Əlli-altmış sənə bundan əqdəm Qarabağın şairi-binəziri Qasımbəy Zakir təxəllüs Qarabağın çox yerlərini gəştgüzar edib Tərtərbasara ki, -- ibarət ola Cavanşir mahalından, -- səyahət qəsdi ilə gəlir. Bu ümidlə ki, orada onun könlü açılsın və bəlkə Bərdə şəhərinin sabiqdə olan rövnəq və abadanlığından bir nişani-əlamət görə. Öz hiss və arzularını Zakir bu sayaq nəzmə çəkir:

O viladə bir mehriban görmədim,
Gəlmişəm indi də Mehriban gəzəm.
Seyr eyləyim tamam Tərtərbasanı,
Varmı aşiqinə can qıyan, gəzəm.

Tülək tərlan ovlağıydı bu yerlər,
Bərdə torpağına eyləyim güzər,
Görüm qalıbdırmı Şirindən əsər,
Baxam hər tərəfə, nigaran gəzəm.

Xosrovi-Pərvizin şanü şövkətin,
Fərhadın ələmu qəmu möhnətin,
Şapurun çəkdiyi nəqşü surətin,
Arayıb-axtarıb bir zaman gəzəm.

Dolanıb sərasər Çarsubazarı,
Gətirəm nəzərə səmti-minarı,
Görsəm, xəbər allam bülbüli-zarı,
Necə oldu ol gül, gülüstan, gəzəm.

Deyim hanı bunda gəzən gözəllər?
Teyhulu meşələr, sonalı göllər?
Çayın kənarında tikilən ellər?
Yoxdu heç birindən bir nişan, gəzəm.

Ol baş-başa verən sərvi rənalar,
Hər guşədən gələn sövtü sədalar,
Zərrin piyalələr, meyi-səhbalar,
Gərdişi-badeyi-ərğüvan gəzəm.

Bu minval ilə şikəstə Zakir bülbüli-zardan əhval-pürsan olub deyir ki, bu diyarın adət və qanunun mən təvarixdə oxumuşam, onları xeyli müstəhsən yazıblar. Bayram gecələri Bərdə şəhəri sübhə kimi çıraqban olub, onları eyş-işrətdə keçirirlərmiş, əmirzadə və bəyzadələr boynu qiladəli səgi-şikar ilə ceyran ovuna gedirlərmiş. Böyüklər astanasında pəhləvanlar və qızmış dəvələr kuşti tutarlarmış. Bir yandan cavahirfüruşlar, bir tərəfdən zərgərlər nazənin gözəllərə ziynət və yaraşıq əsbabı mühəyya edirlərmiş. Karvansaralarda və mehmanxanalarda səyyahlar, tacirlər, qələndərlər və hər qisim qəriblər gecələr sübhədək nəql və hekayətlər söylərmiş. Aya, bunlardan indi də bir əsər varmı? Rücu edək şairin öz kəlamına:

Gecə-gündüz daim bangi-cərəsdən
Qulaq tutulurmu sədadən, səsdən?
Bakıdan, Dərbənddən, Krım, Çərkəsdən
Gəlirmi mətai-bipayan, gəzəm.

Sayeyi-sərvdə məcməi-xuban,
Yenə əyləşirmi xoşdilü xəndan?
Yoxsa ki, onlara saqiyi-dövran
İçiribdir mey yerinə qan, gəzəm.

Nazəninlər ta tülui-afitab,
Oturub gecələr çəkərmi gülab?
Çeşmi-aşiq kimi fəvvarədən ab
Tökülürmü hövzə nümayan, gəzəm.

Müzəyyən məhəllələr və münəqqəş evlər irəliki halda dururmu və onların içində yenə xanəndə və nəvazəndələr gözəl nəğmələr oxuyurmu? Töylələrdə köhlən atlar çığrışırmı? Hamamlarda sular fəvvarə edirmi və onlar əzəlki kimi şirin işləyirmi və onlara külli ağçalar sərf olunurmu? Teyhulu meşələrdə, güllü və sünbüllü bağçalarda seyr edənlər, qız-gəlinlər qaqqıldaşa-qaqqıldaşa gəzirlərmi, yoxsa onların heç birindən bir əsər yoxdur? Bülbüli-şikəstədil Zakir fəqiri bu xəbər ilə məyus və peşiman eləyir.

Bülbüli-biçarə verdi xəbəri,
Dedi ki, qalmayıb şənlik əsəri,
Mən Zakirəm, onu görəndən bəri
Gərək cünun olub, biyaban gəzəm.

Hər kəs Zakirin bu kəlamını başdan ayağa diqqətlə oxusa və o yazdığı yerləri seyr edib, oranın əzəlki şükuhlu halı ilə indiki pərişan halını nəzərə gətirsə bilaşübhə onun ürəyi qanla dolub, gözlərindən yaş tökülər. Necə ki, bülbüli-zarın verdiyi əhvali-pürməlal Zakirin halını pərişan edib, onu məcnun-sifət kuh-biyabana salır. Keçmişdəki tərəddüd və abadanlıqdan, cah-calaldan, mal-dövlətdən, sövt-sədadan şair bir əsər görməyib, Qarabağın və xüsusən Cavanşirin övzasını özgə bir pərişan halda tapıb, əhvalatı, necə ki var, artıq məharətlə öz dusti-həqiqisi olan Mirzə Fətəli Axundova yazır və öz vilayətindən və müasirinin əxlaqü ətvarından və rişti-kirdarından söz açıb, onları birbəbir zikr eləyir və deyir:

Xəbər alsan bu vilanın əhvalın,
Bir özgədir keyfiyyəti-Qarabağ.
Həqdi, bundan əzəl görübsən sən də,
Hanı o qaidə, o qanun, səyaq?

Qüttaüttəriqin vüfuru vardır,
Yaylaqda, aranda qatar-qatardır,
Yenə tuthatutdur, apar-apardır,
Bizim başımızda çattadı çanaq.

Həddən aşıb büxl, həsəd, şərarət,
Yoldaş yoldaşına eylər xəyanət,
Alimdə əməl yox, bəydə ədalət,
İşlərimiz olub saf gərdən-bucaq.
ilaxir.

Təəccüb budur ki, necə ki, əlli sənə bundan əqdəm Qasımbəy Qarabağ əhlinin övsaf və əxlaqını nəzmə çəkibdir, demək olur ki, haman halda qalıblar, irəliki adət və qaydaları üzrə zindəganlıq etməkdədirlər. Zahirdə guya ki, bir azacıq tərəqqi ediblər, amma həqiqi və mənəvi tərəqqidən çox uzaqdadırlar. Buradan Zakirin yazdığını qoyub, öz hisslərimi və gördüklərimi söyləmək istəyirəm. Xeyli vaxtdan bəri Qarabağa ayağım düşməmişdi və onun övzayi-əhvalından xəbərim yox idi. Gürcüstanın ortasında zindəganlıq edib və onun ab-havasına və gürcülərin ayin və adabına və təriqü sülukuna adətkərdə olub, vətəni-məlufu bir növ xatırımdan kənar etmişdim. Nə qədər ki, Gürcüstan ab-havası xoşdur, bir o qədər də gürcülərin özü gözəl tayfadır. Qəribnəvaz, sadədil, eyş-işrət sevən, açıqüzlü, şirin sözlü, halal, kin və kədərsiz nəcib bir millətdir. Bu axır vaxtlarda gürcülər tərəqqi yolunu tapıblar və aşkara irəli getməkdədirlər. Oktyabrın 17-sində elan olunan hürriyyət və azadəlik Qafqaziyada, demək olar ki, hamıdan artıq gürcülərə təsir edib, hamıdan ziyadə onları cünbüş və hərəkətə gətirdi və hətta onları cürbəcür iddialara saldı. O gündən bəri "Sağ olsun hürriyyət, sağ olsun ittihad, ittifaq, qardaşlıq və azadəlik" sədası kəndlərdə və şəhərlərdə böyükdən tutmuş xırda uşaqlara kimi hər bir sinfi-xəlqin dillərində cari olmaqdadır. Azadəlik sevən, qardaşlıq axtaran, ittihad və ittifaq arzusunda olan milləti kim istəməz, kim belə millətə afərin oxumaz?

Gürcülərin bu bəşaşətini, bu ali hisslərini və bu gözəl təmənnalarını görüb və hər gün kəndlərdən dəstə-dəstə gələn rəiyyətlərin şəhər meydanında və Çarsoybazarda toplaşıb ruznaməyə diqqətlə qulaq asmaqlarını müayinə edib, qəlbim şad olurdu və öz-özümə deyirdim: Görəsən, aya, bizim müsəlmanlar da öz qonşuları gürcülər kimi bu fərəhəfza və həyatbəxş azadəlik xəbərini eşidib şadlıq edirlərmi və az-çox tərəqqi yoluna düşüblərmi? Onların da milliyyət hissi və qeyrət damarı ayılıbdırmı? Dövləti-əliyyəmizə düşmən şuriş və inqilabdan, övzai-aləmdən və gərdişi-zəmanədən xəbərləri varmı? Nə haldadırlar və necə dolanırlar? Bu fikirdə ikən iş belə gətirdi ki, inqilab, iğtişaş mən olduğum şəhəri dəxi əhatə elədi və qulluq etdiyim darülmüəllimin və onun cünbündə olan müsəlman şöbəsi bağlandı. Şagirdlər dərsdən azad olub buraxıldı. Fürsəti qənimət bilib, mən dəxi Cavanşirə azim oldum, vətəni-məlufu ziyarət edib, qohum-qardaş, dost-aşna ilə görüşüb, şad və xürrəm oldum. Və lakin çox çəkmədi ki, biz də Zakir kimi arzularımıza nail olmayıb məyus qaldıq. Fərəh və şadlığımız qüssəyə mübəddəl oldu. Vətəndaşlarımın dünyadan bixəbər olmaqlarını, cəhalət və zəlalət dəryasında zar və zəbun qalmaqlarını müşahidə edib pərişanhal oldum. Onlarda nə hürriyyətdən bir xəbər, nə ittihad və ittifaqdan bir əsər görmədim. Hal-hazırda vüquə gələn iğtişaşdan və mühüm məsələlərdən onların əsla xəbəri yoxdur. Bir sayaq qəflət yuxusuna qərq olublar ki, bəlkə suri-İsrafil dəxi onları haman qəflət yuxusundan bidar etməkdə aciz qala. Burada mən biləks ittihad əvəzində ixtilaf, ittifaq yerində nifaq, qardaşlıq yerinə düşmənçilik, büğz və ədavət, hürriyyət əvəzində übudiyyət və dənaət görüb, ürəyim qəm və qüssə ilə doldu. Vətəndaşlarımın bu tərəqqi zamanında, bu telefon və elektrik əsrində ki, -- sair miləl və əqvam artıq sürətlə irəli gedib özləri üçün ixtiyarlar və imtiyazlar axtarmaqdadırlar, -- geridə qalmaqları və bir-birinin malına və canına düşmən olmaqları məni heyrətə saldı. O Cavanşir ki, keçmişdə onun tərif və tövsifi və əhalisinin qeyrət və hünəri dillərdə söylənirdi, indi Qarabağın pərişan mahallarından birisi hesab olunur. O Cavanşir ki, onun qışı ilə yazında təfavüt yoxdur, havası mötədil, torpağı ziyadə bərəkətli və hər qisim məhsulat yetirəndir, turacın və qırqovul vətənidir, meşəli, bağlı Qarabağın ən dövlətli və ən səfalı bir mərkəzidir, heyfa ki, o Cavanşir elm və mərifətdən xali qalıbdır. Onun yetirdiyi məhsulat tamamən əcnəbilərin xeyir və mənfəəti üçündür. Cavanşirin ağazadə və bəyzadələri çox isə də, aralarında ittifaq, sülh və mehribanlıq yoxdur. İttifaq və mehribanlıq olmayan yerdə, əlbəttə, səlah və tərəqqi də olmaz. Və buna biz özümüz şahid olduq. Neçə dəfələr bəzi mühüm və lazımlı məsləhətlər üçün bəyzadə və xanzadələr və rəiyyət tayfasının ağsaqqalları bir yerə cəm olub, müşavirə və müzakirə etdilərsə də, axırda məniyyəti-qərəzi-nəfsi və mənfəəti-şəxsi ucundan aralığa ixtilaf saldılar. Birləşib, yekdil və yekcəhət olub, ümumi məsələlər irəli yeritmək əvəzinə neçə-neçə firqəyə bölünüb bir-biri ilə büğz və ədavət başladılar. İş yatdı, məsləhət pozuldu, millət və islamiyyət unuduldu. Fitnə və fəsad qalxdı, oğrular və yol kəsənlər ölkəni çapıb talan elədilər. Yenə Zakir əleyhirrəhmənin əlli sənə bundan əvvəl yazdıqları yadıma düşdü. Öz dostu Mirzə Mehdiyə belə yazmışdı:

Canə yetdim dərdü qəmi möhnətdən,
Qurtarmadım əndişədən, xiffətdən,
Başımı götürüb, bu vilayətdən
Getməliyəm bir diyara, əzizim!

Bizlər kimi bir-birinin bədxahı
Tapılmaz, gəzəsən aləmi dahı,
Onun üçün qəzəb edib ilahı,
Xayinik aşnaya, yara, əzizim!

Yenə təzə oğurlanıb bir yabım,
Dəxi ziyanlığa qalmayıb tabım,
Budur sizə əvvəl-axır cavabım.
Bu işə eyləyin çara, əzizim!

Fəqir-füqəranın qoyunu, malı
Yarım saat deyil xətadan xalı,
Sakit, etmişdiniz bu qiyl-qalı,
Yenə qarışıbdır ara, əzizim!

Filhəqiqə, Cavanşirdə oğurluq ziyadə şiddət edibdir və bu halda fəqir-füqəranın malı bir dəqiqə xətadan xali deyil. Nə divanda bir hökumət var ki, oğrulara tənbih edə və nə camaatın özündə bir tədbir və səlah var ki, öz içlərində olan bəd və bihesab işlərə çarə qıla. Cavanşiri biz bu pərişan halda qoyub, yenə gürcülərin içinə qayıtdıq. Cavanşir bəlkə keçmişdə həqiqətən "Cavan şir" imiş, amma indi o "Cavan şir" "Qoca şir" olubdur....

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Aşıq Lənbərani

Bəzi rəvayətə görə, Asəf Şirvaninin müasiri olaraq "Asəf" təxəllüsü digər bir şair dəxi var imiş ki, əslən Qarabağ mahalında Lənbəran qəryəsindən imiş. Bu şairin ismü nəsəbi bir kəsə məlum deyil. Əgərçi filhəqiqə qarabağlı olsaydı, salxürdə şüəra və ədiblərimiz — ki, əlan hali-həyat üzrə baqidirlər,--onun barəsində az-çox məlumat verə bilərdilər. Vəli bir kəsdən səhih bir xəbər eşitmədik. Hər halda atidə dərc olunan qəzəli lənbəranlı Asəfə isnad verirlər:Cismindimi, bilməm, görünür pirəhən içrə,

19251 dəq
Aşıq Pəri

Aşıq Pəri öz müasirləri beynində ən istəkli, əzizə və möhtərəmə bir övrət imiş. Onun vətəni-əslisi Qarabağ xanlığına mütəəlliq Cəbrayıl uyezdində Dızaq mahalında Maralyan qəryəsidir. Zəmani-təvəllüdü və tarixi-vəfatı məlum deyil. Mirzə Həsənin, Kərbəlayı Abdulla Canızadənin, Mirzəcan bəyin, Məhəmməd bəy "Aşiq" təxəllüsün, Cəfərqulu xan "Nəva" təxəllüsün müasiri imiş. İbtidayi-təlimini öz qəryəsində alıbdır və əyyami-tüfuliyyətdən şer və qəzəl söyləməyə meyli olduğundan, hənuz elm kəsb etməmiş sinədən şerlər deyərmiş.Zəmani ki, onun namü şöhrəti artıb hər yana dağılır, talibi-didarı çox olur. Aşıq Pəri Maralyandan köçüb Şuşa şəhərinə gəlir və burada onun hörməti və izzəti şüəra və əyani-dövlət arasında daha da çoxalır, hər bir əhli-təb onun şənində gözəl şerlər yazıb izhari-məhəbbət edərlərmiş; bir halda ki, şairə özü də əhli-hal, sahibcəmal, xoşməqal, işvəli bir nazənin imiş. Onun hüsni-cəmalını tərif edən şairlərdən birisi də Əsəd bəy Vəzirov imiş ki, haqqında bu şerləri yazmışdır:

19253 dəq
Ağaməsih Şirvani

Ağaməsih Şirvani Mustafa xanın zəmani-hökumətinin ibtidasında Şirvanda olurmuş, özü də kamil bir vücud imiş; təbi-şeriyyəsi də var imiş. Ağaməsihin nəslindən indi də Şamaxıda vardırlar. Belə ki, möhtərəm ədibimiz Sultan Məcid Qənizadənin mərhum şair dördüncü babası hesab olunur.Ağaməsih Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin müasiri olduğuna görə, əşar və tərzi-kəlamı onlarınkına artıq dərəcədə bənzəyir. Məşhur qövlə görə, Ağaməsih hicrətin on üçüncü əsrinin ibtidasında İranda vəfat etmişdir. Mirzə Yusif Qarabağinin məcmuəsində Ağaməsih Şirvaninin kəlamından bir müxəmməs və bir müəşşər təb olunmuşdur və bunlardan əlavə Zaqafqaz müftisi Hüseyn əfəndi Qaibov həzrətlərinin "Məcmuə"sində Ağaməsihin bəzi kəlamı yazılıbdır. Onlardan nümunə üçün bir neçəsi burada zikr olunur.

19256 dəq
Asəf Şirvani

Asəfin aşağıda yazılan qəzəllərindən onun xoştəb zə şirinkəlam bir şair olduğu anlaşılır.Qəzəli-Asəf Şirvani:

19251 dəq

Başqa şairlərin şeirləri