I

Ov ovçudu, ovçu ov
Qova bildiyincə, qov.
Sürəkçilər sürəkli
Hər yandan qova qova
Qovub yön verər ova..

Yetişdimi vaxt-vədə
Hayandan gəlir bu səs?
Yüz yol eşidilsə də
Bir yol gözə görünməz...
Ümid-açılan baca,
Ovun da ayağı var.
Ölümdən qaça-qaça
Ölümə qaçmağı var...

Ya bir dağ bərəsində
Yada ki bir gədikdə
Ovçu, əli tətikdə...

II

Xeyir-şər, gecə-gündüz
Yaşayırlar üzbəüz...
Bu cütlər arasında
İnsan tək oğlu təkdi.
Bu ömür sürməkdimi,
Sürəkdi bu, sürəkdi...
Yarpağınkı küləkdi
Qayığınkı kürəkdi
İnsanın ki, ürəkdi,
Nağıl dili yüyrəkdi...

Alnındakı qırışlar
Möhlətini qarışlar..

Ya bir yol ayrıcında,
Ya da mənzil başında
Tale adlı gədikdə
Ölüm, eli tətikdə...

III

Hamı keçir bu yolu
Bunun sonu yoxmu bəs?
Ovun gözü dörd olub,
Ovçu gözə görünməz...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri