Məişətimizə dair
Səhifə 1 / 4
1
Karvan rəfto to dər xabo biyaban dər piş
Key rəvi, rəh ze ke porsi, çe koni, çun başi? [1]
[1] Tərcüməsi:
Karvan getdi, sən yatmısan, qarşıda biyaban var.
Nə vaxt gedəcəksən, kimdən yolu öyrənəcəksən, nə edəcəksən, necə olacaqsan?
Xacə Hafiz Şirazinin bu beyti övqati-əzizəsini qəflət və bətalətdə keçirmiş bir nəfsi-vahidin fəna halını bəyan etdiyi kimi, bütün bir qövm və tayfanın və hətta bir millətin qəflətdən bidarı və tənbihəsi üçün hikmət üzü ilə yazılmışdır, -- desək, xəta olmaz. Bəhərtəqdir zamani-hazırda bu beytin məalı bizim hal və şanımıza və övzayi-əhvalımıza ən münasib, ən müvafiq gəlir.
Miləli-müxtəlifə tərəqqi və təməddün yolunda səy və təlaşı, rənc və zəhməti istirahət və qəflətə tərcih verib, elm və bilik sayəsində irəli gediblər. Övzayi-məişətləri elə bir münsiq və münəzzəm qaydaya düşübdür ki, gün-gündən qabağa getməyə şəkk qalmır. Biz müsəlmanlara gəldikdə, biz bəşəriyyət karvanının qatarından üzülmüş yorunuq dəvə kimi bir yerdə qalıb, uzun dəhrləri xabi-qəflətdə keçirmişik. Bu halda ətrafımızda vüquə gələn hadisat, əlamat, gurultu, nərilti və hürriyyət yolunda olan vuruşma və çırpışma bizi də bir növ yuxudan oyadıbdır, gözümüzü açıb görürük ki, karvan çoxdan gəlib kedibdir. Qabaqda vəsi bir biyaban, yolu getməyə nə dizdə taqət və nə də ürəkdə hünər, nə qəlbdə mətanət və nə də mənzurda bir rəhbər və dəlil! Odur ki, Xacə Hafiz bizim kimi qəflət yuxusunda vaxtını keçirmiş bir millətə xitabən deyir: "Key rəvi, rəh ze ke porsi, çe koni, çun başi?". Yəni yolu nə vaxt gedəcəksən? Səni xabda qoyub kecən karvanən sorağın? kimdən soracaqsan? Nə eləyəcəksən? Basına nə carə qılacaqsan?....
Filhəqiqə heç bir millət mədəniyyət aləmindən, elm, mərifət nurundan bizim kimi uzaq düşməyibdir. Heç bir millətin, heç bir qövm və tayfanın üstündə o qədər ağır təkliflər və çətin məsələlər yığılıb qalmayıbdır, nə qədər ki, biz müsəlmanların üstündə qalıbdır. Qonşularımız öz dolanacaqlarına, məişəti-ümumiyyələrinə aid hər qisim məsələlər törətdikcə vaxtın təqazasına müvafiq ittifaqla təhqiq və tədqiq etdikdən sonra əməl ediblər. Sonra qeyri məsələlərin halına və qeyri ehtiyacların rəfinə sərfi-hümmət ediblər. Hər bir məsələni öz vaxtında, hər bir ehtiyacı zühuru əsnasında təhlil və təshil qılıblar.
Biz isə.... Biz indiyə kimi ümumi işlərimizə dair bir məsələni layiqincə həll etməmişik, milli ehtiyaclarımızdan birisini də rəf qılmamışıq, ümumi qüsurlarımızdan birisini də təshih eləməmişik, köhnə ehtiyaclarımız təzəsinə və təzələri köhnəsinə qarışıb cümləsi təzə hökmündədir.
İyirmi-otuz sənə bundan müqəddəm mərhum Həsənbəy Zərdabi "Əkinçi" qəzetəsində atəşli dil ilə yazdığı ehtiyaclarımız, on sənə bundan irəli müdiri-möhtərəmimiz Əhmədbəy Ağayev "Kaspi" ruznaməsində məhəlli-müzakirəyə qoyduğu mühüm məsələlərimiz, ümum qüsur və nöqsanlarımız indi də irəliki sayaqda və qədimki halında qalıbdır. Heç bir işimiz rövnəq tapmayıbdır, layiqincə nizam və qaydaya düşməyibdir. Nəbati demişkən: "Hələ ləng, ləng, ləngdir".
Bu süstlüyə, bu acizliyə, bu bir nöqtə üzrə donub qalmağa ümdə səbəb, necə ki, irəliki məqalələrimizdə dəxi zikr etmişdik, camaatımızı təşkil edən hər bir sinfin öz darca və qaranlıq dairəsində güzəran etməyi olubdur, hər bir firqənin öz məxsusi kar-barının, nəf və səlahının və dolanacağının dalınca təlaş etməsi olubdur. Rəyasət və hörmət iddiasında olan ruhani ataların və alicəmab ağaların hirsi, qərəzi, tamahı və kütahbeyinliyi olubdur.
Millət qeydinə qalan, camaat nəf və səlahını mülahizə edən, onun dərd və mərəzlərinə çarə axtaran olmayıbdır. Atalardan qalma ittihad və ittifaqa məxsus gözəl məsəllər unudulub, nifaq və ixtilafa mənsub olanları: "El üçün ağlayan gözsüz qalar", ya "Məndən ötdü yoldaşıma dəydi -- guya ki, saman çuvalına dəydi" kimiləri dərguş olubdur və müsəlman qardaşlar onların məzmununca yek-digəri ilə rəftar etməkdədirlər.
Bu minval üzrə bizlər öz dairəmizdən kənara çıxmayıb, bir-birimizə tələ qurub, şəxsi mənfəətimiz üçün bir-birimizin ayağını çəkməkdə, bir-birimizə quyu qazmaqda ikən qeyri millətlər gəlib bizi tapdalayıb keçib gediblər.
Qəzetəmizdə "Ordan-burdan" yazan "Filankəs"in zarafatyana yazdığı sözləri hər halda qəribliyə salmaq olmaz.
Bizlər uzun-uzadı xabi-istirahətə məşğul ikən qonşularımız hünər və mərifət kəsb edib "fil" yaradıblar. İndi biz nəinki fil, hətta siçan qayırmaqda dəxi aciz və bacarıqsızıq. Bacarıqsız olduğumuz hər məqamda və hər qədəmdə büruzə çıxır.
"Filankəs"in sözünün haqq olmasına "Novosti Zaqafqaziya" qəzetəsinin Naxçıvan müxbiri yazdığı fəqərə şəhadət verir.
Əhvalat bu üzrədir ki, Naxçıvan nücəba və rəisləri Naxçıvanda progimnaziya açmaq xəyalına düşürlər. Çox gözəl niyyət!
Naxçıvan İrəvan şəhərindən yüz əlli verst kənardadır. Onun yaxınlığında Ordubad, Culfa, Şahtaxtı, Əylis kimi əhalisi çox mərkəzlər olduğuna binaən bu yerlərin xalqı, əlbəttə, uşaqlarını Naxçıvan progimnaziyasına təlim almağa qoyarlar, bir də İrəvana göndərməzlər və gələcəkdə progimnaziya gimnaziyaya dəxi təbdil ola bilər. Qərəz, sözümüz burada deyil. Bu məsələni həll etmək üçün şəhərin böyükləri və başbilənləri kərrat ilə biçarə əhalini məsləhət və məşvərətə toplayırlar, hər dəfə də məclisə cəm olanlar danışıb-danışıb öz işlərinin dalınca gedir, bu xeyir işin xatirəsi üçün Naxçıvanda sabiqdə uyezdni naçalnik olanlardan birisini şəhərdə qiraətxana açmaq üçün yığdığı beş min manatı da kargüzarlar yəditəsərrüflərinə alır ki, mənzurədə olan progimnaziyanın ehtiyacatına sərf etsinlər.
Əfsus ki, o vaxtdan indiyədək hər yerdə çox işlər olubdur, çox sular axıbdır; amma Naxçıvanda bu hala kimi nə progimnaziyadan bir xəbər və nə puldan bir əsər var....
İş bu hal üzrə ikən progimnaziya açmaq xəyalına düşən cənablar şəhərdə çoxdan bəri açılmış iki sinifli rus-müsəlman şkolasının bir klasının pulsuzluqdan bağlanmağını, mübtədilər üçün güşad olunmuş pansionun yenə pulsuzluqdan qapanmağını və şəhər məktəbindən (qorodskoy şkoladan) müəllimlərin pulsuzluqdan qaçmağını görmək istəmirlər.
Burada doğrudan da demək olur ki, naxçıvanlıların həzar zəhməti ilə qayırdıqları "siçanı" bimürüvvət pişik qəflətən sıçrayıb yeyir. Bizim, camaat, işlərimiz hər yerdə bu sayaq ilə getməkdədir.
Bəs nə eləmək, nə çarə qılmaq? Bu suala gələcək məqaləmizdə cavab verərik.
2
İrəliki məqalənin axırında qoyduğumuz suala cavab verib bunu demək istəyirik ki, biz müsəlmanlar ki, yenicə qəflətdən ayılmağa, tərpənib hərəkət etməyə meyl və rəğbət göstəririk, yenicə mənəvi həyata övdət etmək asarı bizlərdə müşahidə olunur.
Ən əvvəl lazım olan budur ki, öz ehtiyacatımızı dürüst bilib, tədriclə bunların rəfinə çalışaq. Mərəzi-millimizi diqqəti-tam ilə təhqiq edib üsuli-tədavisinə məşğul olaq, tərəqqi və təməddünümüzə bais olan alat və əsbabın cəm və tədarükünə sərfi-hümmət edib, həməvaxt aramsız səy və təlaşda, iztirab və təşvişdə olaq, ta ki, bizi qəflət yuxusunda qoyub, təyy-mənazil edən karvana vasil olaq.
Əlbəttə, birdən-birə quş olub havada uçmaq olmaz!
İndiyə kimi vaxtını kəsalət və bətalətdə keçirmiş heç bir şeyi özündən ixtira etməmiş, heç bir şeyi vücuda gətirməmiş bir tayfaya nəinki havada uçmaq, bəlkə quruda da rast və möhkəm yerimək əvvəl dəfələrdə çətin olacaqdır.
Bu halımızda nəinki "fil" yaratmaq və xariqüladə bir şey əmələ gətirmək, bəlkə siçan misilli balaca şeylər də törətmək bizə müşkül olacaqdır. Lakin hər şeyi--ağla və zəhmətə, hümmət və qeyrətə tabe olduğu üçün--bir tərəfdən hümmət və qeyrətlə, digər tərəfdən də, ağıl, elm və nuri-mərifət ilə az vaxtın zərfində çox hünərlər meydana gətirmək olar, çox şeylərə müvəffəq olmaq mümkündür. Bunun imsalı, yəni adı-sanı, hörməti və qüvvəti olmayan bir qövm və tayfanın, müddəti-mütəmadi ömrünü zillət və qəflətdə keçirmiş bir millətin ayılıb, az vaxtda tərəqqi etməsi, şan və hörmət, mal və dövlət kəsb etməsi tarixdə görünmüşdür. Uzağa getməyib və Yaponiya kimi bizdən bəid olan bir dövlətin azacıq vaxtda sürətlə tərəqqi tapmasını kənarda qoyub, öz qonşumuz erməni tayfasının bu axır vaxtlardan bəri, iyirmi-otuz ilin müddətində vüquə gələn ittihad və ittifaqlarına, tərəqqi və təməddünlərinə diqqət yetirsək, yəqin edərik ki, hər bir şey hümmət və qeyrətə, elm və biliyə bağlıdır. Dünyada elə bir şey yoxdur ki, mükərrəm və müəzzəz yaranmış, əqli-səlim ilə müəyyid olmuş insanın qüdrət və bacarırından xaric olsun....
İndi məqalənin baş mətləbinə rücu edib deyə bilərik ki, mərəzlərimiz çox isə də, onların ümdəsi və mühliki cəhalət və nadanlıqdır. Onun doğru və həqiqi müalicəsi elm və tərbiyədir. Ona binaən hal-hazırda hər şeydən artıq ehtiyacımız elm və ədəbədir, mərifət və kəmaladır ki, bunları təhsil etməmiş məişətimizi qayda və nizama salmayacağıq.
Bu mərəz, yəni cəhalət təzə mərəzlərdən deyil, çox zamandan bəridir ki, bədənimizə sirişt və ruhumuza qalib olubdur. Bu o mərəzdir ki, Seyid Şirvani onun əlindən fəryad edib, rüəsayi-millətə hali-dilini söyləmişdir:
Kitabxana.az · https://kitabxana.az/works/kocerli-meisetimize-dair-1908-1909
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mirzə Fətəli Axundovun komediyaları Zaqafqaziya müsəlmanlarının 40 və 50-ci illərdəki həyatını əks etdirən bir reflektora bənzəyir. İstedadlı bir dramaturq olan və xalqı yaxşı tanıyan Axundov xalq məişətinin müxtəlif tərəflərini kifayət qədər düzgün və sənətkarlıqla əks etdirmişdir.Hər əsərində, bütün komediyalarında Axundov xalqın həyatına yaxşı bələd olan nadir psixoloq və sənətkardır, onun yaradıcılıq istedadı, həyat təcrübəsi və hərtərəfli biliklə zəngin zəkası özünü hər yerdə göstərir. Biz bunu fransız nəbatat aliminin sadəlövh və qonaqpərvər Təklə-Muğanlı Hatəmxan ağa ilə ağıllı söhbətinin təsvirində görürük: Hatəmxan ağa öz qardaşı oğlunu inandırmağa çalışır ki, parislilərin adətləri ilə çox asanlıqla tanış olub başa düşmək olar ki, o xalqın adətləri tamamilə bizim adətlərin əksinədir (məsələn, biz əlimizə həna qoyuruq, onlar qoymurlar, biz başımızı qırxırıq, onlar saçlarını uzadırlar, biz əlimiz ilə xörək yeyirik, onlar çəngəl ilə yeyirlər, biz hər şeyə inanırıq, onlar heç bir şeyə inanmırlar, bizim arvadlarımız gödək paltar geyir, onların arvadları isə uzun paltar geyir, bizdə çox arvad almaq dəbdədir, Parisdə çox ər almaq və i.a.); yaxud biz bunu bir-birini sevən iki gəncin — gözəl Pərzadla cavan və igid Bayramın arasındakı təsirli məhəbbət səhnəsinin təsvirində də görürük: Pərzadın tamahkar əmisi qızın ilxısını və inəklərini ələ keçirmək xatirinə Pərzadı öz oğlu Tarverdiyə almaq istəyir, halbuki Tarverdi igidlikdə hələ heç bir ad çıxarmamışdır, o hələ bir dayça da oğurlamamışdır; yaxud, biz bunu rəhmsiz qoca — xəsis Hacı Qaranın mənəvi aləmindəki nifrət oyadan cəhətlərin açılmasında da görürük: bu qoca xəsis üçün dünyada puldan başqa heç bir müqəddəs şey yoxdur; Hacı Qara, öz dostu Heydər bəyin qoçaqlığını tərifləyən Əsgər bəyə etinasızlıqla deyir ki, bizim zəmanəmizdə qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dəfə yaxşıdır.
Dünyada bəla nədən törəyir?Qraf L. Tolstoyun təlimi-ətfal üçün tərtib etdiyi əlifba kitabçasında sadə dil ilə yazılmış bir xeyli pürməzmun hekayələr vardır. Onlardan bəzi şeyx Sədinin "Gülüstan"ında nağıl olunan hekayələrə bənzəyir. Cümləsi hikmət və təcrübə üzüylə yazılmış əsərlərdir. Məzkur hekayələrdən birisində bəlanın yer üzündə nədən törəyib nəşət etməsindən rəvayət olunur. Qissənin müxtəsərən məzmunu budur:Bir abidi-xoşsirət tərki-dünya qılıb, vaxtını adamlardan kənar bir meşədə ibadətlə keçirirmiş. Meşənin heyvanları ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış. Bir kərə abid bir ağacın dibində uzanıbmış. Qəzadan haman ağacın altında axşamlamağa qarğa, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günah haradan törəyir?
Dost və müəllim N.O.Lomourinin xatirəsiHansısa uğursuz bir tale bədbəxt Gürcüstanı təqib edir. Onun gözəl və cavan qüvvələri, öz müqəddəs torpaqlarından uzaqlarda, geniş Rusiyanın sərhədlərində vətən uğrunda canlarını qurban verdikləri bir zamanda, o burada, öz evində də taleyin ağır zərbələrinin acısını duyur. Elm, mədəniyyət və ədəbiyyat nümayəndələri bir-birinin ardınca əbədi olaraq dünyanı tərk edirlər.İndi də Qori şəhərindəki Müəllimlər seminariyasının müəllimi, gürcü yazıçısı və pedaqoqu N. O. Lomourinin ölümü haqqında kədərli bir xəbər alınmışdır.
Ədəbiyyatımıza dair məktubVaxtbavaxt "Şərqi-Rus"un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar. Şairi-kamil və ədibi-fazil öz əsrinin müsəvvir və nəqqaşı mənziləsindədir. Nə qədər şairin təbi səlim, zehni açıq, nitqi guya, daireyi-əqliyyəsi vəsi, əfkar və hissiyyatı təbii və ali olsa, bir o qədər onun qələmi-cavahirnisarından vüqua gələn nəqşələr və təsvirlər mərğub və dilaviz olacaqdır, bir o qədər onun asari-qələmi və məhsulati-fikri ali olacaqdır, bir o qədər o əsərlərin əzhan və vicdan üzərinə təsiratı külli, tərbiyəyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq, əhəmiyyəti böyük və məziyyəti ziyadə olacaqdır. Farsların Şeyx Sədisi və Xacə Hafizi, ingilislərin Şekspiri və Bayronu, frənglərin Jan Jak Russosu və Viktor Hüqosu, nemeslərin Götesi və Şilleri, rusların Puşkini, Dostoyevski və Tolstoyu öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə fövqdə zikr olunan millətlər fəxr edirlər. Farslar nəzm aləminin soltanı dörd nəfərdən ibarət olmasını iddia edib, əvvəl məqamda Firdövsiyi-Tusini, sonra Ənvərini, sonra Şeyx Sədini və dördüncü məqamda Nizamiyi əleyhirrəhməni qoyublar. Frənglər Viktor Hüqo ilə və ruslar Puşkin ilə fəxr edən kimi, farslar dəxi bu dörd nəfər nəzm aləminin soltanları ilə fəxr edirlər. Sədinin haqqında ki, üçüncü məqamda qoyulubdur, şair belə deyibdir:Seyyum Sədi ke, ta dəm zəd zi Şiraz,
Başqa şairlərin şeirləri
Maymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
خاقانی هر شبت شبستان نرسدتو مفلسی این نعمتت آسان نرسد
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Müəmmayi-kainatDəhrdə, bilməm nədir, qanla içənlər şanlıdır?Caniyə imdad edən sərvətlidir, samanlıdır!