Əvvəli yelinə uçar bir adın,Çatdımı? İrəli qalar geridə.Sevdiyi adamı sonunda qadınGedər itirməyə tapdığı yerdə...

Kimsə yox, özünə şahiddir özü,Duysa bir özgəsi: ucuz qalmaqal.Qalar yenildiyi yataqda gözü,Gedər özgəsini tora salmağa.

İçində beş gündə çıxar beş ərdən,Çölündə nəyi var silib saf eylər.Yanılıb gəzdiyi adama hərdənSevdiyi adamdan etiraf eylər.

Hərdən inadının düşər bəhsinəKönlü istəyəni dili qaytarar.Salar saldığını eşq dərəsinəDiri aldığını “ölü” qaytarar.

Eşqi topuğuna vurana yaxınAğzını tutmasan bağırmaq istər.Axşamın suçunu gələn sabahınGözündə təmizə çıxarmaq istər...

Orda nə sən varsan, nə tale yazan,Sonrası solaxay xəyanətindi.Əlində olanı itirmək asan,Qayıdıb yenidən tapmaq çətindi..

Yaşını gizləyir, adını demir,Hələ uzaqları yaxında bilər.Bəlkə azadlığın dadını demir,Maqnit sahəsindən çıxanda bilər...

Nə unudulmaq var, nə yada düşmək,Nə dinmək asandı, nə susmaq çətin.Çətindi özünlə inada düşmək,Özünlə mərc kəsib uduzmaq çətin..

Kimdən öyrənəsən yox bunun elmi,Yüz sirrə hamilə olar bir qadın.Bir də görürsən ki ya heç nə bilmir,Ya da bildiyindən çox bilir qadın...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq