Qatıq ağdırmı, qaradırmı?
Türkoloji qurultayından bir ay yarıma qədər keçibdir. Bununla bərabər həmin qurultayın çağırılması və qurultay tərəfindən təsdiq olunmuş yeni türk əlifbası məsələsi türklərin istiqbalı üçün o qədər əhəmiyyətli bir tarixdir ki, bu ay yarımın ərzində ruznamələr bizim həmin milli bayramımızı səmimi qəlbdən alqışlamaqdadırlar.
Mən, yəni Molla Nəsrəddin əmi, aşağıda söylədiyim məsələlərə əbədən əl vurmaq istəməzdim və qabaqlarda da əl vurmamışam. Amma bu dəfə ürəyimdə bircə söz var ki, onu da burada söyləmək istəyirəm.
Mən onu deyirəm ki, bir tərəfə baxanda, bu Şura hökumətinə mənim lap yazığım gəlir. Məsələn, onun zaqranitsada bir neçə “rəqibi” vardır. Onlar qulaqlarını qırpıdıblar ki, görsünlər Şura hökuməti nə qayırır. Fikirləri də budur ki, Şura hökuməti hər nəyə qədəm qoysa, hər bir iş tutsa, onlar o işə bir qulp qondarsınlar, bir “kələk” tapsınlar, bir eyb çıxartsınlar.
İstər yaxşı, istər pis, – onlar üçün təfavütü yoxdur.
Şura hökuməti cəmi sərvətlilərin sərvətini alıb kəndli və əmələyə təqsim edibdir: bu pis işdir (mülkədarlar yazıqdır).
Şura hökuməti Şərq qadınlarını adam cərgəsinə çıxartdı; bu da pisdir (naməhrəmçilik məsələsi var).
İndi də Şura hökuməti elə bir vəziyyət yaradıbdır ki, cəmi yer üzünün türk-tatar qövmü imkan tapa bilirlər ki, bir yerə cəm olsunlar, birbirilə görüşsünlər və dərdlərini bir-birinə söyləsinlər. Halbuki, keçən vaxtlarda iki doğma qardaş küçədə bir-birilə danışan vaxt çar hökuməti məmuru gəlib bunları aralardı.
Bəli, Bakıda çağrılan türkoloji qurultayı qurtardıqdan sonra, mən qəzetləri güdürdüm ki, görüm bu qurultay məsələsinə və yeni türk əlifbasına “rəqib”lər yenə də qulp qondaracaqlar. İndi də “Yeni fikir” qəzetində oxuyuram ki, İstambulda yaşayan bir neçə “vətəndaşlarımız” bu qurultay məsələsinə və yeni əlifbaya kəmiltifat nəzərlə baxırmışlar.
Demək bu da belə.
İndi mən bir şey üstündə mərc gələ bilərəm: Yer üzündə hər bir yerdə qatığın rəngi ağdır və hər bir millət də bunu deyir ki, qatığın rəngi ağdır. İndi məsələn, qatığın rəngindən bir yanda söhbət düşə və Şura hökumətindən sual edələr, bu da cavab verə ki, qatıq ağdır. Xəta elə burasındadır ki, Şura hökuməti də deyə qatıq ağdır. Güman edirəm o saat yenə qiyamət qopacaq, “rəqiblər” yenə işə düşəcəklər ki:
– Vay dad, vay bidad, qatıq qara olduğu halda Şura hökuməti deyir ki, “qatıq ağdır”!
Mən bunun üstündə mərc gələ bilərəm.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 17 aprel 1926, №16
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-qatiq-agdirmi-qaradirmi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ta ki sən oldun əsiri vəzi-yarın, ey yazıq,Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!
NədirAhü fəryad eyləyirsən, söylə, fərmanın nədir?Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir?
NəzmEylədilər məsləhət bir neçə ağa, rəis,Ta açalar mədrəsə, məsləhəti-amra.
AğarıbdırDivanə könül, daxı usan, yal ağarıbdır,Bir güzgüyə bax gör ki, pərü bal ağarıbdır,
Başqa şairlərin şeirləri · Satira
Qorxuram bayramımız qarə gələ,Məmdeli, Pinti Həmid birdən ölə.
Zənn edərİnsan müdam aqili divanə zənn edər,Öz dost, aşinasını biganə zənn edər.
NovbaharŞad ol, könül ki, fəsl yenə novbahardır;Hər yerdə bəzmi-eyşü tərəb aşkardır.
Övrət almaq, boşlamaq, övlada ad qoymaq kimiÖvrət almaq, boşlamaq, övlada ad qoymaq kimiNəsnələrdən ücrət almaqçın Qazan mollaları