Üçüncü hissə, 8
Səhifə 1 / 2
Günorta üstünə yaxın xır yolunun aşağı tərəfindən, Acı dərənin yanındakı döngədən bir dəstə atlı kişi onların ardınca zınqırovlu bir fayton dikdirə qalxdı. Arxadan bir cərgə düzülmüş atlı gəldi. Xır yoluna səs düşdü. Daşlara toxunan nallar ahəngdar şəkildə çaqqıldadı. Azacıq toz qalxdı. Cayda atlar yortmağa başladı. Qıllı papaqlı, uzun saqqal kazaklar yəhərin üstündə qalxıb-endilər. Çəkmələrinin dabanlarındakı dişli dəmirlərlə atları mahmızladılar. Dəstə kəndə yaxınlaşdı. Göytəpəlilər təşviş və həyəcan içərisində dayanıb gələnlərə uzaqdan tamaşa etdilər. Uşaqlar damların üstünə çıxdılar. Kazakların böyründən sallanan və az qala yerə dəyən uzun qılınclarının dəmirləri və tüfənglərinin lülələri parıldadı. Onlar əyinlərinə şabalıdı rəngli yun çuxa geymiş, başlarına iri qıllı papaq qoymuşdular. Papaqlarının ortasındakı qırmızı və başlıqlarını qotazları aydın seçilirdi. Fayton qapqara idi. Gün vurduqca parıldayırdı. Onun içində oturanlar da elə bil qızıla bürünmüşdülər. Çiyinləri, döşləri işım-işım işıldayırdı.
Dəstə kənddən xeyli aralandı. Camaat onların Tiflisə ötüb keçdiklərini yəqin edib arxayınlaşdı. Ancaq atlılar gözlənilmədən burulub "Zayej"in qabağında dayandılar.
Əhməd səs-küyə evdən çıxdı. O, yarlı yaraqlı kazakları görəndə ani olaraq Peterburqu xatırladı. Bədənində soyuq bir gizilti keçdi. Onların nə üçün bura gəldiklərini anlamadığıdan, xəyalına yüz cür qorxulu fikir gəldi. Atdan enib əlində qamçı oynadan enlikürək, ucaboy, saqqalı sinəsinə yayılmış kazak ona yaxınlaşıb,birdən-birə bağırdı:
– Ey tatar, yaxşı yaman, kladi karman. Ni bilmez, ni bum-bum?
Bu acı, təhqiramiz söz elə bil Əhmədi silkələyib ayıltdı. O, gözünü qarşısında dayanıb istehza ilə ona baxan kazakın üzünə zillədi və xalis rus dilində:
– Nə buyurursunuz? – deyə soruşdu.
Belini azacıq irəli əyib ayaqlarını aralayan və elə bil ki, Əhmədi udmağa hazırlaşan kazak qarşısındakı adamın təmkin və cavabından diksinib geri çəkildi. Gözləri qıyıldı və dönüb arxa tərəfdə dayanan yoldaşlarına baxdı. Əhməd onun şaşırdığını görüb daha qətiyyətlə dilləndi:
– Buyurun, mən sizi dinləyirəm.
Kazak vəziyyətini dəyişməli oldu.
– Gedək otaqları göstər, görmürsənmi pristav gəlib?
Onlar Əbmədi qabaqlarına qatıb içəri apardılar. Diqqətlə bir-bir otaqları gəzdilər. Hər tərəfi yoxladılar. Divardakı yazı taxtasını, skamyaları, xəritəni görəndə bayaqkı kazak yenidən bağırdı:
– Bu nədir?
– Özünüz görürsünüz.
– Onu demirəm. Bura "Zayej"dir, yoxsa məktəb?
– "Zayej"dir.
– Bəs nə üçün bunları buraya doldurmusan?
– Lazım olur.
– Lazım olur, lazım olur. Az danış. Stulları bayıra çıxart.
Kazakın sifəti dəyişdi. Az qaldı baxışları ilə Əhmədi yesin. Hətta əlini yuxarı qaldırıb şallağını belə hərləmək istədi. Ancaq pristavın eyvanda dayandığını görüb əlini saxladı.
Kazaklar stultarı götürdülər. Eyvanda, məhəccərin qabağında kölgə yerə düzdülər. Pristav və yoldaşları əyləşdilər. Onlar kitellərinin yaxasını açdılar. Dəsmalla boyunlarını, şapkalarının içini quruladılar. Pristav hətta daz başının tərini sildi. Kür tərəfdən əsən sərin meh otları, çiçəkləri sığallaya-sığallaya "Zayej"ə qədər gəldi. Elə bil eyvanda oturanları yellədilər.
Kazaklar heç nə soruşmadan Əhmədin axşam biçib gətirdiyi göy otu qucaqlayıb atlarının qabağına tökdülər. Sonra divar boyu sallağı oturub papiros eşdilər.
Pristav sakitcə Kürə, o üzdəki meşəyə, aralıqlardakı cələyə baxdı. Biçənəklərin otu, yarpaq açmış ağaclar, göylüklərdə qaçışan atlar, çiling-ağac oynayan uşaqlar onun diqqətini cəlb etdi. Dodaqları azacıq aralanıb gülümsündü. Deyəsən, kəndin mənzərəsi onun xoşuna gəldi.
Bayaqkı kazak əyilib pristavın qulağına nəsə dedi. O bir xeyli başını tərpətdi, sonra Əhmədi yanına çağırdı. Bir az bundan əvvəl onun sifətini bürüyən təbəssüm yox oldu.
– Sən kimsən?
– Poçta işçisi.
– Ruscanı harda öyrənmisən?
– Peterburqda.
Pristav yerində qurcalandı. Onun altındakı stul cırıldadı. Qarşısın da dayanan Əhmədi aşağıdan yuxarı, diqqətlə süzdü:
– Student olmusan?
– Bəli.
– Bəs sonra, sonra da qovublar, eləmi?
– Bəli.
– Nəyin üstündə?
– Bəzi kitablar oxuduğuma görə.
– Hm... da... tak... tak... Bəs buraya necə gəlmisən?
– Göndəriblər.
– Burada da o kitablardan oxuyursan?
– Yoxlaya bilərsiniz, cənab pristav.
– Hm... da... Bəs buranı nə üçün məktəbə döndərmisən?
– Cənab pristav, uşaqlar hərdənbir yanıma gəlir. Darıxanda onlara yazı-pozu öyrədirəm. Özünüz bilirsiniz ki, bizim kəndlərdə məktəb yoxdur.
– Sən onlara tatarca yazmağı öyrədirsən?
– Yox, rusca.
Pristavın sifətinin ifadəsi yumşaldı. Əhməd onun gözlərindəki narazılığın yavaş-yavaş silindiyini hiss etdi.
– Hm... da... tak... tak... Səndən xoşum gəldi. Bəs sizdə çay tapılmaz?
– Qonaq gələnlərə hər şey tapılar.
– Elə isə bir samovar.
Əhməd otağa girib samovarı çıxartdı. Pristav tərini silə-silə özünü yellədi. Əhmədin samovara su tökdüyünü görüb dilləndi:
– Sən təksən, arvad-uşağın yoxdur?
– Yoxdur, cənab pristav.
– Yaxşı, sən gəl bura, çayı onlar qoyarlar.
Kazaklar dərhal samovarı götürdülər. Çəlləkdən su doldurdular Elə həyətin ortasındaca odun çıtıqlayıb samovara od saldılar. Pristav özünü xeyli yellədi, eyvanda gəzindi, sonra gəlib bayaqkı yerində oturdu. Üzünü Əhmədə tutub astadan dilləndi:
– Camaatı buraya yığmaq lazımdır, vacib məsələ var. Sən uşaqlarla get, bütün kişiləri buraya çağır. Özün də bizə dilmanc olarsan.
Atlı kazaklar kəndə doluşdular. İtlər yad adamları görəndə zəncirdə dartınıb çırpındılar. Torpaq yolun tozu göyə qalxırdı. Kəndin üstünə çöküb duman kimi ətrafi kölgələndirdi. İsti yay günlərində tozu-torpağı göyə sovurub, burulğan kimi havaya qalxan bu boğanaqdan camaat vahiməyə düşdü. Kişilər daldalanmağa çalışdılar. Uşaqlar qaçıb gizləndilər. Arvadlar heç üzlərini də göstərmədilər. Kənd suyu soğulmuş dəyirman kimi birdən-birə susdu. Gün bərk qızdığından, ancaq cırcıramalar səs-səsə vermişdilər. Kür isə çağlayıb-uğuldayır, cilovunu gəmirən at kimi fınxırıb sahili döyəcləyirdi. Bu ölü sükutu hiss edən kazaklardan biri Əhməddən soruşdu:
– Camaat hanı, köçüblər?
– Yox.
– Bəs niyə görütmürlər?
– Sizdən qorxurlar.
– Niyə?
– Sizdən xeyir gözləmirlər.
Atlılar doqqazda dayandılar. Əhməd Cahandar ağanı çağırdı. Kişi onun səsini eşidən kimi sıçrayıb ayağa qalxdı. Tüfəngini əlinə aldı. Samanlığın belindən endi. Zəncirdə dartınan itlərə acıqlandı. Nökərlərdən qabaq özü doqqaza çıxdı. Bir xeyli yaraqlı kazaklara, sonra da Əhmədə baxdı.
– Xeyir ola, a bala?
– Pristav "Zayej"ə çağırır.
– Təkcə məni?
– Yox, bütün camaatı.
Cahandar ağa azacıq sakitləşdi. Sonra qanrılıb nökərlərə səsləndi:
– A bala, atı yühərləyin.
Kazaklar uzaqlaşdılar. Cahandar ağa evə gedib paltarını dəyişdi. Xəncərini belinə bağladı. Qoltuqaltısını çiyninə keçirdi. Tüfənginin xəzinəsini yoxladı. Atı yəhərləyib həyətdə onu gözləyən Tapdığa yaxınlaşdı. Özü hər şeyi yoxladı, atın çəkilərini bərkitdi. Ayağını üzəngiyə qoymazdan əvvəl üzünü Tapdığa tutdu:
– Siz də atlarınızı yəhərləyin, yaraqlarınızı da götürün. Bizim tayfadan kim varsa, hamısına xəbər elə. Dalımızca "Zayej"ə gəlin.
Tapdıq kişinin həyəcanlandığını başa düşdü.
– Nə olub, ağa?
– Elə bir şey yoxdur. Ancaq ehtiyatlı oğulun anası ağlamaz, divana etibar eləmək olmaz.
Cahandar ağa sıçrayıb atın belinə qalxdı. Qəmər quş kimi səkib yola çıxdı...
"Zayej"in həyəti camaatla doldu. Göytəpə kəndində nə qədər başıpapaqlı vardısa, hamısı pristavın hüzuruna gəldi. Kəndlilər tayfa-tayfa bölünüb öz ağsaqqallarının başına toplaşdılar. Nökərlər yedəklərində at kənarda dayandılar. Hamı həyəcanlı idi. Pristavın gəlişini hərə bir cür izah edir, xatanın özündən uzaq olmasını arzulayırdı. Pristav isə eyvanda sakitcə çay içir, altdan-altdan camaatı süzürdü.
Nəhayət, o ayağa durdu. Aşağı düşüb camaata doğru gəldi. Kazaklar stulu gətirib həyətin ortasına qoydular. Bir qabaq stolu da tapdılar. Pristav kəndliləri yaxına çağırdı. Onlara işarə ilə oturmalarını əmr etdi. Camaat göy otluqda bardaş qurub çevrələndi. Cahandar ağa oturmadı. Yaxındakı ağaca söykənib dayandı. Pristav onu, bir az kənarda, çiynində əba, təsbeh çevirən Molla Sadığı və onlardan başqa da oturmaq istəməyən bir neçə adamı nəzərdən yayındırmadı.
Stolun üstünə bir qovluq qoydular. Pristav oradan möhürlü bir kağız çıxartdı. Oxumazdan əvvəl Əhmədi yanına çağırdı:
– Cahandar ağa kimdir? – deyə amiranə səslə soruşdu.
Hamı dönüb ona tərəf baxdı. O tayfadan olan adamlar ayağa qalxdılar. Nökərlər atların yüyənini hazırlayıb dayandılar. Cahandar ağa gözlənilmədən ağır zərbə alan adamlar kimi bir anlığa özünü itirdi. Yer elə bil ayağının altından qaçıb ləngər vurdu. Onun qulaqları güyüldədi, gözlərinin qabağında qara dairəciklər oynadı. "Ağla gələn başa gələr", – deyə düşündü və ildırım sürəti ilə nə etməli olduğunu, aradan necə çıxacağını qərarlaşdırdı.
Pristav işarə ilə onu yanına çağırdı. Cahandar ağa tüfəngi çiynindən çıxartdı və ağır addımlarla mərəkənin ortasına gəldi. Kazaklar pristavın dövrəsində sıxlaşdılar. Onlar üz-üzə dayandılar. Cahandar ağanın qıllı qaşları gözünün üstünə endi, pristav onun zəhmli baxışlarının mənasını anlamasa da, başını tərpədib gülümsündü. "Xalis Şamildir", – deyə ürəyindən keçirdi. Sonra yanındakı stulu göstərdi. Cahandar ağa oturmaq istəmədi. Pristav üzünü Əhmədə tutub dedi ki, "onu başa sal, qoy otursun". Cahandar ağa Əhmədin izahından sonra stulu kənara çəkib əyləşdi. Bir az sakitləşsə də, səksəkəli qaldı. Gümüş qutusunu çıxardıb papiros eşdi. Pristavın səsi yenidən eşidildi:
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-8
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qoca ağır-ağır yoxuşu qalxırdı. Əlindəki söyüd çubuğuna keçirdiyi balıqların pulları parıldayır və quyruqları açıq-çəhrayı rəngə çalırdı. Kişi yorulmuşdu. Tez-tez dayanıb nəfəsini dərir, çiynindəki əndırləri silkələyib kürəyinin ortasına atırdı. O, möhkəm islanmışdı. Dizi yamaqlı şalvarı, arxalığının altından görünən boynu qara sapla işlənmiş kirli alt köynəyi belə yaş idi. Çarıqlarını və iplik corabını soyunub əlinə almışdı. Gecəli-gündüzlü suda qaldığından ağappaq olan dabanını və codlaşmış ayaq barmaqlarını qızmış tozlu torpağa basdıqca, bədəninə istilik yayılırdı. O, iri, saçaqlı papağını boynunun dalına itələmişdi. Qırxıq başından buğ qalxırdı. Sinəsinə düşən ağ saqqalının pərakəndə tüklərini səhər küləyi oynadırdı.Kişi dayanıb nəfəsini dərdi. Bir xeyli Kürdə çimişən uşaqlara, yulğunluğa doluşan mal-qaraya baxdı. Öküzünün burada olub-olmadığını yoxladı. Sonra yenə yoluna davam etdi. Dikdirin qaşına çatanda bir dəstə uşaqla qarşılaşdı. Onların əllərində balaca qarmaqlar var idi.
Birinci hissə, 9Şamxal kəndin kənarında, biçənəklərin üst tərəfindəki təpənin qaşında özünə ev tikdi. Kənd cavanları ona kömək etdilər. Birləşib yer qazdılar. Meşədən dirək, kərən gətirdilər. Üç gün gecəli-gündüzlü işləyəndən sonra qazma daxmanın üstünü örtdülər.Damın pərdilərini Şamxal özü örtdü. Enli qovaq ağaclarını doğrayıb ortadan yardılar. Səliqə ilə yonub yan-yana qoydular. Şamxal evin dal tərəfindən balaca bir pəncərə açdı. Uşaqların hardansa tapıb gətirdikləri bir parça şüşəni ora saldı. Qara damın həyətində iri bir çardaq da tikdilər. Şamxal özü çardağın ətrafını yulğun çubuğu ilə hördü, torpağın süzülüb axmasının qabağını aldı. Həyətdəki ot-ələfi təmizlədi. Harda xırman açacağını, samanlığı, tövləni harda tikəcəyini indidən müəyyənləşdirdi.
Birinci hissə, 10Güləsər gecikmişdi. Səhər tezdən ev-eşiyi süpürmüş, qızlarla pəncərə getmiş, geri qayıdanda səhəngin boş olduğunu görmüşdü. Atası indicə gələcəkdi. Çərkəz də axşamüstü evə dönəcəkdi. Heç olmazsa onlara bir stəkan çay vermək lazımdı.O, səhəngi götürüb birbaş Kürə yollandı. Gün yaxmışdı. Kəndin qərb tərəfindəki hündür təpələrin zirvəsi narıncı rəngə boyanmışdı. Sahildəki söyüd ağaclarının budaqları qızılı rəngə çalırdı. Güləsər hündür yarğanın yanından sola burulub cığırla aşağı endi. Çəmənlikdə oynaşan uşaqlar malları qabağına qatıb kəndə doğru haylayırdılar. Lap uzaqda bir oğlan at çapırdı. Ətrafa sərinlik gətirən kölgə çökürdü. Güləsər addımlarını yeyinlətdi. Suyun yaxası boyu uzanan yarğanın qaşı ilə getdi. Göyün üzündə süzən saysız-hesabsız qızlarquşunun səsi bir-birinə qarışmışdı. Suların şırıltısı, cələdəki salxım söyüd yarpaqlarının xışıltısı çəmənlərdən küləyin qovub gətirdiyi çiçək qoxuları Güləsəri məst etmişdi. O hərdənbir ayaq saxlayır, Kürün balıq qoxusu verən nəm havasını ciyərlərinə doldururdu.
Birinci hissə, 11Salatın bütün gecəni narahat yatdığından, yalnız səhərə yaxın şirin yuxuya getdi. Xoruzlar banladı, toyuqlar tardan töküldü, qapılarda mal-qara mələşməyə başladı, ancaq o oyanmadı. Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız, yatıb yuxuya qaldı. Çardağın bacasından süzülüb, üzünə düşən işıq da onu oyada bilmədi. Bacısını birinci dəfə belə yorğun görən Şamxal daya nıb qıza xeyli tamaşa etdi. Salatın yorğanı üstünə çəkib paltarlı yatmışdı. Saçları yastığa dağılmışdı.– Qalx, çaydan-çörəkdən hazırla.