Xəzərdə
Bir körpə uşağam, beşiyim sular,Saçlarım gümüşə batar Xəzərdə.Sinəmdə nə qədər şirin duyğularCoşar, dalğalanar, artar Xəzərdə.
Sular dalğalanar, sular qabarar,Məni fikirlərim çəkər, aparar.Hər kiçik damlada min hekayət varNə qədər incilər yatar Xəzərdə.
Hərdən bir dağ kimi qalxar dalğalar,Elə bil döyüşə çıxar dalğalar.Ram olcaq, könlümə axar dalğalar,Nəğməmə şirinlik qatar Xəzərdə.
Qırar cilovunu Xəzri də hərdən,Qızılı qum yağar sulara dən-dən.Ana dalğaların ətəklərindənLəpələr uşaqtək tutar Xəzərdə...
Ləpələr nəğməli, ləpələr kövrək,Nəğmələr qanadlı, nəğmələr kövrək.İstəsəm az qala qanadlı quştəkƏllərim üfüqə çatar Xəzərdə...
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-xezerde
← → düymələri ilə keçid, R — təsadüfi şeir