Bakı dəryası
Nə gözəlsən, ey Bakı dəryası! Və necə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdu! Nə dərya kimi dəryasan, Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!
Nə gözəlsən, ey Bakı dəryası!
Nə qəşəngsən, ey Bakı dəryası! Heç bir vaxt olmayıb ki, sən yadıma düşəsən və mənim ürəyim qana dönməyə! Həmişə səni yadıma salanda, ürəyim tab eləmir, hövsələm daralır, övqatım təlx olur və dəli-divanə kimi düşürəm yola və Tiflisdən bir baş gəlirəm sənin tamaşana.
Nə səfalısan, ey Bakı dəryası! Ey bivəfa Bakı dəryası, mən gəlirəm sənin ziyarətinə, amma mən bircə tikə səndə etina görmürəm: lodkaların bir yana üzür, paraxodların bir yana çapır, ləpələrin bir yana çırpır, amma məndən heç xəbərin olmur! Xəbərin olmur ki, məcnun kimi gəlib durmuşam astananda və sənə tamaşa edirəm. Ey bivəfa Bakı dəryası, heç xəbərin olmur ki, gəlib durmuşam “Qubernat” bağında və İran qəribləri kimi boynumu burub mat və heyran gözümü sənə dikib zövq və şövq ilə tamaşa edirəm!
Ey Bakı dəryası, dəryaların padşahı Bakı dəryası, mən dururam “Qubernat” bağında sənə tamaşa eləyirəm. Amma məndən savayı da “Daş görpü”nün üstündə çox adam durur. Bunların çox əlli-altmış yaşında qırmızısaqqal və ağsaqqal kərbəlayı və hacılardır.
Ey dəryaların seçilmişi Bakı dəryası, mən də “Qubernat” bağından tamaşa edirəm və həmin hacı-məşədilər də “Daş körpü”dən tamaşa edirlər.
Nə gözəlsən, ey Bakı dəryası! Mən də tamaşa edirəm, həmişə məşədi və hacılar da tamaşa edirlər.
Amma tək mənəm sənə aşiq, ey Bakı dəryası, tək mən sənə tamaşa edirəm, sənə tamaşa edən tək mən oluram.
Ey gözəl Bakı dəryası, elə xəyal eləmə ki, həmin hacı və məşədilər də sənə tamaşa eləyirlər! Xeyr, xeyr, xeyr, elə xəyal eləmə. Tək bircə mənəm pərvanə kimi sənin başına dolanan!
Xeyr, xeyr, hacı və məşədilər sənə tamaşa eləmirlər. Tək bircə mənəm sənə tamaşa edən, ey səfalı Bakı dəryası.
Pəs nəyə tamaşa edirlər hacılar, kərbəlayılar və məşədilər?
Dəryanın kənarında urus balaları çimir!
Nə səfalısan, ey Bakı dəryası, nə gözəlsən ey dəryaların padşahı!...
Dəli
“Molla Nəsrəddin”, 29 iyul 1907, №28
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-baki-deryasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər dəm əz in baği bəri mirəsəd,Tazətər əz tazətəri mirəsəd.
Şəfqət bacısıOxucularımıza ərz olsun ki, bir vaxt var idi, Qaryagin qəzasının Zəngilan mahalında uşaqları çiçək qırmaqda idi. Buna görə Bakıdan oraya təcili surətdə bir ədəd doktor Vahabzadə cənabları ilə bir dənə də şəfqət bacısı göndərildi.Bu məqaləni yazmaqdan məqsəd nə əhalinin hifzüsəhhə məsələsinə qarışmaqdır, nə də çiçək azarı ilə mübarizəyə göndərilən təbiblərin rəftar və hərəkətini qurtdalamaqdır. Bunların heç birinin “Molla Nəsrəddin” aləminə dəxl-təsərrüfü yoxdur. Əgər Allah-taala Zəngilan camaatının çocuqlarını çiçək azarına müsəllət edib, bu da onun öz işidir; əgər oraya göndərilən hifzü-səhhə məmurları öz vəzifələrini layiqincə əmələ gətirməyiblərsə, – bunu da yazmaq və tənqid etmək bizə borc deyil. Və belə-belə nadinc və mərdümazar işlərə biz heç bir vaxt övqat sərf etməmişik. Bizim təklifimiz məhz şəfqət sözünün lüğəti barəsində bir müxtəsər bəyanat verməkdir.
YollarımızƏvvəla deyirsən ki, Ağdam qəzasının Seyidli kəndinə gedən yollar əldən düşmüşdür: hara baxırsan kalandır. Gəlib-gedən kəndlilər əziyyət çəkirlər. Halbuki, bunu düzəltmək çox asandır; çunki kəndin yavuqluğunda daş və qum vardır. Camaata təklif olunsa, hərə bir araba gətirib, yola tökə bilər. Elə axırda da deyirsən ki, qəza kommunal şöbəsi tədbir görməlidir.Molla Nəsrəddin: bu sözlər boş sözdür, ondan ötru ki, insan hər işdə gərək zəhmət çəksin.
MünacatEy yerin, göyün, dünya və axirətin padşahı! Axı bir de görüm hardasan?And olsun sənin canına, özünü elə saxlayırsan ki, sənin varlığına çoxları şəkk gətirmək istəyirlər.
Başqa şairlərin şeirləri · Satira
Eyləyibdir yenə, mən hiç nə bilməm, qazi,Xəlq arasında olubdur belə mülzəm qazi.
Tap görüm!.. ("Həp kiçiklər kiçik ikən böyüyür")Həp kiçiklər kiçik ikən böyüyür,O nədir ki, böyük ikən kiçilir?
Lə’nət ola!Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!
NifrətGündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.