Birinci fəsil
Səhifə 6 / 10 · 50%
Dadaşlı onun coşduğunu görüb sözünü kəsdi:
– Bilirəm, bilirəm. Bu barədə raykomda danışaram, bir də elə qələti eləməz. Biz indi ayrı işdən ötrü gəlmişik. Sosyarışın nəticəsini yoxlayırıq. Axşam saat səkkizdə klubda olarsınız. Hə, Cəmil, kənddə nə var, nə yox?
– Sağlıqdır... Elə orada da bərk başlayıblar. Bizim kənd qonşu kəndin “Marks” kolxozunu yarışa çağırıb. Bu il gərək cins heyvanların sayı birə iki artsın... Bizim Tahirlə tanış deyilsən? Onu mən gətirmişəm.
Dadaşlı yenə Tahirin üzünə baxdı:
– Burada işləmək istəyir? Nə olar ki? – dedi.
Tahir onun sərt baxışlarını heç bəyənmədi. Komsomol təşkilatçısı elə bil nə üçünsə Tahiri hədələyən bir ifadə ilə baxdı:
– Davadan sonra bizə çoxlu kadrlar lazımdır... Hə, yoldaş, komsomolda varsan? – deyə Dadaşlı birdən oturduğu yerdə qurcalandı.
– Bəli, varam.
Tahir də bu sözü komsomol təşkilatçısı kimi sərt və rəsmi dedi.
– Niyə belə tərs cavab...
– Tərs niyə? – deyə Tahir onun sualını yarıda kəsdi.
Lətifə bir anlığa başını yuxarı qaldırıb, tez də aşağı saldı. Tahirin nəzərindən qızın bu ani hərəkəti də yayınmadı. Lətifənin uzun kirpikləri arasından baxan iri gözləri, onun çox xoşuna gəldi. Əgər Tahir köhnə aşıqlar kimi gözəllərə söz qoşsaydı, Lətifənin xurmayı gözlərini bir cüt piyaləyə, uzun, gur hörüklərini isə kəməndə bənzədərdi.
– Komsomol işini gətirmisən?
Dadaşlı Tahirin qıza dikilmiş nəzərindən qısqanmış kimi səsini bir az da sərtləşdirdi.
Lətifə, Tahirdən cavab almamış deyilən bu sözlərə, elə bil, təəccüb edərək, diqqətlə Dadaşlıya nəzər saldı.
– Birdən heç bizim mədəndə qalası olmasa da? – deyə soruşdu.
Qızın ötkün səsində xəfif bir titrəyiş vardı. Lakin Tahir bunu duya bilmədi: fikri yalnız Lətifənin boyasız dodaqlarında idi.
– Niyə qalmır? – deyə Cəmil sözə qarışdı. – Bir azdan trestə gedirik. Bəs demirlər kadr lazımdır?
Tahir də sözə qarışdı:
– Axı, mən komsomol işimi hələ gətirməmişəm.
Lətifə ilə Tahirin gözləri bir-birinə sataşdı:
– Elə isə bu gün yaz, tələb elə!..
Tahir Dadaşlıya baxmadı: “Sən deməsən də bunu mən bilirəm” – deyə düşündü və Lətifənin yenə aşağı dikilən gözlərinə baxmaqda davam etdi: “Görəsən bu qız həmişə buralara gəlib-gedəcək?” – deyə öz-özündən xəbər aldı.
– Ay uşaqlar, bu axşam mədəniyyət sarayında “Arşın mal alan” filmi göstərilir. Hamınıza bilet almaq istəyirik. Kim gedir, desin yazım... – Lətifənin utancaq baxışları xeyli müddət otaqdakı cavan fəhlələrin üzündə gəzdi və o, Tahirin geniş açılmış gözlərini bir də görəndə kirpiklərini aşağı saldı, öz-özündən soruşdu: “Bu niyə belə baxır?”.
– Məni yaz.
– Məni də yaz.
– Məni də...
Yalnız Tahirdən səs çıxmadı. Lətifə ona üz tutdu:
– Bəs siz?
– Mən də. Bir dəfə görmüşəm. yenə görmək istəyirəm.
Lətifə hamını siyahıya yazdı:
– Sizin adınız nədir? – Tahirdən soruşdu.
– Tahir
– Tahir?
Qızın sualındakı təəccüb nidası Tahirin də təəccübünə səbəb oldu:
– Pis addır.?
– Niyə pis olur.? Birisi gün də “Tahir və Zöhrə” filmi olacaq.
– Hə, bax, onu görməmişəm. Amma dastanı əzbərdən bilirəm.
– Elə dastan var? – deyə Lətifə balaca bir uşaq marağı ilə xəbər aldı.
– Var. Özü də lap çoxdanın dastanıdır. Mənim rəhmətlik babam danışardı. Azərbaycanda hansı aşıqdan soruşsan əzbər deyər.
Cəmil bu söhbətə qəribə bir ürək çırpıntısı ilə qulaq asır, Səməndər isə altdan-altdan qımışıb dinmir, gec gəlib tez öyrənən Tahirin qələbəsindən Cəmilin nə hala düşdüyünə diqqət yetirdi: “Aşnam bir yerdə dincələ bilmir, bax, bax, gör nə fısıldayır!..”
Bu anda Dadaşlı ayağa qalxdı:
– Doğrusu, bərk yorulmuşuq. Gecə növbəsindən indicə qayıdırıq.
– Yaman gerisiniz, öz aramızdır... – deyə Səməndər arada komosomol təşkilatçısının işlədiyi mədəni pislədi.
– Mənim briqadam planı dörd yüz faiz doldurur.
– Bir gülnən bahar açılmaz...
– Görək də. Cücəni payızda sayarlar... Gedək Lətifə, o biri yoldaşlara da xəbər verək.
Onlar qapıya yanaşanda Tahir bir də diqqətlə Lətifəyə baxdı: “Yaxşıca qızdır” deyə sürətlə xəyalından keçirtdi.
– Gedək, Tahir, – deyə Cəmil də ayağa qalxıb dostunun qoluna girdi.
“Yaxşıca qızdır” deyə bir də düşünən Tahir, Lətifənin xəyalından ayrılmadan, elə bil, qeyri-ixtiyari Cəmilin dalınca eşiyə çıxdı.
– İndi İsmayılzadə yerində olarmı?
Tahirin sualına dəhlizlə gedən Dadaşlı cavab verdi.
– Bu saat maşınla buruqdan qayıdırdı...
5
Cəmillə Tahir trest idarəsinə gələndə, müdirin qəbul otağında, stol arxasında oturub kitab oxuyan rus qızından başqa heç kimi tapa bilmədilər. Sarı saçlarını başının ortasında yumurlamış, mavi iri gözlərilə mehriban bir tərzdə baxan, nazik əndamlı bu qız, trest müdirinin katibəsi idi. O, Cəmilin sualına cavab olaraq bildirdi ki, “Qüdrət yoldaş bir az bundan əvvəl gəlmişdi, ancaq işi olduğu üçün yenə maşına minib hara isə getdi. İstəyirsiniz gözləyin. İndi saat on birdir. Özü dedi ki, harada olsam, iki saatdan sonra mütləq qayıdacağam”. – O, Cəmillə Tahirin, nə isə, ciddi bir məsələ üçün gəldiklərini yəqin edib, stol üstündəki bloknotunu götürdü. – Siz telefonunuzu verin, gələn kimi sizə xəbər verərəm.
Lakin Cəmil qızın bu ehtiramına qarşı təşəkkür elədi:
– Çox sağ olun, niyə sizə zəhmət verək? Özümüz bir də gələrik.
Tahir yeddiillik məktəbdə rus dilini o qədər də yaxşı öyrənmədiyindən, bu qızın tez-tez dediyi sözləri aydın başa düşə bilmədi. Amma, doğrusu, katibənin yumru sifəti, danışanda inci kimi parıldayan xırdaca ağ dişləri Tahirin çox xoşuna gəldi. Cəmil dostunun qolundan tutaraq:
– Gedək, – dedi, – trest müdiri qaydanacan da biz şəhəri gəzib dolanarıq.
Onlar ikinci mərtəbədən enib, ortasında gül-çiçək, göy-göyərti əkilmiş və dövrəsi məhəccərlənmiş asfaltlı həyətə düşəndə, isti sentyabr günəşi hələ dəniz üzərindəki saf, mavi səmada üzürdü. Hava sakit və bürkülü idi. Yalnız arabir dənizdən əsən xəfif meh bu bürkünü dağıdır, həmişə sərin dağ havasına öyrənmiş Tahirin tərli alnını sərinlədirdi. O, fikirli-fikirli Cəmilin üzünə baxır, “işdir, birdən qəbul eləməsələr, kənddə biabır olacağam” demək istəyir, ancaq könlündə dolanan bu şübhəni tez də özündən rədd etməyə çalışır, Cəmilin yanında qürurunu pozmurdu.
Trest idarəsinin yanından uzanıb gedən asfalt yol sola tərəf əyilərək, yoxuşa qalxır və dostlar irəlilədikcə, Bakının sahilə bitişən tərəfi aydın görünməyə başlayırdı.
Tahir gözlərini dolandırıb uzaqdan-uzağa sahilə baxanda, tünd mavi tüstü buraxaraq limandan uzaqlaşan böyük bir gəmi gördü.
– Cəmil, – dedi, heç paroxoda minmisən?
– Yox, minməmişəm. Ancaq keçən il bizim ustanı yola salanda gördüm. Bilirsən, gəmiyə minib nə ləzzətli səyahət eləmək olar? Davadan qabaq hər gün buradan Volqa səyahətinə yüzlərcə adam gedirmiş. O gəmilərdə can dərmanı da desən varmış. Kino, musiqi, tans. Yemək, içmək də öz qaydasında. Dava başlanandan sonra gəmilərin hamısı hərbi sursat daşıyırdı. Qoy bir az işlər öz yoluna düşsün, yenə də səyahət üçün gəmilər işləyəcək. Mənim gəzməyə yaman həvəsim var. Dünyanın yarısını görürsən...
– Yaxşı, bəs ustanı hara yola salırdın ki? – deyə Tahir ayaq saxlayıb soruşdu.
– Onu Aşqabada çağırmışdılar ki, Türkmənistan neftçilərinə təzə qazıma üsulunu öyrətsin. Bakıdan çox adam gedirdi. Axı bizim ustalar o birilərindən çox bilir! Nöyüt Allahı bizik. Usta Ramazandan türkmənlər çox razı qalıblar. Qəzetlərdə hər gün şəklini çap eləyirlərmiş. Qocalığına nə baxırsan? Çoxlarının arxasını yerə qoyub...
Cavan dostlar bir müddət kiriyib, sahil boyunu süzməyə başladılar. Dəniz sakit və ləpəsiz görünürdü. Günəş sularda üzür, cavanların gözünü qamaşdırırdı.
– Bax, dünən axşam Qaraşəhəri, Bayılı soruşurdun, – deyə Cəmil yoxuşun qurtaracağında dayandı və yarımdairə halında dənizin boynuna dolanan şəhərə geniş bir nəzər saldı. O, həmin yarımdairənin o biri başına yaxın, uzun bacalarından qatı tüstü buraxaraq, açıq mavi səmanı dumana qərq edən zavodları göstərdi. – Qaraşəhər odur! – dedi.
– Zavodlar istirahət günlərində də işi dayandırmır.
– Tahir maraqlandı:
– Niyə ki?
– Necə niyə? Əgər dayandırsa, onda mədənlərdən çıxan nefti təmizləyib çatdıra bilməz. Bu saat hər dəqiqəyə söz var. Camaat elə fikirləşirdi ki, dava qurtardı, daha başının altına yastıq qoyub yata bilərsən. Amma, bizim usta demişkən, əsil kişi bu dünyada yox, o dünyada yatar.
Tahir dinməz-söylənməz dinləyir, gün işığında dünənkindən qat-qat əzəmətli görünən şəhər üzərində təəccüb və heyrətdən böyümüş gözlərini dolandırır, udqunurdu.
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.
İmtahan günləri başlanır...Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telləri qırmağa heç bir qərarın gücü çatmazdı...Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köçdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...
AyrılıqXəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...
Çölün düzündəNağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.
Başqa şairlərin şeirləri
İtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
ƏnvəriyyəMüsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,Dağıtdın xavəri-islamdən küffar kabusun.
Ağ Aşıq Allahverdinin bacısı Ümmülbanu ilə deyişməsiÜMMÜLBANU:Can-ciyərim, getmə, aman günüdür,