Ağlayır yol üstə dilsiz qayalar,Damlaların yeri göz kimi çuxur.Çoxdanmı ağlayır, çoxmu ağlayarBiləni olmayıb, biləni yoxdur.

Yağan yağışları, selləri udur,Qayalar ağlayır, ağlayır yenə.Fikrimi daş kimi dağlar uçurdurÖtən əsrlərin dərələrinə.

Hardasa daş qopub yad ayağından, –İgidlər atlanıb dağlar aşıbdır.Kimisi qələbə kef-damağında,Kimisi ölümlə yaxalaşıbdır.

Bir xəbər diləyib çəndən-çisəkdən,Analar qovrulub yol qırağında.Ağlaya-ağlaya yol gözləməkdənAnalar daş olub yol qırağında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət