Sən məni sevsəydin nolardı görən?Görən olardımı bir dərdim onda?Yoruldum demədən qolum üstə sənDünyanı piyada gəzərdim onda.

Toxalar, azalar bu sevgimizdənDünyanın məhəbbət acları bəlkə.Təzə haşiyələr alardı bizdənDünyanın məhəbbət tacları bəlkə.

Bizim başımıza hey ələnərdiAlqışlar, təbriklər, dualar – bizim.Bizim bəxtimizə səpələnərdiƏn duru, ən təmiz şüalar – bizim.

Ləpələr göz alıb baxar dənizdən,Sular mehrimizə həsəd çəkərdi.Ulduzlar bircə yol pəncərəmizdənİçəri baxmağa həsrət çəkərdi.

Dedim ki, göyərər bir Leyli pöhrə,Məcnun bir səhərin gözündə gələr.Saçını tor elər sahildə Zöhrə,Tahir ləpələrin üzündə gələr.

Sən məni sevsəydin... sevsəydin əgər...Kim olub bəxtiyar quru ad ilə.Həyatda «ürəkləş», «sevləş» demirlər,Ayaqlaş deyirlər bu həyat ilə.

Dekabr, 1968

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri