Bahar yenə gəldi köksündə atəş,Bulaqlar başladı öz nağılını.Gəzdi qapı-qapı anamız günəş,Elə bil payladı yaz noğulu.

Yaşıl səmənilər çəmən-çəməndi,Lalələr çəmənin qızıl düyməsi.İlıq meh əsdikcə budaqlar dindi,Düşdü bağçalara quşların sosi.

Güllərin ətrindən məst olan torpaqYuyundu neçə yol yaz yağışında.Öz qış yuxusundan ayılan torpaqGöründü bir bahar yaraşığında.

Göylər quş dünyası oldu necə də,Quşların sorağı səmadan gəldi.Durnalar qatarla ötüb keçəndəOnların müjdəsi havadan gəldi.

Zərif tumurcuqlar güldülər bir-birYaşıl ağacların budaqlarından.Təzəcə diş yaran körpələrimdir,Çıxdılar elə bil qundaqlarından.

Sürüşdü dağların o boz cunası,Yağışlar nərdivan yaratdı göyə.Dəyişdi dərənin, düzün havası,Yağışlar başladı mahnı deməyə.

Sonra ətək-ətək tökülən doluYağış nərdivanı qırıb dağıtdı.Yağışdan da şirin oxuyan doluBir duzlu, məzəli mahnı yaratdı...

Yığıb ətəyini göylər də artıq,Qoymadı dağıla dolular daha.Sanki bir səs gəldi hey qırıq-qırıq;Nağılın qalanı qaldı sabaha.

Nağılın qalanı qaldı sabaha,Səhər olacaqdır yol, yoxuş nağıl.Bu gündən nəğməli yoldu sabaha,Bu olmuş həqiqət, bu olmuş nağıl.

Dəyişir təbiət öz görkəmini,Baharlı çağları başlayır ömrün.Quşlar qanadına alsınlar məni,Müjdəçisi olum bu xoş günlərin.

Gəzim zəmi-zəmi, mən tarla-tarla,Yaşıllıq içində dinsin nəğməm də.O tumurcuqlar kimi gəlib ilhamaSözlər qönçələnsin, güsün sinəmdə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar