Yenə dağlar dumanlardan üzə çıxır,Çəmənlərdə yaşıl otlar dizə çıxır.Bulaq üstə yarpız hələ təzə çıxır,Yollara iz sala-sala bahar gəlir,Qanadlanıb durnalarla bahar gəlir.

Zümrüd göyə kəmər çəkir qövsi-qüzeh,Budaqlara cərgə-cərgə düzülür şeh.Buludları sağa-sola dağıdır meh,Yollara iz sala-sala bahar gəlir,Qanadlanıb durnalarla bahar gəlir.

Baş götürüb dərələ sellər axır,Yer oyanır yuxusundan ağır-ağır,Boz torpağın sinəsindən buxar qalxır,Yollara iz sala-sala bahar gəlir,Qanadlanıb durnalarla bahar gəlir.

Quzeylərdə qar əriyir damcı-damcı,Güneylərdə güllər açır göy, narıncı...Gurladıqca şimşəklərin sərt qırmancı,Yollara iz sala-sala bahar gəlir,Qanadlanıb durnalarla bahar gəlir.

Çəmən yaşıl süfrə açır məhəbbətlə,Quşlar ötür, nəğmə deyir hərarətlə.Bir dünyalıq nəvazişlə, səxavətlə,Yollara iz sala-sala bahar gəlir,Qanadlanıb durnalarla bahar gəlir.

Köhlən kimi şahə qalxır hərdən külək,Hərdən hava sakit olur bir quzutək.Kəpənəklər uçuşurlar ürkək-ürkək,Yollara iz sala-sala bahar gəlir,Qanadlanıb durnalarla bahar gəlir.

Boşqablarda göy səməni cərgə-cərgə,Axşam olur, dağlar düşür neçə rəngə.Qapılara şirni-noğul tökə-tökə,Yollara iz sala-sala bahar gəlir,Qanadlanıb durnalarla bahar gəlir.

Novruzgülü qar altından çxır üzə,Şəfəqlərdən bir don geyir təzə-təzə,Sanki ulduz səpilmişdir çölə, düzə,Yollara iz sala-sala bahar gəlir,Qanadlanıb durnalarla bahar gəlir.

Lalə şehlə doldurmuşdur qızıl camı,Deyir, şadlıq məclisimə gəlsin hamı.Şerə sığmır təbiətin ehtişamı,Yollara iz sala-sala bahar gəlir,Qanadlanıb durnalarla bahar gəlir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar