Köçərilərin övza və əhvalı
Səhifə 2 / 2 · 50%
Qazax şairləri mərhum Kazım ağa Salik və qüfrani-pənah Mustafa ağa Arif hər birisi bir dil ilə Həmzəçəmənin gözəlliyini və səfasını mədh və tərif ediblər. Mərhum Arif Rusiyada əsirvar zillət və həqarət içrə zindəganlıq etdiyi vaxtlarda aşağıda yazılan sözlərlə gözəl yaylaqları və öz elin-obasın yad edib, gözlərindən qanlı yaşlar tökərmiş:
Sərçeşməli, neylufərli bulaqlar,
Susənli, sünbüllü, laləli dağlar,
Dumanlı, çiskinli, qarlı yaylaqlar,
Hanı bizim o meydanlar, ağlaram!
Ellərimiz vardır bəyli, paşalı,
Dağlarımız vardır əlvan meşəli,
Susənli, sünbüllü, tər bənəfşəli,
Qaldı bağlar, xiyabanlar ağlaram….
Bu halda əmri-məaş çətinliyə düşdüyünə görə arandan dağa və dağdan arana köçmək vaxtı irəliki əyyama nisbətən xeyli təngləşibdir.
Keçmişdə, iyirmi-otuz il bundan müqəddəm tərəkəmə xalqı novruz bayramından sonra köçmək qeydinə düşüb, köç-döşə lazım olan əsbab və alatı düzəldib hazırlamağa məşğul olurdu. Əkin-biçin ilə çəndan əlaqəsi yox idi. Elə ki, günün hərarəti şiddətlənib canlıya və cansıza əsər edirdi:
Sayan yağış yağanda,
Sarmaşıq ot bitəndə,
Quzu tələkə tutanda,
Keçi irtmək atanda --
köçərilər arandan yaylaqlara tərəf hərəkət edirdilər və orada soyuq düşənə kimi, hətta bəzi yerlərdə qar yağanacan, yəni payızdan da bir ay keçəndə qışlaqlarına qayıdırdılar.
Bu vaxtlarda aranın da havası sınıb, yumşaq və mötədil olurdu. Onun istisi heyvana və insana çəndan əsər etmirdi.
O vaxtlarda dağdan gələn adamların rəngi qırmızıdan da ötüb, bənəfş çalırdı. Qoyunlar o qədər kökəlirdi ki, quyruqlarını çəkib apara bilmirdilər. At və sığır mal dərisinə sığmırdı.
Bununla belə, el-oba yenə həsrət ilə yaylaqdan ayrılırdı və hali-dilini bu bayatı ilə bildirirdi:
Dağlar marala qaldı,
Otu sarala qaldı,
Soyuq bulaq, göy yaylaq
Yenə marala qaldı.
O vaxt dağ adamlarının qara qızdırmadan və indi modnı naxoşluq olan malyariyadan xəbərləri yox idi və bu qədər canlar onun çəngində fövtə getmirdi.
Amma indi, necə ki, sabiqdə zikr olundu, əsil tərəkəməçilik götürülübdür. İndi tərəkəmələr yarıəkinçi və yarıköçəri olublar. Ziraətləri artıb çoxaldığına görə uzun müddət əlaqələrini arandan kəsə bilmirlər. İki ay, artıqbaşı iki ay yarımdan ziyadə dağda qalmayıb, quyruq doğandan sonra, yəni iyulun iyirmi beşindən, yainki avqustun əvvəllərindən başlayırlar arana köçməyə, əlsiz-ayaqsızlardan, kasıb-kusublardan elələri də olur ki, bütün yayı aranda keçirib, el dağdan enməyə beş-on gün qalmış var-yoxunu bir öküzünə yükləyib və balalarının əlindən tutub, yaxında olan dağların ətəyinə çıxır ki, heç olmasa bir neçə günə havasını dəyişdirib sərin su içsin.
Quyruq doğandan sonra əgərçi hava bir az sınır və milçək azalır, amma bununla belə aranda yenə şiddətli istilər keçir və avqust ayı bizim camaat arasında "qora pişirən ayı" adı ilə məşhurdur. Bu ayda xeyli mərəzlər dəxi törəyir.
El-oba bir tərəfdən sərin sulardan və səfalı yaylaqlardan həsrət ilə ayrılırsa da, bir tərəfdən də hər bir oba hamıdan tez özünü arana--yəni odun və yalovun içinə salmağa tələsir. Belə sürət və əcələ ilə arana köçməyin səbəbləri çox isə də, ümdəsi bir oba və şənliyin o biri şənliyə etibarı olmadığıdır, qonşunun qonşudan qorxu və ehtiyat etməyidir. Çünki kərrat ilə görünüb təcrübə olunubdur ki, hansı kəndin şənliyi arana tez enirsə öz qonşuluğunda olan el-obanın qoruğunu malına basdırıb, büxl və həsəd ucundan və yainki oğurluqdan və dələduzluqdan taxılını xəlvət daşıyır, ot taylarını və dam-daşını yandırır, bağını, bostanını tələf edir. Bizim camaatda özgənin malına və canına qəsd etməmək, özgənin əməyini itirməmək və zəhmətinin hasilə yetmiş meyvəsini zaye etməmək hissi ayılmayıbdır.
Qonşu qonşunun xeyir və səlahını, nəf və faydasını gözləmədiyi halda, bir-birinə düşmən və yağı olur və bir-birinə zərər və ziyan yetirməyi həccə getməkdən artıq və əfzəl bilir. Əgər bu vəhşilik və xəyanət olmasa hər bir mahalın elatı darda daha da artıq qalıb, oranın ab-havası ilə özləri və otu ilə malları və qoyunları mənfəətbərdar olardı və aranın otlağı da ilin axırına kimi heyvanlara kifayət edərdi və onlar da qışda aclıqdan tələf olmazdı; özləri də malyariyadan xilas olub, vaxtsız və əcəlsiz dünyadan getməzlərdi.
Bu bəlaların və fəlakətlərin tamamisi bizim camaatımıza avamlıqdan və anlaqsızlıqdan yetişir ki, avamlıq özü böyük bir mərəzdir. Ən əvvəl ona bir çarə tapmaq lazımdır. Tamam Qazax uyezdinin xalqı, demək olar ki, köçəridir. İyul ayının axırında Dilicanın ətrafındakı yaylaqlarda sakin olan el-oba bir vaxta dolur Dilican dərəsinə. Beş-altı sənə bundan qabaq hər kənd və şənliyin özlərinə məxsus dağ yolları var idi ki, yollarla dağa və arana köçürdülər. Amma indi erməni-müsəlman davasından bəridir ki, Qazax mahalının əhalisi öz köç-döşlərini "dərə yolu" ilə salıblar. Bu yol ibarətdir şosa yoldan ki, Ağstafadan başlanıb, Gömrüyə və Karsa kimi gedir.
Avqustun əvvəllərinə bir-iki gün qalmış el tərpənir. Yüz minə kimi camaat bir vaxtda öz külli mali-məvaşiləri ilə dolurlar Dilican dərəsinə, köçün başı Uzuntalaya və Ağstafaya yetişəndə ayağı Qarakilsədə hərəkət edir.
Qarakilsə ilə Ağstafanın arası yüz verstdən ziyadədir. Bu yüz verstlik yolu o tay-bu tay tuturlar. Köç köçə dayanıb iki qatar gedir. Bu əsnada Dilican dərəsində bir küy və qalmaqal, bir bağırtı və çığırtı qalxır ki, guya həşr-nəşr başlayıb qiyamət qopur. Böyük kiçiyə, arvad uşağa, qoyun, keçi, at, eşşək və qaramal bir-birinə qarışıb, ağız dediyini qulaq eşitmir, hər heyvandan bir cürə səda gəlir.
Bu köç-döşün büsatını mərhum Əhməd bəy Cavanşir özünün bir çox baməzə hekayələrində artıq məharətli nəzmə çəkibdir. Onlardan "Xoca-xoca və çalağan" hekayəsinə baxmalıdır.
Elatın bu minval tələsik, bir-birini basa-basa arana köç etdiyi əsnada nə qədər maddi zərər və ziyana düçar olduğunu yazsaq çox uzun çəkər….
Divan əmələsi və mal həkimləri "keçi suyu bulandırdı" bəhanəsi ilə yazıq tərəkəmələrdən o qədər xilafi-zakon xərc və ştraflar alırlar ki, təsəvvürə gələsi deyil. Allah əvvəlkilərə insaf və axırkılara səbir versin.
Kitabxana.az · https://kitabxana.az/works/kocerli-kocerilerin-ovza-ve-ehvali
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu şairin kəlamından müfti əfəndinin "Məcmuə"sində ancaq bir müxəmməs tapdıq ki, eyni ilə burada dərc olunur.MƏKTUBA XİTAB
Sənan ŞirvaniSənan Şirvanidən zeyldə təstir olunmuş qəsidə tapıldı:Nişanın taci-dövlətdir, səadətlilərin dilbər
Vaiz Əfəndi ŞirvaniMərhum Vaiz əfəndi Şirvan vilayətinin möhtərəm, alim və sahibi-kəmalü təcrübə şairlərindən hesab olunub, əşari-zərifələri ilə öz əsrində namü şöhrət kəsb etmişdi. Onun qəzəllərindən bir neçəsi əlimizə düşdü. Nümunə olaraq aşağıda iki qəzəli dərc olunur.Qəzəli-Vaiz əfəndi:
Axund Molla Hüseyn Marağalı "Dəxil"Dilsuzun həmməslək və həməsrləri olan Azərbaycan şairlərindən məşhurudur ki, "Dəxil" təxəllüsü ilə iştihar tapıbdır. Dəxilin yazdığı asarın cümləsi cənab İmam Hüseynin müsibətinə məxsus, Kərbəla faciəsinə dair əhvalatdır. Dəxilin kitabı mərsiyəxanların əlində ən mötəbər kitabdır və bu kitabda Kərbəla əhvalatı bəzi yerdə nəsr ilə və əksərən nəzm ilə təhrir və tənzim olunubdur. Dəxilin Füzuli kimi nəsr ilə yazmaqda dəxi ziyadə qabiliyyəti və məharəti kəlamından məlum olunur. Necə ki, zeyldə yazılan sətirlər ona şəhadət edir.Vəqta ki, şahi-Kərbəla-seyyidüş-şühəda, yəni məzlumlar ağası İmam Hüseyn Kərbəlada yekkəvü tənha qalıb özünə kömək çağırırdı, ol cənabın ahü naləsi göylərə və yerlərə böyük çaxnaş və zəlzələ saldı və pərvərdigari-cəlilin təsbihü təhlilinə məşğul olan görübən müqərribin və məlaikeyi-səmavatü ərzin Kərbəla səmtinə mültəfit olub gördülər bir gülzardır ki, xiyabanın gülləri sineyi-əhli-matəm tək çak-çak, çeşmə kənarının səbzələri çeşmi-həsrət kimi nəmnak və sahəti-zəmini [misli]-daməni-gülçin sərasər laleyi-xun[in] və nəsimi-həvası manəndi-ahi-dilnişin və reyhanları yetim zülfü kimi qubaralud və sərvləri əsirlər ahı tək siyahəndud və qönçələri aşiqi-məhzun tək xunbar və sünbülləri zülfi-ərusani-matəmdidəmisal tarumar və rayiheyi-nəsimi əşki-əsiran ilə həmabü həva və həzarələri ətfali-qəriblərə həmnəva və cuybarı məcrayi-əşki-laləgun və çeşməsarı beeynih dideyi-pürxun, bülbülləri xamuş və bağbanı mədhuş:
Başqa şairlərin şeirləri
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Ayı və arılarBir ayının düşdü yolu bir zamanBal arısı kəndisinə nagəhan.
Deyişmə: Dağıstandan gələn gəlin— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,