Mirzə Fətəli Axundov
Səhifə 3 / 7 · 29%
Çarəsiz Rum torpağından qayıtdım,
Orada qalmaq mənim üçün uğursuz idi.
Bu nəticəsiz gedib-gəlmək haqqında
Oradan Tehrana xəbər göndərdim.
Elmlər vəzirinin adına yoldan
Ürəksevən bir məktub yazdım.
Yeni əlifbanı ona nişan verdim,
Onun üçün behiştə yeni bir qapı açdım.
Bilmirəm onun hümmətimi alçaq idi,
Ya o, gecə-gündüz sərxoş idi;
Bu vəzir mənə cavab vermədi,
Məqsədim üçün əl tutmadı.
Başqa bir vəzir də dodaqlarını tərpətmişdi,
Bu məsələ haqqında öz fikrini demişdi
Ki, biz İran xalqı kiçikdən böyüyə qədər,
Atəşpərəstdən xristianadək, farsdan türkə qədər,
Hamımız zirək və mərifət sahibləriyik.
Zəka üzündən həmişə fikirdəyik.
Yazının çətinliyindən qorxumuz yoxdur,
Çala-çuxurdan çıxmaq üçün korlara yol göstərən lazımdır.
Heç kəsdən yeni yazı qəbul etmərik,
Bizim öz yazımız və öz fikrimiz kifayətdir.
Sonra bu fikri ilə güvənmişdi,
Əlinin içi ilə saqqalını tumarlamışdı.
O məclisdə sıra ilə oturanların hamısı
Ona demişdi: "Sağ ol, ey fikir deyən!
Doğru sözünə min afərin olsun!
Hikmətdə sənə heç kəs bərabər ola bilməz,
Qəlbin işıqlıdır, sözün sağlamdır,
Onu rədd etmək üçün
Ərəstu belə cavab tapmaz",
Təəssüf ki, gözəl xasiyyətli şahənşahın
Vəzirlərin axmaqlığından xəbəri yoxdur,
Heyif ki, fərasətli və huşlu şahənşah
Heyvərələrin işindən sakit oturur.
Heyif ki, ədalətli hökm verən
Bu əlifbanı başdan-başa görmədi,
Heyif ki, onun parlaq dövründə
Abırlı bir vəzir görmədik.
Hamısı tamahkar, hünərsiz, ağılsızdırlar,
Kim onların adını yaxşılıqla çəkər?
Hərçənd onun dövrünün başlanğıcında
Şərqdə İldırım kimi bir vəzir parladı,
Ancaq o, ruslar ölkəsində vəzirlik edən
Boris kimi bir vəzir idi.
Bütün işləri şahın qarışacağı olmadan gördüyü üçün,
Ömrü Boris kimi zay oldu,
Bu rəmzi bu padşah anlarsa,
Onun ömrü günəş və ay kimi olsun
Ki, dövlət millətin pərəstarı olmalıdır.
Millət dövlətin pərəstarı olmamalıdır.
Ey Keyqubadın taxtında əyləşən,
Onun üzərində şahlığın daimi olsun,
Eşitdinmi ki, rus ölkəsində
Hümmətlə, qeyrətlə, namusla
Aleksandr rus millətinə nə yaxşılıq etdi?
Ad çıxarmaqda dünyada kişi oldu,
Eşitdinmi ki, Palmerston
Britaniyalılar üçün nələr etdi?
Sən Vilhelmi,
O ağıllı, elm sahibi kralı eşitdinmi?
Zəhmət və çalışmaqdan bir an belə rahatlanmır,
Ona görə də dövründə mülkü behişt kimidir,
Sən Bismarkı eşitdinmi
Ki, başını göylərə yüksəltdi?
Onun fikrindən nə cür tədbirlər baş verdi?
Vətəni uğrunda müharibə etdi.
Eşitdinmi ki, inişil, Haribaldi
Öz ay üzlü arvadı ilə
Nə kimi cəsarətli müharibələr etdi,
Vətənini yadlardan təmizlətdi.Hər yerdə ki, o döyüşlə məşğul idi,
Arvadı arxasında ona kömək idi.
Sən Linkolnun
Canını millətə necə qurban etdiyini eşitdinmi?
Tyeri eşidibsənmi ki, indi
Onun ömründən səksən il keçir.
Vətəni üçün həmişə kədərlidir,
O, pul və rahatlıq qayğısında deyildi,
Ey padşah, vəzirlərin nə etmişlər?
Onların işinə özün şahid ol!
Vəzirlərin nöqsansız bir iş görməmişlər,
Onlar gah qarınlarının dərdindədirlər, gah kisələrinin.
Elə isə onlar bir arpaya dəyməzlər.
Ey şahlar şahı, onları qapından qov!
Elmli, düşüncəli vəzirlər axtar,
Nəcabəti burax, bacarıq axtar
Ki, məmləkət yeni bəzəklə
İstədiyin qədər bəzənsin.
Yeni əlifbanı işə salsınlar.
Xoşbəxtlik ağacını meyvələndirsinlər.
Ə z i z d o s t u m R u h ü l q ü d s ə x i t a b
Çox şikayət etdim, söz uzandı,
Vaz keçdim, bir daha səni görməyəcəyəm.
Bu işi, bu zəhmət və xəstəliyi başa çatdırmağı
Gələcək nəslə tapşırdım.
Mərhum Mirzə Fətəlinin bu mənzuməsi Firdövsi əleyhirrəhmənin Soltan Mahmud Qəznəvinin haqqında yazdığı həcvə bənzəyir. Hər iki kəlamın mənbəyi bidadlıq və ədalətsizlikdən naşi şikvə və nalələrdir. Axundov ustadi-kamili olan Firdövsi-xoşnamə peyrəvilik etməkdə artıq məharət göstəribdir. İran-zəmin vəzirlərinə elə bir qara ləkə və həcv sikkəsi vurubdur ki, qiyamətə kimi onu yumaq və qazımaq ilə getməyəcəkdir. Bəli, doğrudur:
Çu şair berəncəd bequyəd hica,
Bəmanəd hica ta qiyamət beca. [1]
[1] Tərcüməsi:
Şair incisə həcv deyər.
Həcv isə qiyamətə kimi qalar.
* * * *
Mirzə Fətəli Axundovun komediyalarına gəldikdə, qəti surətdə deyə bilərik ki, Qoqol rus və Molyer firəng dram yazanlarının ustad və pişrəvi olduğu kimi, mərhum Axundov da türk-Azərbaycan ədiblərinin və komediyanəvislərinin atası və yol göstərəni olubdur. Onun komediyalarının mislini bizim Azərbaycan türklərinin dram yazanları hələ bu vaxtadək kamalınca yazıb yetirə bilməyiblər; vəli bunu dəxi inkar etmək olmaz ki, Mirzə Fətəlinin sayəsində Nəcəfbəy Vəzirov və Əbdürrəhimbəy Haqverdiyev kimi əhli-qələm, müqtədir, sahibi-idrak və kamal dramnəvislər vücuda gəlibdir. Bunların hər birisinin bir neçə komediyaları və drama məxsus əhəmiyyətli əsərləri vardır ki, indiki məişətimizin bəzi övza və əhvalını eyni ilə göstərir. Hər iki ədibin və Mirzə Fətəliyə peyrəvilik edən sair dramnəvislərin vücuda gətirdikləri əsərlər barəsində "Azərbaycan türklərinin ədəbiyyatı" adlı məcmuəmizdə müfəssəl məlumat verilir.
Komediya yazmaqda elm və bilikdən səva təcrübə və bələdiyyat lazımdır və bunlardan əlavə xudadadi bir qüvvə, yaradıcı bir təb, türk istilahınca, "allah vergisi" lazımdır ki, bir yandan görüb eşitdiyini götürüb yetirə bilsin və bir tərəfdən öz fikir və xəyalı ilə yoxdan var eləsin. Bu "allah vergisi", yoxdan vücuda gətirmək qüvvəsi mərhum Mirzə Fətəlidə kamalınca var imiş. Onun komediyaları qövlümüzə möhkəm və adil şahiddir. Necə ki, Qoqolun Qorodniçisi, Xlestakovu və Dobçinski, Bobçinskisi hal-hazırda Rusiyanın bəzi yerlərində müşahidə olunmaqdadırlar, habelə də Mirzə Fətəlinin Hatəmxan ağası, Hacı Qarası, Zalxası, Bayramı, Ağa Kərim Miyançısı, Molla İbrahimxəlili və qeyriləri bu halda sağ və salamat bizim içimizdə dolanıb, hər biri öz fel və əməllərini işlətməkdədirlər.
Mirzə Fətəlinin komediyaları yazılandan bu vaxta kimi altmış sənə keçibdir. Bu uzun müddətin ərzində ki, yarım əsrdən ziyadə eyləyir, məişətimizdə çəndan tərəqqi mülahizə olunmur. Ata-babadan qalma köhnə adət və ayinlər üzrə güzəran edib, onların batil əqidələrinə, kəsalət və bətalətlərinə varis olmuşuq. Bu axır vaxtlarda şəhərlərimizdə az-çox tərəqqi və təməddün əsərləri görünürsə də, əhli-dəhatımız necə ki, əlli-altmış sənə bundan müqəddəm cəhalət səhrasında avara və sərgərdan dolanırdı, indi də haman qərar üzrə səfil və sərgərdandırlar. Onların nicat və səlaməti üçün çalışanlarımız yoxdur. Elm və tərbiyə almışlarımız öz mənfəəti-şəxsiyyələrini millətimizin və qaranlıqda qalan qardaşlarımızın xeyir və səlahından müqəddəm tutub, özlərini şəhərlərə verirlər. Fikir və xəyalları özləri üçün isti yer, mədaxilli mənsəb arayıb tapmaqdır. O səbəbdəndir ki, əlli ildən bəri iki qədəm də irəli yeriməmişik, bir nöqtə üstündə donub qalmışıq. O səbəbdəndir ki, Hacı qaralarımızın ədədi gün-gündən artıb çoxalıbdır və çürük bezi və qədəki qumaş mal adına imanları ilə bir yerdə satmaqdadırlar. Şəhrəbanı xanımlarımız və Xanpəri nənələrimiz hər şeydən artıq cadu-bitiyə inanıb, kişilərini aldatmağa məşğuldurlar. Hatəmxan ağalarımız firənglər ilə bizim təfavütümüzü ancaq onlar bizim adətimizə müğayir olaraq əllərinə həna qoymamaqda, başlarını qırxmamaqda, evdə başı papaqsız oturmaqda, xörəyi əlləri əvəzinə qaşıq ilə yeməkdə görürlər. Heydər bəylərimiz cüt əkməyi ancaq erməni peşəsi bilib, özlərinin şan və şövkətlərini çapavula getməkdə, qətl və qarətdə görürlər. Molla İbrahimxəlillərimiz kimyagərlik sənətini əldə bəhanə edib, min cürə şəbədəbazlıq ilə avam xalqın əlində olan nəqd və cinsini alıb, başlarına tənbaku oyunu gətirməkdədirlər. Ağa Mərdan halvaçı oğlu və Ağa Salman ələkçi oğlularımız mürafiə vəkili olub, xilafi-şər və bəd, bihesab işlər tutub, şeytanın əqlinə gəlməyən hiylə və fəsadları törətməkdədirlər. Və habelə, və habelə.
Mərhum Mirzə Fətəlinin komediyaları məişətimizin təəccüblü bir aynasıdır ki, zahirimizi də və batinimizi də eyni ilə göstərir. Müruri-əyyam ilə bu ayinənin üzünə toz qonubdur. Bu tozu silib, aynanın üzünə seyqəl verəndən sonra diqqət ilə ona baxsaq öz surətimizi onda görərik və bir-birimizi tanıyarıq. Batini aləmimizə, əmali-naməşruə və əhvali-şəniəmizə dürüst diqqət yetirsək, xəcalət çəkib yəqin edərik ki, bu yarım əsrin müddətində uzaq getməmişik, cüzi dəyişikliyimiz olubsa, o da ancaq zahiridir. İçərimiz və mənəvi tərəfimiz haman irəliki qərar üzrə qalıbdır....
Odur ki, Mirzə Fətəlinin komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən gülürsə, bir tərəfdən də həzin-həzin ağlayıb göz yaşı tökür. Gülmək görünür, amma göz yaşı dərunidir, görünmür. Onun ağır damcıları ürəyin üstünə düşüb onu dəlir, yaralayır....
* * * *
Mərhum Axundov komediyalarına müqəddimə olaraq, ifadeyi-məram üçün komediya nə deməkdir və nə qisim təsnifatdan ibarətdir? Teatr nədir və ondan təhzibi-əxlaq və adaba dair böyük mənfəətlər yetişməyini müxtəsərən bəyan edir və türk imlası xüsusunda öz təsəvvüratını bildirib, komediyanı oxuyanlara və oynayanlara bir para lazım olan dəsturül-əməllər verir.
Kitabxana.az · https://kitabxana.az/works/kocerli-mirze-feteli-axundov-meqale
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərayi-sələfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türklərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur. Haman mənzumat bu qayda üzrə divani-Nabidə təb olunmuşdur: 1) Babül-mədh və nət; 2) Qəsaid; 3) Təxmis və maddeyi-tarix; 4) Məsnəvi; 5) Rübaiyyat və qəzəliyyati-türki; 6) Müqəttəat və müəmmayat; 7) Divani-qəzəliyyati-farsi; 8) "Xeyriyyeyi-Nabi".Nabi əfəndi "Xeyriyyə"sində oğlu Əbülxeyr Məhəmməd Çələbiyə yazdığı pəndnaməsində öz tərcümeyi-halına dair icmalən məlumat verir. Bu məlumatdan görünür ki, Məhəmməd Çələbi Nabinin ömrünün müsinn çağında, yəni 54 yaşında doğulmuşdur və onun vücuda gəlməsi ilə şairin gözləri nur və qəlbi sürur ilə dolur; guya ona təzədən bir həyat verilir. Belə ki, Nabi əfəndi deyir:
Ağahüseyn "Arif" təxəllüsMəhəmməd ağa Müctəhidzadə[nin] "Riyazül-aşiqin" ünvanı ilə tərtib etdiyi "Təzkirətüş-şüəra"sında verdiyi məlumata görə, Arif Molla Pənah dövrünün şüərasındandır.Nişatın və Ağaməsih Şirvaninin müasiri imiş. Əsli və nəsəbi İrana mütəəlliqdir. Təvəllüd edib Təbrizdə, sonraları Qafqaziya torpağına hicrət edib və Şuşa şəhərini məhəlli-iqamət etmişdir. Çox arif, danişmənd və bəzi elmlərə dara bir şəxs imiş. Təbii şeriyyəsi dəxi var imiş.
AğabağırYusif Qarabağinin məcmuəsində Ağabağır ismində bir şairin əsərlərindən nümunə olaraq bir müəşşər-tərcibənd dərc olunmuşdur. Bu kəlamda bahar fəslinin əlamətlərini şair tədriclə zikr edib, güldən, bülbüldən və yasəmən, sünbüldən söz açıb, axırda təəssüflə fəryad edib deyir ki, heyif deyilmi ki, belə gözəl çağda baş qala torpaqda:Bir belə mövsümdə, bahar çağdə
Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüsMərhum Abbasqulu ağa Qafqaz şüəra və üdəbasının məşhurlarından birisi hesab olunur. Onun pədəri-büzürgvarı Mirzə Məhəmməd xan sani Bakı xanlarının nəslindəndir. Vəqti ki, dövləti-Rusiyyə tərəfindən general-[mayor] Xatuntsevin sərkərdəliyi ilə qoşun gəlib Quba nahiyəsini 1806-cı sənədə Şıxəli xandan istixrac etdi, Abbasqulu ağanın atası Mirzə Məhəmməd xan orada iqamət edirdi.Məzkur nahiyənin idarəsi ona həvalə olundu və xani-mərhum xeyli müddət orada xanlıq etdi və lakin onun vəfatından sonra vilayət hökuməti rus naçalniklərinə (komendant) təslim olundu və ixtiyari-hökumət və rəyasət müsəlman xanlarının əllərindən biryolluq çıxdı.