Ey yerin, göyün, dünya və axirətin padşahı! Axı bir de görüm hardasan?

And olsun sənin canına, özünü elə saxlayırsan ki, sənin varlığına çoxları şəkk gətirmək istəyirlər.

Sən, əlbəttə, istəyirsən ki, sənə etiqad etsinlər, sənə ibadət etsinlər; amma bununla bərabər, öz varlığını heç bir şeylə büruzə vermək istəmirsən.

Doğrudur, sənin böyük məmləkətində neçə-neçə vəzirlərin və ministrlərin var ki, çamaat arasında onlara peyğəmbər deyirlər; amma, vallah, onlar özləri sənin barəndə hərəsi müxtəlif bir söz demişdir və sənin vəzirlərin ümmətinə yetirdikləri qanunlar o qədər bir-birinə ziddir ki, heç bilmirsən, hansına inanasan.

Məsələn, deyirlər sən rəhim və adil bir padşahsan; amma bir kəs tapılmayıb ki, ona bir müsibət əl verəndə, sən onun dadına yetişəsən: nə qədər çöllərdə və sahibsiz yerlərdə məzlumlara hədsiz zülmlər yetişibdir, amma heç bir kəs nişan verə bilməz ki, belə bir məzlumun fəryadını eşidib, onun dadına yetişəsən. Bunun üçün də çoxları sənin varlığına şəkk gətirmək istəyirlər.

Neçə il bundan qabaq binamaz quldurlar “Altaran” dərəsində üç nəfər mömin və bigünah seyidə rast gəlib üçünü də öldürmüşdülər. Bəs, niyə qoydun? Niyə o quldurların əlini fori qurutmadın?

Niyə o biri tərəfdən Kukəmər seyidləri gedib otrurlar yolun kənarında, hər bir binəva müsafiri soyub var-yoxunu alıb yola salırlar, hər kəs də üzə durub çox danışanda, vurub öldürürlər.

Əgər bu işləri görürsən, niyə, bəs, dinmirsən? Əgər bacarmırsan və acizsən, bəs, niyə sənə “qadir” deyirlər?

Bunlar hamısı keçəndən sonra axı bir de görüm hardasan? Yerdəmisən? Əgər yerdəsən, – yerin harasındasan? Əgər göydəsən, – göyün harasındasan? Əgər yerini məxfi saxlamaq istəyirsən – niyə? Bunun da səbəbini bilsək, nə eybi var?

Bir surətdə ki, nə dinirsən, nə danışırsan, nə yerini-yurdunu bildirirsən, nə varlığından bir xəbər göndərirsən, nə cismsən, nə cövhər, nə ərəz – demək, nə yerdəsən, nə göydə, nə adilsən, nə zalım, nə böyüksən, nə kiçik, nə yaxşısan, nə pis – dəxi bir yolluq degilən: “İnsanlar, məndən əl götürünüz. Mən yoxam, yoxam, yoxam!”.

Bircə bunu de, biz də səndən əl götürək. Dəxi nə biz səni narahat edək, nə də sən bizi tovla. Biz gedək kasıbçılığımıza, sən də get allahlığına.

Dəli

“Molla Nəsrəddin”, 10 aprel 1926, №15

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yollarımız

Əvvəla deyirsən ki, Ağdam qəzasının Seyidli kəndinə gedən yollar əldən düşmüşdür: hara baxırsan kalandır. Gəlib-gedən kəndlilər əziyyət çəkirlər. Halbuki, bunu düzəltmək çox asandır; çunki kəndin yavuqluğunda daş və qum vardır. Camaata təklif olunsa, hərə bir araba gətirib, yola tökə bilər. Elə axırda da deyirsən ki, qəza kommunal şöbəsi tədbir görməlidir.Molla Nəsrəddin: bu sözlər boş sözdür, ondan ötru ki, insan hər işdə gərək zəhmət çəksin.

2 dəq
Böhtan

Fevral ayının iyirmi altıncı axşamı iyirmi nəfər türk mamasının birinci buraxılışı münasibətilə “Əli Bayramov klubu”nda tərtib verilmiş müsamirədə, haman yeni türk mamaları tərəfindən verilən əhdü peymanlardan hazır olanların heç biri üçün şəkkü şübhə yeri qala bilməzdi ki, bu iyirmi nəfər türk maması canü dil ilə kəndlərə dağılıb, kəndli hamilə arvadlara növ-növ müsibətdən nicat verməkdə olacaqlar.Bununla bərabər axır vaxtlarda bir para şərirlər tərəfindən bir para böhtanlar intişar olunmaqdadır ki, guya bu iyirmi nəfər türk mamasının ancaq üç nəfəri kəndə getməyə hazırdır və qalan on yeddi nəfəri guya şəhərdə qalmağı kəndə getməkdən əlzəm bilirlər; yəni lap açığı: kəndə getmək istəmirlər.

2 dəq
Qatıq ağdırmı, qaradırmı?

Türkoloji qurultayından bir ay yarıma qədər keçibdir. Bununla bərabər həmin qurultayın çağırılması və qurultay tərəfindən təsdiq olunmuş yeni türk əlifbası məsələsi türklərin istiqbalı üçün o qədər əhəmiyyətli bir tarixdir ki, bu ay yarımın ərzində ruznamələr bizim həmin milli bayramımızı səmimi qəlbdən alqışlamaqdadırlar.Mən, yəni Molla Nəsrəddin əmi, aşağıda söylədiyim məsələlərə əbədən əl vurmaq istəməzdim və qabaqlarda da əl vurmamışam. Amma bu dəfə ürəyimdə bircə söz var ki, onu da burada söyləmək istəyirəm.

2 dəq
Siyasət

Siyasət cürbəcürdür.Hər şeyin özünə görə siyasəti vardır. Bu siyasətlərin içində bir də ticarət siyasəti vardır.

1 dəq

Başqa şairlərin şeirləri · Satira