Atlar dayandı
Səhifə 2 / 2 · 50%
Və siz hamınız eşitmisiniz ki, mənim atlarımın xamut-şileyi həmişə Nijni şəhərindən xüsusi sifarişlə gələr. Və dünyada mənim zövqü səfam oradadır ki, qoşa qəmər atlarımı qoşam şarabanıma, çıxam təkcə oturam və qnutu alam əlimə, atlarımın oynaqlaşmağına, gah mənim işarəmlə yeyinlətməklərinə, gah mənim işarəmlə yavaş getməklərinə, lazım olanda çapmaqlarına və öz vaxtında durmaqlarına həzz aparam. Bu məşğələnin mənim uçün böyük ləzzəti var.
Bəli, ağama ərz olsun ki, haman il ki, o vədədən mən Xansaray şəhərinə getməyi tərgitmişəm, haman ilin yaz fəslinin əvaxirində elə yadımdadır ki, may ayının axırı idi. Həmişəki kimi genə başladıq ev-eşiyi yerbəyer etməyə və Xansaraya köçməyə hazırlaşmağa. Bəradərim Cəmillə məsləhəti bu yerə qoyduq ki, qabaqca o getsin, Xansarayındakı evimizi yığışdırsın, hazır eləsin və sonra mən də uşaqları qoyum öz faytonumuza, aparım; həmi ziyarət, həmi ticarət, həmi Qaraqırt vətənimizin yay zamanı həmişəki isti və mozalanından da üç aylığa özümü və uşaqları xilas edim, həm də mənim üçün bir bəhanə olsun ki, qoşa qəmər atlarımın "vojlarını" alım əlimə və buradan Xansaraya kimi dörd saat yolu sevgili və gözəl heyvanlarımla müsahib olum. Gah vojları azcana tərpədim, onlar qulaqlarını şişləyib qaçmaq istəsinlər, gah "şşşşş" deyim, onlar dursunlar. Gah vojları bir az çəkim, heyvanlar dayansınlar və dayananda da gözlərinin yanı ilə mənə baxsınlar və müntəzir olsunlar ki, nə vaxt genə onları sürəcəyəm. Gah yavaşca "muç" eləyim, genə götürülsünlər və sol voju çəkəndə sola çönsünlər ki, sağdan gələn arabaya yol verim və gah da sağ voju çəkim, sağ tərəfə çəkilsinlər ki, uzaqdan gələn avtomobili sol tərəfə ötürüm.
Xülasə, bir gün oldu ki, bacım Tutunu, onun səkkiz yaşındakı oğlunu da qoydum faytona, kuçerimiz Əsədi mindirdim kozluya və özüm də mindim. Qaraqırtdan günortadan iki saat sonra çıxdıq və şenlikdən bir qədər uzaqlaşandan sonra mən özüm də qalxdım mindim Əsədin yanına və qnutu onun əlindən alıb, başladım yol uzunu atlarla mazaxlaşmağa. Və o qədər mənim üçün həmin müsafirət xoş gəldi ki, öz könlümdə ərəblərə yazığım gəldi ki, binəvaların yol getmək şəraiti gör nə dərəcədə ağır imiş və bəlkə indi də ağırdı ki, bir vaxt onlar deyirmişlər: "Əssəfəri hissətün minəssəqər [2]".
[2] Səfər cəhənnəmin bir hissəsidir.
Gün daha məğrib tərəfə xeyli alçaqlanmışdı ki, başladıq Xansarayının dolaylarına başyuxarı qalxmağa və köhnə qəbristana çatıb, axırıncı döngəni dönən kimi Xansaray şəhərinin gözəl görünüşü qabağımıza açıldı və dolayı yolların sağ və sol tərəfləri qarışqa kimi camaatla dolu görsənirdi. Gördüm ki, camaat axşam vaxtı seyrəngaha çıxıb, yol ilə başı yuxarı qalxanlara tamaşa edirlər.
Bilmirəm niyə ürəyim qırtıldadı.
Mən qəzavü-qədərə o qədər də inanan deyiləm və gələcəkdən də xəbər verənləri yalançı adam hesab edirəm. Bəxtə, taleə" "səbrə", xoş saata və bunun kimi xariqüladə söhbətlərə həmişə şəkk eləmişəm. Amma bilmirəm ki, niyə mən burada Xansarayı şəhərini və oraya cəm olan əhalini uzaqdan görəndə ürəyim qırtıldadı?
Bunu lazımdır demək ki, mən,--necə ki, ərz elədim,--bir tərəfdən xansaraylıyam və hərçənd də orada anadan olmuşam (atam da və anam da ölməyibdir), ancaq ömrümün çoxu orada keçibdir. Və çün Xansaray camaatına mən indi həkimliyimdə həmişə ixlasla qulluq da eləmişəm, onunçun da onlar da mənə həmişə ehtiram göstəriblər və amma bununla bərabər, bilmirəm, niyə dolayıdan dönəndə ürəyim qırtıldadı.
Bəli, ağama ərz olsun ki, aşağı dolayıları qalxdıq və şəhər bir az yavıqlaşdı və bir avtomobil daldan bizə çatıb və bizi addadı və gurultu ilə keçdi və bir dəqiqənin içində qalxdı girdi şəhərə və gözdən itdi. Amma mən burada gördüm ki, oğul-uşaq düşdü avtomobilin dalına və başladı onun dalıyca qaçmağa.
Çanaqqala çayxanasının qabağında Quçur Əsəd vojları əlimdən aldı və mən yendim faytonun içinə. Amma mən genə də Əsədə dedim ki, deyəsən atlar bir az yorulublar: çünki sol tərəfdə qoşduğumuz at bir az xam idi və yorğun nəzərə gəlirdi.
Əsəd burada istədi faytonu yeyinlətsin və sol ata bir qnut da vurdu. Qnut ata dəyən kimi birdən heyvanlar başladılar dördayaq çapmağa. Bu əhval mənim xoşuma gəlmədi: o səbəbə ki, yolun sağ və sol tərəfinə düzülən Xansaray camaatı məni tanıyırlar və elə güman edə bilərdilər ki, həkim Qəbzibəy təşəxxüs satır və özünü və fayton və atlarını xalqa göstərmək istəyir. Bu heyndə də küçə uşaqları "Ura" çəkib, bizim faytonumuzun dalına düşdülər. Və mən bildim ki, bunlar istəyirlər faytonun dalına minələr. Hətta bir neçəsi də sağdan və soldan yanaşıb istədilər ayaq yerinə qalxalar, hələ bir-ikisi qalxdı da. Amma hər bir bədbəxtlik ki, yer üzündə baş verə bilər, onların ən böyüyü mənim üçün o oldu ki, bədbəxt qəmər atların beləcə şirin-şirin çapdığı yerdə xırp dayandılar.
Bu, əlbəttə elə bir əhəmiyyətli iş deyil ki, bundan ya böyük bədbəxtlik, ya böyük xoşbəxtlik üz verə bilə: atdır, dayanar da, sonra genə gedər də. Amma atlarımın həmin dayanmağı ona səbəb oldu ki, bu dörd ilin müddətində mən daha vətənim hesab olunan Xansaray yaylağına keçməyə həsrət qaldım və indi bu saat genə o əqidədəyəm ki, daha yer üzündə mənim üçün Xansaray şəhəri yoxdur.
Ağama ərz olsun ki, atlar dayanan kimi sağdan və soldan camaat bir hay-küy başladı ki, mən lapca məəttəl qaldım. Biri üşkürək atır, biri qah-qah çəkə-çəkə atları lağ eləyir. Hər bir şeydən yamanı bu idi ki, buradakı adamların hamısı axı məni tanıyır! Hələ uzaqdan bunu da eşidirdim ki, saqqallı kişilərin bir para insaflıları uşaqları başladılar haylayıb məzəmmət eləməyə ki, bu bizim həkimimiz Qəbzibəydir, eyibdir bu cənaba bu növ tərk-ədəblik eləmək.
Mən lap pis günə qaldım. Bilmədim kimə acığım tutsun və kimin üstünə hirslənim. Əgər heyvanları günahkar tutum--bunlar nə eləsinlər? Bunların adı elə o səbəbə heyvandır ki, mən kimi onlara məhəbbət göstərən bir xozeyini bu hala salırlar. Əgər uşaqlara hirslənim, uşağın da vəzifəsi elə budur ki, yola çıxıb, ötüb keçənə tamaşa eləsinlər və faytonların dalınca qaçıb dayanan atlara lağ eləsinlər. O ki, saqqallı kişilərdir, daha burada mən nə deyim və nə danışım? O hala ki, mən düşmüşəm, əgər burada bir fotoqraf olub bu halın əksini götürəydi, mənim burada xəcil və məzlum halətdə başaşağı xəcalətdən qan-tər içində olduğumu çəkəydi, Əsədin qnutla yorulduqca atların baş-gözünə çırpmağını çəkəydi, uşaqların bizim üstümüzə hay-küyünü çəkəydi və bunlardan sonra bizim üstümüzə saqqallı kişilərin və hətta çarşaflı arvadların gülüşməsini kağıza götürəydi, o vədə bizim vəhşi vətənimizin belə bir fotoqrafı rəvayətinə ölkəşünaslar artıq qiymət verərdilər.
İndi məni orada tanıyanların uşaqlara "ədə, haramzadalar, bu bizim həkimdir" deməklərini yadıma salanda bu saat bu məclisdə də az qalıram utanıb yerə girəm.
Bir on beş dəqiqə orada avara və sərkərdan dayanandan sonra Əsəd yapışıb atların cilovundan çəkə-çəkə ehmalca aparıb. Sonra mən və uşaqlar piyadaca faytonun dalıyca getmişik haman camaatın içinə!
Burası yamandır ey!…
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-atlar-dayandi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Xah, beca, xah bica, xah imruz, xah fərda hər nöqteyi-Asiya ki, əmniyyəti-mali və cani nist, məhali-əql əst ki, beydəqi-Frəngistan bər on nöqtə nəsb nəşəvəd”.Mirzə Məlküm xan – “Üsuli-təməddün”.
Əmali-mahi-rəməzan1900-cü ilin rəməzan ayının üçüncü günü Gəncədə axşama iki saat qalmış getdim məscidə. Axund Molla İsmayıl Həsənzadə minbərin üstündə oturub belə moizə buyururdu:“Dər bəyani-əmali-mahi-mübarək. Bəli, hər ge dər şəbi-seyyümi-mahi-rəməzan qüsl künəd dər nəhri-cari və səy kəf ab bər sər berizəd, ta mahi-rəməzane ayənde flan və flan…”.
Paklar“Məkkeyi-mükərrəmdə, Səfa ilə Mərvə arasında, Mədineyimünəvvərədə küçələrdə iki nəfər hacı gördükləri ədəmi-nazafəti elə bir lisani-təəssürlə anlatıyorlardı ki, ciddən dilxun olmamaq qabil deyildi”.Bu sözlər yazılıb İstambulda çıxan “Tənin” qəzetinin 559-cu nömrəsində və mənası budur ki, iki nəfər hacı, Məkkədə və Mədinədə gördükləri çirki və zibili eli bir dil ilə nağıl edirlər ki, müsəlmanın qəlbi qan ilə dolur.
Nadirül-vücudBu yavıqlarda bizim sahibmənsəblərdən birinin ölüm xəbərini qəzetlərdə oxuduq. Məlum şeydir ki, cəmi yaranmışlar öləcəklər; torpaqdan xəlq olunanlar yenə axırda torpağa qayıdacaqlar.İnna lillahi və inna ileyhi raciun.
Başqa şairlərin şeirləri
O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
Dauqavaİncə bir çiçəyim vardı, Dauqava,Bir gözəl-göyçəyim vardı, Dauqava,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.