Onuncu şəkil
Səhifə 2 / 2 · 50%
Qazı Məhəmməd
Vəsiyyətini ömrüm boyu unutmaram, ata.
Müridlər Tamarini gətirirlər.
Şamil
Paruçik, generalınız razılıq verdi. Mən səni əsirlərə dəyişirəm...
Tamarin
Mən getmirəm, imam.
Şamil
Nə üçün?..
Tamarin
Şərəfsiz ölməmək üçün...
Dmitri
Sağ olun, cənab paruçik. Mən həmişə sizdən bu cavabı gözləyirdim.
Tamarin (Kəriməti göstərərək)
Bu igid qız məni yuxudan oyatdı. O, mənim yolumu aydınlatdı. O dedi ki: “Daldan yaralanan oğlanları, analar oğulluqdan çıxardırlar”. Siz məni generalın ixtiyarına göndərirsiniz. Orada məni arxadan vuracaqlar. Ancaq, mən bunu istəmirəm, imam! Din ayrılığı, millət ayrılığı bizim dostluğumuza mane ola bilməz. Mənə də qılınc verin!..
Dmitri qılınc gətirib Tamarinə verir.
Bu dağlar səni də oğulluğa qəbul edir... Rus bölüyü! Tamarinin komandasını dinləyin.
Atay (dağlı ilə bərabər gəlir)
Yaranal şərtimizə razı olmadı, imam... Qoşunu yeriyib üstümüzə gəlir...
Şamil
Aydındır... Ümidimizi yalnız qılınclarımıza bağlayıb, onları qabaqlarıq...
Tamarin (hündür bir yerə qalxaraq)
Dağıstanın azad qartalları!.. İndi də məni dinləyin...
Hamının gözü Tamarinə zillənir. Ölüm, özü də şərəfli ölüm, bizim hamımızı doğma qardaş kimi birləşdirdi... Burada iki dünya üz-üzə durmuşdur... Bu dünyanın birində uzun, lakin işgəncəli həyat, o birində isə hələlik qan və ölüm vardır... Mən ikinci yolu qəbul edirəm...
Səslər
Biz də, biz də...
Baraban səsləri yaxınlaşır.
Şamil
Aha, gəlirlər. (Qılıncını sıyıraraq) İndi tabe olmaq istəyənlər, gedib çarın təpiyi altında səadət axtarsınlar...
Pauza
Mən tabe olmayacağam... Mən bu dəmir hasarı uçurmağa gedirəm... Mənimlə gedənlər gəlsin!..
Bu anda qoşunun qabağı görünür, qolları zəncirli Hacı Murad başını məğrur tutaraq gəlir, onlar dayanırlar.
General
Son dəfə təklif edirəm: Təslim olun!..
Şamil (Hacı Muradı görərək)
Bu nədir?.. Hacı Murad?
Hacı Murad
Şamil, qorxma, vur! Ölüm hər yerdə mənim üçün birdir!..
General
Onu susdurun!..
Hacı Murad
Yaranal, unutma ki, mən Hacı Muradam...
General
Soldatlar! İndi sizin qarşınızda yalnız dağlılar deyil, vətən xaini Tamarinlə Dmitri də durmuşdur...Onları diri-diri tutarsınız!.. Qoy bu mürtədlər Senat meydanındakı dar ağacını öz gözlərilə görsünlər!..
Şamil (yanındakı çalğıçılara)
Çalın!.. (Müridlərə) Oynayın!..
Dağlılar ləzgi havasına uyaraq oynayırlar və birdən qoşun üzərinə şığıyırlar. Əlbəyaxa döyüş başlanır. Əli-qolu açılmış Hacı Murad vuruşma meydanına atılır, soldatlar vuruşurlar. Şamil nərə çəkib böyük bir dəstəni yarır... Birdən Dmitri ilə general qarşılaşır.
General
Təslim ol, mənim önümdə yalnız sən deyil, bütün Qafqaz dağlıları baş əyir!..
Dmitri
Mən təslim olmaq üçün qılınca sarılmadım...
Vuruşurlar.
General
Mən səni atan Qriqori kimi dar ağacında görmək istəyirəm!..
Dmitri
Sən onu görməyəcəksən, general... Ürəyimdə yanan intiqam alovu səni yandırıb külə döndərəcəkdir!..
Vuruşurlar, Dmitri generalı vurub, yerə sərir.
İvan (Dmitrini görərək)
Mitya!.. Ax, yaramaz. Sən generalı öldürdün?..
Dmitri
Vanya, səni xoş gördük! Marusyadan nə xəbər? Dünən onu yuxumda görmüşəm...
Bu anda Şamil bərk yaralanmış Tamarini qolları üstündə gətirib yerə uzadır, Dmitri ilə İvan onları görüb təəccüblə baxırlar. Yavaşca addımlarla onlara yaxınlaşırlar.
Tamarin (gözlərini açaraq)
İmam, imam... mən ölürəm...
Şamil
Yox, əzizim... Biz ki, yenicə dost olmuşuq... Bax, düşmən basılıb geri çəkilir. Sən ölməyəcəksən... Sən hələ uzun illər yaşayıb, dağların faciəsini yazacaq və gələcək nəsillərə əbədi bir yadigar qoyacaqsan...
Tamarin
Yox, imam. Namərdlər arxadan vurdular. Mən artıq ölürəm... Çoxdan aradığım ölümü indi tapdım... (gözlərini yumur, huşa gedir)
Kərimət (Şamilə yaxınlaşdığı zaman Tamarini görüb dayanır, onun gözləri yaşarır, çiyinləri qalxıb-düşür)
Ulu Tanrım, sən onu sevgilisindən ayırma... Onun da gözləri yoldadır.
Tamarin (gözlərini açaraq)
Əlvida, dağlar... Əlvida... vətən...
Nə arar o qərib uzaq diyarda,
Neçin ayrılmışdır öz vətənindən?..
Kəriməti görərək.
Ağlama, dağlar pərisi, siz qalib gələcəksiniz!..
Bu anda yaralanmış Hacı Murad qılınca söykənə-söykənə Şamilə yanaşır.
Tamarin
Bu xalq məğlub olmayacaqdır, imam... Siz qalib gələcəksiniz...
Şamil
Biz iyirmi ildir vuruşuruq... Bəs nə zaman qalib gələcəyik, dostum?
Tamarin
Nə zamanmı!.. Qəhrəman rus soldatı bu dağlara ölüm yox, böyük xalqın böyük məhəbbətini gətirəndə. (Ölür)
Şamil
Eşitdinmi, o nə dedi, Hacı Murad?
Hacı Murad
Böyük xalqın böyük məhəbbətini gətirəndə.
Şamil
Düz dedi, Hacı Murad... Bu məhəbbət bizə qismət olmadısa, övladlarımıza qismət olacaq...
Yavaş-yavaş, əli silahlı müridlər və dağlılar Şamilin ətrafına toplaşırlar, Şamillə Hacı Murad Tamarinin cənazəsi önündə diz çökür. Onları halqa içərisinə alan xalq getdikcə artır.
Pərdə
21 aprel 1941
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-seyx-samil-onuncu-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.
QuzuŞəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.
Kor atKənd toyu qurtarırdı.Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.
KonsertI**Balaca otaqda iki yoldaş oturmuşdu. Səbri piano çalırdı, Ədhəm isə papiros çəkə-çəkə onu dinləyirdi.
Başqa şairlərin şeirləri
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Rübaiمیان زلف کج ماوا گزین استرخت گویا قمر عقرب نشین است
Gəl, ey vəhdət qəzalı, Sən bu səradən nə istərsən?Gəl, ey vəhdət qəzalı, sən bu səhradən nə istərsən?!Xəyalın həmnişin oldu bu tənhadən nə istərsən?