl irəli atılanlar geri çəkildilər. Cahandar ağanın sözlərini eşidib susdular. O özünün məğlub olduğunu hiss etsə də, sözündən dönmək istəmədi. Sinəsini gərib, Cahandar ağanın üstünə qabardı.

– O qonaq deyil.

– Qonaqdır.

– Kimin qonağıdır?

– Mənim.

– Sənin?

– Bəli. İndi kimin hünəri var, qabağa çıxsın!

– Elə sənin kimiləri deyilmi camaatın evini yıxan.

– Ə, cadugər haramzada, dilini qarnına qoy!

– Artıq-əskik danışma. Öz oğlunu dinsiz eləməyin yetmir, indi də başqasının...

– Ə, xalq səni özünə vəkil eləyib? Nə düşmüsən ortalığa?

– Bəs sən niyə düşmüsən? Niyə qoymursan bu dinsizləri qovaq getsin? Yoxsa təzə qudan Gəmiçi Qocanın qardaşı oğlu Osmanı da oxumağa göndərəcəksən, hə?!

– O mənim öz işimdir!

– Səni özbaşına qoymazlar!

– Kim qoymaz?

– Tapılar.

– O hansı köpəkoğludur, gəlsin görüm?

Molla Sadıq çiynindən sürüşüb düşən əbasını düzəltdi. Əlində ki təsbehi saqqalı bərabərinə qaldırıb, səsini dəyişdi.

– Yekə kişisən, ağzını təmiz saxla.

– Kəs səsini, dınqıra süzən qurumsaq!

Molla Sadıq Cahandar ağanın qıllı qaşları altından üzünə zillənən qan sağılmış gözlərinə baxa bilmədi. Onun iri qalın dodaqlarının səyridiyini, barmağının tüfəngin tətiyində titrədiyini görəndə sözünün dalını qısdı. Hələ uşaqlıqdan xasiyyətinə bələd olduğu, balaca vaxtı bir yerdə oynayanda dəfələrlə yumruğunun dadını gördüyü Cahandar ağanın zəhmi onu basdı. Demək istədiyi söz ilişib boğazında qaldı. Müsahibinin dodağının bir balaca tərpənməsinə bənd olan Cahandar ağa da susdu. Mollanın dillənməyə taqəti olmadığını yəqin etdikdən sonra barmağını tətikdən çəkdi.

– Ağır otur, batman gəl. Burada səndən başqa da kişi var.

Molla Sadıq hirslə camaatı süzüb, mərəkədən uzaqlaşdı. Beş-on saqqallı kişi də onun arxasınca getdi. Aralığa dava düşsə vuruşmağa dazır olanlar yarıya qədər siyirdikləri xəncəri şaqqıltı ilə qınına saldılar. Cahandar ağa qohumlarını gözaltı süzüb arxayınlaşdı. Aleksey Osipoviçlə Əhməd də dərindən nəfəs aldılar. Əhməd dilinin ucu ilə qaysaqlanmış dodağını isladıb, ovcunda sıxdığı naqanın dəstəyini buraxdı. Camaatın sakitləşdiyini və bir daha qalmaqal salmayacaqlarını yəqin etdikdən sonra Cahandar ağa yenə əvvəlki yerinə qayıtdı. Çiynini tut ağacına söykədi. Əsəblərini sakitləşdirmək və həyəcanın ətrafdakılara bildirməmək üçün yenidən papiros eşdi. Bir-iki dəfə dərindən nəfəs aldıqdan sonra üzünü Əhmədə tutdu:

– A bala, adam bir iş görəndə əvvəlcə məsləhətləşər. Yoxsa durduğun yerdə özünü də xataya salmışdın, bizi də. Bu kişini də ortalıqda biabır elədin. Qərib adamsan, hər şeyə baş qatma. Qanmaz adam çoxdur, əllərindən nə desən gələr.

– Mən ki onlara pislik eləmirəm.

– Sözümə qulaq as, - deyə Cahandar ağa səsini ucaltdı. – Mənim söz güləşdirən adamdan xoşum gəlməz. Bir işin olanda əvvəlcə mənə de. Hər yetənlə ağız-ağıza vermə. Əşrəfin dostu məndən ötəri də əzizdir, bildinmi?

– Çox sağ olun.

Aleksey Osipoviç köynəyinin yaxasını açdı. Qalstukunu boşaldıb əlindəki dəsmalla tərini sildi. Sonra da adəti üzrə şapkasının içini qumladı. Dağılıb gedənlərin arxasınca xeyli baxdı. Böyük kədər və hüznlə başını buladı.

– Mən belə gözləmirdim. Deyəsən adamlarınız yaman xatalıymış.

– Onlarda günah yoxdur. Taxsırın hamısı o mürid köpəkoğlundadır.

– Təəssüf ediləsi haldır. Ancaq nə etməli, görünür, əliboş qayıtmalı olacam.

Cahandar ağa sakitcə cavab verdi:

– O barədə sonra fikirləşərik.

Mərəkədəkilər dağılışdılar. Bəli xəncərli kişilərin çoxu kəndin dolama cığırlarında görünməz oldu. Tut ağacının ətrafında yalnız Cahandar ağanın qohumları qaldı. Aleksey Osipoviç fikirli-fikirli papiros çəkən Cahandar ağaya yaxınlaşdı.

– Çox sağ olun. Əgər Siz olmasaydınız, deyəsən salamat qurtara bilməyəcəkdik. Sizə minnətdaram. Əşrəfə sözünüz yoxdur ki?

Kişi oğlunun adını eşidəndə qaşlarını çatıb ağır-ağır qonağa baxdı. Bir az bundan əvvəl baş verən hadisədən xəcalət çəkdiyindən nə edəcəyini belə müəyyənləşdirə bilmədi.

– Getmək istəyirsiniz?

– Bəli.

– Nə vaxt?

– Elə bu saat. Yolçu yolda gərək, onsuz da yaman gecikmişəm.

– Tələsməyin.

– Fayton gözləyir, ertəykən yola düşsək yaxşıdır.

– Darıxmayın, - deyə Cahandar ağa ona cavab verdi, sonra da üzünü cavanlardan birinə tutdu. - A bala, get o atın cidarını al, bura gətir.

Sonra da qaç evə, xəbər ver ki, qonağımız var. Başa düşdünmü? Uşaqlara da tapşır ki, hazırlaşsınlar, yola çıxacağıq. Hə, indi durun evə gedək.

– Zəhmət çəkməyin.

– Durun gedək. Bu kəndə gələn qonaq mənim evimdə çörək kəsməmiş gedə bilməz.

– Sözün düzü...

– Gedək evə. Orada danışıb məsləhətləşərik.

Aleksey Osipoviç dönüb Əhmədin üzünə baxdı. Razılaşmaqdan başqa əlac olmadığını bilib susdu. Onlar tozlu yolun kənarındakı cığırla Kürün sahilinə doğru addımladılar. Cahandar ağa atını yedəkləmişdi. İvan Filippiçsə faytonu asta-asta sürürdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, 10

Güləsər gecikmişdi. Səhər tezdən ev-eşiyi süpürmüş, qızlarla pəncərə getmiş, geri qayıdanda səhəngin boş olduğunu görmüşdü. Atası indicə gələcəkdi. Çərkəz də axşamüstü evə dönəcəkdi. Heç olmazsa onlara bir stəkan çay vermək lazımdı.O, səhəngi götürüb birbaş Kürə yollandı. Gün yaxmışdı. Kəndin qərb tərəfindəki hündür təpələrin zirvəsi narıncı rəngə boyanmışdı. Sahildəki söyüd ağaclarının budaqları qızılı rəngə çalırdı. Güləsər hündür yarğanın yanından sola burulub cığırla aşağı endi. Çəmənlikdə oynaşan uşaqlar malları qabağına qatıb kəndə doğru haylayırdılar. Lap uzaqda bir oğlan at çapırdı. Ətrafa sərinlik gətirən kölgə çökürdü. Güləsər addımlarını yeyinlətdi. Suyun yaxası boyu uzanan yarğanın qaşı ilə getdi. Göyün üzündə süzən saysız-hesabsız qızlarquşunun səsi bir-birinə qarışmışdı. Suların şırıltısı, cələdəki salxım söyüd yarpaqlarının xışıltısı çəmənlərdən küləyin qovub gətirdiyi çiçək qoxuları Güləsəri məst etmişdi. O hərdənbir ayaq saxlayır, Kürün balıq qoxusu verən nəm havasını ciyərlərinə doldururdu.

195718 dəq
Birinci hissə, 11

Salatın bütün gecəni narahat yatdığından, yalnız səhərə yaxın şirin yuxuya getdi. Xoruzlar banladı, toyuqlar tardan töküldü, qapılarda mal-qara mələşməyə başladı, ancaq o oyanmadı. Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız, yatıb yuxuya qaldı. Çardağın bacasından süzülüb, üzünə düşən işıq da onu oyada bilmədi. Bacısını birinci dəfə belə yorğun görən Şamxal daya nıb qıza xeyli tamaşa etdi. Salatın yorğanı üstünə çəkib paltarlı yatmışdı. Saçları yastığa dağılmışdı.– Qalx, çaydan-çörəkdən hazırla.

195714 dəq
Birinci hissə, 12

Şamxal ayağa durub kəmərini daraltdı. Boğazı qaytanlı köynəyinin qırışlarını arxaya tərəf yığdı. Yüngül addımlarla qapıya yaxınlaşdı. Əlini cəftəyə uzatmazdan əvvəl dönüb geri baxdı. Şahnigar xanımın sinəsi qalxıb-enir, Salatın isitməli adamlar tək titrədir, Güləsər isə cəsəd kimi yerindən tərpənə bilmirdi. O bunları görsə də dinmədi, sakitcə divara söykədiyi tüfəngə yaxınlaşdı. Beynində ildırım sürətli fikirlər gəlib keçdi. "Tüfəngi götürsünmü? Yoxsa Çərkəzin qabağına elə-belə, saymazyana, əliboş çıxsın? Onun yanına yaraqlı getmək qorxaqlıq deyilmi? Arvadlar, illah da Güləsər buna nə deyərdi? Elə ilk gündən arvadının gözündən düşməzdimi? Yox, elə-belə, əliboş gedəcəm. Bəlkə onun silahı var? Qapıya çıxan kimi sinəmi nişan alacaq ? Heç əl-ayaq tərpətməyə qoymayacaq? Kimi, məni? Çərkəz mənə Cahandar ağanın oğlu Şamxala əl qaldıracaq? Vallahi onların külünü torba ilə daşıtdıraram. Hünəri var, tərpənsin!"O, ehmalca tüfəngi götürüb əlində hərlədi. Şahnigar xanım qardaşı oğlunun ürəyindən keçənləri üzündən oxudu. Onun iki su arasında qaldığını və qəti bir qərara gələ bilmədiyini başa düşdü. Sakitcə Şamxala yaxınlaşdı. Gözlərini onun üzünə zillədi.

195711 dəq
Birinci hissə, 13

Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç gün, üç gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Onsuz da boğuq olan sifəti daha da qaralıb, tunc kimi bozardı. Dişinin arasından su da keçmədi. Kişinin həndəvərinə hərlənmək olmadı. Mələk qorxa-qorxa, barmaqlarının ucunda, otağa girib, onun üstünə yorğan salanda, ərinin kürəklərinin titrədiyini, iri və cod barmaqlarının gəbənin ilgəklərini didib tökdüyünü gördü, amma cıqqırını da çıxartmadı, söz deməyə cəsarət etmədi. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər.Hər biri bir ilə qədər sürən üzücü günlər gəlib keçdi. Cahandar ağa bir axşam div yuxusundan ayılan kimi ayağa durdu. Dinməz-söyləməz paltarını geyindi. Qoltuqaltısını götürdü. Darağı xəzinəyə basıb çaxmağı hərlədi, gülləni lüləyə verdi. Bunlar azmış kimi xəncəri də belinə bağladı. Hava isti olsa da, dəvə yunundan toxunmuş ağ başlığını boynuna doladı. Yenə heç kəs dinib-danışmadı. Zərnigar xanım qorxusundan cəsədə dönmüşdü. Yazığın nəfəsi güclə gedib-gəlirdi. Necə deyərlər, diri gözlü ölmüşdü. O, ərinin nə isə dəhşətli bir iş düşündüyünü yəqin etmişdi. Bir analıq sövq-təbiisi ilə oğlunun başında qaranlıq olduğunu duyurdu. Amma nə dinir, nə də ərinə bir söz deyə bilirdi. Arvad lap özünü itirmişdi. Mələk də Cahandar ağanın daş kimi lal və qaradinməz olduğundan təşvişə düşdü: "Acıqlı başda ağıl olmaz",- deyə fikirləşdi. Əvvəlcə Zərnigar xanımı hərəkətə gətirmək, "kişinin əl-ayağına düş, getməyə qoyma", - demək istədi. Amma onun dilinin gödək olduğunu yadına salıb dayandı. Əslinə baxsan, Zərnigar xanım özü də Şamxaldan narazı idi.

195710 dəq

Başqa şairlərin şeirləri