Üçüncü pərdə
Səhifə 5 / 5 · 80%
Fərhad (Rəfiqə ilə görüşür)
Axşamınız xeyir. Cəlal Qaşqay hələ gəlməyib?
Rəfiqə
Xeyr, gəlməyib. Axı, ona kim izn verib ki, gəlsin də?
Fərhad
Artıq o, bəraət aldı. İndi Cəlal Qaşqay məhbus deyil. Mən istərdim ki, onu öz əlimlə sizə təhvil verim. Gəlin, bir yerdə xəstəxanaya gedək.
Rəfiqə
Yox, yox. Mən özüm gedib onu gətirərəm. Xahiş edirəm, heç yerə çıxmayın. Bizi burda gözləyin. Mənim sizə vacib sözüm var.
Bədəl
İstədiyi yar idi, yetirdi pərvərdigar. Axşamınız xeyir. Xoş gördük.
Fərhad (Bədələ)
Hə, vətəndaş Sadayev, deyəsən biz yenə görüşəsi olduq.
Bədəl
Bəli, görürəm ki, bu istintaq acı bağırsaq kimi uzanacaq. qurtar bunu də. Qurtar getsin, yoldaş Kamalov.
Fərhad
Darıxmayın. Sabah hər şey qurtarır. Qaşqayın sağalıb çıxmağını gözləyirdik. (Bədəl getmək istəyir) Kələfin bir ucu da sizə gedib çıxır. İpək malların orderini siz yazmısınız.
Bədəl
Əstəğfürullah. Düşmədik kələyə! Bu fani dünyada padşahdan-zaddansa olmadıq ki...
Fərhad
Padşah? Padşah olsaydın neylərdin? Heç kəs sənə cəza verə bilməzdi, eləmi?
Bədəl
Yox, qardaş. Mən ki, səni belə görürəm, padşah nədir, lap prezidenti də yerindən dəbərdərsən.
Kərim Rəhimli gəlir. Fərhadla görüşür.
Kərim
Xoş gördük, yoldaş Kamalov, həmişə sən gələsən. Bu iclaslar məni lap həkdən saldı. (Səriyyəyə) Ay qız, bir tez ol, çay gətir.
Səriyyə
Bu dəqiqə. (Gedir)
Bədəl
Bu çayda nə görmüsən? Rəhmətliyin nəvəsi, belə əziz qonağa layiq bir içki tapılmır içək, arada səmimiyyət olsun. Söz-söhbət qurtarsın. Mən də deyirəm, qocalıb əldən düşmüşəm. Pensiyalıq vaxtımdır. Azad eləyin, gedim. Daha neyləyək? Hə, yoldaş Kamalov? Bu fani dünyada padşahdan-zaddan...
Fərhad (Bədələ)
Özünüzü nahaq Əhmədi-biqəm kimi göstərirsiniz. İndi mənə çox şey bəllidir. Əmin Bəxtiyarovun inadı özünə də, sizə də fayda vermədi.
Bədəl
Cavan adamsan, gəl bu qoca vaxtımda mənə sataşma. Xeyir görməzsən. Bizə Sadaylılar deyərlər. Bizim ocağımıza sataşan ömründə xoşbəxt olmayıb.
Fərhad
Bax, bunu düz deyirsən. Yalnız öz xeyrini düşünən adamlardan xalq həmişə ziyan görüb.
Bədəl
Kərim qağa, bu nə deyir? Bəs mənim qırx illik zəhmətim?
Kərim
Bura bax, gəl məni cin atına mindirmə. Sənə də lənət, sənin zəhmətinə də!
Bədəl
A kişi, bu saç-saqqalından utanmırsan?
Kərim
Yox, daha utanmıram. İndiyəcən utandığım üçün də həm camaata, həm də özümə ziyan vurmuşam. Adamların şirin dilinə aldanıb, acı niyyətlərini başa düşməmişəm. Bilməmişəm ki, bəzən acı sözlərin dalında saf, yüksək bir arzu, böyük bir xeyirxahlıq gizlənirmiş. Mən çox səhv eləmişəm. Adamları tanımamışam. Əmin Bəxtiyarov kimilərinin yağlı dillərinə aldanıb, öz doğma balamın təmiz məhəbbətini tapdalamışam.
Bədəl (Fərmana)
Deməli, bizi güdaza verirlər. Bu da sənin vicdanlı direktorun. Yaxşı, olsun. Bizim də səsimizi eşidən tapılar. Gedək, Fərman!
Fərman
Məni hara aparırsan? Mənə güldən ağır söz deyən olmadı. Sən öz dərdini çək.
Bədəl (heyrətlə)
Fərman, sən də belə?! Adə, bəlkə məni elə sən şeytanlamısan? Nə eybi var? Bədəl Sadayevi yıxmaq o qədər də asan deyil. Açacağam sandığı, tökəcəyəm pambığı!
Fərhad
Bunlar hamısı öz yerində. Amma sabah səhər saat doqquzda hər ikiniz rayon prokurorluğunda olmalısınız.
Bədəllə Fərman gedirlər.
Kərim
Buyurun, çay için.
Fərhad
Bəs bu Qaşqay nə üçün gəlmədi?
Kərim
Qaşqay?
Fərhad
Bəli. Bu gündən o, azad vətəndaşdır. Məhkəmədə yalnız şahid sifəti ilə çıxış edəcək. Qızınız onu gətirməyə getdi. Amma nə üçünsə mənə həyəcanlı göründü.
Kərim
Yəqin sevindiyindəndir. (Səriyyə çay gətirir, stol üstünə düzüb gedir, bu anda qapı döyülür) Buyurun!
Əmin (gəlir)
Axşamınız xeyir, yoldaş Kamalov. Təklikdə sizə bir neçə sözüm var. Bəlkə sonra gəlim, hə?
Kərim
Mən sizi tək buraxa bilərəm (Gedir)
Fərhad
Nə istəyirsiniz?
Əmin
Məni çox sorğu-suala tutdunuz. İndi də siz mənə cavab verməlisiniz. Məndən əl çəkəcəksiniz, ya yox?
Fərhad
Bu sualın mənası mənə aydın deyil.
Əmin
Aydın deyil? Gəlin açıq danışaq. Ərənlər üçəcən deyiblər. Gərək ki, belə bir məsəl də var. Mən iki dəfə xəbərdarlıq eləmişəm. Pəncərədən atılan daşa bağlanmış kağız parçası birinci xəbərdarlıq idi. Xatırlayırsınızmı?
Fərhad
Sonra?
Əmin
Boyunbağını necə? O da ikinci xəbərdarlıq idi. Unutmamısınız ki?
Fərhad
Elə qiymətli rüşvəti hansı müstəntiq unuda bilər?
Əmin
Üçüncü dəfə də indi özüm xəbərdarlıq eləyirəm. Müqəssir Cəlal Qaşqaydır. Elə deyilmi?
Fərhad
Xeyr, elə deyil! Fabriki sən yandırtmısan. Əlbəttə, tək yox. O biri dostlarını da tapmışam.
Əmin
Hələ də gec deyil, vətəndaş Kamalov. Ziyanın yarısından qayıtmağınız məsləhətdir. Boyunbağı azdırsa, ondan da qiymətli şey əlavə eləyə bilərəm.
Fərhad
Mən həqiqəti böyük bir xəzinəyə dəyişmərəm. Gedin, gedin, Bəxtiyarov.
Əmin
Elə isə öz bəxtinizdən küsün. (Gedir)
Fərhad (telefonla)
Kimdir? Axşamınız xeyir. Xahiş edirəm Əmin Bəxtiyarov haqqında qəti tədbir qəbul olunsun. Təcili. Bəli, sərəncam vardır.
Kərim (gəlir)
Hə, nə deyirdi? Yəqin peşman olub. Bağışlanmasını xahiş edir?
Fərhad
Xeyr. Bəxtiyarov, təəssüf ki, başqa təbiətli adamdır. Belələrinin həyat yolu dərin, müdhiş bir burulğanı xatırladır. Ora düşdülərmi, çıxa bilmirlər. Sizcə, müqəssir kimdir?
Kərim
Kim olacaq, canım-gözüm? Özləri!
Fərhad
Heç kim onların namusla yaşamağına mane olmur. Milyonlardan seçilməyə çalışanlar, yalnız öz xeyrini güdənlər, həyata dar gözlə baxanlar xoşbəxt ola bilməzlər! (Pəncərəyə yanaşır) Gözəl hava var... Küçənin başından bir dəstə adam bura döndü.
Kərim
Bəlkə onlardır? Oxşayır bu tərəfə gəlirlər...
Fərhad
Bu axşam şəhəriniz mənə xüsusilə qəşəng görünür. Musiqi...gülüş səsləri... Elə bil işıqlar da güclənib. Adamın gözləri qamaşır...
Kərim
Dünəndən bəri Mingəçevirdən işıq alırıq. Nərimanabadın böyük gələcəyi var. Tək elə bizim fabrik bir neçə ildən sonra dönüb kombinat olacaq. Mən indidən təzə fəhlələr barədə fikirləşirəm... Belə görünür ki, toxuculuq məktəbini də ona nisbət böyütmək lazım gələcək.
Fərhad (birdən xatırlayır)
Hə, yoldaş Rəhimli, Əsmər fabrikə qayıtdı, qayıtmadı?
Kərim
Bəli, qayıtdı. Onu payızdan ali məktəbə mühəndislik oxumağa göndərirəm.
Fərhad
Lap yaxşı. İnsanların xoşbəxtliyini görəndə daha böyük həvəslə, yorulmaq bilmədən çalışmaq, gələcəyi daha sürətlə insanlara yaxınlaşdırmaq istəyirsən. Eşitmisinizmi, bir əfsanə var...
Bu anda pəncərədən içəriyə iki güllə açılır. Fərhad yıxılır, güllə səsinə Səriyyə yüyürüb gəlir. Kərim onunla köməkləşib Fərhadı divana uzadır.
Səriyyə
Vay, vay!.. Kərim dayı, yəqin o ciyəri yanmış Əmin atdı.
Rəfiqə ilə Qaşqay gəlirlər.
Cəlal
Yoldaş Kamalov, siz neyləyirsiniz? Nə üçün ehtiyatsız dolanırsınız?
Fərhad
Daha keçib, Qaşqay.
Cəlal
O məni də vurmaq istədi. Ancaq üstünə atılıb onu yaxaladılar, silahını əlindən aldılar. (Rəfiqəyə) Doktor, onu qurtarın! Bizə səadət gətirən bu insanın ölümünə dözmək çətindir.
Rəfiqə (cəld Fərhada yanaşır, diqqətlə müayinədən keçirir, öz-özünə danışırmış kimi)
Ah...
Cəlal
Nə oldu, əzizim?
Rəfiqə (böyük bir çətinliklə, yavaşcadan)
Ümid yoxdur...
Fərhad
Bilirəm, ümid yoxdur... (Son gücünü toplayaraq) Məni öldürə bilərlər. Onların lənətə gəlmiş nəfsi yalnız cinayət törətməyə qadirdir... Eh, mən nə danışıram? Qədim, çox qədim bir əfsanə var. Səməndər adlı quş əbədi odlar-alovlar içində yanır, amma heç bir zaman ölmür... İnsan bu əfsanəni yaradanda özünün böyük əməllərini nəzərdə tutub. İnsan ölsə də, bu əməllər yaşayır, yaşayacaq da!.. (Ölür. Ümumi və qəmli bir sükut)
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-alov-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Balaca otaqda iki yoldaş oturmuşdu. Səbri piano çalırdı, Ədhəm isə papiros çəkə-çəkə onu dinləyirdi.
Çarpayıİsfəndiyar yuxudan oyanıb sakit-sakit ətrafına boylandı. Evdə ondan başqa heç kim yox idi. Qapı örtülü idi. Həyətə baxan balaca pəncərədən buludlu səmanın kiçik bir parçası görünürdü.– Ana, ay ana!..
Maral əfsanəsiƏhməd Cəmilə ithaf*Meşədə boğuq bir güllə səsi eşidildi. Sahil boyunda ağacların xırdaca budaqları titrəşdi. Saralıb solmuş yarpaqlar bir müddət havada qanad çalaraq, yerə səpələndi. Bu anda elə bil ağaclar arasında saysız-hesabsız kəpənəklər uçuşurdu. Sonra hər tərəfə qərib, əsrarəngiz bir sükut çökdü.
Nişan üzüyüI**Hələ gün çıxmamışdı. Təkdənbir əsən meh, həyətdəki badam ağacının xırdaca yarpaqlarını tərpədirdi və bu yarpaqlar tərpəndikcə, elə bil iki sevgili haradasa gizlənib yavaşcadan pıçıldaşırdı.
Başqa şairlərin şeirləri
Ləli toxunur başmağa gah-gah, heyrət.
Dağlayıbdır məni bir laləuzari-QarabağNə əcəb dovlət imiş seyri-şikari-Qarabağ,Nə gozəl nemət imiş sohbəti-yari-Qarabağ.
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur