Nikolay Vasilyeviç Qoqol
Səhifə 1 / 2
(Yüzillik yubileyinə məxsus)
Rus ədiblərinin ən məşhurlarından birisi Qoqoldur.
Rusların milli ədəbiyyatının binasını qoyan Puşkin və Qoqol olubdur. Bu iki müqtədir ədibin qələmi sayəsində rusların ədəbiyyatı təbii halına və təbii rənginə düşüb, firənglərin, ingilislərin və nemeslərin ədəbiyyatı təsirindən xilas olmağa başlayıbdır.
Qoqol və Puşkin milli ədəbiyyatlarını məişətlərinin ayinəyi-həqiqətnüması edib, özlərindən sonra gələn üdəba və şüəraya salamat bir məslək, müstəqim bir yol açıblar. Qoqol həqiqətnəvis ədiblərin (realistlərin) babası və pişrəvi mənziləsindədir.
Qoqol və Puşkin və bunlardan sonra Nekrasov, Turgenev, Dostoyevski, Qonçarov, L.Tolstoy, Çexov və hal-hazırda Maksim Qorki və L.Andreyev əllərində məşəl rusların məişətinə daxil olub, onun hər səmtinə və küncünə işıq salıb, millətin yaralarını, ruhani və cismani küdurətlərini, qəm və şadlıqlarını görüb və gördüklərinin surətini və şəklini mahir nəqqaş kimi eyni ilə çəkib, bütün aləmə göstərib deyirlər: "Baxın, görün! Budur bizim millət; bu sayaqdır onun diriliyi və dolanacağı; budur onun halı, fikirləri, hissiyyatı və xəyalatı!"
Nikolay Vasilyeviç təvəllüd edibdir Malorusiyanın Poltava quberniyasında, Soroçi adlanan qəsəbədə, miladın 1809-cu ilində, mart ayının 19-cu günündə. Qoqolun atası Malorusiyanın xırda mülkədarlarından [olub] xoş xasiyyət, eyş-işrət sevən baməzə bir şəxs imiş ki, vaxtının çoxunu kefdə-damağda keçirirmiş. Anası isə sadədil bir arvad imiş ki, hər sözə inanarmış, çox vaxt ibadətə məşğul olarmış və bəzi vaxtları da səbəbsiz qəm-qüssə və xiffət edərmiş. Qoqolun təbiət və məzacında valideyinin bu müxtəlif əxlaq və ətvarı müşahidə olunarmış. Belə ki, Qoqol gah şad və xürrəm olub, cümləni şirin və baməzə söhbətləri ilə valeh edərmiş, gah da adamlardan qaçıb, bir guşədə intəhasız qəm və ələmə mübtəla və xəyalat aləminə müstəğrəq olarmış.
Qoqol on üç sinnə kimi atasının mülkündə asudə və rahat zindəganlıq edib, kənd əhlinin dolanacağı ilə aşina olmuşdur. Burada Qoqol malorusların eyş-işrətlərini, çalıb-oynamaqlarını, gözəl nəğmələrini, ayin və adətlərini, əxlaq və adablarını bilafasilə müşahidə edib, sonralardan gördüklərinin tamamisini artıq məharətlə yazıb, özünün həqiqətnəvis bir ədibi-kamil olduğunu aşkar etmişdir.
On üç yaşına yetişəndə Qoqol təlim üçün Nejin gimnaziyasına qoyulur. Burada Qoqol meyl və rəğbətini ədəbiyyata salıb, təlim işlərinə çəndan şövq və həvəs göstərmir; 1828-ci ildə bir növ gimnaziyanı qurtarıb qulluq etmək şövqünə düşür və bu qəsdlə Peterburq şəhərinə azim olur. Amma burada onun işləri arzusunca getmir və bir müddət artıq üsrət ilə dolanıb, ancaq iki ildən sonra departamentlərin birisində özü üçün alçaq bir çinovniklik xidməti tapır.
Peterburqda Qoqol məşhur Jukovski ilə tanış olur və onun vasitə və köməyi ilə kənardan özünə bir şüğl tapıb, maaş sarıdan işini bir az yüngülləşdirir. 1831-ci ildə Qoqol Puşkin ilə tanış olur və bu tanışlıqdan artıq istifadə edir. Puşkinin ona təsiri çox olur. Onun əvvəlinci əsərlərinə diqqət yetirib təhsin edir və gələcəkdə Qoqolun böyük və müqtədir bir ədib olmağını bildirib, bununla onun təbinə tab və qələminə qüvvət verir. Puşkin ilə yaxın olduqdan sonra Qoqola guya təzə bir həyat verilir: onun təbi, istiqaməti-qəlbi nuraniyyət və fikri cəladat kəsb edir. Bu vaxta kimi onun üçün qaranlıqda olan çox sirrlər, pərdədə olan çox mənalar açılıb aydınlığa çıxır.
Qoqolun iki böyük və mötəbər əsərinin məal və məzmununu ona Puşkin nəql edib, hər iki əsərin nə səpkü-sayaqda yazılmasını şərh və bəyan etmişdir. Bu əsərlərdən birisi onun "Revizor" ismində yazılmış komediyasıdır. Bu komediyanı, eşitdiyimizə görə, cənab Nərimanbəy Nərimanov türkə tərcümə edibdir və lakin onun yaxşı-yaman tərcümə olunmağı barəsində bir söz deyə bilmirik, çünki onu görməmişik. İkincisi "Çiçikovun sərgüzəşti", yaxud "Fövt olmuş nəfslər" ünvanında yazılmış bir əsərdir ki, misl və bərabəri yoxdur. Hər iki əsəri sonralardan Puşkin mütaliə etdikdə Qoqolu bağrına basıb kamali-məmnuniyyətlə ona demişdir: "Sən yazan kimi bunları mən bacarıb yaza bilməzdim. Hər halda sən məndən mahirsən!" Heyfa ki, "Ölmüş nəfslər"in ikinci cildi qurtarmamış, Qoqol İtaliyada ikən Puşkin dueldə qətlə yetişir. Bu xəbərdən Qoqol ziyadə qəmnak olub, dostlarından birisinə yazır: "Mənim həyatım, mənim şadlığım və tamam zövq və şövqüm Puşkinlə bahəm fövt olub getdi".
Filhəqiqə, Puşkindən sonra Qoqol əhəmiyyətli və layiqi-təhsin bir əsər meydana gətirə bilmədi. Ömrünün axır vaxtlarını Qoqol fikir və əndişədə keçirib, qeyri-təbii bir hala və ağır malxulyayə giriftar olmuşdu. Vəfatına bir az qalmış "Fövt olmuş nəfslər"in ikinci hissəsini yandırıb tələf etmişdir. Vəfatı ittifaq düşüb fevralın 21-də 1852-ci sənədə.
Qoqolun müxtəlif əsərləri çoxdur. Tamamisi ilə qəzetə sütunlarında oxucuları aşina etmək qeyri-mümkündür. Onlardan artıq əhəmiyyətlisi və bizim məişətimizə az-çox yaxın olanı "Revizor" adında yazılmış komediyasıdır ki, müxtəsərən onun məalını nəql etməyə iktifa edirik.
Bu komediyada Qoqol xırdaca bir şəhərin çinovnikləri ilə bizi tanış edib, hər birisinin öz təbii halı ilə gözümüzün önündən keçirir. Bu çinovniklərin sərxeyli və rəisi hesab olunan qalabəyi qorodniçi Anton Antonoviçdir. Bu şəxs elm və kamalı ilə fəxr edə bilməsə də, xudadadi-əql və tədbiri ilə hamını aldada bilir. Özü öz hünərini yaxşı bilib deyir: "Heç bir kələkbaz və maşennik mənim hiylə və təzvirimdən xilas ola bilməz. Onların cümləsini soxulcan edib, qarmağa keçirib balıq tutaram!" Anton Antonoviç öz əqidəsində sabitqədəmdir. O öz günahını kamalınca düşünür, amma bununla özünə təsəlli verir ki, dünyada bir adam tapılmaz ki, onun günahı olmasın. Allah özü dünyanı belə yaradıbdır; heç kəs günahdan pak deyil. Anton Antonoviç yaman rüşvətxordur. Şəhərin tüccarı və alış-veriş adamları qaydanı gərək pozmasınlar. Qalabəyinin arvadına və qızına təzə çıxan parçalardan donluq göndərsinlər, xanımın və ya özünün ad qoyulan günləri təbrik edib, ləyaqətli hədiyyələr gətirsinlər.
Bunlardan əlavə, Anton Antonoviç sövdəgərlərlə əlbir olub, podrat işlərinə qarışır. Kilsə təmiri üçün xəzinədən buraxılan pulu yeyib, lazım olan məqamlara onun yanıb fövt olmasını xəbər verir.
Xülasə, hardan ki, bir şey qoparmaq mümkündür, müzayiqə etmir. Doğrudur, onun bu gunə xilafi-zakon işlərindən xəzinəyə və camaata zərər yetişir, amma özünə xeyir hasil olur: camaatda səbr və xəzinədə pul çoxdur.
Qalabəyidən sonra Qoqol sair çinovnikləri meydana çıxarır. Bunlar dəxi bir-birindən bədtər, rəzil və fürumayə adamlardır. Bunlardan kimisi qalabəyi kimi rüşvətxor, kimisi tənbəl, bəzisi axmaq və səfeh, tamamisi əxlaqsız, qorxaq, gülünc, gülməli bədbəxt kimsələrdir. Bu çinovniklərdən heç birisi öz işinə məşğul deyil: sudya Lyapkin-Tyapkin sud işlərini bilmərrə unudub, ancaq öz əql və kamalından dəm vurur. Onun heç bir şeyə etiqadı yoxdur. Kilsəyə getmir, şam yandırmır, allaha inanmır, bu iradlar ona tutulanda o, kəmali-iftixarla cavab verir: "Bu mərtəbəyə öz əqlimlə çatmışam".
Mərizxananın naziri Zemlyanika öz oğurluğu və fitnə-fəsadı ilə şəhərdə şöhrət kəsb edibdir. Mərizxanada naxoşlar çibin kimi qırılır. Onların müalicə və mühafizəsi üçün buraxılan pulun tamamisini Zemlyanika yeyib, heç birisinin qeydinə qalmır. Poçt naçalniki Şpekin sadədil bir adamdır ki, poçta salınan kağızları açıb oxumaqdan ziyadə həzz aparır. Şəhər şkolasının müdiri Xlopov çox qorxaq və hər şeydən ehtiyat edən bir şəxsdir. Həkim Xristian İvanoviç rus dilini bilməyən qəribə bir vücuddur. Mərizlərə həmişə ucuz dərman verir, çünki, necə ki, Zemlyanika deyir: "Avam adam naxoşluqdan sağalsa, dərmansız da sağalacaqdır, ölsə, dərman versən də öləcəkdir".
Dobçinski və Bobçinski--bunlar çinovnik deyilsələr də, həmişə onların dairəsində gəzib, harada aş olsa, orada başdırlar. Hər yerdə nə xəbər olsa, əvvəl bunlar eşidəcəklər və birinin üstünə beşini qoyub, ötənə, keçənə nəql edəcəklər.
Bu kampaniyanın hamısı uzaq və adsız bir şəhərdə olur ki, haqqında Qoqol deyir: "Əgər üç il bu şəhərdən at çapasan yenə də heç bir məmləkətə çata bilməzsən". Bunlar burada rahat, kefi kök dolanıb, vaxtlarını yeyib içməkdə, kart oynamaqda, boş və biməzmun söhbətdə keçirirlər. Arvadları və qızları dəxi özləri kimi günlərini bəzək-düzəkdə, roman oxumaqda, qayibanə aşiq olmaqda, qeybət qırmaqda, aralıq vurmaqda, dalaşıb-barışmaqda zay edirlər.
Çinovniklərin bu gunə rahət və qeydsiz dolanacağı qəflətən iztirab və təşvişə çevrilir. Belə bir xəbər çıxır ki, Peterburqdan məxfi çinovnik təyin olunub, bütün quberniyanın işlərini təftiş etməyə; xüsusən, bunlar olduğu şəhərin. Bu xəbər hamının ürəyinə qorxu salır. Çünki heç biri günahdan pak deyil, hamının üstü pərdəli eybləri və paxırları var.
Cümlədən ziyadə qorxu qalabəyinin canına çökür. Artıq əl-ayağa düşüb, başlayır şəhərin işlərini qayda və nizama salmağa.
Kitabxana.az · https://kitabxana.az/works/kocerli-nikolay-vasilyevic-qoqol
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qüdsiyi-cənnətməkanın müasirlərindən Qazax şairləri Mustafa ağa Arif və Kazım ağa Salikdən başqa Qarabağ xanlığında dəxi bir neçə xoştəb şüəra var imiş ki, onların isimləri atidə zikr olunur.Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş.
Mirzə Hüsen "Zülali" təxəllüsMirzə Hüseyn Zülali əslən şirvanlıdır. Tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Eşitdiyimizə görə, Zülalinin nəslindən Şəmsəddin ismində və Zülalov familiyasında bir şəxs sabiqdə Gəncə şəhərində poçt-teleqraf kantorasında xidmət edirmiş. Mumiileyhə kağız göndərib Mirzə Hüseynin haqqında məlumat istədik, vəli cavabi-namə gəlmədi. Zülalinin əsərlərindən ancaq bir qəzəl tapdıq ki, zeyldə dərc olunur:Qəzəli-Mirzə Hüseyn Zülali:
Mirzə Məhəmməd Qaib oğlu "Fədai" təxəllüsKazım ağa Salikin müasirlərindən birisi də mərhum Mirzə Məhəmməd Qaibzadə "Fədai" təxəllüsdür ki, əslən Salahlı qəryəsindən olub, indiki Qaibovların babalarından birisidir. Onun ilə Kazım ağanın mabeynində ülfət və məvəddət olduğu biri-birinə yazdıqları əşardan görünür.Fədai sinndə Kazım ağadan böyük imiş. Necə ki, onun Kazım ağaya yazdığı bir kağızından məlum olur:
Molla Qasım ZakirŞəki şairlərindən Mirzə Fətəli Axundovun və qarabağlı Qasım bəy Zakirin müasiri olan Molla Qasım fəqir və biçiz bir molla imiş ki, öz vaxtında Nuxa şairlərinin ustadı hesab olunurmuş. Molla Qasımın atası dəxi molla imiş ki, ismi Molla Muraddır.Molla Qasım Nuxa şəhərində Yuxarıbaş məhəllədə sükunət edərmiş. Tarixi-təvəllüdü məlum deyil. Təlim və tərbiyəsi Nuxada atası Molla Muradın təhti-nəzarətində olubdur.
Başqa şairlərin şeirləri
Hər kəsin öz zatı – qanı,Ha qalayla mis qazanı
AxundQoydun əmmamə başına, dandın həqiqeti,Alat-həcvü məsxərə qıldın şəriəti,
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir