Dünyanın sevinci dünyanın dərdi
Deyirəm mən bir də görsəm Təbrizi,Ömrümün baharı qayıdar yəqin.Gülər həsrət çəkmiş könlümün gözü,O gün sona çatar ömrü həsrətin.
Qəlbimin ağrısı, acısı keçər,Artar dünyamızın bir sevinci də,Qızılı şəfəqlər mənə don biçər,Göy üzü durular bir an içində.
Deyirəm mən bir də dönsəm Təbrizə,Təbrizi bağrıma basaram vallah.İnsanlar fərəhlə baxarlar bizə,Fərəhlə açılar hər açan sabah.
Dünyanın qoynunda bir ovuc dənəm,Beş addım zəmiyəm, bağam, tarlayam.İstəmirəm dən-dən mən səpələnəm,Doğma torpaqdadır həyatım, dünyam.
Dünyanın qoynunda münbit torpağam,Şöhrətim böyükdür, kiçik də olsam.Öz halal haqqımı yaşayacağamZamanın əlindən incik də olsam.
Dünyanın qoynunda bir coşqun çayam,Dünyanın qoynunda bir Arazam mən.Belə dərdli-dərdli çağlayacağam,Çalxanıb, bulanıb, durulmasam mən.
Dünyanın qoynunda səsəm, fəryadam,Bir körpə gözündə donan yaşam mən.Dünyanın qoynunda bir sönməz odam,Dünyaya övladam, vətəndaşam mən.
Dünyanın dərdləri doğmadır mənə,Dünyaya dərd olub mənim də dərdim.Əgər lazım gəlsə mən dönə-dönəDünyamız yolunda qurban gedərdim.
Dünyanın qoynunda çalxanan gəmi,Dodağı müjdəli körpə quşam mən.Haqqın, ədalətin əsgəri kimiİlkin amalımla qovuşmuşam mən.
Dünyanın qoynunda silinməz andam,Bir də vətənimin körpəsiyəm mən.Keçib neçə-neçə alovdan, oddanElimə, obama dönəsiyəm mən.
O zaman qəlbimin ağrısı keçər,Artar dünyamızın bir sevinci də.Qızılı şəfəqlər mənə don biçər,Göy üzü durular bir an içində.
Əskilər dünyadan bir həsrət, bir qəm,Torpaq da sevinər nəğmə səsimdən.Bir ovuc dən olub səpələnərəmBaşdan-başa vətən torpağına mən...
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-dunyanin-sevinci-dunyanin-derdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Qabağımda Qara dəniz,Ürəyimdə dəli Xəzər;
Sən dedin dünyaya kimdir qəsbkarSülh carçısı əziz*Heydər Əliyevə ithaf*
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Qəm yemə, səbr et, bu da yahu keçərZülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,