14 oktyabr – qırx doqquz yaşım...Görüşdük onunla xəstəxanada.Əyləşib dərmanım, dərdim yanaşı,Təklikdən qorxanda təklənir adam.

İl qaldı bir əsri yarı bölməyə,Bəs sonra? –Sonranın sonu görünməz.İşığın qəfildən dönər kölgəyə,Od elə donar ki, donu görünməz.

Çaylara qol olan çağlarım hanı,Gəzəm, görməyim yox, baxmağım qalıb.Üfüqlər dalında qovum, qovdanım,Üfüqlər qaşında çaxmağım qalıb.

Hər səsi eşitmir əsrin qulağı,Özümə yağışam, özümə çətir.Fikrimin çəkisi çəkimdən ağır,Dartmaq da çətindi,Atmaq da çətin...

Yolumu gözləyir bir donqar yoxuş,Arxada uçrum var, qarşıda qala,Dur, daha qələm də, söz də yorulmuş,Dur, azca qurdalan, azca xırdalan!..

Baxıram bu aləm öz aləmində,Mən açan çiçəyəm,Solan yarpağam.Nə vaxtsa, dünyanın duru dəmindəYenidən dünyaya qayıdacağam.

Hardasa, nə vaxtsa tökülən dolur,Qum üstə arzular göyərir onda.Bir ömrü axırdan əvvələ doğruYaşayan olacaq mən olmayanda.

Ömrün öz tufanı ömrümü didir,Yox ayrı dərmanım dözümdən özgə.Qırx doqquz yaşıma əlvida dedim,Bir kimsə bilmədi özümdən özgə.

14 oktyabr 1982Fevral, 1983

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri