Tofiq Mahmuda

Min illərdir hikkə qırır hikkəsi onun,Zərbələri ilk alandır, ilk qaytarandır.Ara-sıra pul-pul qopan tikəsi onunGün dəyəndə qum üstündə köz kimi yanır.

Duruşunun dayağıdır qəzəbi, kini,Kürəkləri kələ-kötür, döşü yonulu.Qoşunundan ayrı düşən sərkərdə kimiNə irəli yolu vardır, nə geri yolu.

Min illərdir o, lal-dinməz, dalğalar harın,Min illərdir bu təmkinlə döyüşür qaya.Hərdən susub, ətəyindən öpən sularınYalmanına dirsək qoyub, töyşüyür qaya.

Hansı aşdı, hansı daşdı hansı lərzədən,Ünvanını itirmişik nə qədər adın.Yaddaşımı oyatmadım, yeri gəlsə dəQayadöşlü oğulları xatırlamadım...

Yenə qaya görkəmində: qaya şax durur,Çətin onu dəniz yıxa, tufan laxlada.O, sahili quduzlaşan sudan qoruyur,Onu sahil küləkləri didir arxadan...

Pitsunda, 15 sentyabr 1981

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri