Səhifə 3 / 4 · 50%

Müəllimlik peşəsinə müdavimət edib, onun zəhmətinə qatlanıb qalanların halı və güzəranı ziyadə üsrət və məşəqqət ilə keçibdir və keçməkdədir. Bunlardan dəxi artıq bacarıqlı və zirək olanları dolanacaqlarını bir növ yüngülləşdirmək üçün kəndlərdə qulluq etməyə qane olmayıb şəhərə keçiblər. Şəhərlərdə müəllimlik məvacibi kənd müəlliminin məvacibindən bir az artıqdır və həm də burada sair mənbələr də vardır ki, onlardan təhsili-məaş etmək mümkündür. Bunlardan əlavə, şəhərlərdə əsbabi-tərəqqi və maarif həmə vaxt müyəssər olduğu üçün və ünsiyyət etməyə müvafiq yar-yoldaş tapıldığı üçün şəhərdə təlim almış cavanlara şəhərdə də güzəran etmək xoş keçir. Bu səbəblərə görə müəllimlərin çoxu kəndlərdən qaçırlar.

Necə ki, bu barədə üç sənə bundan əvvəl "İrşad" ruznaməsinin səhifələrində yazmışdıq, indi dəxi haman mətləbi təkrar edib deyirik ki, kəndlərimiz müəllimsiz və mürəbbisiz qalıbdır.

Üç yüz, dörd yüz və daha ziyadə nüfuslu qəryələrimizdə məktəb və məsciddən bir əsər də yoxdur. Mayeyi-zindəganlığımız olan dəhat əhllərinin və rəiyyət tayfasının balaları sırf avamlıqda yaşayıb, sahibsiz və pərəstarsız qalırlar. Cəhalət və onunla bahəm yoxsulluq və qorxu get-gedə artıb çoxalır, qeyri millətlər tərəqqi etdiyi halda biz tənəzzül edirik. Zaqatala okruqunda iyirmidən ziyadə dörd-beş yüz nüfuslu böyük kəndlər vardır ki, heç birində məktəb və mədrəsə yoxdur. Belə dövlətli və məhsuldar mahalın, bu sayaq barverici və meyvəyetirici torpağın əhalisi əgər elmli və bilikli olsa idi, əlbəttə, ehtiyacdan xəbərləri olmazdı və qızıl-gümüş içində dolanardılar. Vəhalonki avamlıqları ucundan öz torpaqlarından mənfəətbərdar ola bilmirlər.

Qızıl və gümüş axıb, kənardan gəlmələrin, xaricilərin torbalarına tökülür, amma yer və mülk sahibləri ehtiyacın içində zillət ilə güzəran edirlər.

Habelə Nuxa uyezdində, xüsusən, Qəbələ mahalında, İrəvan uyezdində Zəngibasarda, Şırıldərə, Ləgiz uyezdində, Şuşa və Cavanşir uyezdində, xüsusən Tərtərbasarda və sair. Bunlar misilli ziyadə məhsulat yetirici və meyvəcat yetirici yerlərdə əhali elmsizlik cəhətindən fəqir və zillətdə dolanmaqdadırlar. Tərbiyə almış və kamali-təhsil etmiş cavanlarımız qaranlıqda qalan qardaşlarına işıq salmağı və onları qaranlıqdan işığa çıxartmağı özlərinə borc hesab etməyib, hər bir nəhvlə çalışırlar ki, kəndlərdən qaçıb uzaqlaşsınlar.

Kəndlərdə öz qəzalarına razı olub qalan müəllimlərimizin ədədi altmış-yetmişdən ziyadə deyil. Bunlardan ancaq bir neçəsi öz vəzifələrini kamalınca düşünüb, cani-dildən intişari-maarif yolunda çalışırlar və millətin ayılıb tərəqqi etməsinə səmimidildən xidmət edirlər.

Bunların zəhmətlərinin səməri görünməkdədir. Amma mətəəssüf, müəllimlərin çoxunda bu rəviş, bu hərəkət və bu canfəşanlıq müşahidə olunmur.

Bunlardan əksəri iki-üç sənə az-çox həvəslə təlim və tərbiyə işlərinə məşğul olub, sonralardan yavaş-yavaş öz peşələrinə soyuyurlar, təlim və təəllümə rəğbətləri kəsilir, mütaliəyə həvəsləri olmayır, ruhlarının, əql və əxlaqlarının tərbiyəsinə bilmərrə məşğul olmayıb, bilaixtiyar özlərinin xəbəri olmaya-olmaya geri gedirlər və avam halına düşürlər.

Belə müəllimlərdən neçələrini tanıyıram ki, bir dəfə də əlinə qəzet alıb oxumur, övzai-zəmanədən fil-cümlə xəbərdar olmağa şövq və həvəs göstərmir, şkolanın adına göndərilən kitablar başı bağlı qalıb kəsilmir və ruznamələr qurşaqdan çıxmır.

Bu cənablar gündə iki saat könülsüz dərs deməyə iktifa edib, yerdə qalan vaxtlarını öz məxsusi işlərinin, kəsbkarlarının üstündə keçirirlər.

Amma elələri də var ki, heç bir iş görməyib, övqati-əzizələrini mütləq bikarçılıqda zaye edirlər.

İldə ya iki ildə bir dəfə inspektor təftiş üçün şkolaya təşrif gətirir, onu da bir sayaqla razı edib yola salırlar və yenə öz bekarçılıqlarına məşğul olurlar. Amma çox ittifaqlarda inspektor, direktor müsəlman müəllimlərindən narazı qalıb, onların tənbəlliyindən və karsızlığından şikayət edirlər. Münsif və haqqı inkar etməyən müəllimlərin bir neçəsindən eşitmişəm ki, öz dilləri ilə iqrar ediblər: "Bəli, doğrudur, biz iş görmürük və cani-dildən müəllimlik etmirik və bizim şkolaların xali qalmağına əksər övqat səbəb özümüz oluruq, çünki müəllimlik də bizə bir şey vermir".

İşlər bu minval üzrə getdikdə, əlbəttə, müəllim camaatın gözündə hörmətdən düşür və onun üçün qəlblərdə bir məhəli-etina və məqami-məhəbbət qalmır və onun məktəbinə uşaq verən olmur. Elə şkolalar var ki, onda bütün il sərasər beş-on uşaqdan ziyadə şagird olmur.

Əlbəttə, kəndlərdə müəllimlik etmək yüngül və asan iş deyil. Xüsusən, müsəlman kəndlərində: bir tərəfdən, divan əmələsi tutduğu xilafi-zakon işlərin bərəkətindən, digər bir tərəfdən, şikəm güdən və fanatik mollaların xilafi-şəriət işlətdiyi əməllərin və söylədiyi vəzlərin təsirindən və bunlar ilə bahəm işıqdan qorxan və millətin ayılmağından xof və əndişə edən mülkədar-bəylərin və ağaların mərhəmətindən bir növ əxlaqsız olublar, elm və ədəbə meyl və rəğbət göstərməyirlər; şkolaya ayrı gözlə baxırlar və müəllimlərə çəndan etina və ehtiram olmayır. Çox kəndlərdə biçarə müəllimlərin halı ziyadə çətinlik ilə keçir və bu xüsusda "Qafqaz" ruznaməsinin 25-ci nömrəsində "İbtidai məktəblərin qüsuru" ünvanı ilə yazılmış məqalədə haq sözlər çoxdur. Və lakin bizim əqidəmizə görə, müəllimin ürəyində atəş olsa bu maneələrin çoxuna qalib gələ bilər və öz dairəsində əvvəlinci şəxs ola bilər....

Müəllim məktəbin canı və içində olduğu camaatın çırağı məqamındadır. Müəllim öz şüğlini sevsə, öz şagirdlərini övladı kimi istəsə, onların təlim və tərbiyəsinə can yandırsa, əhalinin gözünü açmağa və xeyir yetirici biliklər ilə cəhalət pərdəsini yırtmağa sərfi-hümmət etsə, bilaşübhə, böyük kəramətlər göstərər və cümlənin rəğbət və məhəbbətinə məzhər olar.

Hər bir şey məhəbbətə bağlıdır. Hər bir şeyə həyat verən, hər bir şeyi tər və təzə qılan, hər bir şeyi gözəl, məqbul və nurani edən məhəbbətdir!

Heyfa ki, bu ali və pakizə hiss, bu yandırıcı atəş bizim qəlbimizdə yoxdur; heyfa ki, nə ev tərbiyəsində, nə məktəblərdə və məscidlərdə və nə də camaatımızın içində məhəbbət atəşini bizim ürəyimizdə yandıran olmayıbdır.

Müəllim məktəbin canı olduğunu və məhəbbət ilə çox işlər açdığını əcnəbi qövm və tayfaların içində görürük. Bizim müsəlmanlar dəxi belə həqiqi millət xadimlərindən məhrum deyillər. Kənd müəllimlərinin içində İsabəy Abakarov, Əhməd ağa Mustafayev kimi bir neçə möhtərəm şəxslər var ki, həqiqətdə millət xadimi olub, cani-dildən təlim və tərbiyə işlərinə ömürlərini sərf ediblər. Bunlardan hər birisi iyirmi ildən ziyadədir ki, müəllimlik etməkdədir. Bunlar qulluq sarıdan artıq bir tərəqqi etməyiblərsə də və tərəqqi etmək qeydinə dəxi düşməyiblərsələr də, camaatın məhəbbətinə şayəstə olublar. Hansı kənddə müəllimlik ediblərsə, orada mərifət çırağını yandırıb, əhalinin gözlərini açıb, mənəvi tərəqqilərinə bais olublar. İsabəyin təhti-tərbiyəsində yüzlərcə rəiyyət balaları çıxıb, kamali-təhsil edib, çörək sahibi olubdur. İsabəy çox fəqir şəxslərin övladına atalıq edib, azacıq məvacibindən onlara xörək və puşak verib oxudubdur. İmtahan mövsümündə onları öz xərci ilə Tiflisə, Gəncəyə, Qoriyə göndərib və çox vaxtı özü aparıb bəzisini sənət məktəbinə, kimisini feldşer şkolasına, kimisini seminariyaya və hətta bir neçəsini gimnaziyaya qoyubdur.

İsabəyin haqqı bizim üstümüzdə çoxdur. İsabəy bizim Pestalotsimiz məqamındadır. Və lakin belələri çox azdır, beş-on nəfər ancaq tapılar. Yerdə qalanları öz şüğllərinə soyuyubdur, ürəklərində olan atəş sönübdür və hər şeyə həyat verən məhəbbət çeşməsi quruyubdur.

Bəziləri bizim müəllimlərin öz şüğl və sənətlərinə nisbətən izhar qıldıqları soyuqluq və kəmetinalığı onların təlim alıb kursu tamam etdikləri məktəblərin qüsuruna həml edirlər. Çoxları bu əqidədədirlər ki, darülmüəlliminlər elmli, ləyaqətli və öz işini yaxşı bilən müəllimlər hazırlaşdırmır.

Bu rəy və əqidələrdə, əlbəttə, doğruluq asarı çoxdur, öz tərəfimizdən biz deyə bilərik: nəinki bir kənd müəllimləri hazırlaşdıran, hətta şəhər məktəbləri və gimnaziyalar üçün qabil və mahir müəllimlər yetirən darülmədrəsələr və ali məktəblər yoxdur.

Buna baş və ümdə səbəblərdən birisi də budur ki, məişət ilə məktəbin mabeynində əsla ittifaq və saziş yoxdur, məmləkətimizdə qədim zamandan bəridir ki, məişət öz yolu ilə, məktəb dəxi öz çığırı ilə gedib, bir-birindən xəbəri olmayıbdır, bir-birinin qeydinə, dərdinə və ehtiyacına mültəfit olmayıblar; məktəb öz başına qalıb, yaxşı-yaman öz işinə məşğul olubdur.

Məişət dəxi məktəbin varlığından və yoxluğundan xəbərdar olmayıb, onun nədən ötrü, nə işin xatirəsi üçün və hansı ehtiyacın rəfi üçün bina olduğunu əsla nəzərə almayıb, öz yolu ilə gedibdir.

Rusiya dövləti əksər ittifaqlarda Avropa mədəni millətləri arasında filan növ mədrəsələr və filan qisim məktəblər var, bizdə də olsun deyib, öz millətinin dərəcəyi-kamalını, təbiət və xasiyyətini və zəruri ehtiyaclarını nəzərə almayıb, məhz bir "moda" üçün məişətə uymayan və yaramayan məktəblər açıbdır. Amma lazım olanların qeydinə və fikrinə qalmayıbdır.

Belə ki, qədim zamandan bəridir ki, məktəb məişətin rəfi-ehtiyacı və tərəqqisi üçün olmayıb, ziynət və bəzəyi üçün xəlq olunubdur. Bu illətdən naşidir ki, məktəb elmli, bilikli, məişətin ehtiyacatını rəf edici və millətin tərəqqi və səadətinə səbəb olucu adamlar yetirə bilməyir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Azərbaycan komediyaları

Mirzə Fətəli Axundovun komediyaları Zaqafqaziya müsəlmanlarının 40 və 50-ci illərdəki həyatını əks etdirən bir reflektora bənzəyir. İstedadlı bir dramaturq olan və xalqı yaxşı tanıyan Axundov xalq məişətinin müxtəlif tərəflərini kifayət qədər düzgün və sənətkarlıqla əks etdirmişdir.Hər əsərində, bütün komediyalarında Axundov xalqın həyatına yaxşı bələd olan nadir psixoloq və sənətkardır, onun yaradıcılıq istedadı, həyat təcrübəsi və hərtərəfli biliklə zəngin zəkası özünü hər yerdə göstərir. Biz bunu fransız nəbatat aliminin sadəlövh və qonaqpərvər Təklə-Muğanlı Hatəmxan ağa ilə ağıllı söhbətinin təsvirində görürük: Hatəmxan ağa öz qardaşı oğlunu inandırmağa çalışır ki, parislilərin adətləri ilə çox asanlıqla tanış olub başa düşmək olar ki, o xalqın adətləri tamamilə bizim adətlərin əksinədir (məsələn, biz əlimizə həna qoyuruq, onlar qoymurlar, biz başımızı qırxırıq, onlar saçlarını uzadırlar, biz əlimiz ilə xörək yeyirik, onlar çəngəl ilə yeyirlər, biz hər şeyə inanırıq, onlar heç bir şeyə inanmırlar, bizim arvadlarımız gödək paltar geyir, onların arvadları isə uzun paltar geyir, bizdə çox arvad almaq dəbdədir, Parisdə çox ər almaq və i.a.); yaxud biz bunu bir-birini sevən iki gəncin — gözəl Pərzadla cavan və igid Bayramın arasındakı təsirli məhəbbət səhnəsinin təsvirində də görürük: Pərzadın tamahkar əmisi qızın ilxısını və inəklərini ələ keçirmək xatirinə Pərzadı öz oğlu Tarverdiyə almaq istəyir, halbuki Tarverdi igidlikdə hələ heç bir ad çıxarmamışdır, o hələ bir dayça da oğurlamamışdır; yaxud, biz bunu rəhmsiz qoca — xəsis Hacı Qaranın mənəvi aləmindəki nifrət oyadan cəhətlərin açılmasında da görürük: bu qoca xəsis üçün dünyada puldan başqa heç bir müqəddəs şey yoxdur; Hacı Qara, öz dostu Heydər bəyin qoçaqlığını tərifləyən Əsgər bəyə etinasızlıqla deyir ki, bizim zəmanəmizdə qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dəfə yaxşıdır.

189512 dəq
Dünyada bəla nədən törəyir?

Qraf L. Tolstoyun təlimi-ətfal üçün tərtib etdiyi əlifba kitabçasında sadə dil ilə yazılmış bir xeyli pürməzmun hekayələr vardır. Onlardan bəzi şeyx Sədinin "Gülüstan"ında nağıl olunan hekayələrə bənzəyir. Cümləsi hikmət və təcrübə üzüylə yazılmış əsərlərdir. Məzkur hekayələrdən birisində bəlanın yer üzündə nədən törəyib nəşət etməsindən rəvayət olunur. Qissənin müxtəsərən məzmunu budur:Bir abidi-xoşsirət tərki-dünya qılıb, vaxtını adamlardan kənar bir meşədə ibadətlə keçirirmiş. Meşənin heyvanları ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış. Bir kərə abid bir ağacın dibində uzanıbmış. Qəzadan haman ağacın altında axşamlamağa qarğa, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günah haradan törəyir?

19095 dəq
Dost və müəllim N.O.Lomourinin xatirəsi

Hansısa uğursuz bir tale bədbəxt Gürcüstanı təqib edir. Onun gözəl və cavan qüvvələri, öz müqəddəs torpaqlarından uzaqlarda, geniş Rusiyanın sərhədlərində vətən uğrunda canlarını qurban verdikləri bir zamanda, o burada, öz evində də taleyin ağır zərbələrinin acısını duyur. Elm, mədəniyyət və ədəbiyyat nümayəndələri bir-birinin ardınca əbədi olaraq dünyanı tərk edirlər.İndi də Qori şəhərindəki Müəllimlər seminariyasının müəllimi, gürcü yazıçısı və pedaqoqu N. O. Lomourinin ölümü haqqında kədərli bir xəbər alınmışdır.

19152 dəq
Ədəbiyyatımıza dair məktub

Vaxtbavaxt "Şərqi-Rus"un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar. Şairi-kamil və ədibi-fazil öz əsrinin müsəvvir və nəqqaşı mənziləsindədir. Nə qədər şairin təbi səlim, zehni açıq, nitqi guya, daireyi-əqliyyəsi vəsi, əfkar və hissiyyatı təbii və ali olsa, bir o qədər onun qələmi-cavahirnisarından vüqua gələn nəqşələr və təsvirlər mərğub və dilaviz olacaqdır, bir o qədər onun asari-qələmi və məhsulati-fikri ali olacaqdır, bir o qədər o əsərlərin əzhan və vicdan üzərinə təsiratı külli, tərbiyəyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq, əhəmiyyəti böyük və məziyyəti ziyadə olacaqdır. Farsların Şeyx Sədisi və Xacə Hafizi, ingilislərin Şekspiri və Bayronu, frənglərin Jan Jak Russosu və Viktor Hüqosu, nemeslərin Götesi və Şilleri, rusların Puşkini, Dostoyevski və Tolstoyu öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə fövqdə zikr olunan millətlər fəxr edirlər. Farslar nəzm aləminin soltanı dörd nəfərdən ibarət olmasını iddia edib, əvvəl məqamda Firdövsiyi-Tusini, sonra Ənvərini, sonra Şeyx Sədini və dördüncü məqamda Nizamiyi əleyhirrəhməni qoyublar. Frənglər Viktor Hüqo ilə və ruslar Puşkin ilə fəxr edən kimi, farslar dəxi bu dörd nəfər nəzm aləminin soltanları ilə fəxr edirlər. Sədinin haqqında ki, üçüncü məqamda qoyulubdur, şair belə deyibdir:Seyyum Sədi ke, ta dəm zəd zi Şiraz,

19047 dəq

Başqa şairlərin şeirləri