Mərhum Hacı Molla Abbas Hacı Abdulla oğlu əslən isfahanlı imişsə də, yenə Gəncə şüərasının zümrəsindən hesab olunur.

Hacı Molla Abbas "Şölə" təxəllüs təxminən qırx beş sənə bundan müqəddəm Gəncəyə gəlib, orada evlənibdir və lakin övladı olmayıbdır. Şölə Hindistanı, İranın çox yerlərini, Ərəbistanı və Misiri seyrü səyahət edib xeyli bilik və təcrübə kəsb etmiş bir vücud idi. Qafqaziyanın dəxi çox yerlərini gəzib, onda olan müxtəlif əqvamü miləlin adabü ayini ilə bələd olmuşdu.

Mərhum Şölə təvəllüdü zamanından ömrünün müsinn çağına qədər xəstə olmadığını və hətta baş və diş ağrısı nə olduğunu bilmədiyini öz dost və tanışları yanında iddia edərmiş. Şölə fars və türk dillərini kamil vəchdə bilirmiş. Amma əşarü kəlamının çoxusu türk dilindədir. Yazdığı əşarın əksəri, demək olur ki, Gəncə şəhərinin xüsusi vüquatına və onda vaxtbəvaxt zühur edən əlamata, vüqua gələn təğyirata və Gəncə əhlinin əxlaqü adatına dairdir. Şölənin dili açıq və sadə olduğuna binaən, onun kəlamları hər kəsə, hətta kəmsavad adamlara da xoş gəlir.

Məcmuəsi var, amma çap olunmayıbdır. Şölə vəfat edibdir Gəncədə 1899-cu ildə, təxminən yetmiş yaşında.

Əsərlərindən nümunə üçün Gəncənin vəsfində yazdığı şerləri burada gətiririk:

Gəl, ey aləm ara qəmxanə Gəncə,
Dönübsən məhbəsü zindanə, Gəncə!
Əgərçi zahirən abad olubsan,
Olubsan batinən viranə Gəncə!
Sənin üstündə çox qanlar tökülmüş,
Binayi-dəhrdən piranə Gəncə!
Gəhi Osmanlının, gəh Rusun oldun,
Nəsib oldun gəhi İranə, Gəncə!
Bu çərxin qafil olma gərdişindən,
Olur dövran yenə dolanə, Gəncə!
Yəqin et, səndə heç bir qəlb açılmaz,
Gedə gər bağ ilə bostanə, Gəncə!
Olur şad ol zamanda kim, ayağın
Qoyar bir məscidə, meydanə, Gəncə!
Bina tutmaz birisi səndə yayda,
Atarsan hər birin bir yanə, Gəncə!
Ədəb, hörmət aradan oldu nabud,
Çü fayton gəldi bu meydanə, Gəncə!
Keçənlər öldü qurtardı, yerindən--
Ki, biz gəldik yaman dövranə, Gəncə!
Həqiqət Qafqazdə şəm idin sən,
Cəmii-şəhrlər pərvanə, Gəncə!
Sədaqətlə rəfaqət itdi, getdi,
Dönüb işlər hamı yalanə, Gəncə!
Lisanlar cümləsi təğyir olundu:
"Pajalusta" olub qurbanə, Gəncə!
Məqamı kəfşkən kəslər keçərlər
Necə gör sədrə bir şahanə, Gəncə!
Olar kim, beş qruşa yalvarırdı
Deməzlər indi pul milyonə, Gəncə!
Nə günlər səndə gördüm bundan əqdəm,
Həzaran heyf ol dövranə, Gəncə!
Ağardı baş, dişim səndə töküldü,
Məni həsrət qoyubsan nanə, Gəncə!
Olar kim, tülküdən eylərdilər xövf,
Dönüblər şir ilə aslanə, Gəncə!
Tamam iftardə paprus çəkərlər,
Olubdur çün əvəz qəlyanə, Gəncə!
Əcəb iftar, əcəb ruzə, əcəb rəsm,
Şəriət düşdü çox nöqsanə, Gəncə!
Gözüm yaşı bu ruxsarə rəvandır
Gedəndə səmti-qəbristanə, Gəncə!
Çəkər meydanü məscid iştiyaqi,
Gedəndə Şölə Hayestanə, Gəncə!

Şölə bu şerlərində Gəncənin özünü və həm də əhalisini təzmimü təyib edib, onu bir məhbəsü zindanə oxşadır ki, ol qəmxana zahirdə abad görünürsə də, batində viranədir. Onun üstündə çox qanlar tökülüb, canlar fövt olubdur; gah Osmanlıya tabe olubdur, gah Rusa və gah da İran qoşunu onu təsxir edibdir.

Gəncədə yüz bağ və bostana seyr üçün gedilsə də, bir kəsin könlü açılıb, ürəyi şad olmaz. Burada ancaq qəlbi şad edən bir məsciddir, bir də Gəncənin gen və vəsi meydanı. Keçmişdə sair şəhərlərə nisbət Gəncə şəhəri şam imişsə də və sair şəhərlər pərvanə misal onun başına dolanarmışsa da, indi onun rövnəqi dönüb və övraqı pozulubdur. Əhali arasında adabü ərkan götürülübdür. Xüsusən fayton çıxandan bəri xalqın əxlaqı xarab olub, dillərini də dəyişiriblər. İndi hər bir şey bir "pajalustaya" münhəsrdir. Ədna şəxslər və kəfşkəndə məqamı olanlar sədri-məclisə keçiblər və beş qruşa möhtac olan adamlar indi milyona da pul demirlər və bu pulun və dövlətin səbəbinə tülküməzac və qorxaq vücudlar indi aslanə dönüblər. İftarda qəlyan əvəzinə papiros çəkirlər.

Xülasə, sabiqdəki rəsmü qayda götürülüb, dinə rəxnə və şəriətə nöqsan yetişibdir. Bu şerlərdən görünür ki, mərhum Şölə köhnəməslək və bir növ fanatik adamlardan birisi imiş ki, şəriətin nöqsana düşməyini ramazan ayında qəlyan əvəzinə papiros çəkilməkdə və camış arabasının əvəzində fayton minməkdə görür. Bu məsləkdə davam edən köhnəpərəstlər indi də içimizdə az deyil. Şair keçmiş vaxtları ki, onda Avropa rəsmü adətindən bir əsər yox idi, həsrətlə yad edib deyir:

Nə günlər səndə gördüm bundan əqdəm,
Həzaran heyf ol dövranə, Gəncə!
Ağardı baş, dişim səndə töküldü,
Məni həsrət qoyubsan nanə, Gəncə!

Yuxarıda zikr olunan mənzumata bərəks olaraq mərhum Şölə özgə bir kəlamında Gəncəni bu sayaq tərif qılır:

Gəldi bahar, oldu əcəb çağı Gəncənin,
Bazarə gəldi süd ilə qaymaği Gəncənin.

Bir vaxt var o şəhrdə çox-çox fəsadlər
Yapraq açanda çubi-çinaranı Gəncənin.

Qış fəsli səbzəcat, ələf, sairə nəbat,
Əltafi-həqqdir Ərəbistanı Gəncənin.

Artmazla xəlqi, bilmirəm aya səbəb nədir,
Ya rəb, məgər ki, vəqfdi torpağı Gəncənin.

Hər kim ki, getməyibdi, yəqiqən gedən bilər,
Guya ki, bir behiştdi yaylaği Gəncənin.

Çox yerdə vardı məscidi-came zəmanədə,
Heç yerdə yoxdu məscidinin tayı Gəncənin.

Çöl əhlinin müəzzini çaqqallar olur,
Qiblə olubdu Haçaqaya dağı[1] Gəncənin.

[1] Haçaqaya adlanan dağ Kəpəz dağıdır ki, Gəncənin cənub səmtində vaqe olduğu üçün avam xalq qibləsini onunla təyin edir.

Etmə güman ki, xəlq qoyub ehtiyatını,
Pünhan olub yapıncı da, çomağı Gəncənin.

Şölə bu qədri vəsf eləmə, əlqərəz budur,
Yoxdur cahanda tay ilə ortağı Gəncənin.

Şölənin hər iki şerləri ki, burada təhrir olundu, Gəncənin keçmişdəki övzavü əhvalına dair məlumat verməyi ilə layiqi-diqqətdir və şerlərdən onun sahibi-təb olması anlaşır. Və lakin ikinci və üçüncü beytlərdə "çinaranı" və "Ərəbistanı" sözləri rədif olaraq qeyrilərlə mütabiq gəlmir. Bu isə tamami kəlama bir növ nöqsan gətirir.

Aşağıda yazılan beytlər dəxi Şölənin kəlamlarındandır. Bunlardan başqası ələ düşmədi:

Əcəb divanədir, yaran, görün bu mərdümi-aləm,
Bəla zəncirinin adın qoyublar türreyi-pürxəm.


Mənə bir navəki-peykan vurubdur ol kəmanəbru--
Ki, hərgiz Əşkbusi vurmayıb bu şəstlə Rüstəm.


Gərçi çox müşkül olur darü diyar ayrılığı,
Hamıdan müşkül olur sevgili yar ayrılığı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dərbənd şairləri

Məlum ola ki, Dərbənd şəhəri qədim binalardan birisi olub, Xəzər dənizinin kənarında təmir olunmuşdur. Dərbəndin binasını, bəzi rəvayətə görə--əzan cümlə "Dərbəndnamə"də yazıldığına binaən, İran padşahı Keyqubad qoyubdur. Keyqubad şahın əsrində Dağıstanın şimal səmti, Dərbənd həvalisi, Krım, Qazan və Rusiyanın şərqi-cənub səmti xəzərlərin padşahı Xaqana tabe idi.Şah Keyqubad Xaqanın qızını hiylə ilə təzvic edib, onunla qohumluq binasını qoydu və sonradan dərya kənarında İskəndər Zülqərneyn təmir etdirdiyi hasarın ayağını: dəryaya kimi çəkməklə hər iki dövlətin arasında bir sərhəd binasını möhkəmləşdirməyə izn aldı.

19253 dəq
Fatimə xanım "Kəminə"

Qarabağın üçüncü şaireyi-möhtərəməsi ismətməab Fatimə xanım "Kəminə" təxəllüsdür ki, səbiyyeyi-Mirzə Bəybaba vələdi-Əliyar bəydir[1].[1] Mirzə Bəybaba Əliyar bəy oğlu Fəna (1787–1867)--XIX əsr Azərbaycan şairi.

19256 dəq
Həsən bəy Rzaqulu bəy oğlu "Həsən Qara" və "Hadi"

"Beyti-xamuşan" üzvlərinin müqtədirlərindən birisi də Rzaqulu bəy oğlu Həsən bəy idi ki, "Həsən Qara" və "Hadi" təxəllüsü ilə məşhur idi. Onun türk və fars əşarü qəzəliyyatı çoxdur. Nümunə üçün bir türk qəzəli bu məcmuəyə daxil olundu:Şəbi-zülmati-zülfündə fəğanü ahü zarım var,

19257 dəq
Hacı Əbülhəsən Raci

Azərbaycanın İrana mütəəlliq qitəsində zühur edən türk şairlərindən məşhuru Hacı Əbülhəsən Racidir. Racinin nüfuzu Araz çayının sol tərəfində sükunət edən Azərbaycan türklərinə dəxi ki, rus təbəələrindən ibarət olsun, keçibdir. Belə ki, Raci nə qədər İran torpağında mərufü məşhurdur, bir o qədər də Zaqafqaziya türkləri arasında onun hörmət və şöhrəti vardır. Bununla belə Raci kimi şairin ki, onun lətif və dilpəsənd qəzəlləri və cigərsuz növhələri böyükdən kiçiyə kimi cümlə əhli-savadın dillərində caridir, tərcümeyi-halına dair lazım olan məlumatı cəm etməkdə aciz qaldıq. Divani-qəzəliyyat, qəsaid və növhəcatına rücu etdik də şairin öz halü şəninə və filcümlə seyr-sülukuna məxsus bir işarə də bulmadıq. Bu isə bir tərəfdən şayani-təəssüf və bir yandan layiqi-heyrət və təəccüb bir haldır ki, kərrat və dəfəat ilə Racinin divani-əşarü kəlamı çapdan çıxıb və hər bir sinif arasında intişar tapıbdır və divan çap etdirən kitabfüruşların və onun təbinə imtiyaz alan sair əşxasın heç birinin fikrinə gəlməyibdir ki, divan sahibi olan şairin tərcümeyi-əhvalına dair divanın, icmalən cüzi məlumat kitabın bir guşəsində dərc edib, oxuyanları onunla aşina eləsin. Bu təəccüb kəlməsi hal bir Racinin haqqında olmayıb, bəlkə ümum İran və Azərbaycan şairlərinin halına şamildir. İndiyə kimi demək olur ki, Şeyx Sədinin "Gülüstan" və "Bustan" kitabları əqəllən yüz dəfə çapdan çıxıbdır, amma bu çapların heç bir nüsxəsinə Sədi kimi müəzzəm və mötəbər, əhli-hikmət şairin haqqında üç kəlmə də söz tapılmaz. Ancaq kitabın axırında çəndan lüzumiyyəti olmayan şeyi qeyd edirlər ki: "Təmam şod divane-mərhumol-məğfure-felan əleyhorrəhme behəsbe-fərmayeşe sərvəre-mokərrəm və məlazol-ekram Məşhədi felan və ya xeyrol-hace-felan ketabforuş və besəyo ehtemame-Kərbəlaye felan surəte-enteba pəziroft. Allahummə ənfəəhu bihə və licəmiil-moumenin"[1]i.a.[1] Tərcüməsi:

192518 dəq

Başqa şairlərin şeirləri