Nə zaman ki, saçımı darayıram, hörürəmYadıma Xəzər düşür, yadıma sən düşürsən.Nə zaman yarpaqları pıçıldaşan görürəmYadıma Xəzər düşür, yadıma sən düşürsən.

Elə ki, göylər qızı yuxusundan oyanır,Səmanın ətəkləri qızıl rəngə boyanır.Bir ani ayrılıqdan sinəm od tutub yanır,Yadıma Xəzər düşür, yadıma sən düşürsən.

Karvan-karvan buludlar ağarır ləpələrtək.Onlar yəqin bir azdan uzaqlara gedəcək...Qaş qaralır, səmada ulduzlar yanır tək-tək,Yadıma Xəzər düşür, yadıma sən düşürsən.

Uzaqdan pərdə-pərdə mahnı səsi yüksəlir,Könlümün aynasından kədəri, qəmi silir.Şirin xatirələrim təzədən dilə gəlir;Yadıma Xəzər düşür, yadıma sən düşürsən.

Bakı bu görkəmiylə nəğməyə, sözə dönür,Yer nura qərq olduqca göydə ulduzlar sönür.Şəhərin sinəsində sanki dəniz döyünür,Yadıma Xəzər düşür, yadıma sən düşürsən.

Fikrim qanadlanıbdır bir şeir həsrətiylə,Ürəyim çox yanıbdır bir şeir həsrətiylə.Bir insan ülfətiylə, bir dəniz şəfqətiyləYadıma Xəzər düşür, yadıma sən düşürsən.

Xəzər duzlu, sən duzlu, ikiniz də çağlayan,İkiniz də sevgini daim əziz saxlayan.İstər uzaqda olum, istər yaxında inanYadıma Xəzər düşür, yadıma sən düşürsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran