Məzmun
  1. Yeddinci şəkil
  2. Səkkizinci şəkil
  3. Doqquzuncu şəkil

Səhifə 4 / 5 · 60%

Doqquzuncu şəkil

Kərim Rəhimlinin evi. Bir ay sonra. Axşam. Yemək stoluna çay dəstgahı düzülmüşdür. Rəfiqə pianoda “Rast” çalır. Əmin Bəxtiyarov səssiz addımlarla, sanki oğrunca gəlir. Rəfiqə onun gəlişindən xəbər tutmayaraq, daha da ilhamla, bərkdən çalmağa başlayır.

Son akkordu vurub qurtarır, bəriyə dönəndə Əmini görür, üzünün ifadəsi dəyişir.

Əmin

Məni gözləmirdiniz, eləmi?

Rəfiqə

Gözləmirdim. Mən elə bilirdim siz tutulmusunuz.

Əmin (acı-acı gülümsəyərək)

Bu qədər tələsmək nə üçün? Tələsməyin. Kamalovun qeyri-qanuni istintaqı özünə baha başa oturacaq. Bakıya qayıdalı bir ay olur. Elə o gedəndir. Qoyun gəlsin. Hər dəqiqənin bir hökmü var. Bəlkə onun özünü damladılar. Mıxı mismar eləyən tale barədə xalq əfsanəsini yəqin ki, eşitmisiniz. Böyük alman filosofu İmmanuil Kantın transendental fəlsəfəsinə görə...

Rəfiqə (onun dediklərindən təngə gəlib, kəskin bir tərzdə sözünü kəsərək)

Mən yaxşı bilirəm ki, siz buraya nə əfsanə söyləməyə gəlmisiniz, nə də Kantdan danışmağa... Sizə nə lazımdır?

Əmin (sanki Rəfiqənin dediyini eşitməyərək)

Sizi görmək, sizinlə danışmaq, bəlkə də vidalaşmaq...Bayaqdan küçədə şabalıt ağacının dibində dayanıb pəncərənizdən içəri baxırdım. Qiyamət çalırdınız... Bu qədər fasilədən sonra belə məharətlə çalmaq üçün doğrudan da gərək böyük istedad sahibi olasan. Bir az əvvəl üzünüzdən sevinc yağırdı. Axı, məni görəndə nə üçün belə qəzəblənirsiniz?

Rəfiqə

Səbəbini özünüz bilirsiniz.

Əmin

Başa düşürəm. Ancaq yenə də sizdən bir xahişim var. Mənim səmimiyyətimə inanın... Bu vaxta qədər mən heç kimi sevməmişəm. Mənim ilk və son məhəbbətim siz olmusunuz. Bircə dəqiqə səbr eləyin. Sizə indi də vəfalı olduğumu sübut etmək istəyirəm.

Rəfiqə

Vəfa... Siz vəfadan, sədaqətdən dəm vuranda mən özümü təhqir olunmuş sayıram. (Telefona yanaşır, dəstəyi götürür).

Əmin

Milis çağırmaq artıqdır. Mən onsuz da bu dəqiqə gedirəm. (Rəfiqə dəstəyi yerinə qoyur) Diqqətlə qulaq asın, Rəfiqə xanım.

Telefon zəngi

Rəfiqə (dəstəyi götürür)

Bəli, Rəhimlinin evi. Xeyr, yoxdur. İclasa gedib. Danışan qızıdır. Axşamınız xeyir. Aha, xoş gəlmisiniz, yoldaş Kamalov. Çox sağ olun. Yaxşıyam. Cəlal? Sağalıb... Həyətdə gəzinməyə izn vermişik. (Dinləyir, birdən rəngi tutulur, qeyri-ixtiyari Əminə baxır və səhvini tezcə də başa düşüb üzünü başqa səmtə çevirir) Bəli, burdadır... Atam bir azdan gələcək. Buyurun, gəlin. Evdə olacağıq. (Dəstəyi asır)

Əmin

Məni axtarır, eləmi? Gərək ona deyəydiniz ki, qaçmaq fikrində olsaydım, bir yol tapardım. Kamalova mənim burda olduğumu dediniz? (Rəfiqə dinmir) Məhəbbət belə şeydir. Axırda sizi casusluğa da vadar elədi. Təəssüf, çox təəssüf. İndi yaxşı qulaq asın. Madam ki, Kamalovla dostsunuz, onu yola gətirin. Ondan çox şey asılıdır. Deyin, məni intihara məcbur eləməsin. Heç olmasa özünə yazığı gəlsin. Mənimki onsuz da gətirmədi. Yəqin ki, azı on-on beş il həbsdə çürüyəcəyəm. Beli bükülmüş bir qocadan seçilməyəcəyəm. Ondan sonra yaşamağın nə mənası var? Kamalov yəqin sizin məsləhətinizdən çıxmaz. Deyin, yola gəlsin. bu sizin də xeyrinizədir. Hələlik. (Gedir)

Rəfiqə (özünü itirmiş kimi ora-bura vurnuxur)

Səriyyə, ay qız, hardasan?

Səriyyə (gəlir)

O burada nə eləyirdi? Səni hədələyirdi? Adını da kişi qoyub...

Rəfiqə

Yox, özünü öldürmək istəyir. Deyir yaşamağımda məna görmürəm. Ancaq mən buna inanmıram. Qorxuram ki, Kamalova əl qaldırsın.

Səriyyə

Kim? Əmin? Mən arvadlığımla ondan qorxmuram. O ki, Kamalov ola. Kamalov yaman adamdır, ha. Elə bil dalda da iki gözü var. Çayı gətirim, yoxsa Kərim dayını gözləyək?

Rəfiqə

Gözləyək. Mən də bu axşam heç yana getməyəcəyəm. Axı, Kamalov bizə gələcək. Mənə nə isə vacib bir söz demək istəyirdi. O mənim nəzərimdə indi əziz bir qardaş kimi olub.

Səriyyə

Yəqin ona görə ki, Cəlalı böhtanlardan qurtarıb, hə?

Rəfiqə

Yox, indi Kamalovu sevən çoxdur. Atam da, fəhlələr də, mühəndislər də... Elə bil hamının çiynindən bir yük götürülüb. Məndən olsaydı, deyərdim ki, insanlara şəfa verən mahir bir həkimlə ədalətli bir müstəntiqin heç bir fərqi yoxdur. Əgər könlün varsa, get teatra. Demirdin Bakı artistləri gəlib?

Səriyyə

Qulyabanı kimi tək necə gedim?

Rəfiqə

Günah özündədir. Vaxtında ərə getsəydin, indi təklikdən şikayət eləməzdin.

Səriyyə

Eh, sən də söz tapdın danışmağa. Qadam kişilərin ürəyinə! Ər nədir? Bütün günü evdə oturub xörək bişirəcəyəm. Ev-eşik süpürəcəyəm. Gecələr gözümü yola dikib mürgü döyə-döyə gözləyəcəyəm. Nə var, iş bilmişəm, üzlərdən iraq, ərə getmişəm.

Rəfiqə

Ürəyim belə narahatdır ki...

Səriyyə

Niyə, nə olub?

Rəfiqə

Heç. Teatra gedirsən, pul verim.

Səriyyə

Özümün puluma nə gəlib? Yoxsa elə fikir eləyirsən ki, ərə getməyənin pulu da olmaz... Ər... ər... nə olsun yəni?

Rəfiqə

Atalar sözüdür: “Ər arvadın tacıdır”.

Səriyyə

Bu məsəli kişilər uydurub. Nə tacbazlıqdır? Bəs niyə onu demirsən ki, qız qaldıqca qızıla dönər? Zarafat-zarafat, toxuculuq texnikumunu qurtarıram. Deməli, sabahda-birigündə keçirəm fabrikə. Dəzgahda işləyəcəyəm. Əvvəl birində, sonra ikisində, sonra da...

Rəfiqə

Gözlə ha, birdən qəhrəman olarsan.

Səriyyə

Olanlar məndən artıqdır?

Rəfiqə (pəncərəyə yanaşaraq)

Bu saat onun əlindən hər nə desən gələr. Bəlkə Kamalovu tapıb xəbərdarlıq eləyək, hə?

Səriyyə

Sənə deyirəm Bəxtiyarovda o kişilik yoxdur.

Bədəl və Fərman gəlirlər.

Bədəl

Əssalaməleyküm, qızım.

Rəfiqə

Bədəl dayı, xoş gəlmisən. Çoxdandır görünmürsən.

Bədəl

Əşi, o zalım oğlu Kamalov bizə bir toy tutub ki, Allahın arağını da içməyə macal tapmırıq. Ay qız, Səriyyə, bir bax gör o bufetdə heç nə qalmayıb?

Səriyyə

Bu saat. (Gedir)

Rəfiqə

Məni bağışlayın, bircə dəqiqə... (Həyəcanlı halda küçəyə çıxır)

Bədəl

Bura bax, Fərman, o zalım oğlu Kamalov bizdən əl çəkənə oxşamır axı.

Fərman

Necə məgər?

Bədəl

Deyirlər bu gün səhər yenə gəlib. Cəlal da ki, sağalıb ayağa qalxır. İşimiz lap mütəğəlğəldir.

Fərman

Deyirsən yəni Əmin Bəxtiyarov səni satar?

Bədəl

Öz canımı qurtarmaq üçün satar da, hələ bir o yana da keçər. Vallah, bu bir ayda anamdan əmdiyim burnumdan gəlib. Baş götürüb bir yana qaçsaq, necə olar, hə?

Fərman

Səndən başqa da qaçmaq istəyən var?

Bədəl

Bəs sən? Səni deyirəm də.

Fərman

Daha mən niyə? Yeyəndə yox, içəndə yox, qaçanda ortaq qardaş?

Səriyyə (əlində qrafin gəlir)

Araq var. Amma lap dibində. (Qrafini stolun üstünə qoyur) Buyurun!

Bədəl (qrafini işığa tutaraq)

Mənə bu da bəs edər. (Fərmana) Bir yol getməklə necəsən?

Fərman

Pis olmaz.

Bədəl qədəhlərə araq tökür. Bu anda Rəfiqə qayıdır. O hələ də bərk həyəcanlıdır.

Bədəl

Deyirəm bunu içək Rəfiqə qızımızın sağlığına. Gün o gün olsun ki, sənin toyunda düb deyənəcən vuraq. Sağ ol, qızım. (Onun həyəcanlı olduğunu sezərək) Qanın niyə qaradır? Belə görürəm ki, toya da çox qalmayıb...

Rəfiqə

Mən bu barədə heç nə bilmirəm. Məsəl var: “Qız evində toydur, oğlan evinin xəbəri yox”.

Bədəl

Toy barədə bir qucaq məsəl məndə: iyirmi yaşından bu günəcən düz iyirmi min məsəl yığmışam. Bir başqası olsaydı, kitab düzəldib verərdi çapa, bir filan qədər də pul alardı. Amma mən məsəllərimi akademiyaya hədiyyə göndərəcəyəm.

Rəfiqə

Bədəl dayı, bir de görək hansı məsəlləri bilirsən?

Bədəl

Toy barədə? Bu saat. Deyir: “Toy da olsa toyuğun vayıdır, vay da olsa”. Bu bir. “Toy gününü qoyub vay gününü oynayır”. Bu iki. “Toy mənim, xeyrat babamın”. Bu üç. “Toy töhfəsiz, gəlin yengəsiz olmaz”. Bu dörd. “Toyda oynamaz, vayda ağlamaz”. Bu beş. “Toydan sonra nağara”. Bu da altı. Bəs elər, yoxsa yenə deyim?

Rəfiqə

Bəsdir, bəsdir, Bədəl dayı. Kitabın çıxar, oxuyarıq.

Bədəl

Amma elə eləmə ki, toydan sonra nağara gələk, ha! Cəlal Qaşqay sağalıb qalxır ayağa. Daha nə vaxtacan gözlədəcəksən? (Qədəhlərə yenə araq tökür) Deyirəm ki, bunu da içək sənin nişanlının sağlığına! (İçir) Düzünü de görüm, çıxır, ya yox? Toyun nə vaxtdır, hə?

Rəfiqə (darıxmış kimi)

Eh, Bədəl dayı, bu söhbətin vaxtı deyil.

Bədəl

Niyə ki, qızım?.. Eh, bu fani dünyada padşahdan-zaddansa ola bilmədik.

Fərman

Öz aramızdır, həmişə ikinci rumkanı içən kimi padşahlıq xülyasına düşürsən. (Bu anda Fərhad Kamalov gəlir, Bədəl onu görən kimi başlayır əli ilə gözünü ovxalayır, röyada olduğunu güman eləyir)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri