Səhərin nəğməsi
Boşluqların içində arabir gecə yarı,Həzin-həzin ötərək, gedən durna qatarı,İlk şəfəqin üfüqdən yer üzünə düşməsi,Budaqlarda quşların oyanıb ötüşməsi,Kainatı dindirən səhərin nəğməsidir.
Bülbülə gəl-gəl deyən çəmənlərin, bağların,Su üstündə baş-başa çatışan budaqların,Təzə aşiqlər kimi gözəl pıçıldaşması,Ağ suların daşların üzərindən aşması,Qəlbə salam göndərən səhərin nəğməsidir.
Dağ kimi buludların aldığı sevimli rəng,Ceyran qaçışmasından yaranan incə ahəng,Anasından gen düşən bir quzunun naləsi,Camalından duvağı atan gülün jaləsi,Açan lalə, nəstərən səhərin nəğməsidir.
Dan yerinin anbaan ağarıb, sökülməsi,Kəlağaylı qızların dağ döşündə gülməsi,Mənim də can bağımdan dərilmiş hər novbarım,Eşqilə insanların çırpınıb yazdıqlarımAğ gündən xəbər verən səhərin nəğməsidir.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-seherin-negmesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir