Üçüncü hissə, 8
Səhifə 2 / 2 · 50%
– Molla Sadıq kimdir?
– Mənəm.
– Gəl bura.
Molla Sadıq əbasını düzəltdi. Təsbehini çevirə-çevirə o biri tərəfdən pristava yaxınlaşdı. Cahandar ağa ilə yanaşı düşmək istəmədi. Pristav ona da yer göstərdi. Sonra üzünü Cahandar ağanın, hələ də ayaq üstündə dayanan qohumlarına tutdu:
– Siz niyə qalxmısınız, oturun.
Əhməd onun dediklərini tərcümə etdi. Cahandar ağa baxışları ilə onlara icazə verdi.
Pristav kəndin bütün ağsaqqallarını çağırdıqdan sonra əlindəki kağızı yerə qoydu. Ətrafında oturanlara baxdı. O, yerli qayda-qanunları öynınməyə çalışan məmurlardan idi. Bilirdi ki, hər xalqın zəif və qüvvətli cəhəti var. Bunları öyrənir və yeri gələndə onlardan bacarıqla istifadə etməyə çalışırdı. O başa düşmüşdü ki, kəndlərdə hələ tayfa və nəsillər var, onların ağsaqqalı nə desə, ona tabe olurlar. Bir də bu tayfaların özlərinin arasında da ziddiyyətlər var. Yeri gələndə bunlardan da istifadə etməyi pristav nəzərdən qaçırmamağın faydalı olduğunu yəqinləşdirmişdi. İndi, Göytəpəyə gəlməzdən əvvəl, pristav bu kəndin varlı və nüfuzlu adamlarını müəyyənləşdirmişdi. Onun məqsədi həmin adamları ələ almaq və nə iş görsə, onların yardımından istifadə etmək idi. O, fikrində yanılmadığını, elə siyahını götürüb Cahandar ağanın adını oxuyanda camaatın bir hissəsinin təlaşla ayağa qalxdığını görən kimi anladı. O həm də bu yolla kənddə kimin güclü, kimin zəif olduğunu müəyyənləşdirdi. Pristav çox yaxşı bilirdi ki, bu adamlarla hələ çox görüşəcəkdir.
Pristav ayağa durdu. Bir xeyli sükutla dayanıb, onun nə deyəcəyini gözləyən göytəpəliləri nəzərdən keçirdi:
– Camaat, Kürün o üzündəki meşə bundan sonra padşahın ov yeri olacaq. Oraya yaxın getmək, qoruğa girmək qadağandır. Sizi xəbərdar edirəm, kim qanunu pozsa, icazəsiz o tərəflərə hərlənsə, meşədə ov eləsə, cəzalanacaq. Ələ keçəni birbaş Sibirə göndərəcəyəm. Qoruğun keşikçilərinin sözünə baxmayanlar yerindəcə güllələnəcək.
Pristav susdu. Sözünün camaata necə təsir etdiyini yoxlamaq məqsədi ilə adamları bir-bir gözaltı süzdü. O gördü ki, hamı təəccüb içindədir. Ağsaqqallar fikirli-fikirli başlarını aşağı salmışdılar. Cahandar ağa isə papirosunu tüstülədirdi, Molla Sadıq isə təsbeh çevirməyə ara vermirdi. Elə bil camaatın üstünə su ələnmişdi.
Əhməd pristavın dediklərini tərcümə etdikdən sonra Molla Sadıq adəti üzrə əbasını çiynində düzəltdi, Quran oxuyacaqmış kimi bir-iki dəfə öskürüb boğazını arıtladı:
– Cənab pristav, o yerlər dədə-babadan bizim kəndin olub. Malımız, binələrimiz ora ilə dolanıb, indi camaat neyləsin?
Pristav molladan bu cavabı gözləmirdi. Ona görə bir az duruxdu. Doğru sözə cavab tapa bilmədiyindən, azca səsini ucaltdı:
– İndiyəcən nə olubsa, onunla işim yoxdur. Bu gündən sonra qoruq tərəfə heç kim ayaq basmamalıdır.
– Belə çıxır ki, biz sizə borcluyuq, – deyə Cahandar ağa sakitcə sözə başladı, – sizin dediyinizi necə başa düşək, cənab pristav, yersiz gəldi, yerli qaç?
– Cahandar ağa, mən sizi ağıllı adam hesab eləyirdim, bu nə sözdür, danışırsan? Bu mənim yox, qubernatorun əmridir. Mən buraya sizdən icazə almağa gəlməmişəm.
– Bə onda bizi buraya nəyə yığıbsan?
– Əgər siz dinc dayansaydınız, mən nə buraya gələrdim, nə də size çağırardım.
– Biz nə eləmişik?
– Bu saat bilərsiniz. – Pristav üzünü camaata tutdu və səsini ucaltdı:
– Sizin kənddən seminariyada oxuyan varmı?
Camaat dinmədi. Hamı bir-birinin üzünə baxdı. Göytəpəlilər başa düşdülər ki, pristav Əşrəfi axtarır. Bəlkə də bu qədər atlı kazak töküb gəlib ki, onu aparsın. Heç kəs, Cahandar ağanı istəyən də, istəməyən də buna razı olmazdı.
Cahandar ağa pristavın nəyə işarə etdiyini və söhbətin haraya gətirib çıxaracağını anladı. O hələ Kürün sahilində kazaklarla toqquşanda bilmişdi ki, bu məsələ belə qalmayacaq. Cahandar ağa heç nə sezdirmədən gözaltı öz adamlarına, lap kənarda dayanan Şamxala, Əşrəfə baxdı. Tapdığın həyəcanla ətrafa boylandığını gördü. O, başa düşdü ki, göytəpəlilərin heç biri onu ələ verməyəcək, heç kəs Əşrəfin adını çəkməyəcək. Kişi daha da ürəkləndi.
Pristav sualını təkrar etməli oldu:
– Yenə soruşuram, sizin kənddən seminariyada oxuyan varmı?
– Var.
– Kimdir?
– Mənim oğlum.
Pristav gözləmədiyi bu cavabdan sonra bir xeyli necə hərəkət edəcəyini münyyənləşdirə bilmədi. Cahandar ağa gözünü zilləyib onun sonra nə deyəcəyini gözlədi. Pristav bunu duydu. Həm təəccüb, həm də qəzəb dolu səslə dilləndi:
– Onun nə iş tutduğunu bilirsənmi?
– Yox.
– Meşədə kazakların yolunu kəsib.
– Bəlkə kazaklar onun yolunu kəsib?
– Kazaklar quldur deyil.
– Mənim oğlum da quldur deyil.
Pristav elə bilirdi ki, Cahandar ağa oğlunun taqsırkar olduğunu boynuna alacaq, bəlkə də xahiş edəcəkdi ki, onun günahından keçsin. Ancaq Cahandar ağa pristavın gözlədiyinin əksinə, az qalırdı ki, onun özünü günahlandırsın. Pristav səsini bir az alçaltdı və sınayıcı nəzərlərlə Cahandar ağanın üzünə baxdı:
– Demək, onda taqsır yoxdur?
– Olsa, özüm tənbeh eləyərdim.
İndiyə qədər yalnız deyilənləri tərcümə edən və söhbətə qarışmayan Əhməd dözə bilmədi:
– Cənab pristav, torpaq kəndlinin çörəyidir. Bunu onun əlindən almaq böyük cinayətdir. Həmin meşə Kür ətrafındakı kəndlilərindir və onlar həmin meşə ilə dolanırlar.
– Sən bu işlərə qarışma.
– Axı mümkün deyil. Siz biçənəklərə keşikçi qoyubsunuz, yolları kəsibsiniz ki, burdan gəlib-getməyin. Bəs camaat neyləsin, göylə uçsun? Pristavın əlləri xəfifcə əsdi. Boynundakı damarlar şişdi. Onun səsində qəzəbdən çox istehza duyuldu:
– Təklifin nədir, cənab Peterburq studenti?
– Bəs Sizin təklifiniz nədir, cənab pristav?
– Mənim təklifim aydındır: Bu gündən sonra heç kəs o tərəflərə ayaq basmayacaq.
– Bu mümkün deyil.
– Necə, hökumətlə hökumətlik eləyəcəksiniz? Könlünüzə Sibir düşüb? İstəyirsiniz ki, balalarınız yetim qalsın?
– Hədə-qorxu lazım deyil, cənab pristav, ayda, ildə canişinin kefi durub bir dəfə ova çıxacaq deyin, camaatın yerini əlindən almazlar.
Bu, ədalətsizlikdir. Əgər padşah bunu bilsə, Sizi cəzalandırar.
Pristav Göytəpəyə yola düşəndə elə zənn etmişdi ki, camaatın üstünə təpinən kimi hamı qorxub geri çəkiləcək, kazakları meşədə ağaca sarıyan adamları dərhal tapıb tutacaq, kazakların qabağına qatıb həbsxanaya göndərəcəkdi. Amma indi gözləmədiyi bu vəziyyətdən çaşıb qalmışdı.
– Cənab student, bəlkə padşahı çağıraq, gəlib sizdən icazə istəsin.
– Nə olar, öz təbəələrinin qeydinə qalmaq padşahın borcudur.
– Kəs səsini! – Pristavın elə bil beyninə qan vurdu, gözləri qaldı hədəqəsindən çıxsın. – Bu saat qollarını bağlatdırıb, sallam atın qabağına!
Əhmədin dodağı azacıq qaçdı. Gözlərində qəzəb qarışıq bir istehza dolaşdı. Özünü ələ aldı və səsinin titrəməsini büruzə vermədi:
– Məni hədələməyin, cənab pristav, belə şeyləri çox görmüşəm
– Yox, az görmüsən. Vaxtında sənin başına ağıl qoysaydılar, indi belə danışmazdın.
Əhməd gərgin döyüşdən çıxmış adam kimi dərindən nəfəs alıb gülümsündü:
– Düz iş görmürsünüz, cənab pristav, adam gəmidə oturub, gəmiçi ilə dava eləməz.
Pristav başa düşdü ki, bu kənddə Əhmədlə belə açıq danışmaq onun xeyrinə olmayacaq. Camaatın gözü qabağında məğlub olub geri çəkilməsi isə mümkün deyildi.
Göytəpəlilərin ağsaqqalları Əhmədin cəsarətinə təəccüb edirdilər. Camaat indiyə qədər Əhmədə yazıq, qərib, öz başını dolandıran bir adam kimi baxırdı. İndi isə o birdən-birə göytəpəlilərin gözündə böyüyürdü. Elə bil pristav da bunları başa düşürdü.
– Nə demək istəyirsən?
– Bizi incitməyin.
Pristav susdu. Əhmədi sakit baxışlarla gözaltı süzdü. Əslində o elə kəndə gəlib Əhmədlə söhbət elədiyi ilk andarı ondan şübhələnmiş və qərara almışdı ki, şəhərə qayıdan kimi onun adını şübhəli adamlar siyahısına yazsın, ayrıca bir qovluq düzəltsin və Əhmədin üzərinə nəzarətçi qoysun. O, belə bir əqidədə idi ki, əgər sənə tapşırılan qəzada rahatlıq olmasını istəyirsənsə, gərək məktəbdən qovulmuş studentləri gözdən qoymayasan. Xüsusən də Peterburq tələbələrini. Ancaq, deyəsən, pristav daha ciddi hərəkət etməli olacaq və Əhmədi elə indi cəzalandıracaqdı.
O, kazaklara baxdı. Bayaqkı qıllıpapaq, yekəpər kazak irəli çıxdı. Pristavın səsi xırıldadı:
– Bunun qollarını sarıyın.
Cahandar ağa sıçrayıb ayağa qalxdı. Göytəpəlilər işarə gözləyirmiş kimi yerlərindən atıldılar. Adamların cərgəsi sıxlaşdı. Bir az bundan əvvəl bölük-bölük, tayfa-tayfa oturan kəndlilər zəncir halqası kimi birləşdilər. Cahandar ağa ilə kazak döş-döşə dayandı. Hər ikisinin qıllı qaşı aşağı enib gözlərinin üstünü örtdü. Onların bəbəkləri genişləndi.
– Biz onu vermərik, cənab pristav.
– Necə yəni vermərik, mən sənin oğlunu da, onun yoldaşlarını da istəsəm, bu saat qabağıma qataram. Özbaşınasınız?
– Özbaşına deyilik, amma elin qayda-qanunu da var.
– Siz mənə qanun öyrədəcəksiniz?
– Pristav, mən deyirəm, dava-dalaşsız, bir-birimizi başa düşək. Tərsinə çəksək, höcətləşsək, iş pis olar. Sən bizi ayağı çarıqlı görmə.
Pristav əlini geri yanında çarpazladı. Pəncəsi üstə qalxıb bir-iki dəfə yerində silkələndi. Onun döşündəki medallar bir-birinə dəyib cingildədi. Paqonunun zər baftalı qotazları parıldadı.
– İndi nə edək deyirsən, Cahandar ağa?
– İstəsəniz məsləhətləşib dil taparıq.
– Yaxşı, geri durun.
Kazaklar geri çəkildilər.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-8
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qoca ağır-ağır yoxuşu qalxırdı. Əlindəki söyüd çubuğuna keçirdiyi balıqların pulları parıldayır və quyruqları açıq-çəhrayı rəngə çalırdı. Kişi yorulmuşdu. Tez-tez dayanıb nəfəsini dərir, çiynindəki əndırləri silkələyib kürəyinin ortasına atırdı. O, möhkəm islanmışdı. Dizi yamaqlı şalvarı, arxalığının altından görünən boynu qara sapla işlənmiş kirli alt köynəyi belə yaş idi. Çarıqlarını və iplik corabını soyunub əlinə almışdı. Gecəli-gündüzlü suda qaldığından ağappaq olan dabanını və codlaşmış ayaq barmaqlarını qızmış tozlu torpağa basdıqca, bədəninə istilik yayılırdı. O, iri, saçaqlı papağını boynunun dalına itələmişdi. Qırxıq başından buğ qalxırdı. Sinəsinə düşən ağ saqqalının pərakəndə tüklərini səhər küləyi oynadırdı.Kişi dayanıb nəfəsini dərdi. Bir xeyli Kürdə çimişən uşaqlara, yulğunluğa doluşan mal-qaraya baxdı. Öküzünün burada olub-olmadığını yoxladı. Sonra yenə yoluna davam etdi. Dikdirin qaşına çatanda bir dəstə uşaqla qarşılaşdı. Onların əllərində balaca qarmaqlar var idi.
Birinci hissə, 9Şamxal kəndin kənarında, biçənəklərin üst tərəfindəki təpənin qaşında özünə ev tikdi. Kənd cavanları ona kömək etdilər. Birləşib yer qazdılar. Meşədən dirək, kərən gətirdilər. Üç gün gecəli-gündüzlü işləyəndən sonra qazma daxmanın üstünü örtdülər.Damın pərdilərini Şamxal özü örtdü. Enli qovaq ağaclarını doğrayıb ortadan yardılar. Səliqə ilə yonub yan-yana qoydular. Şamxal evin dal tərəfindən balaca bir pəncərə açdı. Uşaqların hardansa tapıb gətirdikləri bir parça şüşəni ora saldı. Qara damın həyətində iri bir çardaq da tikdilər. Şamxal özü çardağın ətrafını yulğun çubuğu ilə hördü, torpağın süzülüb axmasının qabağını aldı. Həyətdəki ot-ələfi təmizlədi. Harda xırman açacağını, samanlığı, tövləni harda tikəcəyini indidən müəyyənləşdirdi.
Birinci hissə, 10Güləsər gecikmişdi. Səhər tezdən ev-eşiyi süpürmüş, qızlarla pəncərə getmiş, geri qayıdanda səhəngin boş olduğunu görmüşdü. Atası indicə gələcəkdi. Çərkəz də axşamüstü evə dönəcəkdi. Heç olmazsa onlara bir stəkan çay vermək lazımdı.O, səhəngi götürüb birbaş Kürə yollandı. Gün yaxmışdı. Kəndin qərb tərəfindəki hündür təpələrin zirvəsi narıncı rəngə boyanmışdı. Sahildəki söyüd ağaclarının budaqları qızılı rəngə çalırdı. Güləsər hündür yarğanın yanından sola burulub cığırla aşağı endi. Çəmənlikdə oynaşan uşaqlar malları qabağına qatıb kəndə doğru haylayırdılar. Lap uzaqda bir oğlan at çapırdı. Ətrafa sərinlik gətirən kölgə çökürdü. Güləsər addımlarını yeyinlətdi. Suyun yaxası boyu uzanan yarğanın qaşı ilə getdi. Göyün üzündə süzən saysız-hesabsız qızlarquşunun səsi bir-birinə qarışmışdı. Suların şırıltısı, cələdəki salxım söyüd yarpaqlarının xışıltısı çəmənlərdən küləyin qovub gətirdiyi çiçək qoxuları Güləsəri məst etmişdi. O hərdənbir ayaq saxlayır, Kürün balıq qoxusu verən nəm havasını ciyərlərinə doldururdu.
Birinci hissə, 11Salatın bütün gecəni narahat yatdığından, yalnız səhərə yaxın şirin yuxuya getdi. Xoruzlar banladı, toyuqlar tardan töküldü, qapılarda mal-qara mələşməyə başladı, ancaq o oyanmadı. Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız, yatıb yuxuya qaldı. Çardağın bacasından süzülüb, üzünə düşən işıq da onu oyada bilmədi. Bacısını birinci dəfə belə yorğun görən Şamxal daya nıb qıza xeyli tamaşa etdi. Salatın yorğanı üstünə çəkib paltarlı yatmışdı. Saçları yastığa dağılmışdı.– Qalx, çaydan-çörəkdən hazırla.