Sən yaşıl dağlardan, sulu dağlardanAxdın damcı-damcı torpağa, Göygöl.Sinəsi söhbətli, ulu dağlardanYenə də düşmədin uzağa, Göygöl.

Deyirlər göllərin dilbəri sənsən,Kəpəzin incisi, gövhəri sənsən.O yaşıl otların cövhəri sənsən,Yaşıl bir süfrə aç qonağa, Göygöl.

Mənim Urmi gölüm sənə vurğundur,Onu öz dilinlə dindir, ovundur.İntizar çəkməkdən qəlbi yorğundur,Daha dözə bilmir fərağa, Göygöl.

İlhamı hüsnündən almışdır bahar,Ulduzdan mirvarin, aydan tacın var.Üzünü görməyə tələsən dostlarDüşmüşlər sevgidən sorağa, Göygöl.

Şəfqətlə baş əyər o dağlar sənə,Çatmaz axar çaylar, bulaqlar sənə.Ülvi gözəlliyin şöhrətdir mənə,Getmərəm gözündən irağa, Göygöl.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri