Səhifə 2 / 2 · 50%

Qız idim, geydirdilər ibrü vəfa köynəyini,
Nişanlandım, geydirdilər zövqü səfa köynəyini,
Gəlin oldum, geydirdilər cəbrü cəfa göynəyini.

Bu sözlər dəxi ona şəhadət verir ki, müsəlman arvadının ömründə bir neçə ağ gün varsa, o da qızlıq və nişanlılıq halındadır.

Bu ağ gün də müsəlman qızlarının çox tez ərə verilməyi nəzərə alınsa, on dörd-on beş ildən ziyadə çəkmir. Ondan sonra biçarə arvad analıq halına yetişib, ölənə kimi əynindən "cəbrü cəfa" köynəyini çıxartmır və sahibinin sərtvücud rəftarından vaxtsız qocalır, qönçə ikən açılmamış solur, tələf olur….

Əgər mətləbin künhünə diqqət yetirib dürüst fikir etsək, onda görərik ki, arvadların təlim və tərbiyəsiz qalmaqlarının, çox işlərdə ixtiyarsız olmaqlarının, övzai-zəmanədən və dünya işlərindən bilkülliyə bixəbər qalmaqlarının zərəri özlərindən artıq kişilərə yetişir, ağılsız, elm və mərifətsiz arvadın yaraşıqsız işi və uyğunsuz hərəkət və söhbəti hamıdan artıq öz kişisinə təsir edir. Kişi təcrübə, elm və bilik cəhətincə hər zaman və məkanda arvaddan artıq olubdur və özünün şaqqası məqamında olan arvadın ağılsız, fəhmsiz və sadədil olduğunu müşahidə etdikcə ürəkdən ağrıyıb içəridən yanır.

O səbəbdəndir ki, bir kişi elm və mərifət sarıdan nə qədər artıq tərəqqi etmiş olsa, bir o qədər o özü üçün münasib yar və yoldaş aramaqda ehtiyatlı olur və evlənmək üçün ən çətin məsələlərdən birisi hesab olunur.

Bu çətin məsələ cümlədən artıq müsəlman əhli-mərifətinin (intelligensiyasının) qabağını kəsibdir. Əksər ittifaqlarda onlar öz millətləri və həmməzhəbləri arasında müvafiq həmsər və yoldaş tapa bilməyirlər….

Bu halda intelligentni şəxsin təmənnası artıbdır. O təmənnaları keçmiş zəmanənin ayin və adatı ilə tərbiyə almış qızlar yerinə yetirməkdə acizdirlər. İndiki adamlar məhəbbət adlanan ali hissə başqa məna verirlər. O səbəbdəndir ki, mədəniyyətli millətlər arasında təəhhül və təzvic məsələsinə artıq diqqət yetirirlər və artıq ehtiyatlı olurlar. Burada bir boşqab şirni və bir kəllə qənd və üç manat pul ilə tez əldən iş bitib əqdi-nikah cari olmur.

Doğrudan da, ər ilə arvadın arasında mərifəs cəhətincə nə qədər təfavüt çox və mənəvi qərabət az olsa, bir o qədər bunların bir yerdə olmağı kişi üçün ağır və çətin olur. Bu surətdə elmsiz və mərifətsiz arvad kişisinin ruhani tərəqqisinə və mənəvi şüğllərinə mane olur. Biçarənin qol və qanadını bağlayıb, ağıl və ruhunun tərəqqi və təcəllisini gah qisim-qisim iddialar ilə pozur və gah həmişə əllərində olan göz yaşı ilə qərq edir. Ürəyi elm və bilik şövqü ilə dolmuş və qəlbində mərifət çırağı yanmış hər bir kişi, xüsusən cavanlıq mövsümündə, mərhum Abdullabəy Asinin kəlamı misdaqincə "Günəş həmxanəliyini məva etmək arzusunda olub", tərlan kimi uca məqamlara uçub qalxmaq istəyir və lakin bu halda dişi qaz misilli bir arvada rast gəlib, qüvvəyi-şəhviyyəsinə məğlub olub, onunla həmsər olur və tezlikcə özü də tərlan ikən çevrilib qaz olur, çamurlu və üfunətli gölmələr içində özünə və balalarına üfunətli tömə axtarmaqla ömrünü zay edir.

Belə ki, "Mürği-Qaf ilə həmzəban olub, dövrə qalxmağa balü pər bağlamış" arvadlar hənuz müsəlmanlar arasında hasilə gəlməyibdir.

3

Bilmək gərəkdir ki, ünas əhlinin elm və mərifətsizlikləri ucundan bu qədər dalda qalmaqları, bu qədər biixtiyar, avam və sadədil olmaqları məhz bir özlərinə və kişilərinə zərər yetirmir. Bəlkə bunlardan da artıq onun ziyanı və sədəməsi övlada və körpə balalara toxunur.

Təəccüb etməli haldır, analıq və ana olmaqlıq ziyadə çətin və bununla belə müqəddəs bir peşə sayıldığı halda, o çətin peşəni və müqəddəs vəzifəni layiqincə icra etməyə analar hazırlaşdırmaq fikrinə düşmürlər. Bu məsələdə hamıdan artıq qəflətdə olan müsəlmanlardır. Dünənki uşağı, gəlin oynadan və ağzından hənuz süd iyi gələn körpə bir qız balasını bu gün arvad edib, gəlin oynatmaq əvəzində balaya süd və tərbiyə verməyə vadar və məcbur qılırlar. Nə böyük zülm və ədalətsizlik! Və nə böyük cəhalət və divanəlik! Filhəqiqə, belə körpə, əti və sümüyü bərkiməmiş anadan vücuda gələn balalar cismən və əqlən nə qədər zəif, nəhif və mayasız gərək olsunlar. Övladın tərbiyəsi və təlimi ancaq o vədə qaydaya düşüb təbii ola bilər ki, onların vücuduna səbəb olan ata və ana həddi-kamala yetişib, ağıl və fərasətdə, elm və bilikdə, ixtiyar və hüquqda biri-birinə müvafiq olalar, biri-birinə həqiqi mərifət və məhəbbət ilə bağlanmış olalar və hər ikisi təlim və tərbiyənin yolunu kamalınca anlayalar. Bu surətdə demək olar ki, ər və arvad bir cismin, bir bədənin iki müvafiq hissələri və təbii parçalarıdır. Ancaq belə əqlən, əxlaqən və cismən yek-digərinə müvafiq və müsavi olan ər və arvadın əqdləri mübarək və müqəddəsdir və bunlardan törəyən övlad hüsn-tərbiyə almağa müvəffəq ola bilər. Zira ki, ağıl və kamalı dürüst və canı salamat valideyn çalışacaqlar ki, övladları hər bir cəhətdən onların özündən əfzəl və ikmal olsun.

Xeyli zamandır ki, Avropada və sair yerlərdə mədəniyyətli qövm və tayfalar arasında ünas tayfası öz hüquq və ixtiyarlarını axtarmaqdadır. Bəzi məmləkətlərdə bunlar bir növ məramlarına nail və mətləblərinə vasil olmuş kimidirlər. Bunları təbrik etmək olar. Bu axır vaxtlarda islam aləminin bəzi niqat və guşələrində müsəlman arvadlarının içində bir növ cünbüş və hərəkət müşahidə olunur. Onlar tərəfdən gahda bir nazikanə tələbi-hürriyyət, hüquq və ixtiyarat sədası gəlir. Müsəlman xanımları da guya özlərinin fəna halda yaşamaqlarını düşünüb, qeydi-əsarətdən və bəndi-zillətdən azad olmaqlarına çarə və tədbir aramaq fikrinə düşürlər. Yavaş-yavaş özlərini tanımaq, təkliflərini anlamaq, qədr və qiymətlərini bilmək istəyirlər.

Doğrudan da, ana olmaq, körpə balaya döşdən süd verib onu bələməkdən və ona dayəlik etməkdən ibarət deyil. Analığın, necə ki, yuxarıda zikr olundu, başqa şərt-şrutları vardır ki, onları kamalınca dərk edib yerinə yetirməyə elm və mərifət və anlaq lazımdır.

Və həmçinin arvad olmaq yalnız bir bədən və cisim ilə kişiyə qulluq edib, cismani xahişlərini əmələ gətirmək deyil. Həqiqi arvad olmağın dəxi çox mühüm şərtləri vardır ki, onları bilməməkdən bizim yazıq arvadlarımız kişilərinin nəzərində belə xar, zəlil
olublar.

Elmsiz və cahilə ananın öz övladına nüfuzu o vaxta kimi ola bilər ki, onlar nabaliğ tifl halındadırlar. Necə ki, onların ağıl və fəhmi yaxşı-yamana fərq verməkdə acizdir.

Amma zamaniki övlad böyüyüb təlim və tərbiyə alır və elm nuru ilə ağıl və zəkavətini işıqlandırır, onda anasının dünyadan bixəbər və sırf cahilə olduğunu bilib, bir yandan onun sadəliyinə təəccüb edir və bir yandan ona yazığı gəlir. Belə olan surətdə mənəviyyat sarıdan onların yaxınlaşmağı mümkün olmur.

Ananın sözünü övlad, övladın dediyini ana başa düşməyib, xilqətən bu qədər yavuq ikən biri-birinə yad olurlar. Bu halda biçarə ana övladından şikayətçi olub, onların əmək itirməklərindən, haqq-naşünas olmaqlarından başlayır qonum-qonşuya giley etməyə. Bu hal həqiqətdə hər iki tərəf üçün ağır və ürək yandırıcı bir haldır.

Bu halı rus ədiblərindən məşhur Turgenev "Atalar və oğullar" sərlövhəsi ilə yazdığı bir romanında artıq məharətlə kəşf və bəyan edibdir.

Heyfa ki, bizim əhli-qələmimiz belə mühüm mətləblərdən qafildirlər. Ər ilə arvadın arasında olan əlaqəyə diqqət yetirdikdə görürük ki, bunların mabeynində təfavüti-əql, fəhm və idrak daha da artıq dərəcədədir. Bu təfavütdən nəşət edən fənalıq və nifaq məişətimizi pozğun edib, dolanacağımızı nizam və qaydadan salır və bu yolda o qədər faciələr və ürək yandırıcı müsibətlər vüquə gəlir ki, onları dil ilə söyləmək və qələm ilə yazıb başa yetirmək olmaz. Ər və övrət şərən və əqlən bir bədənin iki şaqqası və müvafiq hissəsi olduqlarına görə bunların arasında olan yekdillik, ülfət, məhəbbət və mənəvi qərabət gərəkdir heç bir kəsin mabeynində mülahizə olunmasın və lakin, mətəəssüf, müsəlmanlar arasında hər bir ailənin xoşbəxtliyinə səbəb olan bu iki hissə, yəni ər və arvad əksəriyyətən bir-birinə müvafiq gəlmir. Hissənin biri, yəni ər, yəni ağıl və kamal və bilmək cəhətindən öz mənəvi parçasından, yəni arvadından əla dərəcədə durduğuna görə onunla ülfət və saziş edə bilmir.

Bu mənanı "Molla Nəsrəddin"in 30-cu nömrəsində cənab Lağlağı "həlal" ünvanında yazdığı məqalədə zarafatyana daha da açıq söyləyibdir. Amma o şey ki, Lağlağı məzəliliyə salıb açıq söyləyir, onu biz bir az pərdəli danışmağa məcburuq.

Necə ki, qədim Yunanıstanda hükəma və filosoflar öz ailələrindən xəlvət qaçıb, getera adlanan azad və bir növ əxlaqsız arvadlar məclisində ruhlarını şad və vaxtlarını xoş keçirirdilər, habelə bu halda bizim müsəlmanlar içində, xüsusən elm və kamal təhsil edənlər arasında, çoxları elm və tərbiyəsiz müsəlman arvadlarına meyl və rəğbət göstərməyib, özləri üçün naməşru yol ilə ruslardan, nemsələrdən və yəhudilərdən yoldaş və həmsər axtarırlar. Bizim anladığımıza görə, özgə sayaq da ola bilməz. Çünki kişini arvad özünə məhz bir cismi və zahir camalı ilə bənd edə bilməz. Bunun üçün ağıl və kamal da lazımdır. Zahiri gözəllik kişini ancaq əvvəl dəfələrdə özünə mayil və rağib edir. Necə ki, kişi bir gözələ malik və sahib olmayıbdır, onun tələbindədir və bu halda gözəllik nüfuzu artıq və hökmürəvandır. Amma elə ki, kişi ona qalib gəldi və ona sahibləndi, onda zahiri gözəllik mənadan düşür və bir az vaxtdan sonra əzəlki qədrü qiymətini sahibinin nəzərində itirir. Bundan sonar kişini özünə bənd edən ağıl və kamal və sirətin gözəlliyidir. Və həqiqəti-əmrdə insanı özünə bağlayan və həmişəlik aşiq edən camali-zahiri deyil, camali-mənəvidir. Əsil gözəllik surətdə deyil, ağıl və kamalda, əxlaq və sirətdədir.

Bunu dürüst biləndən sonra arvadlarımızın ağlının, əxlaqının və filcümlə mənəvi kamalatının tərbiyəsinə məşğul olmağı əvvəlinci vəzifələrimizdən gərəkdir hesab edək. Tərəqqi və təalamızın hüsulu arvadlarımıza təlim və tərbiyə verməyə və onları qaranlıq və cəhalət aləmindən elm və mərifət dünyasına çıxartmağa münhəsirdir.

Bu halda hərəkətsiz və taqətsiz hissəmizi hərəkətə gətirib, bütün bədənə dirilik və salamatlıq vermiş kimi oluruq və mənəvi tərəqqimizə bir rast və gen-şahrah açırıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İranın oyanması

(İranda konstitusiya elan edilməsi münasibətilə)On il bundan əvvəl mən təsadüfən bir nəfər varlı iranlı ilə tanış oldum. O, öz ticarət işləri ilə əlaqədar olaraq İstambula gedirdi. Mənim tanışım İranın əsl oğlu kimi çox məlumatlı, əyləncəli və maraqlı bir adam idi. Mənim İran haqqındakı suallarıma cavab verərək, o ölkənin vəziyyəti haqqında müfəssəl məlumat verdi və öz vətəninin gələcəyi haqqında çox bədbin mülahizələr söylədi. Vaxtı ilə xoşbəxt və əzəmətli bir dövlət olan İranın ağır vəziyyətini qabarıq təsvir etmək üçün o, belə bir müqayisə apardı: dəmir yolu və hərəkət üçün başqa az-çox əlverişli nəqliyyat vasitəsi olmayan Ərəbistan yarımadasında susuz və həyat əsəri olmayan səhralarda uzun məsafələri yalnız dəvə karvanları ilə qət etmək mümkündür. Bəzən elə olur ki, karvandakı dəvələrdən biri taqətdən düşür və yolu davam etdirə bilmir. Belə hallarda sarvanlar yorulmuş dəvədən yükü götürür və yazıq heyvanı başlı-başına buraxaraq yollarına davam edirlər. Zira, təcrübə göstərir ki, yerə çökən dəvəni heç bir vəchlə ayağa qaldırmaq olmaz!

19065 dəq
Köçərilərin övza və əhvalı

Əgər tarixə baxılsa və dilimizdə istemal olunan məsələlərə və atalar sözünə diqqət yetirilsə, biz Azərbaycan türklərinin bu axır vaxtadək köçəri halında zindəganlıq etməyi məlum olunar.Məşhur sayaçı sözlərində ev heyvanları bir-bir zikr olunur və bu sözlərdə heyvanların cümləsindən ziyadə tərif və tövsif olunan qoyun və keçidir; o heyvanlardır ki, tərəkəmə xalqının diriliyi və rahatlığı onların varlığına bağlıdır. Xüsusən gözəl və şirin dil ilə qoyunun qisim-qisim sifətləri tərif olunur.

190912 dəq
Milli bayram

Budur, beş-altı aydır ki, hörmətli qonşumuz gürcü milləti artıq ciddi-cəhd, şövq və həvəslə böyük bir milli bayramlarının icrasına hazırlaşmaqdadırlar. Bu bayrama, demək olur ki, tamam millət hazırlaşır. Böyük, kiçik, arvad, kişi, xəvass və avam, müəllim və şagird, hər bir sinif və firqə, hətta mehmanxanalar və traktirlərdə qulluq edən lakeylər də milli bayramlarına hazırlaşmaqdadırlar. Bu bayram gürcülərin məşhur şairi Akaki Seretelinin əlli sənəlik yubileyidir ki, bu dekabrın 7-də artıq cəlal və təntənə ilə Gürcüstanın hər yerində icra olunacaqdır. O vaxt biz də "Tərəqqi"nin möhtərəm oxucularına cənab Seretelinin tərcümeyi-halından və asari-qələmiyyəsindən icmalən məlumat verərik. Burada ancaq gürcülərin bu ittihad və ittifaqı bizi bir yandan şad edib, bir yandan mütəəllim etməklə və dərin fikirlərə salmaqla qareini-girami aşna etmək istəyirik.Əlli sənə millətə xidmət eləmək, onun ürəyində gözəl və pakizə hissiyyatın doğub nəşv-nüma tapmasına səbəb olmaq, millətin keçəcək və istiqbalını, nicat və səadətini şairanə və ədibanə nəzmə çəkmək, əbnayi-millətin təlim və tərbiyəsinə, ruhani məişətinə qulluq eləmək, əlbəttə, böyük hünərdir. Əlli sənə millət balalarının beşiyini yırğalayıb onlara layla çalmaq, gözəl nağıllar demək, millət analarının qəlbində məhəbbət toxumu saçıb o məhəbbətlə Gürcüstanın yaralarını sağaltmağı mühəyya etmək, millət cavanlarının ürəyində qeyrət və fədakarlıq hissiyyatına pərvəriş vermək, millət əkinçilərinin ağır zəhmətini gözəl mahnılar ilə yüngülləşdirmək, əlbəttə, böyük və əvəzsiz qulluqlardır ki, bunların müqabilində nə qədər hörmət və ehtiram olunsa yenə də azdır. Bu qədər vəsfə gəlməyən xidmətlərin əvəzində hər bir maddi müavinət və ehsanatdan, hər qisim töhfə və hədiyyələrdən ziyadə şairi xoşhal və səadətmənd edən bir şey varsa o da millətin məhəbbətidir. Sereteli cənablarını bu bimisl səmimi və mənəvi töhfə ilə biz təbrik edə bilərik. Doğrudan da gürcü camaatının ürəyi şairə nisbət məhəbbət hissi ilə doludur necə ki, gürcü milləti sağ və salamatdır, onun adı dəxi xəyal ilə zində və baqi qalacaqdır. Budur, qonşularımızın hal-həyatda olan şair və ədibləri haqqında etdiyi ifayi-məhəbbət və müvəddət və izhari-sədaqət və xlusiyyət! İndi keçək ölmüş ədiblərinin üstə.

19085 dəq
Məişətimizə dair

1İki sənə bundan müqəddəm yuxarıda qoyduğumuz sərlövhədə bir neçə məqalə möhtərəm "İrşad" ruznaməsinin nömrələrində öz daxili işlərimizdən və dolanacağımızdan yazıb, bəzi mətləblərdən bəhs etmişdik. Sonradan bir para səbəblərin vüqui ilə ki, burada onların şərhinə ehtiyac yoxdur, yazmaqdan əl çəkdik. Bu müddətin ərzində aləmi-islamda çox böyük əlamətlər, fikrə gəlməyən inqilablar, xəyala sığışmayan vaqiələr zühur etdi. "Molla Nəsrəddin" məzəlikcə söylədiyi sözlər və istehzalar, yəqincə yazdığı xəbərlər eyni ilə nəticə verdi. İranda "bomba" sədası eşidildi, "zabastovka" xəbəri çıxdı və buna səbəb cənnətməkan Müzəffərəddin şahın verdiyi hürriyyətin geri alınması, məclisin qovulması oldu. Bu yolda böyük iğtişaş və inqilabçılar törədi və əlan iğtişaş yatmayıb, gələ-gələ artmaqdadır. İranın gələcəyi nə olacaq?...

190814 dəq

Başqa şairlərin şeirləri