1941-45-ci illər müharibəsindəiştirak edən bacılarıma

Dedin, cəbhələrdə itirmişəm mən,Ömrün ən gözəl bahar çağını.Dedin, cəbhələrdən gətirmişəm mən,Neçə nisgilimi, ürək dağımı.

Ata nəvazişi, ana şəfqətiDedin, görməmişdim öz diləyimcə.Vətən məhəbbəti, el məhəbbətiMəni də səfərbər etdi bir gecə.

Bir zülmət gecədə ayrıldım, dedin,On səkkiz yaşımdan, zərifliyimdən.Anamdan necə də ayrıldım, dedin,Belə bir ayrılıq görməmişdim mən.

İlk dəfə bağları yanan görmüşəm,Səma dəyişmişdi mavi rəngini.Yaşıl çinarları sınan görmüşəm,Həyat itirmişdi öz ahəngini.

Sular qan rənginə, çöl, çəmən solğun,Yağan güllələrdən divarlar göz-göz.Təbiət hərasan, təbiət yorğun,Hər daşda bir nida, bir üsyan, bir söz.

Mən belə ayrıldım, belə ayrıldım,On səkkiz yaşımdan, şirin xülyamdan.O gündən bir əsgər çağrıldı adım,Ayrıldım röyaya dönən dünyamdan.

Ayağımda çəkmə, əynimdə şinel,Çiynimdə boz çantam, bir də silahım.Girdim döyüşlərə, bu, nağıl deyil,Dedim günəşlə bir doğsun sabahım.

Mənim çiçək ətrim, mənim gül ətrimBu şəfa qaynaqlı dərmanlar oldu.Mənim mavi donlu qızıl səhərimTüstülər, dumanlar ardında qaldı.

Hər vətən övladı düşəndə oda,Hər yara alanda bir cavan əsgər,On səkkiz yaşıma eylədim vida,Böyüdüm cəbhədə mən səngər-səngər.

Oğullar gördüm ki, sonuncu andaAğ günə çıxacaq dünya, dedilər.Oğullar gördüm ki, yaralanandaMənə dönə-dönə ana, dedilər.

Qardaşlar gördüm ki, ömürlük onaBu dünya işığı bir nağıl oldu.

Qar yağdı ömrünün bahar çağına,Atalar mənimçün bir oğul oldu.

Unuda bilmirəm ötən günləri,O illərdə qaldı on səkkiz yaşım.Onlar deyil ömrün itən günləri,Sonsuz dastan oldu on səkkiz yaşım...

Danışdın, dinlədim səni aramla,Sandım, analardır danışan belə.Gözündə yaş dondu ikicə damla,Dağıtdın onları kirpiklərinlə.

Üzündə parlayan sevinc yaşlarıOldu nəğmələrin naxışı indi.Mən əziz saxlaram bu daş-qaşları,Sandım yağdı bahar yağışı indi...

Min-min on səkkiz yaş cəbhədə qaldı,Fəqət bahar gəldi torpağa, suya.Gəldiniz, hər yanda toy-bayram oldu,Dincəldi hərasan, yuxulu dünya...

Yox olub göylərdən duman da, çən də,Bahardır bəzəyən səmanı, yeri.Xoşbəxt insanların bahar ömründəOn səkkiz yaşınız qayıdır geri...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar